Məhkəmə qərarları › İş №e-2-2(113)-145/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-145/2020

11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-145/2020 11.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı (MMC) “xxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) öhdəliyin icra edilməməsinə görə əsas borc, cərimə və əldən çıxmış faydanın əvəzi olaraq pul vəsaitinin ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən 5810 manat əsas, 7500 manat öhdəliyin icra edilməməsinə görə razılaşdırılmış cərimə məbləği, öhdəliyin vaxtında icra edilməməsinə görə əldən çıxmış fayda üçün 10000 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, ümümilikdə 23340 manat məbləğində pul vəsaitini tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin direktoru Murat Alyar tərəfindən İddiaçı MMC-dən xx xxxxxx 2019-cu il tarixdə 11457,74 dəyərində otel istifadəsi üçün təsərrüfat malları alınmışdır. xx xxxxx 2019-cu il tarixdə qarşılıqlı borcların üzləşdirilməsi barədə akt tərtib olunmuşdur və həmin akta əsasən Murat Alyar tərəfindən şirkətə 3000 manat məbləğində ödəniş edilmişdir. xx xxxxx 2019-cu il tarixdə şirkətiə olan qalıq borc 9644 manat olaraq müəyyənləşdirilmişdir. Bundan başqa “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin direktoru Murat Alyarın qeyd olunan şirkətinə bağlı digər şirkətləri də vardır və həmin şirkətlərə də təsərrüfat malları verilmişdir. Müxtəlif aylarda ödəniş edilməsindən sonra hal-hazırda cavabdehin iddiaçıya 5810 manat məbləğində əsas borcu qalmışdır. Tərəflər arasında bağlanan ödəmə planında cavabdehin özü tərəfindən əgər borc ödənişi gecikərsə hər gün 50 AZN faiz ödənilməsini göstərilmişdir və Murat Alyar imzası ilə bunu təsdiqləmişdir. xx xxxx 2019-cu il tarixdən bu günə olan faiz borcu 150 gün üçün hər günə 50 manat hesablanmaqla 7500 manat təşkil edir. Dəfələrlə cavabdehə borcun qaytarılması ilə bağlı müraciətlər olunsa da, nəticəsi olmamışdır. Öhdəliyin vaxtında icra edilməməsinə görə iddiaçı təxminən 10000 manat dəyərində faydanı qazanmaq imkanından məhrum olmuşdur. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X1 iştirak etdiyi məhkəmə iclasında iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin İddiaçı MMC-yə olan borcu 1800 manat təşkil edir. Mülki iş materiallarında olan: - xx xxxxxx 2019-cu il tarixli elektron qaimənin surətindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən alınmış mallara görə İddiaçı MMC-yə ödənilməli olan pul məbləği 11457,74 manat təşkil edir. - ödəmə planının surətindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin İddiaçı MMC-yə olan borcu 12644 manat təşkil edir, həmin borc xx xxxx 2019-cu il tarixdə 3000 manat, xx xxxxx 2019-cu il tarixdə 3000 manat, xx xxxxx 2019-cu il tarixdə 3000 manat, xx xxxxx 2019-cu il tarixdə 3000 manat olmaqla hissə – hissə ödənilməlidir, borcun ödənilməsinin gecikdirildiyi təqdirdə hər gün üçün 50 manat məbləğində faizin ödənilməsi nəzərdə tutulmuşdur. - xx xxxxx 2019-cu il tarixli “qarşılıqlı borcların üzləşdirilməsi barədə akt”ın surətindən görünür ki, 3000 manat məbləğində pul vəsaiti ödənildikdən sonra “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin İddiaçı MMC-yə olan borcu 9644 manat təşkil edir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1 və 600.4-cü maddələrinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. İddiaçı tərəfindən təqdim olunmuş sübutlarla təsdiq olunur ki, tərəflər arasında alqı – satqı müqaviləsi üzrə münasibətlər mövcud olmuş, elektron qaimədə əşyaların qiyməti, həmçinin, onların hər ikisi tərəfindən tərtib olunmuş ödəniş planında ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. - 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesabfakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2009-cu il tarixli, 156 №li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesabfakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhviltəslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesabfakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. Cavabdehin nümayəndəsi iddianı yalnız 1800 manat hissəsində qəbul etdiyini bildirsə də, qalan məbləğin ödənilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddia 5810 manat əsas borcun ödənilməsi hissəsində təmin edilməlidir. İddianın 7500 manat öhdəliyin icra edilməməsinə görə razılaşdırılmış cərimə məbləğinin ödənilməsi barədə hissəsi ilə bağlı ilkin olaraq onu qeyd etmək lazımdır ki, iddiaçı tələbin bu hissəsinin faktiki əsası olaraq tərəflərin imzaladığı və təsdiq etdiyi ödəmə planına istinad etmişdir. Həmin sənəddə isə “Alinan ürünleri pullari odenilib, hesab baglanacaktir. Not: Gecikirse Günlük 50 Azn faiz odenilecktir. Saat: 3-de, Muhasebeden Alinacak” sözləri qeyd olunmuşdur. Göründüyü kimi iddiaçı 7500 manat məbləğində pul vəsaiti cərimə kimi tələb etsə də, sənəddə cərimə deyil, faizlərin ödənilməsi barədə qeyd aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsində “cərimə” və “faiz” anlayışları eynilik təşkil etmir və istər cərimənin, istərsə də faizlərin tutulması üçün fərqli əsaslar müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və həmin Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. - 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və həmin Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək həmin Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İddia tələbinin məzmunundan görünür ki, 7500 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən deyil, razılaşdırılmış cərimə məbləği kimi tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.5-ci maddəsində satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutulduğu halda faizlərin hesablanması mümkün hesab edilmişdir. Lakin “ödəmə planı” adlanan sənədin forma və məzmunundan görünür ki, həmin sənəd müqavilə hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. “Ödəmə planı” adlanan sənəddə isə “Alinan ürünleri pullari odenilib, hesab baglanacaktir. Not: Gecikirse Günlük 50 Azn faiz odenilecktir. Saat: 3-de, Muhasebeden Alinacak” sözləri “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən təklif (oferta) kimi qəbul edilsə belə (sənəd tərəflərin hər ikisi tərəfindən imzalansa da, həmin öhdəliliyin kim tərəfindən götürüldüyü də qeyd olunmamışdır), həmin təklifin qəbul edilməsi (aksept) ilə bağlı heç bir qeyd aparılmamışdır. Buna görə də məhkəmə hesab edir ki, qeyd olunan sənəd müqavilə hesab olunmadığından, həmçinin, 7500 manat məbləğində pul vəsaiti iddia ərizəsində cərimə kimi tələb olunduğundan “ödəmə planı” adlanan sənəd əsasında pul məbləğinin tutulması əsassızdır və həmin hissədə iddia rədd edilməlidir. İddianın əldən çıxmış faydaya görə zərərin əvəzinin ödənilməsi hissəsini iddiaçı onunla əsaslandırmışdır ki, öhdəliyin vaxtında icra edilməməsinə görə iddiaçı təxminən 10000 manat dəyərində faydanı qazanmaq imkanından məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Lakin iddiaçı tərəfindən məhkəməyə adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər, həmin gəlirləri əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim olunmadığından məhkəmə hesab edir ki, iddia həmin hissədə də rədd olunmalıdır. İddianın qismən təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 7 manat 50 qəpik məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə öhdəliyin icra edilməməsinə görə əsas borc, cərimə və əldən çıxmış faydanın əvəzi olaraq pul vəsaitinin ödənilməsi barədə iddiası qismən təmin edilsin. 5810 manat məbləğində pul vəsaiti “xxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 7 manat 50 qəpik məbləğində pul vəsaiti “xxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar