Məhkəmə qərarları › İş №e-2-2(113)-1450/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1450/2022

21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1450/2022 21.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Səfərli Arzu Mahir qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin (MMC) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (QSC) qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh QSC ilə bağlanmış 06 iyun 2018-ci il tarixli, PK41 saylı müqavilə üzrə 28062,07 manat məbləğində pul vəsaitinin və ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin əvəzinin Cavabdeh QSC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh QSC arasında 06 iyun 2018-ci il tarixli PK41 saylı “Yeni qızıl yataqlarının aşkarlanması məqsədi ilə kəşfiyyat işləri” müqavilə və həmin müqaviləyə dair müvafiq əlavə razılaşmalar imzalanmışdır. Müqavilə münasibətləri çərçivəsində, satıcı müqavilələrə dair təqdim olunmuş hesablara əsasən sifarişçiyə xidmətləri təhvil vermiş, sifarişçi isə xidmətləri qəbul etmişdir və əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürmüşdür. Yekun olaraq, təhvil-təslim olunmuş aktlara əsasən 872857,07 manat məbləğində (ƏDV daxil olmaqla) öhdəlik yaranmışdır. 06 iyun 2018-ci il tarixli PK41 saylı müqavilə üzrə 844795 manat məbləğində ödəniş edilmiş və nəticədə 28062,07 manat ƏDV daxil olmaqla iddiaçıya borcu qalmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün qarşı tərəfə pretenziya məktubu göndərilmiş, həmin pretenziya məktubuna cavab olaraq Cavabdeh QSC hər hansı borclarının olmadığını bildirmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddianın həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 06 iyun 2018-ci il tarixli PK41 saylı müqavilə üzrə 33968,26 manat məbləğində pul vəsaitinin və ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin əvəzinin Cavabdeh QSC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, İddiaçı MMC-də 14 may 2019-cu il tarixli təhvil – təslim aktı mövcud olmamış və Cavabdeh QSC tərəfindən məhkəməyə təqdim olunduğundan iddia tələbinin həcmi artırılmışdır. İddiaçı MMC tərəfindən 01 noyabr 2019-cu il tarixli iş görülmüş və dəyəri 33000 manat təşkil etmişdir. Cavabdeh QSC isə aktın ləğv olunmasına istinad edir. Lakin akt iki tərəfli şəkildə ləğv oluna bilərdi. Cavabdeh tərəfindən 2019-cu ilin dekabr ayına borcun olmaması ilə bağlı sənəd təqdim olunmuşdur. Lakin həmin dövrdə müqavilə öhdəlikləri üzrə görüləcək işlərlə bağlı müddət bitməmişdir. Cavabdeh QSC iddiaya etirazını onunla əsaslandırmışdır ki, tərəflər arasında 06 iyun 2018-ci il tarixində, ümumi dəyəri ƏDV və digər əlaqəli xərclər daxil olmaqla 844795 manat olan yeni yataqların aşkarlanması məqsədi ilə həyata keçirilən kəşfiyyat işləri və mövcud perspektiv sahələr üzrə aparılan tədqiqat işləri ilə bağlı məsləhət xidmətlərinin satın alınması barədə müqavilə imzalanmışdır. Müqavilənin 2-ci maddəsinə əsasən iddiaçının öz iddia ərizəsində qeyd etiyi kimi satıcı yox, məhz icraçı, müqavilənin 2.1-ci bəndində göstərilən xidmətləri lazımi qaydada və yüksək keyfiyyətlə yerinə yetirməyi, sifarişçi, yəni cəmiyyət isə nəzərdə tutulmuş şərtlər əsasında xidmətləri icraçıdan, yəni iddiaçıdan qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürür. PKF-nın iddia ərizəsində qeyd etdiyi digər yanlış isə, tərəflər arasında cari müqaviləyə dair əlavə razılaşmaların imzalanmasını bildirməsidir. Əslində isə müqavilə üzrə imzalanan yeganə əlavə, göstərilən xidmətlərin açıqlamasını və tam təsvirini əks etdirən Müqavilənin 1 saylı Əlavəsidir. Müqavilənin xüsusi şərtlərinin 9-cu bölməsinə əsasən PKF müqavilə imzalandıqdan sonra dərhal cəmiyyətə avans məbləği həcmində geri çağırılmayan, ilk tələbli, heç bir əsaslandırma və sənəd tələb etməyən avans bank qarantiyasını təqdim edir. Cəmiyyət həmin qarantiyanı aldıqdan sonra müqavilənin ümumi məbləğinin 30% həcmində hissəsi, tərəflərin razılaşdığı müddət ərzində avans şəklində əvvəlcədən ödənilir. PKF ona ödənilmiş avans məbləğinin tam həcmində malları səmiyyətə təqdim edənədək ona bu müqavilə predmeti üzrə heç bir ödəniş aparılmır. Müqavilə məbləğinin qalan 70% hissəsi, xidmətlər PKF tərəfindən hissə-hissə icra edilib sifarişçiyə təhvil verildikcə, hər ayın sonu icraçının təqdim etdiyi hesabatlar və hesab- faktura sənədinə uyğun olaraq, onların təqdim edildiyi tarixdən 30 bank günü ərzində cəmiyyət tərəfindən ödənilir. Cəmiyyət müqavilə üzrə avans ödəmək öhdəliyini yerinə yetirmək məqsədi ilə aşağıdakı qaydada cəmi 253438,50 manat məbləğində pul vəsaitini PKF-in hesabına köçürmüşdür: 20 iyul 2018-ci il tarixli 2 ödəniş tapşırığı üzrə 107389,20 manat və ƏDV 19330,06 manat; 07 sentyabr 2018-ci və 10 sentyabr 2018-ci il tarixli 2 ödəniş tapşırığı üzrə 107389,19 manat və ƏDV 19330,05 manat. Əvvəlcədən ödəniş qismində yuxarıda göstərilən avans məbləğinin göstərilmiş xidmətlərlə əvəzləşdirilməsi aşağıdakı formada cəmi 253446,92 manat həcmində həyata keçirilmişdir: 28 avqust 2018-ci il tarixli 71881,58 manat həcmdə təhviltəslim aktı, hesab-faktura və elektron qaimə; 04 oktyabr 2018-ci il tarixli 105846,83 manat həcmdə təhvil-təslim aktı, hesab-faktura və elektron qaimə; 22 oktyabr 2018-ci il tarixli 16995,96 həcmdə təhvil-təslim aktı, hesab-faktura və elektron qaimə; 19 noyabr 2018-ci il tarixli 16997,72 manat həcmdə təhvil-təslim aktı, hesab-faktura və elektron qaimə; 20 noyabr 2018-ci il tarixli 22457,56 manat həcmdə təhvil-təslim aktı, hesab-faktura və elektron qaimə; 22 noyabr 2018-ci il tarixli 19267,27 manat həcmdə təhvil-təslim aktı, hesab-faktura və elektron qaimə. Əvəzləşdirməyə dair müvafiq sənədləşmələr lazımı qaydada, o cümlədən, İnternet Vergi idarəsində təsdiq edilmişdir. Xidmətlərin icrası müqavilə şərtlərinə müvafiq olaraq davam etdirilmiş və aşağıdakı qaydada təhvil-təslim aktları imzalanaraq ƏDV daxil olmaqla 591378,36 məbləğində pul vəsaiti PKF-in bank hesabına köçürülmüşdür: 08 fevral 2019-cu il tarixli təhvil-təslim aktı üzrə 25354,80 manat; 14 may 2019-cu il tarixli təhvil- təslim aktı üzrə 5936,35 manat; 21 noyabr 2019-cu il tarixli təhvil-təslim aktı üzrə 90270,13 manat; 13 dekabr 2019-cu il tarixli təhvil-təslim aktı üzrə 78248,55 manat; 11 mart 2020-ci il tarixli təhvil-təslim aktı üzrə 160613,40 manat; 07 may 2020-ci il tarixli təhvil-təslim aktı üzrə 230955,05 manat. Habelə, PKF-nin iddia ərizəsində qeyd etdiyi və özündə təhvil-təslim aktlarının tarixlərini və məbləğlərini əks etdirən cədvəldə də əsaslı yanlışlıqlar mövcuddur və birbaşa iddianın mahiyyətinə təsir edir. Onlardan biri 14 may 2019-cu il tarixli təhvil-təslim aktı barədə məlumatın həmin cədvəldə mövcud olmamasıdır. Halbuki, həmin təhvil-təslim aktı əsasında cəmiyyətə elektron vergi hesab-fakturası və elektron qaimə təqdim edilmiş, cəmiyyət isə etiraza əlavə edilmiş ödəniş tapşırıqları vasitəsi ilə 5936,35 manat məbləğində pul vəsaitini müqaviləyə əsasən PKF-ə köçürmüşdür. Qeyd edilən hal da iddiaçının öz əməkdaşlarının və s. digər daxili səhlənkarlığı/diqqətsizliyi üzündən hesablaşmaları yanlış aparmasına dəlalət edir. Ən əsas yanlışlıq isə tərəflər arasında imzalandıqdan sonra ləğv edilən 01 noyabr 2019-cu il tarixli təhvil-təslim aktının həmin cədvəldə qeyd edilməsidir. Həmin ləğv edilmiş təhvil-təslim aktı ilə bağlı bir neçə əsas və həlledici məqamlar vardır. Həmin təhvil-təslim aktının ləğv edilməsi əvvəlcə işçi qaydada tərəflər arasında razılaşdırılmışdır. Həmin təhvil-təslim aktının ləğv edilməsi ilə bağlı Cəmiyyətin daxili X1 vasitəsi ilə cəmiyyətin rəhbərliyinə 28 noyabr 2019-cu il tarixli xidməti məruzə təqdim edilmiş və həmin sənəd cəmiyyətin struktur rəhbərləri ilə razılaşdırıldıqdan sonra rəhbərliyin təsdiqinə verilmiş və rəhbərlik tərəfindən təsdiq edilərək icraya yönləndirilmişdir. 01 noyabr 2019-cu il tarixli təhvil-təslim aktında ləğv edilməsi və bu halın tərəflər arasında razılaşdırılmasına uyğun olaraq PKF tərəfindən qeyd edilən təhvil-təslim aktına əsasən təqdim edilmiş EBAC seriyalı 043572 nömrəli 04.11.2019-cu il tarixli elektron qaimə və ona müvafiq olaraq təqdim edilmiş elektron vergi hesab-fakturası ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci və 1.3-cü yarımbəndlərinə əsasən elektron qaiməfaktura həmin Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir və Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. Qaydaların 3.1-ci və 3.8-ci yarımbəndlərinə əsasən əsasən isə vergi ödəyicisi elektron qaimə-fakturanı elektron formada göndərir və vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura səhv verildikdə (qəbul edənin VÖEN-i səhv göstərildikdə, eyni əməliyyat üzrə təkrarən təqdim edildikdə və s.), habelə əməliyyat baş tutmadan göndərildikdə göndərilmiş elektron qaimə-faktura ləğv edilir və bu barədə məlumat qəbul edən vergi ödəyicisinin elektron kabinetinə ötürülür, qəbul edənin elektron kabineti olmadıqda isə çap edilərək birbaşa təqdim edilir. Ləğv edilmiş elektron qaiməfakturada ləğvin səbəbi göstərilir. Müqaviləyə və onun 1 saylı Əlavəsindəki Xidmətlərin açıqlanması cədvəlinə əsasən göstərilən xidmətlərin ölçü vahidi gün sayıdır və müqavilə üzrə xidmətlərin ödənişi günhesabı ilə müəyyən olunur. Ləğv olunmuş 01 noyabr 2019-cu il tarixli təhvil-təslim aktında xidmətlərin göstərildiyi gün aralıqları 14 oktyabr - 29 oktyabr aralığını əhatə edir, göstərilməsi nəzərdə tutulan xidmət isə “geoloji kəşfiyyat xidmətlərinin göstərilməsi" adlandırılmışdır. Tərəflər arasında bağlanılmış digər 21 noyabr 2019-cu il tarixli təhvil-təslim aktına əsasən 09 oktyabr - 21 noyabr tarixləri arasında "geoloji kəşfiyyat xidmətlərinin göstərilməsi”nə dair xidmətlər təhvil-təslim edilmiş və lazımi qaydada rəsmiləşdirilmişdir. 21 noyabr 2019-cu il tarixli təhvil-təslim aktı 01 noyabr 2019-cu il tarixli təhvil-təslim aktı ləğv olunduqdan sonra tərəflər arasında imzalanmış və daha sonra onun əsasında elektron qaimə və hesab faktura təqdim edildikdən sonra, aktda göstərilən məbləğ ödəniş tapşırıqları əsasında PKF-ə ödənilmişdir. Bu faktlar özü-özlüyündə qarşı tərəfin iddiasının heç bir əsası olmadığını göstərir. Qarşı tərəf 21 noyabr 2019-cu il tarixli təhvil-təslim aktını imzalamaqla yuxarıda əks etdirilmiş halları təsdiqləmişdir. Digər tərəfdən həmin akt ləğv edildikdən sonra tərəflər arasında bir müddət işgüzar münasibətlər davam etmişdir, tərəflər arasında rəsmi yazışmalar və digər sənədlərdə o cümlədən işçi qaydada görüşlərdə iddia üzrə borcun mövcudluğu heç bir zaman PKF tərəfindən, nə rəsmi, nə də işçi qaydada ifadə edilməmiş, cəmiyyətdən iddia ərizəsində qeyd edilən borcun ödənilməsi tələb edilməmişdir. Çünki, cəmiyyət tərəfindən Müqavilə üzrə göstərilmiş xidmətlərin dəyəri ödənilmişdir. Cəmiyyət tərəfindən PKF-ə ümumilikdə 844816,86 məbləğində xidmət haqqı ödənilmişdir. Müqavilənin ümumi dəyərinə nəzər yetirdikdə görünür ki, PKF-in iddia ərizəsində qeyd etdiyi Müqavilə üzrə borcun mövcud olmasının heç bir hüquqi əsası yoxdur. Cəmiyyət tərəfindən iddiaçıya müqavilənin ümumi dəyəri olan 844795 manat tam olaraq ödənilmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə etirazda göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, Cavabdeh QSC dövlətə məxsus hüquqi şəxs olduğundan dövlət satınalmalarından kənar işlər görə və bununla bağlı müqavilələr bağlaya bilməz. Əgər müqavilədən kənar işlər görülməsinə zərurət yaransa idi, satınalma edildikdən sona müqavilə bağlanmalı idi. İş materiallarında olan: - 06 iyun 2018-ci il tarixli, PK41 saylı müqaviləyə əsasən Sifarişçi - Cavabdeh QSC yeni yataqların aşkarlanması məqsədilə həyata keçirilən kəşfiyyat işləri və mövcud perspektiv sahələr üzrə aparılan tədqiqat işləri ilə bağlı məsləhət xidmətlərinin satın alınması barədə İcraçının - İddiaçı MMC-nin ƏDV və əlaqəli xərclər daxil olmaqla 844795 manat məbləğində təklifini qəbul etmişdir. Xidmətlərin açıqlaması və tam təsviri müqavilənin 1 nömrəli Əlavəsində göstərilməsi nəzərdə tutulmuşdur. - 06 iyun 2018-ci il tarixli, PK41 saylı müqavilənin 1 saylı Əlavəsinə əsasən dəyəri 844795 manat olan (ƏDV daxil olmaqla) xidmətlərin (Geoloji kəşfiyyat, dağ-mədən mühəndisliyi və texniki dəstək, layihəyə dəstək xidmətləri (xərclər üzrə təhlil, kapital layihələri və maliyyələşmənin cəlb edilməsi) və təchizat zəncirinin idarə edilməsi üzrə aidiyyəti dəstək xidmətləri) göstərilməsi nəzərdə tutulmuşdur. - 28 avqust 2018-ci il tarixli təhvil-təslim aktına əsasən dəyəri 71881,58 manat məbləğində olan, 04 oktyabr 2018-ci il tarixli təhvil-təslim aktına əsasən dəyəri 105846,83 manat məbləğində olan, 22 oktyabr 2018-ci il tarixli təhvil-təslim aktına əsasən dəyəri 16995,96 manat məbləğində olan, 19 noyabr 2018-ci il tarixli təhvil-təslim aktına əsasən dəyəri 16997,72 manat məbləğində olan, 20 noyabr 2018-ci il tarixli təhvil-təslim aktına əsasən dəyəri 22457,56 manat məbləğində olan, 22 noyabr 2018-ci il tarixli təhvil-təslim aktına əsasən dəyəri 19267,27 manat məbləğində olan, 08 fevral 2019-cu il tarixli təhviltəslim aktına əsasən dəyəri 25354,8 manat məbləğində olan, 14 may 2019-cu il tarixli təhvil-təslim aktına əsasən dəyəri 5936,35 manat məbləğində olan, 01 noyabr 2019-cu il tarixli təhvil-təslim aktına əsasən dəyəri 33968,26 manat məbləğində olan, 21 noyabr 2019-cu il tarixli təhvil-təslim aktına əsasən dəyəri 90270,13 manat məbləğində olan, 13 dekabr 2019-cu il tarixli təhvil-təslim aktına əsasən dəyəri 78248,55 manat məbləğində olan, 11 mart 2020-ci il tarixli təhvil-təslim aktına əsasən dəyəri 160613,40 manat məbləğində olan, 07 may 2020-ci il tarixli təhvil-təslim aktına əsasən dəyəri 230955,05 manat məbləğində olan, ümumilikdə dəyəri 878793,46 manat olan xidmətlər İddiaçı MMC tərəfindən icra olunmuşdur. - İddiaçı MMC-nin müvafiq bank hesabından çıxarışa əsasən Cavabdeh QSC tərəfindən 107389,20 manat, 107389,19 manat, 21487,19 manat, 5030,81 manat, 76500,11 manat, 66312,33 manat, 136113,05 manat, 195724,62 manat, cəmi 715946,5 manat pul məbləği köcürülmüşdür. - 25 aprel 2019-cu il tarixli ödəniş tapşırığına əsasən 3867,69 manat, 07 iyun 2019cu il tarixli ödəniş tapşırığına əsasən 5030,81 manat, 24 dekabr 2019-cu il tarixli ödəniş tapşırığına əsasən 11936,22 manat, 06 dekabr 2019-cu il tarixli ödəniş tapşırığına əsasən 13770,02 manat, 07 sentyabr 2018-ci il tarixli ödəniş tapşırığına əsasən 19330,05 manat, 20 iyul 2018-ci il tarixli ödəniş tapşırığına əsasən 19330,06 manat, 25 aprel 2019-cu il tarixli ödəniş tapşırığına əsasən 21487,19 manat, 03 aprel 2020-ci il tarixli ödəniş tapşırığına əsasən 24500,35 manat, 14 may 2020-ci il tarixli ödəniş tapşırığına əsasən 35230,43 manat, 24 dekabr 2019-cu il tarixli ödəniş tapşırığına əsasən 66312,33 manat, 09 dekabr 2019-cu il tarixli ödəniş tapşırığına əsasən 76500,11 manat, 20 iyul 2018-ci il tarixli ödəniş tapşırığına əsasən 107389,2 manat, 10 sentyabr 2018-ci il tarixli ödəniş tapşırığına əsasən 107389,19 manat, 30 aprel 2020-ci il tarixli ödəniş tapşırığına əsasən 136113,05 manat, 15 may 2020-ci il tarixli ödəniş tapşırığına əsasən 195724,62 manat, 07 iyun 2019-cu il tarixli ödəniş tapşırığına əsasən 905,54 manat məbləğində pul vəsaiti Cavabdeh QSC tərəfindən İddiaçı MMC-yə ödənilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin 04 mart 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, baza məlumatlarına əsasən 04 noyabr 2019-cu il tarixdə təqdim edilmiş EBAC seriyalı, 43572 nömrəli elektron qaimə – fakturanın 20 noyabr 2019-cu il tarixdə ləğv edilməsi vergi ödəyicisi tərəfindən aparılmışdır. - İddiaçı MMC tərəfindən imzalanmış və “X2 Azərbaycan” QSC-yə təqdim olunmuş məlumatda 31 dekabr 2019-cu il tarixə Cavabdeh QSC-nin borcunun olmadığı qeyd edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Cavabdeh iddiaya etirazını aşağdakı hallarla əsaslandırır: - Müqavilədə nəzərdə tutulmuş 844795 manat məbləğində pul vəsaiti Cavabdeh QSC tərəfindən İddiaçı MMC-yə ödənilmişdir, Cavabdeh QSC dövlətə məxsus hüquqi şəxs olduğundan dövlət satınalmalarından kənar işlər görə və bununla bağlı müqavilələr bağlaya bilməzdi; - 01 noyabr 2019-cu il tarixli təhvil - təslim aktı, EBAC seriyalı 043572 nömrəli 04 noyabr 2019-cu il tarixli elektron qaimə və ona müvafiq olaraq təqdim edilmiş elektron vergi hesab-fakturası ləğv edilmiş, görülmüş işlər və ödəniş 21 noyabr 2019-cu il tarixli aktla əhatə olunmuşdur; - İddiaçı MMC tərəfindən imzalanmış və “X2 Azərbaycan” QSC-yə təqdim olunmuş məlumatda 31 dekabr 2019-cu il tarixə Cavabdeh QSC-nin borcunun olmadığı qeyd edilmişdir. 06 iyun 2018-ci il tarixli, PK41 saylı müqavilədə nəzərdə tutulmuş 844795 manat məbləğində pul vəsaitinin Cavabdeh QSC tərəfindən İddiaçı MMC-yə ödənilməsi, mübahisə predmeti olan məbləğlə bağlı EBAC seriyalı 043572 nömrəli 04 noyabr 2019-cu il tarixli elektron qaimə və ona müvafiq olaraq təqdim edilmiş elektron vergi hesabfakturasının ləğv edilməsi təqdim olunmuş sübutlarla təsdiqini tapdığından və işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmədiyindən məhkəmə qeyd olunan xüsusata işin mübahisləndirilməyən halı kimi qiymət verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Tərəflər arasında bağlanmış 06 iyun 2018-ci il tarixli, PK41 saylı müqavilənin: - 2.4-cü bəndində qeyd olunmuşdur ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla müqavilənin məbləği dəyişilməz qalır. - 13.1-ci bəndində qeyd olunmuşdur ki, müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər (qaimələr aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 30 təqvim günündən gec olmamaq şərtilə aparılır. Məhz bu bəndlərin tələbləri əsas götürülməklə iddiaçı müqavilədən kənar hər hansı pul məbləği tələb edirsə, müqavilənin məbləğinin dəyişməsi ilə bağlı qanunvericilikdə hansı halın nəzərdə tutulmasını sübut etməlidir. Lakin iddiaçı tərəfindən belə bir halın mövcudluğu əsaslandırılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında qərarın: - 3.1 və 3.2-ci bəndlərinə əsasən vergi ödəyicisi alıcıya elektron qaimə – fakturanı elektron formada təqdim edir və malın (işin, xidmətin) alıcısına mal (iş, xidmət) təqdim edilən vaxt verilir. - 3.6-cı bəndinə əsasən elektron qaimə – fakturanın ləğv edilməsi barədə məlumat göndərildikdən sonra elektron qaimə – faktura üzərində düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi yaradılmalıdır. Belə olan halda vergi ödəyicisinə (satıcıya) müraciət edərək təqdim olunmuş elektron qaimə – fakturanın ləğvini xahiş edə bilər və ləğvetmə vergi ödəyicisi (satıcı) tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin 04 mart 2022-ci il tarixli məktubunda da qeyd olunmuşdur ki, 04 noyabr 2019-cu il tarixdə təqdim edilmiş EBAC seriyalı, 43572 nömrəli elektron qaimə – fakturanın 20 noyabr 2019-cu il tarixdə ləğv edilməsi vergi ödəyicisi tərəfindən aparılmışdır. İş materiallarından görünür ki, 01 noyabr 2019-cu il tarixli təhvil-təslim aktında xidmətlərin göstərildiyi gün aralıqları 14 oktyabr - 29 oktyabr tarixlərini əhatə edir, göstərilməsi nəzərdə tutulan xidmət isə “geoloji kəşfiyyat xidmətlərinin göstərilməsi" adlandırılmışdır. Tərəflər arasında bağlanılmış digər 21 noyabr 2019-cu il tarixli təhviltəslim aktına əsasən 09 oktyabr - 21 noyabr tarixləri arasında "geoloji kəşfiyyat xidmətlərinin göstərilməsi”nə dair xidmətlər təhvil-təslim edilmiş və lazımi qaydada rəsmiləşdirilmişdir. 21 noyabr 2019-cu il tarixli təhvil-təslim aktı 01 noyabr 2019-cu il tarixli təhvil-təslim aktından sonra tərəflər arasında imzalanmış və daha sonra onun əsasında elektron qaimə və hesab faktura təqdim edildikdən sonra, aktda göstərilən məbləğ ödəniş tapşırıqları əsasında İddiaçı MMC-yə ödənilmiş və sonuncu tərəfindən mübahisələndirilməmişdir. Digər tərəfdən isə İddiaçı MMC tərəfindən imzalanmış və “X2 Azərbaycan” QSC-yə təqdim olunmuş məlumatda 31 dekabr 2019-cu il tarixə Cavabdeh QSC-nin borcunun olmadığı qeyd edilmişdir. İddiaçının nümayəndəsi bu sənədə münasibətini həmin dövrdə müqavilə öhdəlikləri üzrə görüləcək işlərlə bağlı müddətin bitməməsi ilə əsaslandırsa da, məhkəmə bu əsaslandırmanın inandırıcı hesab etmir. Belə ki, həmin sənəddə Cavabdeh QSC-nin İddiaçı MMC-yə müqavilə üzrə olan borcunun tam ödənilməsi deyil, konkret tarix göstərilərək 31 dekabr 2019-cu il tarixə borcunun olmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.5-ci maddəsinə əsasən borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. Beləliklə, məhkəmə işin faktiki hallarını qeyd olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğuna görə rədd edilməli, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı pul tələbi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar