Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-145/2021 24.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi X1 cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı "X2 " MMC-nin cavabdeh "Sidus Consulting” MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "X2 " MMC-nin cavabdeh "Sidus Consulting” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Sidus Consulting” MMC-dən 30 oktyabr 2019-cu il tarixli “Reklam Razılaşması” müqaviləsinə əsasən 5000 ABŞ dolları məbləğində pulun, 30 manat dövlət rüsumunun və 500 manat vəkil xərcinin tutularaq "X2 " MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC və İddiaçı MMC arasında imzalanmış 30 oktyabr 2019-cu il tarixli “Reklam Razılaşması” müqaviləsinin şərtlərinə görə İddiaçı MMC Cavabdeh MMC-yə reklam xidmətlərini göstərməyi, Cavabdeh MMC isə bunun müqabilində İddiaçı MMC-yə 5000 (beş min) ABŞ dolları məbləğində pul vəsaitini ödəmək barəsində öz üzərlərinə öhdəlik götürmüşdür. 30 oktyabr 2019-cu il tarixli “Reklam Razılaşması” müqaviləsinin 3-cü abzasına əsasən İddiaçı MMC tərəfindən “Persiana One” , “Persian Two”, “Persiana Music”, “Varzesh Tv”, “Ava Music”, “Ava Family”, “24 X4” kanallarında 1 ay ərzində reklam yayımlanması tapşırığının yerinə yetirilməsinə və İddiaçı MMC-nin kanalları ilə sponsorluğa görə Cavabdeh MMC İddiaçı MMC-yə 5000 ABŞ dolları məbləğində pul vəsaitini ödəməlidir. Təəssüflər olsun ki, İddiaçı MMC tərəfindən hazırki müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə baxmayaraq cavabdeh Sidus Consulting MMC bu günə qədər öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Müqavilə üzrə öhdəlikləri yerinə yetirdikdən sonra Cavabdeh MMC fəaliyyətini dayandırdığına görə elektron qaimənin cavabdehə göndərilməsi mümkün olmamışdır. 18 May 2020-ci il tarixdə pretenziya məktubu göndərilmiş və cavabdehdən öhdəliklərinin icrası tələb olunmuşdur, lakin Cavabdeh MMC heç bir məlumat verməmiş və öz öhdəliklərini icra etməmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öz öhdəliklərini icra etməsi iş materiallarından da öz təsdiqini tapmır. Hətta 30 oktyabr 2019-cu il tarixli müqavilənin 8-ci bəndin də qeyd olunur ki, ödəniş 15 gündən bir həyata keçirilir, proses reklamlar yayımlanmazdan əvvəl başlayır. Qeyd olunan müqavilənin müvafiq bəndinin məzmunundan da aydın olur ki, reklam yayımlanması üçün əvvəlcədən ödəniş olunmalı idi. Əlavə olaraq iddiaçı tərəf məhkəməyə müqavilədə nəzərdə tutulmuş reklam çəkilişlərini həyata keçirmələri ilə bağlı heç bir sübut təqdim etməmişdir. Qanunvericiliyin tələblərinə əsasən, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan: -30.10.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı MMC ilə "Sidus Consulting” MMC arasında Reklam müqaviləsi bağlanmışdır. Müştəri “Persiana One” , “Persian Two”, “Persiana Music”, “Varzesh Tv”, “Ava Music”, “Ava Family”, “24 X4” kanallarında rekalm yayımlanması və Persiana kanallar qrupunda sponsorluq üçün bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində cəmi 5.000 dollar ödəniş etməlidir. Reklam yayımlanması 1 ay ərzində həyata keçirilir. (əlavə edilmiş brona əsasən). Həmin müqavilənin: 4-cü bəndinə əsasən, müştəri reklam materialının yayım üçün bu müqaviləyə uyğun olaraq təqdim edildiyinə zəmanət verir. Materialın tərkibində hər hansı məhsul və ya xidmətlə bağlı heç bir yalnış və ya əsassız iddia yoxdur. Nüfuzu zədələyəcək heç bir bəyan və ya məsələ yoxdur Material heç kəsin müəllif hüquqları və ya digər hüquqlarını pozmur. 6-cı bəndinə əsasən, Persian TV reklam materialını vaxta uyğun olaraq yerləşdirmək hüququna malikdir. Persiana TV reklamı yayımlayarkən rəqib məhsulların bir-birinə yaxın vaxtlarda olmamasına diqqət edir, lakin Persiana TV-nin belə bir öhdəliyi yoxdur. 8-ci bəndinə əsasən, ödəniş 15 gündən bir həyata keçirilir, proses reklamlar yayımlanmazdan əvvəl başlayır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arsında reklam xidmətinin göstərilməsi ilə bağlı müqavilə bağlanmış və xidmətin dəyəri aylıq 5000 dollar müəyyən edilmişdir. Cavabdeh xidmətin göstərilmədiyini, bu səbəblə də ödənişin edilmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tədqiqatı dövründə iddiaçı tərəfindən yuxarıda göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam və ya lazıminca icra etməsi öz təsdiqini tapmamışdır. Belə ki, müqavilənin tərəfi olan iddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklərin tam icra olunması cavabdeh tərəfindən mübahisələndirilmişdir. İddiaçı tələbinin əssası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, yalnız tərəflər arasında imzalanmış müqavilə təqdim edilərək yaranmış borcun ödənilməsi tələb edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tələbinin əssası kimi istinad etdiyi hallarl sübut edə bilməmiş, müqavilədən irəli gələn öhdəliklərin icra edilməsi yəni iddiaçı tərəfindən xidmət göstərilməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin faktiki hallarını və sadalanan qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı "X2 " MMC-nin cavabdeh "Sidus Consulting” MMCyə qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "X2 " MMC-nin cavabdeh "Sidus Consulting” MMC-yə qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-145/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-145/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver