Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-144/2023 12.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2019-cu il tarixli 19/04338 saylı xidmət müqaviləsinə əsasən, ödənilməmiş 3339,42 manat əsas borc, borcun gecikdirildiyi müddət üçün 400 manat dəbbə pulu, hüquqi yardımın göstərilməsi üçün Bakı şəhər 18 saylı Vəkil Bürosuna ödənilmiş 100 manat xidmət haqqı və dövlət rüsumunun əvəzi kimi 60 manat olmaqla ümumilikdə 3899,42 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə İddiaçı MMC arasında xx.xx.2019-cu il tarixli 19/0438 saylı “Gömrük Təmsilçilik Xidmətlərinin Göstərilməsi“ haqqında müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, təmsilçi öz nizamnaməsinə uyğun olaraq, sifarişçinin tapşırığı əsasında onun hesabına idxal, tranzit və digər gömrük prosedurları altında olan mallara və nəqliyyat vasitələrinə aid müşayət sənədlərində olan məlumatlar əsasında broker xidmətlərini göstərir. Müqavilənin 2.2.1-ci bəndinə əsasən, sifarişçi, təmsilçinin göstərdiyi bütün xidmətlərin haqqını bu müqavilə ilə müəyyən edilmiş müddətdə bank hesabına köçürmə yolu ilə ödəməyi öhdəlik götürmüşdür. İddiaçı MMC tərəfindən mövcud müqavilə əsasında cavabdehə göstərilmiş brokerlik xidməti üçün ödənilməli olan 3339,42 manat məbləğində xidmət haqqı üçün göndərilmiş elektron qaimə cavabdeh tərfindən əsassız olaraq ödənilməmişdir. Qanunvericiliyə müvafiq olaraq cavabdehə dəfələrlə yazılı və şifahi müraciətlər edilməyinə baxmayaraq cavabdeh borcu ödəməkdən qərəzli yayınmışdır. Belə olan halda tərəfimizdən mübahisənin məhkəmədən kənar həll edilməsi üçün Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, Mediasiya təşkilatının 30 iyun 2022-ci il tarixli məktubu ilə cavabdeh mediasiyada iştirak etmədiyindən Mediasiya sesiyasının baş tutmaması barədə arayış verilmişdir. Bundan başqa cavabdehə pretenziya elektron hökumət və rəsmi poçt vasitəsi ilə göndərilmiş, cavabdeh tərəfindən borcun ödənilməsində heç bir təşəbbüs irəli sürülməmişdir. Tərəflər arasında olan xidmət müqaviləsinin 3.2-ci bəndinə əsasən, sifarişçi hesab faktura ona təqdim edildikdən sonra tam məbləği 3 gün ərzində təmsilçinin hesabına köçürməyi qəbul edir. Tərəflər razılaşırlar ki, borc məbləği ödənilməsi sifarişçiyə gecikdirilmiş hər gün üçün 1% dəbbə pulu tətbiq ediləcəkdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli 19/0438 nömrəli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış “Gömrük Təmsilçilik Xidmətlərinin Göstərilməsi“ haqqında müqavilədən görünür ki, İddiaçı MMC öz nizamnaməsinə uyğun olaraq, Cavabdeh MMC-nin tapşırığı əsasında onun hesabına idxal, tranzit və digər gömrük prosedurları altında olan mallara və nəqliyyat vasitələrinə aid müşayət sənədlərində olan məlumatlar əsasında broker xidmətlərini göstərir. Müqavilənin 3.2-ci bəndinə əsasən Cavabdeh MMC hesab faktura ona təqdim edildikdən sonra tam məbləği 3 gün ərzində İddiaçı MMC-nin hesabına köçürməyi qəbul edir. Tərəflər razılaşırlar ki, borc məbləği ödənilməsi sifarişçiyə gecikdirilmiş hər gün üçün 1% dəbbə pulu tətbiq ediləcəkdir. xx.xx.2021-ci il tarixli EBBC seriyalı 057449 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə 4006,93 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC hüquqi yardım məqsədilə 18 saylı vəkil bürosunun hesabına 700 manat məbləğində pul ödəmişdir. 30 iyun 2022-ci il tarixli MŞB/2-00964 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulmuş 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 386.1 və 467-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq xidmət müqavilə bağlanmış, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, Cavabdeh MMC 3339,42 manat məbləğində xidmət haqqı borcunu İddiaçı MMC-yə ödəməmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır, belə ki, iş materiallarına əlavə edilmiş elektron qaimələrdən görünür ki, tərəflər arasında davamlı olaraq təmsilçilik münasibətləri olmuş, iddia ərizəsindən göründüyü kimi, cavabdeh göstərilən xidmətlərə görə borcunun bir hissəsini ödəsə də, 3339,42 manat məbləğində borcu qalmışdır. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia 3339,42 manat əsas borc, 100 manat hüquqi yardım və 60 manat məbləğində mediasiya xərci hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin 400 manat məbləğində cərimə hissəsi ilə bağlı isə qeyd edir ki, tənasübsüz sürətdə yüksək olan cərimə azaldılaraq 40,58 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh MMC-dən 3339,42 manat məbləğində xidmət haqqı, 40,58 manat cərimə cəmi 3380 manat, həmçinin 100 manat məbləğində hüquqi yardım və 60 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 3339,42 manat məbləğində xidmət haqqı, 40,58 manat cərimə cəmi 3380 manat, həmçinin 100 manat məbləğində hüquqi yardım və 60 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-144/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-144/2023
12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver