Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1442/2022 23.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, iddiaçı X3 Cavabdeh MMC-yə qarşı vurulmuş zərərin əvəzinin tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X6 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə fiziki şəxs X6 arasında bağlanılmış 26.09.2019-cu il tarixli, 09/19APM- 107 №-li xidmət müqaviləsi üzrə ona vurulmuş 3.736,62 manat məbləğində zərərin əvəzinin, 60 manat məbləğində mediasiya rüsumunun, hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manat məbləğində pulun və 87,36 manat məbləğində məhkəmə rüsumunun Cavabdeh MMC-dən tutularaq F/ş-X4 Güllüyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə (əvvəlki adi ilə "xxxx" MMC ) ilə iddiaçı fiziki şəxs X6 arasında bağlanılmış 26.09.2019-cu il tarixli, 09/19APM- 107 №-li xidmət müqaviləsinin şərtlərinə əsasən, X6 tərəfindən sözügedən müqavilədə qeyd olunan xidmətlərin (xüsusi texnikaları Cavabdeh MMC tərəfindən “Daşkəsən” rayonu ərazisində icra olunan layihə üzrə müvafiq işlərin görülməsi məqsədi ilə həmin MMC-nin sərəncamına verilmişdir) Cavabdeh MMC-yə göstərilməsi və göstərilən xidmətlərin müqabilində, Cavabdeh MMC tərəfindən sözügedən müqavilədə qeyd olunan şərtlər daxilində, razılaşdırılmış xidmət haqqı məbləğlərinin X5 ödənilməsi ilə bağlı tərəflər arasında razılıq əldə olunmuşdur. İddiaçı X6 tərəfindən sözügedən müqavilə üzrə öhdəliklərin tam və qüsursuz şəkildə yerinə yetirilməsinə baxmayaraq, Cavabdeh MMC tərəfindən uzun müddət ərzində müqavilə üzrə öhdəliklər vaxtında və düzgün şəkildə yerinə yetirilməmiş, (təhvil-təhslim aktlarının təsdiq edilməsinə və göndərilən e-qaimələrin təsdiq edilməsinə baxmayaraq) müqavilə ilə müəyyən edilmiş xidmət haqqı məbləği ötən 18 ay ərzində ödənilməmiş və nəticədə X2ytarılmalı olan pul vəsaitini uzun müddət qaytarmamaqla, ondan qanunsuz istifadə etmiş və ona zərər vurmuşdurlar. Baş verən pozuntuların aradan qaldırılması ilə bağlı cavabdeh dəfələrlə şifahi və yazılı (pretenziya məktubları göndərilməsinə) xəbərdarlıq olmasına baxmayaraq, Cavabdeh MMC-nin rəhbərliyi müxtəlif bəhanələr gətirərək müqavilə üzrə öhdəliklərini artıq uzun müddətdir ki, icra etməkdən qəsdən yayınmışdır. Uzun sürən mübarizə, dövlət orqanlarına ünvanlarına göndərilən pretenziya məktublarından sonra cavabdeh tərəf nəhayət 26 oktyabr 2021-ci il tarixində sözügedən müqavilə üzrə yaranmış borcu ödəsələr də, iddiaçı X5 vurulan zərəri (ƏDV xaric 3.736,62 manatı) hələ də ödəməmişdir (Açıqlama: əsas məbləğ 29.119,63 manat, ƏDV məbləği 5.241,53 manat. Toplam 34.361,16 manat 34.361,16*7.25%=2.491,18:12=207,59 manat / 207,59*18 (ay) = 3.736,62 manat). Vurulmuş zərərin ödənilməsi ilə bağlı Cavabdeh MMC-yə təkrar Pretenziya məktubları göndərilsə də, heç bir nəticə olmamış və “Mediasiya haqqında” Qanunun tələblərindən irəli gələrək, 22.11.2021 tarixində mediasiya prosesinin tətbiqi barədə cavabdeh tərəfə təklif göndərilmişdir. X1 tərəfindən verilmiş arayışdan da göründüyü kimi Cavabdeh MMC mediasiya prosesində iştirak etməkdən imtina etmişdir. 2020-ci ilin oktyabr ayından bu günə qədər Mərkəzi Mankın uçot faiz dərəcəsi 7.25% olmuşdur. https://www.cbar.az/infoblocks/corridor_percent?year=2020 Cavabdeh MMC rəhbərliyi X2ytarmalı olduğu pul vəsaitini uzun müddət qaytarmamaqla, ondan qanunsuz istifadə etmiş və ona zərər vurmuşdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, tərəflər arasında imzalanmış 26.09.2019-cu il tarixli 09/19APM-107 saylı xidmət müqaviləsi üzrə göstərilən xidmətlər iddiaçı tərəfindən göstərilmiş və bununla bağlı iddiaçının xidmət haqqının ödənilməsi öhdəliyi yaranmışdır. İddiaçı tərəfindən şirkətlərinə ünvanladığı pretenziya məktubuna cavab olaraq tərəflərindən cavab məktubu göndərilələrək iddiaçıya bildirilmişdir ki, borclarını qəbul edirlər və borcun ödənilməsi müəyyən müddətdə təmin ediləcəkdir. Şirkətləri bir çox dövlət layihəli işlər gördüyündən, eyni zamanda bilindiyi kimi həmin müddətlərdə məlum pandemiya səbəbindən dövlət tərəfindən ödəmələr, xüsusilə də büdcə ödəmələri gecikdiyindən onlardan asılı olmayan səbəblərdən tərəflərindən borclu şirkətlərə ödənişləri gecikmişdir. Tərəflərindən fiziki şəxs X4 Güllüyə edilmiş ödəniş sənədindən də göründüyü kimi borc hissə-hissə deyil, onlara vəsait gələn kimi birdəfəyə ödənilmişdir. Bu isə onu göstərir ki, onlar öz borclarını ödəməkdə qarşı tərəfə vicdanlılıq nümayiş etdirmişlər. Lakin borcun ödənişindən sonra iddiaçı onlara qarşı məhkəmədə iddia qaldıraraq vurulan zərərin ödənilməsini tələb etmişdir. Yuxarıda qeyd etdikləri kimi tərəflərindən öhdəlikləri onlardan asılı olmayan səbəblərdən gecikmələrlə olsa da tam olaraq icra edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək, etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - X6 (xidmət göstərən) ilə "xxxx" MMC (indiki Cavabdeh MMC) (sifarişçi) arasında 26 sentyabr 2019-cu il tarixdə 09/19APM-107 nömrəli xidməti müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə xidmət göstərən sifarişçi tərəfindən müəyyən edilmiş Podrat layihəsi üzrə "xxxx" MMC-yə məxsus Daşkəsən rayonu Filiz Emalı sahəsində (Azərbaycan Respublikası daxilində) tələb olunan xidmətləri həyata keçirir. 2.1-ci bəndinə görə xidmət göstərən tərəfindən xidmət gündəlik 10 saat iş rejiminə (faktiki) uyğun aylıq 280 iş saatına görə xidmıt haqqını (vergi, bank və digər xərclər sifarişçi tərəfindən ödənilmək şərtilə) əlavədə qeyd edilən hər bir texnikaya müvafiq məbləği (operator-sürücünün əmək haqqı daxil) köçürmə yolu ilə həyata keçiriləcəkdir. 2.4-cü bəndinə görə ödəniş olaraq xidmətin hər ayı üçün invoice, akt (və ya iş saatları cədvəlinə uyğun) tərtib edilərək razılaşdırılan məbləğdə vəsait xidmət göstərənin elektron qaiməni kəsdikdən sonra bank hesabına köçürmə üsulu ilə ödəniləcəkdir. 5.1-ci bəndinə görə bu müqavilə imzalandığı gündən 1 il müddətinə qədər qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - X6 tərəfindən (1.195,07 manat ƏDV daxil) 7.834,32 manat məbləğində olan xidmətlərin göstərilməsinə dair 04.11.2020-ci il tarixli, EBAS seriyalı, 165119 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" MMC-yə (indiki Cavabdeh MMC) göndərilmişdir. - X6 tərəfindən (2.184,11 manat ƏDV daxil) 14.318,06 manat məbləğində olan xidmətlərin göstərilməsinə dair 04.11.2020-ci il tarixli, EBAS seriyalı, 164879 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" MMC-yə (indiki Cavabdeh MMC) göndərilmişdir. - X6 tərəfindən (1.862,36 manat ƏDV daxil) 12.208,79 manat məbləğində olan xidmətlərin göstərilməsinə dair 04.11.2020-ci il tarixli, EBAS seriyalı, 163606 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" MMC-yə (indiki Cavabdeh MMC) göndərilmişdir. - X6 tərəfindən Cavabdeh MMC-yə 12.10.2021-ci il tarixli təkrar pretenziya məktubu ünvanlanaraq hal-hazırda Cavabdeh MMC-nin təsdiqlənmiş e-qaimələr və təhvil-təslim aktları üzrə X5 35.000 və vurulmuş zərərin əvəzi olaraq 3499 manat, ümumilikdə 38499 manat borcunun olduğu bildirilmiş, borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. - 26.10.2021-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən X6 bank hesabına 04.11.2020-ci il tarixli, EBAS seriyalı 165119, 164879 və 163606 nömrəli elektron qaimələrə əsasən 29.119,63 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - 26.10.2021-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından X5 04.11.2020-ci il tarixli, EBAS seriyalı 165119, 164879 və 163606 nömrəli elektron qaimələrə əsasən 5.241,54 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X6 ilə cavabdeh "xxxx" MMC (indiki Cavabdeh MMC) arasında 26 sentyabr 2019-cu il tarixli 09/19APM-107 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı X6 həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək cavabdehə müqavilədə nəzərdə tutulmuş xidmətləri göstərmiş, cavabdeh isə 04.11.2020-ci il tarixli elektron qaimələr üzrə göstərilmiş xidmətlərin haqqını - ƏDV daxil 34.361,16 manat məbləğində pul vəsaitini 2021-ci noyabr ayında ödəmişdir. Hazırda iddiaçı pul öhdəliklərinin icra edilməsinin gecikdirilməsinə görə Mülki Məcəllənin 449.1-ci maddəsinin tələblərinə əsasən bank uçot dərəcəsi ilə hesablanmış 3.736,62 manat məbləğində faiz borcunun cavabdehdən tutulmasını tələb edir. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 9 iyul 2009-cu il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur:- qanunsuz saxlama;- qaytarmaqdan boyun qaçırma;- ödənilməsini digər şəkildə gecikdirmə;- başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Qeyd edilən qərardan göründüyü kimi, pul öhdəliklərinin icra edilməməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində qeyd edildiyi kimi faydalanması tələb olunur. Hazırkı işdə isə cavabdehin ödəməsini gecikdirdiyi pul vəsaitindən faydalanması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Əksinə iş materiallarından görünür çi, iddiaçı cavabdehə 12.10.2021-ci il tarixli təkrar-pretenziya məktubu ilə müraciət edərək X6 Cavabdeh MMC-dən qeyd edilən borcun və həmin borcun gecikdirilməsinə görə on altı ay üçün vurulmuş ziyana görə pul məbləğinin ödənilməsini tələb etmiş, cavabdeh də öz növbəsində 04.11.2020-ci il tarixli, EBAS seriyalı 165119, 164879 və 163606 nömrəli elektron qaimələr üzrə 5241,54 manat, ƏDV daxil 34.361,16 manat məbləğində əsas borcu qısa müddət ərzində, yəni 26.10.2021-ci il tarixdə iddiaçıya ödəmişdir (bax. 26.10.2021-ci il tarixli ödəniş tapşırığı və 26.10.2021-ci il tarixli köçürmənin aparılması haqqında bildiriş). Odur ki, cavabdehin ödəməsini gecikdirdiyi pul məbləğinə Mülki Məcəllənin 449.1-ci maddəsi ilə faizin hesablanması üçün əsaslar müəyyən edilmir. Məhkəmə xərclərinə gəldikdə Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən isə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində mediasiya xərcləri, 300 manat məbləğində hüquqi yardım üçün xərclər iddiaçıya aid edilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı 60 manat mediasiya xərci ilə yanaşı 88 manat məbləğində dövlət rüsumu ödəmişdir. Halbuki dövlət rüsumunun hesablanması kalkulatorundan çıxarışdan müəyyən edilir ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumu 57,36 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Odur ki, iddiaçının artıq ödədiyi 88 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X3 Cavabdeh MMC-yə qarşı vurulmuş zərərin əvəzinin tutulması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 88 manat məbləğində pul vəsaiti iddiaçıya qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1442/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1442/2022
23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver