Məhkəmə qərarları › İş №e-2-2(113)-1440/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1440/2021

09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1440/2021 09.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə oğlunun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən hal-hazırkı vaxta ƏDV nəzərə alınmaqla debitor borcu olan 130.537,84 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 130.567,84 manat məbləğində vəsaitin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC satıcı qismində, alıcı kimi Cavabdeh MMC ilə 2019-2020-ci il tarixlərdə müxtəlif alqı-satqı müqavilələri bağlayaraq həmin müqavilələrin 1-ci maddəsinə uyğun olaraq alıcıya müxtəlif ölçülü divar kərpicləri göndərmişdir. Cavabdeh - Cavabdeh MMC əvvəllər aldığı malların dəyərini müqavilələrə uyğun olaraq ödəmiş, 02 aprel 2020-ci il tarixinə ƏDV daxil olmaqla 1209,84 manat məbləğində borcu qalmışdır. 02 aprel 2020-ci il tarixində tərəflər arasında hər birisi üzrə təqdim edilməli olan malların dəyəri ƏDV daxil olmaqla 82364 manat məbləğində olan, cəmi – 164.728,00 manat məbləğinə 18 və 19 №-li müqavilələr bağlanmışdır. Beləliklə İddiaçı MMC-nin ƏDV daxil 165.937,84 debitor alacağı, “Akkord General“ MMC-nin isə həmin məbləğdə kreditor borcu yaranmışdır. Bu məbləğ müqavilələrin 2-ci bəndində nəzərdə tutulduğu kimi vaxtında ödənilmədiyindən tərəflər arasında üzləşmə aparılmış və borc məbləği 01 dekabr 2020-ci il tarixdə tərtib edilmiş üzləşmə aktında öz təsdiqini tapmışdır. İddiaçı MMC tərəfindən vergi orqanının “Elektron kargüzarlıq” sistemi vasitəsi ilə 28.12.2020-ci il tarixində “ X1 “ MMC-ə yaranmış borcun ödənilməsi barədə müraciət edilmişdir. Eyni zamanda həmin tarixdə poçt vasitəsi ilə 113 saylı məktubla da müraciət edilmişdir. Bu müraciətlərdən sonra Cavabdeh MMC 30.12.2020-ci il tarixində kreditor borcundan ƏDV daxil 35.400 manat hissəsini ödəmiş, hal-hazırkı vaxta isə ƏDV daxil 130.537,84 manat məbləğində borcu qalmışdır. Müraciət edilməsinə, dəfələrlə əlaqə saxlanılmasına və cavabdehin müəssisəsinə gedilməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə vaxtı uzatmağa çalışaraq borcunu ödəməkdən boyun qaçırır, onunla aparılmış danışıqlar da nəticəsiz qalır. Göstərilən səbəbdən də iddiaçının maddi vəziyyəti ağırlaşır. İddiaçı "Klass” MMC və Cavabdeh MMC arasında bağlanmış 02.04.2020-ci il tarixli, 18 və 19 №-li alqı-satqı müqavilələrinin 8-ci bəndinə əsasən, müqavilə üzrə yaranan mübahisəli məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyi əsasında həll olunmalıdır. Bakı Kommersiya Məhkəməsinin 03.05.2021-ci il tarixli e-2-2(113)1440/2021 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh MMC-dən 130.537,84 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh MMC qiyabi qətnamənin ləğvi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16.06.2021-ci il tarixli e-2-2(113)1440/2021 saylı qərardadı ilə 03.05.2021-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və kommersiya mübahisəsi üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMM (alıcı) arasında 24 yanvar 2019-cu il tarixdə 24 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin: 1-ci bəndinə əsasən satıcı müqavilədə göstərilən məhsulu 30 gün ərzində göndərməyi öz öhdəsinə götürür. 2-ci bəndinə əsasən alıcı öz növbəsində müqavilə üzrə göstərilən məhsulun tam dəyərini, ƏDV daxil olmaqla 3 bank günü ərzində satıcının hesablaşma hesabına köçürməyi öz öhdəsinə götürür. 4-cü bəndinə əsasən cəmi ƏDV daxil 185.024,00 manat dəyərində mal sifariş edilmişdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMM (alıcı) arasında 02 aprel 2019-cu il tarixdə 018 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin: 1-ci bəndinə əsasən satıcı müqavilədə göstərilən məhsulu 30 gün ərzində göndərməyi öz öhdəsinə götürür. 2-ci bəndinə əsasən alıcı öz növbəsində müqavilə üzrə göstərilən məhsulun tam dəyərini, ƏDV daxil olmaqla 3 bank günü ərzində satıcının hesablaşma hesabına köçürməyi öz öhdəsinə götürür. 4-cü bəndinə əsasən cəmi ƏDV daxil 82.364 manat dəyərində mal sifariş edilmişdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMM (alıcı) arasında 02 aprel 2019-cu il tarixdə 019 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin: 1-ci bəndinə əsasən satıcı müqavilədə göstərilən məhsulu 30 gün ərzində göndərməyi öz öhdəsinə götürür. 2-ci bəndinə əsasən alıcı öz növbəsində müqavilə üzrə göstərilən məhsulun tam dəyərini, ƏDV daxil olmaqla 3 bank günü ərzində satıcının hesablaşma hesabına köçürməyi öz öhdəsinə götürür. 4-cü bəndinə əsasən cəmi ƏDV daxil 82.364 manat dəyərində mal sifariş edilmişdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 21 yanvar 2020-ci il tarixdə 01 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin: 1-ci bəndinə əsasən satıcı müqavilədə göstərilən məhsulu 30 gün ərzində göndərməyi öz öhdəsinə götürür. 2-ci bəndinə əsasən alıcı öz növbəsində müqavilə üzrə göstərilən məhsulun tam dəyərini, ƏDV daxil olmaqla 3 bank günü ərzində satıcının hesablaşma hesabına köçürməyi öz öhdəsinə götürür. 4-cü bəndinə əsasən cəmi ƏDV daxil 94.998,00 manat dəyərində mal sifariş edilmişdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 018,019 saylı 02.04.2020-ci il tarixli müqavilələr üzrə 01.10.2020-ci il tarixli üzləşmə aktı ilə tərəflər Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan borcunun ƏDV daxil 158.248,70 manat təşkil etdiyini təsdiq etmişlər. 018,019 saylı 02.04.2020-ci il tarixli müqavilələr üzrə 01.12.2020-ci il tarixli üzləşmə aktı ilə tərəflər Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan borcunun ƏDV daxil 165.937,84 manat təşkil etdiyini təsdiq etmişlər. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 28.12.2020-ci il tarixli pretenziya məktubu ünvanlanaraq 21.01.2020-ci il tarixli, 01 saylı, 02.04.2020-ci il tarixli 018 saylı, 02.04.2020-ci il tarixli 019 saylı alqı-satqı müqavilələr üzrə mallar göndərildiyi, qarşılıqlı üzləşmə aktına əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə 165.937,84 manat borcu qaldığını bildirmiş, həmin borcun 15.01.2021-ci il tarixinədək ödənilməsi xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilələr üzrə İddiaçı MMC-yə olan borcu 130.537,84 manat təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərini – 130.537,84 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 130.537,84 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 130.537,84 (yüz otuz min beş yüz otuz yeddi manat səksən dörd qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar