Məhkəmə qərarları › İş №e-2-2(113)-1450/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1450/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1450/2020 20.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, İddiaçı »RETNİ̇İORQA« məhdud məsuliyyətli cəmiyyətinin direktoru X1 və nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı »RETNİ̇İORQA« Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh »X9 İnvestisiya Korporasiyası« Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə cavabdehə təhvil verilmiş 1 ədəd DONG FENG markalı Avtobusun, 7 ədəd DLW 400 ESW markalı elektrogeneratorun, 1 ədəd DSA125ESCl markalı elektrogeneratorun, 2 ədəd PKDS 5.25 DM U1 markalı Kompressorların, 2 ədəd URV504 markalı Qaldırıcı kranın, 1 ədəd KAMAZ 65117-029 markalı yük avtomobilinin, 4 ədəd KAMAZ 43253 şassi üzərində KO806 markalı avtomobilin, 2 ədəd Mercedes Benz 3028/K markalı yük avtomobilinin cavabdehdən geri alınaraq iddiaçıya qaytarılması, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə cavabdehə təhvil verilmiş 2 ədəd KAMAZ 43253 şassi üzərində KO-806 markalı sudaşıyan maşının cavabdehdən geri alınaraq iddiaçıya qaytarılması, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə cavabdehə təhvil verilmiş 1 ədəd DONG FENG markalı Avtobusun, 7 ədəd DLW 400 ESW markalı elektrogeneratorun, 1 ədəd DSA125ESCl markalı elektrogeneratorun, 2 ədəd PKDS 5.25 DM U1 markalı Kompressorların, 2 ədəd URV504 markalı Qaldırıcı kranın, 1 ədəd KAMAZ 65117-029 markalı yük avtomobilinin, 4 ədəd KAMAZ 43253 şassi üzərində KO806 markalı avtomobilin, 2 ədəd Mercedes Benz 3028/K markalı yük avtomobilinin cavabdehdən geri alınaraq iddiaçıya qaytarılması, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə cavabdehə təhvil verilmiş 2 ədəd KAMAZ 43253 şassi üzərində KO-806 markalı sudaşıyan maşının cavabdehdən geri alınaraq iddiaçıya qaytarılması, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Akkord Asfalt” Məhdud Məsuliyyətli Cəmiyyəti və “X14 Klubu” Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən ümumi məbləği 562742 manat olan Avtobus DONG FENG, DLW 400 ESW markalı elektrogenerator, DSA-125ESCİ markalı elektrogenerator, Kompressorlar PKDS 5.25 DM U1, Qaldırıcı kran URV504, KAMAZ 65117-029 yük avtomobili, Qaldırıcı kran URV504, KO-806 markalı avtomobil KAMAZ 43253 şassi üzərində, Mercedes Benz 3028/K yük avtomobili markalı avadanlıqlar və nəqliyyat vasitələri cavabdehə iddiaçı tərəfindən təhvil verilmişdir. Göstərilən malların cavabdehə təhvil verilməsini GG seriyalı 626249 saylı xx.xx.2009-cu il tarixli X10 və AİA seriyalı 345378 saylı Qaimə-faktura təsdiq edir. Həmçinin, iddiaçı ilə cavabdeh bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən ümumi məbləği 98294 manat olan KAMAZ 43253 şassi üzərində KO-806 markalı sudaşıyan maşın cavabdehə iddiaçı tərəfindən təhvil verilmişdir. Göstərilən malın cavabdehə təhvil verilməsini GG seriyalı 626256 saylı xx.xx.2009-cu il tarixli X10 və AİA seriyalı 345385 saylı Qaimə-faktura təsdiq edir. Lakin cavabdeh indiyə qədər göstərilən malların dəyərini ödəməmişdir. Cavabdeh tərəfindən göstərilən malların qəbul edilməsi, lakin dəyərinin ödənilməməsi nəticəsində, iddiaçıya xx.xx.2009-cu il tarixli müqavilə üzrə 562742 manat, xx.xx.2009-cu il tarixli müqavilə üzrə 98294 manat məbləğində zərər dəymişdir. İddiaçının nümayəndəsi və vəkili X5 əvvəl keçirilmiş məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddia müddətinin ötürülməsinin səbəbi olmuş, bu hal qətnamələrdə müəyyən olunmuşdur. Pul tələbi ilə bağlı iddiada iddia müddəti tətbiq edilməklə iddia rədd olunmuşdur. hazırda isə verilmiş əmlaklar tələb olunur. Sonda iddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının direktoru X3 iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X6 əvvəı keçirilmiş məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, iddiaçı iddia tələbinin əsası kimi 2009-cu il tarixli müqaviləyə istinad etmişdir. Müqavilə tarixindən 11 il keçdikdən sonra iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə də, iddiaçı iddia müddətini ötürmüşdür. Sonda cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onların nümayəndələri məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx.xx.2009-cu il tarixli 078 saylı alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı ümumi dəyəri 98294 manat olan KAMAZ 43253 şassi üzərində KO-806 markalı sudaşıyan maşını cavabdehə təhvil verməyi, cavabdeh isə əmlakı iddiaçıdan qəbul etməyi, bu müqavilənin müəyyən etdiyi müddət və şərtlər əsasında əmlakın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. xx xxxxxx 2019-cu il tarixli 045 saylı pretenziyanın surətindən görünür ki, iddiaçı cavabdehə xx.xx.2009-cu il tarixli və xx.xx.2009-cu il tarixli müqavilələrin ləğv edilməsinə münasibət bildirilməsi təklif edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-2(82)- 546/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçının cavabdehə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-2(103)-187/2019 saylı qətnaməsinin surətindən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-2(82)-546/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-2(102)- 341/2019 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-2(103)-187/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Baş Dövlət X13 xx xxxx 2018-ci il tarixli 59205-1218 saylı məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə satılmış Avtobus DONG FENG markalı nəqliyyat vasitəsi cavabdeh tərəfindən “X14 Klubu” Məhdud Məsuliyyətli Cəmiyyətinə və KO-806 markalı avtomobil KAMAZ 43253 şassi üzərində markalı nəqliyyat vasitəsi cavabdeh tərəfindən “Akkord Asfalt” Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndələri və vəkillərinin, iddiaçının direktorunun, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 372.1-ci və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1, 373.2-ci və 373.3-cü maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir”. Bundan başqa, həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli və Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarlarında göstərmişdir, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2009-cu il tarixli və xx.xx.2009-cu il tarixli alqı-satqı müqavilələri bağlanmış və müqavilələrə əsasən iddiaçı ümumi məbləği 562742 manat olan Avtobus DONG FENG, DLW 400 ESW markalı elektrogenerator, DSA-125ESCİ markalı elektrogenerator, Kompressorlar PKDS 5.25 DM U1, Qaldırıcı kran URV504, KAMAZ 65117-029 yük avtomobili, Qaldırıcı kran URV504, KO806 markalı avtomobil KAMAZ 43253 şassi üzərində, Mercedes Benz 3028/K yük avtomobili markalı avadanlıqlar və nəqliyyat vasitələrini və ümumi dəyəri 98294 manat olan KAMAZ 43253 şassi üzərində KO-806 markalı sudaşıyan maşını cavabdehə təhvil verməyi, cavabdeh isə əmlakları iddiaçıdan qəbul etməyi, bu müqavilənin müəyyən etdiyi müddət və şərtlər əsasında əmlakların dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Məhkəmə ilk növbədə cavabdeh tərəfin hazırki işə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməli olması barədə mövqeyi ilə bağlı hesab edir ki, hazırki iddia Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci və 373.1-ci maddəsinin tələbləri baxımından iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Belə ki, iddiaçı xx.xx.2009-cu və xx.xx.2009-cu il tarixində, yəni təxminən 11 il bundan əvvəl bağlanmış alqı-satqı müqavilələrinin ləğv edilməsini iddia edir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinin tələbləri baxımından ümumi iddia müddəti 10 (on) il təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarında onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının 5 vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.1.maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mülki Məcəllənin 375.2 maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizə məhkəmə tərəfindən qəbul olunmalı və iddia müddəti tətbiq edilməklə iddia, müqavilələrin ləğv edilməsi hissəsində rədd edilməlidir. İddia tələbinin əmlakların geri qaytarılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin əmlaklar tərəflər arasında bağlanmış alqı-satqı müqavilələri əsasında cavabdehə verilmişdir ki, həmin müqavilələr də hazırda qüvvədədir. Belə olan halda məhkəmə hesab edir ki, iddia həmin hissədə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı »RETNİ̇İORQA« Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh »X9 İnvestisiya Korporasiyası« Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə cavabdehə təhvil verilmiş 1 ədəd DONG FENG markalı Avtobusun, 7 ədəd DLW 400 ESW markalı elektrogeneratorun, 1 ədəd DSA125ESCl markalı elektrogeneratorun, 2 ədəd PKDS 5.25 DM U1 markalı Kompressorların, 2 ədəd URV504 markalı Qaldırıcı kranın, 1 ədəd KAMAZ 65117-029 markalı yük avtomobilinin, 4 ədəd KAMAZ 43253 şassi üzərində KO806 markalı avtomobilin, 2 ədəd Mercedes Benz 3028/K markalı yük avtomobilinin cavabdehdən geri alınaraq iddiaçıya qaytarılması, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə cavabdehə təhvil verilmiş 2 ədəd KAMAZ 43253 şassi üzərində KO-806 markalı sudaşıyan maşının cavabdehdən geri alınaraq iddiaçıya qaytarılması, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu »RETNİ̇İORQA« Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar