Məhkəmə qərarları › İş №e-2-2(113)-1441/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1441/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1441/2023 26.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 12.505,12 ABŞ dolları məbləğində pulun və 3.517,02 ABŞ dolları məbləğində faizlərin ödəniş gününə manat məzənnəsi ilə tutulması, habelə mediasiya sessiyası üçün ödənilmiş 200 manat məbləğində rüsumun və vəkilin hüquqi yardımına görə ödənilmiş 350 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbi üzrə tərəflər arasında mülki mübahisə icraatı olmuş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-2690/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən, yəni 11.395,87 ABŞ dolları məbləğində təmin edilmişdir. Lakin cavabdeh, VÖEN-i (fərdi sahibkarlıq fəaliyyəti) olduğu, bu səbəbdən də mübahisəyə kommersiya icraatında baxılamalı olması motivi ilə həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli 2(103)-3296/2022 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək Səbail Rayon Məhkəməsinin yuxarıda göstərilən qətnaməsinin ləğv edilməsi və işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddianın mahiyyəti ondan ibarətdir ki, cavabdeh (alıcı) 2017-2018-ci illər ərzində iddiaçıdan (satıcı) nisyə alqı-satqı müaviləsi əsasında xx.xx.2017-ci il tarixli 296 nömrəli, xx.xx.2017-ci il tarixli 441 nömrəli və xx.xx.2017-ci il tarixli 541 nömrəli qaimələrlə ümumilikdə 16.027,67 ABŞ dolları məbləğində kənd təsərrüfatı təyinatlı gübrə və dərman preparatları götürmüş, həmin məbləğin 3.522,55 ABŞ dolları hissəsini ödəmiş, 12.505,12 ABŞ dolları hissəsini isə ödəməmişdir (16.027,67 - 3.522,55 = 12.505,12). Tərəflər, yəni iddiaçının rəsmisi (satış meneceri) Vüqar Ağazadə ilə cavabdeh arasında hələ 18 aprel 2018-ci il tarixdə tərtib edilərək imzalanmış üzləşmə aktında cavabdeh, 31 mart 2018-ci il tarixinə İddiaçı MMC-yə 14.731 (on dörd min yeddi yüz otuz bir) ABŞ dolları verməli olduğunu (faizsiz borcu 13.614,37 ABŞ dolları) etiraf etmişdir. Bundan sonra ötən müddət ərzində, yəni 2018-ci ildə cavabdeh yalnız qismən - 1.109,25 ABŞ dolları ödəniş edərək ödəməli olduğu məbləği 12.505,12 ABŞ dollarına endirmişdir (13.614,37- 1.109,25=12.505,12). Lakin bundan sonra cavabdeh heç bir ödəniş etmədiyindən onunla dövri olaraq danışıqlar aparılmış və həmin danışıqlar zamanı o, pulu ödəyəcəyinə dəfələrlə vəd versə də heç bir ödəniş etməmişdir. Pulun ödənilməsi üçün cavabdehə xx.xx.2021-ci il tarixdə xəbərnaməli təklif (pretenziya) məktubu göndərilmiş, lakin cavabdeh həmin məktubu alsa da borcunu ödəməmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh fərdi sahibkar, iddiaçı hüquqi şəxsdir, onlar arasında yazılı alqı-satqı müqaviləsi imzalanmalı, vergi qanunvericiliyinin tələblərinə əsasən iddiaçı tərəfindən cavabdehə elektron qaimələr təqdim edilməli idi. İddiaçının təqdim etdiyi “X3” adlanan qaimələrin isə cavabdehə ümumiyyətlə aidiyyatı yoxdur. Üzləşmə aktı müqavilə hesab edilə bilməz. Belə olan halda iddiaçının nisyə alqısatqı müqaviləsinə istinad etməsi əsassızdır. Fərz edilsə ki, iddia əsaslıdır, belə olan halda isə qanunla müəyyən edilmiş 3 illik iddia müddəti ötürülmüşdür. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında bir neçə il ərzində alqı-satqı müqaviləsindən irəli gələn hüquq münasibətləri mövcud olmuş, cavabdehin şifahi sifarişləri əsasında iddiaçı tərəfindən dərman preparatları və sairə cavabdehin fəaliyyət göstərdiyi Zirə qəsəbəsində yerləşən istilikxanaya təhvil verilmişdir. Cavabdeh bir müddət ödəniş etsə də, daha sonra ödənişlərdən yayınmış, bu səbəbdən cavabdehlə aralarında üzləşmə aktı tərtib edilərək imzalanmışdır. Cavabdeh həmin üzləşmə aktından sonra 1.109,25 ABŞ dolları məbləğində ödəniş etmiş, qalan borcu da ödəyəcəyini vəd etmiş, bu səbəbdən məhkəməyə bir neçə il sonra müraciət edilmişdir. Cavabdeh heç vaxt malların ona təhvil verilməsini mübahisələndirməmiş, lakin hər vasitə ilə borcunu ödəməkdən yayınmışdır. Bundan əlavə, hazırkı mübahisənin üzərindən bir neçə il keçməsi səbəbindən zəruri sənədlər onlar tərəfindən saxlanılmamış, məhv edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 iddia tələbinə etiraz edib iddia ərizəsinə yazılı etirazın məzmununa uyğun izahat verib iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh sahibkarlıq fəaliyyəti subyektidir, bu səbəbdən onunla yazılı müqavilə bağlanmalı, vergi qanunvericiliyinin tələblərinə əsasən iddiaçı tərəfindən ona elektron qaimələr təqdim edilməli idi. Baxmayaraq ki, cavabdeh üzləşmə aktını imzalamışdır, lakin həmin malların ona təhvil verildiyini sübut edən hər hansı sənəd iddiaçı tərəfindən Məhkəməyə təqdim edilə bilmədiyindən iddia tələbi əsassızdır. Bundan əlavə, iddiaçının cavabdehin ona 1.109,25 ABŞ dolları ödəniş etməsi barədə göstərdiyi xüsusat da həqiqəti əks etdirmir, belə ki, cavabdeh tərəfindən iddiaçıya hər hansı ödəniş edilməmişdir. Materiallarda olan mədaxil qəbzi iddiaçının özü tərəfindən tərtib edilib, orada cavabdehin imzası yoxdur. Bundan əlavə, iddia müddətinin tətbiqi barədə yazılı ərizə verərək, iddia tələbi əsaslı olduğu halda belə iddia müddəti keçdiyi üçün iddia tələbinin rədd edilməli olduğunu bildirdi. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 18 aprel 2018-ci il tarixli üzləşmə aktına əsasən, cavabdeh 31 mart 2018-ci il tarixə iddiaçıya 14731 ABŞ dolları məbləğində borcunun olduğunu imzası ilə təsdiq etmişdir. İddiaçının vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, o, İddiaçı MMC-də satış meneceri vəzifəsində çalışır. Cavabdehi təxmini 2015-2016-cı ildən tanıyır. Münasibəti qərəzli deyildir. Cavabdeh təxminən 3 ilə yaxın onların alıcıları olmuşdur. Cavabdehlə yazılı müqavilənin bağlanılıb-bağlanılmaması dəqiq yadında deyildir. Cavabdehə malları özləri onun bildirdiyi ünvana təhvil verirdilər. Zirə-Pirallahı arasında “Damba” adlı əraziyə (istilikxanaya) mallar təhvil verilmişdir. Mallar bilavasitə cavabdehə təhvil verilmişdir. Lakin malların konkret neçə partiya təhvil verildiyi, hansı tarixlərdə təhvil verildiyini xatırlamır. Malların təhvil verilməsi, onların dəyərinin ödənilməsi rəsmiləşdirilməmiş, mütəmadi olaraq cavabdehlə üzləşmə aktları tərtib edilmişdir. Borclar barədə bir neçə dəfə üzləşmə aktları imzalanmış, hazırda onlarda qalan nüsxə materiallara əlavə edilmiş sonuncu üzləşmə aktıdır. Məhsulların dəyəri mallar təhvil veriləndən sonra onların mühasibatlığına ödənilir. Pul ödəniləndə müştərinin borcundan silinir və həmin məbləğ borcların qarşılıqlı üzləşdirilməsi aktında əks olunur. Cavabdeh tərəfindən mütəmadi ödənişlər olurdu. Borcun ödənilməsini bu illər ərzində cavabdehdən şifadi qaydada (telefon ilə) tələb etmişlər. Dövriyyə ancaq borcların qarşılıqlı üzləşdirilməsi aktı ilə rəsmiləşdirilirdi. Cavabdehə ilk dəfə malların nə vaxt təhvil verilməsinə dair dəqiq məlumatı yoxdur. Ölkədə baş vermiş məlum devolvasiyadan sonra iddiaçı ödənişləri manatla deyil, ABŞ dolları ilə tələb etməyə başlamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2690/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehdən 11395,87 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3296/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2690/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilməklə işin baxılması üçün aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdehin Bakı şəhəri Səbail Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli yazılı ərizəsində göstərmişdir ki, xx.xx.2018-ci il tarixli üzləşmə aktında iddiaçıya olan borcunu təsdiq etmiş, həmin vaxtlarda iş icraçısı vəzifəsində işləmiş, Mübariz Mədətovun işlərini icra etmişdir. Həmin vaxtlarda iddiaçıdan külli miqdarda gübrə alınaraq dəyəri ödənilmişdir. Bütün borcları da M.Mədətovun göstərişinə əsasən o, ödəmişdir. Daha sonra o, üzləşmə aktını imzalamış, daha sonra bu borclar barədə Mübariz Mədətovdan soruşduqda ona iddiaçıya hər hansı borcun olmaması bildirilmişdir. Həmin borcu kimsə mənimsəyib ödəməyibsə, bu məsələdən xəbəri yoxdur. Ona borcla bağlı heç vaxt tələb irəli sürülməmiş, yalnız 2021-ci ildə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edilmişdir. Bu illər ərzində borc tələb edilsə idi, inandırıcı olardı. Bu işin dəqiq araşdırmasını xahiş edir. Hüquqi dəyərləndirmə: Belə ki, iddiaçı iddia ərizəsində cavabdehə ümumilikdə 16027,67 ABŞ dolları məbləğində şifahi alqı-satqı müqaviləsinə əsasən kənd təsərrüfatlı təyinatlı gübrə və dərman preparatlarının təhvil verildiyini, təhvil verilmiş mallarının dəyərinin bir qisminin ödənildiyini, hazırda cavabdehin iddiaçıya 12505,12 ABŞ dolları məbləğində borcunun olmasını iddia edir. İddiaçı tələblərinin əsası kimi istinad etdiyi hallara dair sübut qismində tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli üzləşmə aktını, 123 saylı, xx.xx.2018-ci il tarixli kassa mədaxil orderini və şahid V.Ağazadənin ifadəsini təqdim etmişdir. Cavabdeh iddiaya etiraz edərək bildirir ki, iddiaçı hüquqi şəxs, cavabdeh isə fərdi sahibkardır, onlar arasında müqavilə iddiaçının hüquqi şəxs olması səbəbindən şifahi bağlana bilməzdi, bundan əlavə, iddiaçı tərəfindən cavabdehə vergi qanunvericiliyinin tələblərinə əsasən təhvil verilmiş mallarla bağlı hər hansı elektron qaimə təqdim edilməmişdir. Üzləşmə aktı isə müqavilə hesab edilə və cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyinin yaranma əsası kimi çıxış edə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı öz öhdəliklərini icra etsə də, cavabdeh tərəfindən öhdəlikləri tam şəkildə icra edilməmişdir. Belə ki, iddiaçı tərəfindən Məhkəməyə təqdim edilmiş xx.xx.2018-ci il tarixli üzləşmə aktı ilə cavabdeh iddiaçıya 31 mart 2018-ci il tarixə iddiaçıya 14731 ABŞ dolları məbləğində borcunun olduğunu imzası ilə təsdiq etmiş, həmin aktın cavabdeh tərəfindən imzalandığı məhkəmə iclaslarında cavabdehin nümayəndəsi tərəfindən də təsdiq edilmiş, cavabdeh göstərilən mübahisəyə daha əvvəl Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılarkən yazdığı ərizəsində də bu faktı etiraf etmişdir. Göründüyü kimi cavabdehin iddiaçıya borclu olması və cavabdehin həmin pul vəsaitini qaytarmaq öhdəliyinin yaranması yazılı şəkildə tərtib olunaraq imzalanmış üzləşmə aktı ilə təsdiq olunur. Bu baxımdan Məhkəmə hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı həmin mallara görə ödənilməyən pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır və həmin hissədə iddia əsaslıdır. Məhkəmə cavabdehin tərəflər arasında alqı-satqı müqaviləsinin yalnız yazılı formada bağlanmalı olması, tərəflər arasında belə bir müqavilə olmadığı üçün iddianın əsassız olması barədə dəlili ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, Mülki Məcəllədə hüquqi şəxslərin tərəf olduğu alqı-satqı müqavilələrinin mütləq yazılı formada bağlanmasını müəyyən edən imperativ norma mövcud deyil. Digər normativ hüquqi aktlarda da belə qayda müəyyən edilməmişdir. Bu səbəbdən cavabdehin həmin dəlili əsassızdır. Bundan əlavə, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş 123 saylı, xx.xx.2018-ci il tarixli kassa mədaxil orderini mötəbər sübut kimi qəbul etmir. Belə ki, cavabdehin nümayəndəsi həmin sənəddə göstərilən tarixdə, habelə 1109,25 ABŞ dolları məbləğində ödənişin cavabdeh tərəfindən iddiaçıya edilmədiyini bildirmişdir. Bundan əlavə, mədaxil orderində ödənişin təyinatı göstərilməmiş, habelə ödəyicinin məhz cavabdeh olmasını göstərən hər hansı qeyd şərt yoxdur. Ödənişin təyinatı hissəsində “X3” göstərilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında “X3”nın cavabdehin fəaliyyət göstərdiyi ünvanın adının şərti olaraq belə adlandırıldığını göstərsə də, bunu təsdiq edən sübutları Məhkəməyə təqdim etməmiş, məhkəmənin üzləşmə aktında “X3” ilə bağlı qeydin olmaması ilə bağlı sualına “üzləşmə aktı tərtib edilərkən buna zərurətin olmaması” ilə əlaqələndirmişdir. Bu səbəbdən məhkəmə həmin sənədi hazırkı iş üzrə mötəbər sübut kimi qəbul etmir. Beləliklə, Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam şəkildə icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi 12505,12 ABŞ dolları məbləğində əsas borcun və 3517,02 ABŞ dolları faiz borcunun tələb edilməsi hissəsində əsaslıdır. Bununla yanaşı cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək hazırkı iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan iddia ərizəsi iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Belə ki, tərəflər arasında tərtib olunmuş 18 aprel 2018-ci il tarixli üzləşmə aktına əsasən, cavabdeh 31 mart 2018-ci il tarixə iddiaçıya 14731 ABŞ dolları məbləğində borcunun olduğunu təsdiq etmişdir. Bununla da müəyyən olunur ki, iddiaçı cavabdehə qarşı hazırkı iddia ilə xx.xx.2021-ci il tarixə qədər məhkəməyə müraciət edə bilərdi. Lakin materiallardan görünür ki, iddiaçı hazırkı iddia ilə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə, xx.xx.2023-cü il tarixdə isə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Belə olan halda aydın olur ki, iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş üç illik iddia müddəti buraxılmış və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın rədd edilməsi üçün əsasdır. Bununla bağlı Məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Qanuna görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur (MM, maddə 372.1.), hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (MM, maddə 372.2.). Tələb, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa (icraata) qəbul edilir (MM, maddə 375.1.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (MM, maddə 375.2.). Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddia müddətləri müvafiq tərəfin iddia qaldırması üçün nəzərdə tutulan vaxt məhdudiyyətini müəyyən edir. İddia qaldırması üçün ağlabatan müddətlərin tətbiq edilməsi və iddia qaldırmanın prosessual şərtlərinin müəyyən edilməsi hüquqi müəyyənlik prinsipini və qərarların qətiliyini təmin etməklə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə şərait yarada və potensial cavabdehləri zaman keçdiyinə görə təkzib edilməsi çətin olan biləcək köhnə iddialardan qoruya bilər (AİHM, “MPP Qolub Ukraynaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli qərarı). Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Nəticə: Beləlikdə, məhkəmə hesab edir ki, iddia ərizəsi iddia müddəti təbiq edilməklə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 200 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 350 manat iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar