Məhkəmə qərarları › İş №e-2-2(113)-1448/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1448/2025

14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1448/2025 14.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 24 oktyabr 2023-cü il tarixli YB-0055-23 saylı alqı-satqı alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üzrə 51.657,50 manat əsas borc, 9.298,35 manat ƏDV borcunun, əsas borca illik 5 faiz hesablanmaqla 1.291,43 manat və ödənilmiş 276,74 manat dövlət rüsumunun ümumilikdə 62.524,02 manat pul vəsaitinin İddiaçı QSCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı QSC arasında 24 oktyabr 2023-cü il tarixli YB-0055-23 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinin tələblərinə əsasən satıcı sifariş əsasında təchiz olunan malı öz qüvvə və vəsaiti hesabına hazırlayıb alıcıya təhvil verməyi, alıcı isə malı qəbul edib əvəzində onun qiymətini mal göndərənə ödəməyi öhdəsinə götürür. Mal dedikdə Sifarişə və ya bu müqavilədə yer alan digər əsaslara və tələblərə tam uyğun sinifli və həmin əsaslar üzrə və keyfiyyət təyinatına uyğun tərkibli, keyfiyyət göstəriciləri qüvvədə olan standartlarına, normalarına və digər texniki sənədlərə cavab verən sifariş və ya bu müqavilədə yer alan digər əsaslar üzrə miqdarlarda satıcı tərəfindən təchiz edilən hazır beton qarışığı başa düşülür. Cavabdeh ilə iddiaçı arasında imzalanan müqavilənin şərtlərinə İddiaçı QSC tərəfindən cavabdehin verdiyi yazılı sifarişlər əsasında davamlı şəkildə Cavabdeh MMC-yə təhvil verilmişdir. Cavabdeh MMC tərəfindən təhvil verilən mallar üzrə təqdim edilmiş bəzi elektron qaimə-fakturalar üzrə ödənişlər aparılmışdır. Müqavilə imzalandığı tarixdən halhazırdakı dövrə qədər Satıcı İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə əsas məbləğ əsas məbləğ 99.700 manat, əlavə Dəyər Vergisi məbləği 17.946 manat olmaqla ümumlikdə 117.646 manat məbləğində hazır beton qarışığı təhvil verilmişdir. Təhvil verilən malların müqabilində Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə əsas məbləğdən 48.042,50 manat, ƏDV məbləğindən 8.647,65 manat pul vəsaiti ödənilmişdir. Əsas borc 51.657,50 manat, ƏDV borcu 9.298,35 manat olmaqla ümumilikdə 60.955,85 manat təşkil edir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. (əvvəlki redaksiya).

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı QSC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.

11. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

12. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı QSC-nin üzərinə düşür.

13. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə malların verilməsi ilə bağlı elektron qaimələr göndərilmişdir.

14. İş materiallarında olan xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh MMC, İddiaçı QSC-yə xx.xx.2024-cü il tarixinə 60.955,85 manat borcunun olduğunu qəbul etmişdir.

15. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə müvafiq olaraq mallar verilmiş və cavabdehin də, ona verilmiş olan malların dəyərini ödəmək öhdəliyi yaranmışdır.

16. İddiaçı tərəf də, hazırda, cavabdehin ƏDV daxil 60.955,85 (51.657,5+9.298,35) manat borcunun qaldığını bildirir.

17. Cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən pulun ödənilməsinə dair sənədi işə əlavə etməmişdir.

18. Belə olan halda, Məhkəmə hesab edir ki, əsas məbləğ üzrə 51.657,5 manat, ƏDV məbləği üzrə 9.298,35 manat, cəmi 60.955,85 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

19. Məhkəmə iddianın əsas borca illik 5 faiz hesablanmaqla tələb edilən 1.291,43 manatla bağlı aşağıdakıları qeyd edir.

20. İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış üzləşmə aktı xx.xx.2024-cü il tarixdə imzalanmış, iddia isə Məhkəməyə təxmini 2 ay 17 gün sonra yəni xx.xx.2024-cü il tarixdə verilmişdir.

21. Ona görə də, əsas borca illik 5 faiz hesablanmaqla 550,76 (51.657,5x5/100=2.582,87 (1 il üçün), 2.582,87/12=215,23 (1 ay üçün), 215,23x2=430,47 (2 ay üçün), 2.582,87/365=7,07 (1 gün üçün), 7,076x17=120,29 (17 gün üçün), 430,47+120,29=550,76 (2 ay, 17 gün üçün)) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

22. Məhkəmə həmçinin qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənməli olan dövlət rüsumunun əvəzi olaraq 274,52 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 51.657 (əlli bir min altı yüz əlli yeddi) manat 50 (əlli) qəpik, ƏDV borcu üzrə 9.298 (doqquz min iki yüz doxsan səkkiz) manat 35 (otuz beş) qəpik, ümumilikdə 60.955 (altmış min doqquz yüz əlli beş) manat 85 (səksən beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 550 (beş yüz əlli) manat 76 (yetmiş altı) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 274 (iki yüz yetmiş dörd) manat 52 (əlli iki) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar