Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-145/2023 30.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi iddiaçının nümayəndəsi X4 cavabdeh X2 iştirakı ilə, İddiaçı MMC-nin X3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 1537,28 manat əsas borc, borcun gecikdirildiyi müddət üçün 200 manat dəbbə pulu, hüquqi yardımın göstərilməsi üçün Bakı şəhər 18 saylı Vəkil Bürosuna ödənilmiş 100 manat xidmət haqqı və dövlət rüsumunun əvəzi kimi 30 manat olmaqla ümumilikdə 1898,28 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixli 21/055 saylı “Gömrük Təmsilçilik Xidmətlərinin Göstərilməsi“ haqqında müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, təmsilçi öz nizamnaməsinə uyğun olaraq, sifarişçinin tapşırığı əsasında onun hesabına idxal, tranzit və digər gömrük prosedurları altında olan mallara və nəqliyyat vasitələrinə aid müşayət sənədlərində olan məlumatlar əsasında broker xidmətlərini göstərir. Müqavilənin 2.2.1-ci bəndinə əsasən, sifarişçi təmsilçinin göstərdiyi bütün xidmətlərin haqqını bu müqavilə ilə müəyyən edilmiş müddətdə bank hesabına köçürmə yolu ilə ödəməyi öhdəlik götürmüşdür. İddiaçı MMC tərəfindən mövcud müqavilə əsasında cavabdehə göstərilmiş brokerlik xidməti üçün xx.xx.2022-ci il tarixdə 3378.74 qəpik məbləğində xidmət haqqı üçün göndərilmiş elektron qaimədən cavabdeh tərəfindən 1537.28 manat hissəsi əsassız olaraq ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, İddiaçı MMC müştəriləri ilə broker xidmətlərinin göstərilməsinə dair müqavilələr bağlayır, daha sonra həmin müaqavilə əsasında sənədlər təqdim edilir, bununla bağlı olaraq müvafiq gömrük orqanları ilə yüklərin ölkəyə gətirilməsi rəsmiləşdirilir və təhvil-təslim aktı imzalanır. Bunun əsasında ödəniş olunur. Cavabdeh ödəməli olduğu məbləğin bir qismini ödəsə də yerdə qalan məbləği ödəməmişdir. Əlavə olaraq, ölkəyə idxal olunan mallar üçün gömrük orqanları tərəfindən yükün çəkisi ilə bağlı tələb qoyulmuşdur ki, həmin çəkiyə münasibətdə gömrük rüsumları daha aşağı olduğu halda, əlavə ödəmələrlə gömrük rüsumu minimum həddə çatdırılır. Bununla bağlı olaraq qarşı tərəfin borcu yaranmışdır. İddiaçının nümayəndəsi iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 iddia ərizəsinə etiraz edərək, qeyd etmişdir ki, qarşı tərəflə əməkdaşlıq etmişlər. Göstərilən xidmətlərin müqabilində iddia ərizəsində qeyd olunan məbləğdən də daha artıq ödəmə olmuşdur. Qarşı tərəfin mübahisabatlığında problem olduğu üçün hesablamalarında səhvə yol vermişlər. Ona göndərilmiş elektron qaimədən heç bir məlumatı olmamışdır. Cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı MMMC “təmsilçi” X5 “sifarişçi” olmaqla imzalanmış xx.xx.2021 tarixli 21/055 nömrəli gömrük təmsilçilik xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən təmsilçi öz nizamnaməsinə uyğun olaraq, sifarişçinin tapşırığı ilə onun hesabına idxal, tranzit və digər gömrük prosedurları altında olan mallara və nəqliyyat vasitələrinə aid müşaiyət sənədlərində olan məlumatlar əsasında broker xidmətlərini göstərir. xx.xx.2021 tarixli 21/055 nömrəli müqaviləyə əlavə 1-də göstərilən xidmətlər üzrə qiymətlər tərəflər arasında razılaşdırılmışdır. 25 avqust 2022-ci il tarixli M057/503 nömrəli arayışda qeyd olunmuşdur ki, 18 saylı Vəkil Bürosunun vəkili Vəkil ilə xx.xx.2022-ci il tarixli 1706 saylı müqavilə imzalanmış, 100 manat 18 saylı Vəkil Bürosunun bank hesabına köçürülmüşdür. Arayış 18 saylı Vəkil Bürosunu müdiri olaraq qeyd olunan Q.M.Məmmədov tərəfindən imzalanmışdır. EBBU seriyalı 549007 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 3.378,14 manat, EBBD seriyalı 291994 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 5.588,55 manat İddiaçı MMC tərəfindən X3 ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsində X3 məxsus ümumilikdə dəyəri 2.927,63 manat məbləğində mallar idxal olunmuşdur. xx.xx.2021-ci il tarixli hesab-fakturaya əsasən “ödənilməmiş BCT çeki” və “ödənilmiş gömrük rüsumu” olmaqla dəyəri ümumilikdə 8.472,58 manat və “E-YGB tərtibi”, rəsmiləşdirmə, daşınma, icazə sənədinin alınması ilə bağlı 494,7 manat məbləğində hesab faktura İddiaçı MMC tərəfindən X3 təqdim edilməsi üçün tərtib edilmişdir. 19 dekabr 2022-ci il tarixli 22/326 nömrəli maliyyə arayışında qeyd olunmuşdur ki, X5 tərəfindən göstərilmiş xidmət qarşılığında 7.430,01 manat məbləğ ödənilmiş, qalıq məbləği kimi 1.537,28 manat xx.xx.2022-ci il tarixinə kimi icra olunmamışdır. X5 tərəfindən məhkəməyə təqdim edilmiş mesajlaşma xidməti “whatsapp” yazışmalardan məlum olur ki, Nihad adlı şəxslə malların gömrükdən keçirilməsi və bununla bağlı ödəmələr müzakirə edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya göstərilmiş xidmətin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya müqavilədən və Mülki Məcəllənin normalarından çıxış etməklə iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya göstərilmiş xidmət üzrə borcu yaranmışdır. İddiaçı cavabdehə göstərilmiş xidmətlərin tam olaraq ödənilmədiyini, cavabdeh isə qarşı tərəfə iddia tələbində nəzərdə tutulandan daha artıq məbləğ ödənildiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 787.1-ci maddəsinə əsasən broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir. 788.1-ci maddəyə əsasən brokerin öz vasitəçilik xidmətləri və ya köməyi nəticəsində müqavilə həyata keçirildikdən sonra muzd almaq hüququ vardır. Əgər müqavilə təxirəsalıcı şərtlə bağlanırsa, muzd yalnız həmin şərt baş verdikdə tələb edilə bilər. Məhkəmə qeyd edir ki, iş materiallarında olan hesab faktura, gömrük bəyənnaməsi,elektron qaimələr əsasında tərəflər arasında olan müqavilə üzrə cavabdehin iddiaçının göstərdiyi xidmətin dəyərini tam ödəməməsi, borcunun olması öz təsdiqini tapır. Cavabdeh iddia tələbində qeyd olunan məbləği mübahisələndirmiş, bununla bağlı ödənişlərin olduğunu bildirmişdir. Bununla belə cavabdeh məhkəmə araşdırması zamanı qeyd olunan halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Sübutetmə iddianın əsaslandığı və ya buna qarşı etirazın söykəndiyi halların olubolmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyətdir ki, sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hallar təşkil edir və bu halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan iddiaçı tələbini əsaslandıran halların mövcud olduğu barədə məhkəməyə sənədlər təqdim etmiş, həmin məlumatlar sübut hesab olunaraq məhkəmədə iddia tələbinin əsaslı olması qənaəti yaratmışdır. Belə ki, iş materiallarında olan gömrük bəyənnamələri, elektron qaimələr əsasında tərəflər arasında olan müqavilə üzrə cavabdehin borcunun olması öz təsdiqini tapır. Məhkəmə cavabdehin borcunun olmaması, ödənişin tam həyata keçirilməsi ilə etirazına münasibətdə bildirir ki, cavabdeh etirazında əsaslandığı halların mövcud olması barədə dəlil təqdim etməmiş, təqdim etdiyi yazışmalarda borcunun olmadığının aydın olduğu bildirilsə də məhkəmə araşdırması zamanı qeyd olunan hal müəyyən edilməmişdir. Belə olan halda qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, 1537.28 manat əsas borc cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Əlavə olaraq iddiaçı 200 (iki yüz) manat məbləğində cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2021 tarixli 21/055 nömrəli müqavilənin 3.2 bəndinə əsasən sifarişçi hesab-faktura ona təqdim edildikdən sonra hesab-faktura üzrə tam məbləği 3 bank günü ərzində köçürmə yolu ilə İddiaçıin hesabına ödəyir. Ödənişin gecikdirilmiş gününə görə sifarişçi mübahisəsiz ödənilməmiş məbləğin 1% həcmində dəbbə pulu ödəyir. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə borcunu tam olaraq ödəməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə məbləği 153 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmiş, lakin hazırda 30 manat tələb olunduğundan, həm də iddia tələbi qismən təmin edildiyindən məhkəmə xərci kimi 30 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə 100 manat məbləğində hüquqi yardımla bağlı xərcin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğin ödənilməsi öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, X1 xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1537.28 manat əsas borc, 153 manat dəbbə pulu, 30 manat mediasiya xərci İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X1 xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1.537,28 manat əsas borc, 153 manat dəbbə pulu, 30 manat mediasiya xərci İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-145/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-145/2023
30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver