Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1451/2025 10.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 17.714,16 manat əsas borc, icranı gecikdirməyə görə 10.710 manat dəbbə pulu, vəkil xidmət haqqına görə 300 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş rüsum kimi 266 manat pulun alınaraq "xxxx" ASC-yə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında mal təchizatı haqqında xx.xx.2023-cü il tarixli GMB/85/2023saylı müqavilə bağlanmışdır. Bağlanmış müqavilə şərtlərinə əsasən İcraçı Cavabdeh MMC öhdəliyinə götürdüyü işləri yerinə yetirməli, o cümlədən "xxxx" ASC-yə məxsus avtomobilləri ehtiyyat hissələri ilə təmin etməli, sonuncu isə öz növbəsində müqavilə şərtlərinə uyğun olaraq ödəniş etməli idi. "xxxx" ASC xx.xx.2023-cü il tarixli, 875757 nömrəli elektron qaiməyə əsasən 17714.16 manat avans ödəniş etdiyi halda, cavabdeh iddiaçının etibarından sui istifadə edərək, ona qeyd edilən məbləğdə ehtiyyat hissələrini təhvil verməyib. Beləliklə, cavabdehin iddiaçıya 17714.16 manat borcu yaranıb. Bundan başqa müqavilənin 4.2-ci bəndinə əsasən, işin vaxtında təhvil verilməməsinə görə İcraçı Sifarişçiyə hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0.1 faiziməbləğində cərimə ödəməlidir. Bu məbləğ isə iddianın məhkəməyə təqdim edildiyi tarixədək (21 ay, 630 gün*17 manat) 10710 manat təşkil edir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 404.5-ci maddəsinə əsasən qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" ASC (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında xx.xx.2023-cü il tarixli GMB/85/2023 saylı müqavilə bağlanılmışdır.
11. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin sifarişi əsasında avtomobillərin mühərriklərinin təmirini, texniki xidmət göstərilməsini və ehtiyat hissələri ilə təmin olunmasını öz üzərinə götürür, sifarişçi isə qəbul edir.
12. Müqavilənin 2.1-ci maddəsinə əsasən icraçı verilmiş sifarişi vaxtında yerinə yetirməyi öz öhdəsinə götürür.
13. Müqavilənin 3.1-ci maddəsinə əsasən işin qiyməti hesab fakturada göstərilir.
14. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
15. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir.
16. Həmçinin Məhkəmə qeyd edir ki, tərəflər arasında olan müqavilə münasibətləri alqı-satqı və xidmət müqaviləsinin elementlərini özündə əks etdirməklə, qarışıq müqavilədir. Belə ki, cavabdeh tərəf iddiaçı tərəfi müvafiq olaraq ehtiyyat hissələri ilə təmin edərək, onun dəyişdirilməsini həyata keçirməli idi.
17. Hazırda iddiaçı cavabdehə onun tərəfindən təqdim edilən EBDB seriyalı, 875757 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 17.714,16 manat olan elektron qaimə əsasında 17.714,16 manat məbləğində avans ödənişi etdiyini, lakin cavabdeh tərəfindən ehtiyyat hissələrinin təhvil verilmədiyini bildirərək, ödənilmiş vəsaitin geri qaytarılmasını xahiş edir.
18. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş ödəniş sənədlərindən məlum olur ki, xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə 14.812 manat və 2.666,16 manat, ümumilikdə 14.478,16 manat məbləğində ödəniş edilmişdir.
19. Cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən müqavilə üzrə işlərin icrasına və malların verilməsinə dair məhkəməyə sənəd təqdim etməmişdir.
20. Göründüyü kimi, iddiaçı tərəf cavabdehə 14.478,16 manat məbləğində pul ödəmiş, cavabdeh tərəf isə iddiaçını ehtiyyat hissələri ilə təmin etməmişdir.
21. Belə olan halda, Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində qismən əsaslıdır və 17.478,16 manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
22. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia qismən əsaslıdır.
23. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
24. Hazırki işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 400 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
25. Məhkəmə hesab edir ki, iddianın 300 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində iddia təmin edilməlidir.
26. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə hüquqi yardımın göstərilməsi ilə bağlı fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə xx.xx.2025-ci il tarixli order verilmişdir.
27. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət rüsumunun əvəzi olaraq 266 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
28. Lakin, Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənməli olan dövlət rüsumunun məbləği 144,34 manat təşkil edir.
29. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 17.478 (on yeddi min dörd yüz yetmiş səkkiz) manat 16 (on altı) qəpik, cərimə bocu üzrə 400 (dörd yüz) manat, ümumilikdə 17.878 (on yeddi min səkkiz yüz yetmiş səkkiz) manat 16 (on altı) qəpik məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 144 (bir yüz qırx dörd) manat 34 (otuz dörd) qəpik məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov