Məhkəmə qərarları › İş №e-2-2(113)-1443/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1443/2025

20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1443/2025 20.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı QSC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 115788 manat əsas borc, 26241,84 manat ƏDV borcunun, 5789 manat cərimə borcunun (əsas borc məbləğinin illik 5%-i həddində) və ödənilmiş 437,82 manat dövlət rüsumunun ümumilikdə 148256,66 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında 03 iyul 2023-cü il tarixli YB-0042-23 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinin tələblərinə əsasən satıcı sifariş əsasında təchiz olunan malı öz qüvvə və vəsaiti hesabına hazırlayıb alıcıya təhvil verməyi, alıcı isə malı qəbul edib əvəzində onun qiymətini malgöndərənə ödəməyi öhdəsinə götürür. Mal dedikdə sifarişə və ya bu müqavilədə yer alan digər əsaslara və tələblərə tam uyğun sinifli və həmin əsaslar üzrə və keyfiyyət təyinatına uyğun tərkibli, keyfiyyət göstəriciləri qüvvədə olan standartlarına, normalarına və digər texniki sənədlərə cavab verən sifariş və ya bu müqavilədə yer alan digər əsaslar üzrə miqdarlarda satıcı tərəfindən təchiz edilən hazır beton qarışığı başa düşülür. Bildirmək istəyirik ki, cavabdeh ilə iddiaçı arasında imzalanan müqavilənin şərtlərinə əsasən İddiaçı QSC tərəfindən cavabdehin verdiyi yazılı sifarişlər əsasında mallar davamlı şəkildə Cavabdeh MMC-yə təhvil verilmişdir“. Cavabdeh MMC tərəfindən təhvil verilən mallar üzrə təqdim edilmiş bəzi elektron qaimə-fakturalar üzrə ödənişlər aparılmışdır. Müqavilə imzalandığı tarixdən hal-hazırdakı dövrə qədər satıcı İddiaçı QSC tərəfindən alıcı Cavabdeh MMC-yə əsas məbləğ əsas məbləğ 167606,50 (bir yüz altmış yeddi min altı yüz altı manat əlli qəpik) manat, X1 məbləği 30169,17 (otuz min bir yüz altmış doqquz manat on yeddi qəpik) manat olmaqla ümumlikdə 197775,67 (bir yüz doxsan yeddi min yeddi yüz yetmiş beş manat altmış yeddi qəpik) manat məbləğində hazır beton qarışığı təhvil verilmişdir. Təhvil verilən malların müqabilində Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə 51818,50 (əlli bir min səkkiz yüz on səkkiz manat əlli qəpik) manat, ƏDV məbləğindən 3927,33 (on dörd min dörd yüz qırx yeddi manat otuz üç qəpik) manat olmaqla ümumilikdə 55745,83 (əlli beş min yeddi yüz qırx beş manat səksən üç qəpik) manat pul vəsaiti ödənilmişdir. Sonuncu ödəniş cavabdeh tərəfindən 25 dekabr 2023-cü il tarixində aparılmış, o tarixdən hal-hazırdakı dövrə qədər alınmış beton qarışığına görə hər hansı bir ödəniş aparılmamışdır. Belə ki, qeyd edilən qaimələrlə təhvil verilən mallar üzrə hal-hazırdakı dövrə satıcı tərəfindən alıcıya müqavilə üzrə təhvil verdiyi hazır beton qarışığına görə əsas borc 115788 (bir yüz on beş min yeddi yüz səksən səkkiz) manat, ƏDV borcu 26241,84 (iyirmi altı min iki yüz qırx bir manat səksən dörd qəpik) manat olmaqla ümumilikdə 142.029,84 (bir yüz qırx iki min iyirmi doqquz manat səksən dörd qəpik) manat təşkil edir. Artıq bir ildir ki, satıcı tərəfindən təhvil verilən mallara və elektron qaimə fakturaya görə heç bir ödəniş aparılmamaqdadır. Bu səbəbdən hesab edirik ki, cavabdeh qeyd edilən ödənişin aparılmaması Cavabdeh MMC-nin müqavilə üzrə üzrə öhdəliklərinin pozulmasına gətirib çıxarmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış 03 iyul 2023-cü il tarixli YB- 0042-23 saylı alqı-satqı müqaviləsinə görə satıcı sifariş əsasında təchiz olunan malı öz qüvvə və vəsaiti hesabına hazırlayıb alıcıya təhvil verməyi, alıcı isə malı qəbul edib əvəzində onun qiymətini malgöndərənə ödəməyi öhdəsinə götürür.

8. Müqavilənin 5.3-cü bəndinə görə alıcı bu müqavilənin 3.4-cü bəndi ilə müəyyən olunan ödəniş müddəti ərzində ödəniş etməzsə, o hər gecikdirilmiş gün üçün ödənişi gecikdirilmiş məbləğin 0,1%-i həcmində, ancaq həmin məbləğin 5%-dən çox olmamaqla satıcıya cərimə ödəyir.

9. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDL 173826 nömrəli 20750,89 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDM 082582 nömrəli 4994,94 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDN 500596 nömrəli 20963,88 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDP 625672 nömrəli 23675,52 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDS 002714 nömrəli 23992,94 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBD 173414 nömrəli 51313,48 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDW 345288 nömrəli 35884,98 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDV 673209 nömrəli 16199,04 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.

10. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına görə 21818,5 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına görə 30000 manat məbləğində ödəniş edilmişdir.

11. xx.xx.2024-cü il tarixli **********575064 nömrəli köçürmənin aparılması haqqında bildirişə görə 761,94 manat, xx.xx.2024-cü il tarixli **********508146 nömrəli köçürmənin aparılması haqqında bildirişə görə 3165,39 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya məxsus ədv sub uçot hesabına köçürülmüşdür.

12. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 03 iyul 2023-cü il tarixli YB-0042-23 saylı müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

16. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

17. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

19. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

20. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

21. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

22. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

23. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 03 iyul 2023cü il tarixli YB-0042-23 saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

24. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun və ƏDV borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.

25. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən hesablanmış 5789 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

26. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

27. Məhkəmə hesab edir ki, borcun gecikdirilməsi faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığı üçün iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir.

28. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 115788 manat əsas borc, 26241,84 manat ƏDV, 5789 manat dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 437,82 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 115788 manat əsas borc, 26241,84 manat ƏDV, 5789 manat dəbbə pulu, 437,82 manat dövlət rüsumu, ümumilikdə 148256,66 (bir yüz qırx səkkiz min iki yüz əlli altı manat altmış altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar