Məhkəmə qərarları › İş №e-2-2(113)-1445/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1445/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1445/2025 03.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı QSC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 73638,50 manat əsas borc, 13254,93 manat ƏDV borcunun, 3861,93 manat cərimə borcunun (əsas borc məbləğinin illik 5%-i həddində) və ödənilmiş 361,73 manat dövlət rüsumunun, ümumilikdə 90937,09 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında 23 noyabr 2023-cü il tarixli YB-0059-23 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinin tələblərinə əsasən Satıcı sifariş əsasında təchiz olunan malı öz qüvvə və vəsaiti hesabına hazırlayıb alıcıya təhvil verməyi, alıcı isə malı qəbul edib əvəzində onun qiymətini Malgöndərənə ödəməyi öhdəsinə götürür. Mal dedikdə sifarişə və ya bu müqavilədə yer alan digər əsaslara və tələblərə tam uyğun sinifli və həmin əsaslar üzrə və keyfiyyət təyinatına uyğun tərkibli, keyfiyyət göstəriciləri qüvvədə olan standartlarına, normalarına və digər texniki sənədlərə cavab verən sifariş və ya bu müqavilədə yer alan digər əsaslar üzrə miqdarlarda satıcı tərəfindən təchiz edilən hazır beton qarışığı başa düşülür. Bildirmək istəyirik ki, tərəflər arasında imzalanan müqavilənin şərtlərinə əsasən İddiaçı QSC tərəfindən verdiyiniz sifarişlərdə qeyd edilən mallar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmişdir. Müqavilə imzalandığı tarixdən halhazırdakı dövrə qədər Satıcı İddiaçı QSC tərəfindən alıcı Cavabdeh MMC-yə əsas məbləğ 73638,50 (yetmiş üç min altı yüz otuz səkkiz manat əlli qəpik) manat, X1 məbləği 13254,93 (on üç min iki yüz əlli dörd manat doxsan üç qəpik) manat olmaqla ümumilikdə 86893,43 (səksən altı min səkkiz yüz doxsan üç manat qırx üç qəpik) manat məbləğində hazır beton qarışığı təhvil verilmişdir. Bununla bağlı İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə 05 dekabr 2023-cü il tarixli EBDU seriyalı 171889 saylı, 22 dekabr 2023-cü il tarixli EBDV seriyalı 672352 saylı, 30 dekabr 2023-cü il EBDWseriyalı 344836 saylı və 23 yanvar 2024-cü il tarixli EBDX seriyalı 430379 saylı elektron qaimə-fakturalar göndərilmişdir. Təhvil verilən malların müqabilində Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə hal-hazırdakı dövrə qədər heç bir pul vəsaiti ödənilməmişdir. 1 ildən artıq bir müddətdir ki, satıcı tərəfindən təhvil verilən mallara və elektron qaimə fakturaya görə heç bir ödəniş aparılmamaqdadır. Bu səbəbdən hesab edirik ki, Cavabdeh MMC tərəfindən qeyd edilən ödənişin aparılmaması cavabdehin müqavilə üzrə üzrə öhdəliklərinin pozulmasına gətirib çıxarmışdır. 05 sentyabr 2024-cü il tarixində İddiaçı QSC ilə Cavabdeh MMC arasında imzalanmış olan üzləşmə aktına əsasən Cavabdeh MMC-nin İddiaçı QSC-yə 05 sentyabr 2024-cü il tarixinə olan ümumi borc məbləği 86893,43 (səksən altı min səkkiz yüz doxsan üç manat qırx üç qəpik) manat təşkil edir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı müqavilə üzrə cavabdeh tərəfindən hər hansı ödəniş edilməmiş, mübahisənin məhkəmədən kənar həlli mümkün olmamışdır.

4. Əvvəlki məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iddianı əsas borc hissədə qəbul etdiyini bildirib, qalan hissədə iddianın rədd edilməsini xahiş etmişdir.

5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

6. Sonuncu məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış 23 noyabr 2023-cü il tarixli, YB-0059-23 saylı alqı-satqı müqaviləsinə görə satıcı sifariş əsasında təchiz olunan malı öz qüvvə və vəsaiti hesabına hazırlayıb alıcıya təhvil verməyi, alıcı isə malı qəbul edib əvəzində onun qiymətini malgöndərənə ödəməyi öhdəsinə götürür.

9. Müqavilənin 5.3-cü bəndinə görə alıcı bu müqavilənin 3.4-cü bəndi ilə müəyyən olunan ödəniş müddəti ərzində ödəniş etməzsə, o hər gecikdirilmiş gün üçün ödənişi gecikdirilmiş məbləğin 0,1%-i həcmində, ancaq həmin məbləğin 5 %-dən çox olmamaqla satıcıya cərimə ödəyir.

10. 23 noyabr 2023-cü il tarixli YB-0059-23 saylı alqı-satqı müqaviləsinə Əlavə 1 və Əlavə 2-də müqavilə üzrə təhvil veriləcək malların adı, ölçüsü, qiyməti və digər xarakteristikaları öz əksini tapmışdır.

11. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli EBDX 430379 nömrəli 8559,72 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDU 171889 nömrəli 6183,20 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDV 672352 nömrəli 51887,55 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDW 344836 nömrəli 20262,96 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.

12. İddiaçı və cavabdeh tərəfindən təsdiq olunmuş xx.xx.2024-cü il tarixli üzləşmə aktına görə cavabdehin xx.xx.2024-cü il tarixə iddiaçıya olan borcu 86893,43 manat təşkil edir.

13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 23 noyabr 2023-cü il tarixli YB-0059-23 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

17. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

21. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

23. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

24. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 23 noyabr 2023-cü il tarixli YB-0059-23 saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

25. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun və ƏDV borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.

26. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən hesablanmış 3681,93 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

27. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

28. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

29. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 73638,50 manat əsas borc, 13254,93 manat ƏDV, 3681,93 manat dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 361,73 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 73638,50 manat əsas borc, 13254,93 manat ƏDV, 3681,93 manat dəbbə pulu, 361,73 manat dövlət rüsumu, ümumilikdə 90937,09 (doxsan min doqquz yüz otuz yeddi manat doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSCyə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar