Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1453/2022 14.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh firmasına qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11778,95 manat məbləğində əsas borc və 23250 manat məbləğində cərimə, həmçinin, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 200 manat məbləğinin, cəmi 35228,95 manat məbləğinin Cavabdeh Firmasından tutularaq "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, satıcı - "xxxx" QSC ilə alıъı – Cavabdeh firması arasında 30 aprel 2018-ci il tarixində “hüq 259” nömrəli qara metal qırıntısının alqı-satqısı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə hərrac nəticələrinə əsasən satıcı müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan əlavə № 1-də göstərilən və ümumi dəyəri 77500 manat təşkil edən malları (500 ton qara metal) alıcıya təhvil verməyi, alıcı isə malları qəbul edib dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.4-cü hissəsinə uyğun olaraq mal alıcıya tərəflərin tərtib edərək imzaladıqları təhvil-təslim aktları əsasında verilir və bu aktlar satıcının müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icra etdiyinin təsdiqidir. Belə ki, 2018-ci ilin iyun ayından 2018-ci avqust ayınadək iddiaçı tərəfindən 107,88 ton metal təhvil-təslim aktları əsasında Cavabdeh firmasına verilmişdir. Müqavilənin 2.4.1 -ci bəndinə uyğun olaraq təhvil verilən malı satıcıdan qəbul edib əvəzində müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəmək alıcının vəzifəsidir. Lakin, Cavabdeh firması təhvil aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə 11778,95 manat məbləğində borcu yaranmışdır. Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə, Alıcı hər bir gecikdirilmiş gün üçün satıcıya ödənilməmiş məbləğin 3%-i olmaqla cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği müqavilə dəyərinin 30%-dən çox olmamalıdır. Cavabdeh firması tərəfindən müqavilə üzrə öhdəliklər vaxtında icra edilməməsi səbəbindən 23250 manat əlavə olaraq penya hesablanmışdır. Göründüyü kimi, "xxxx" QSC müqavilədə üzərinə götürdüyü öhdəlikləri icra etsə də, Cavabdeh firması üzərinə düşən öhdəlikləri natamam icra etmişdir. Tələbin icrası üçün cavabdehə 31 avqust 2020-ci il tarixində pretenziya məktubu ünvanlansa da, pretenziyada göstərilən tələb indiyədək təmin olunmamışdır. İddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsində qeyd olunan xüsusatları təsdiq etdiyini bildirdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Firması məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - "xxxx" QSC ilə Cavabdeh Firması arasında bağlanmış 30 aprel 2018-ci il tarixində “hüq 259” nömrəli qara metal qırıntısının alqı-satqısı müqaviləsinə əsasən satıcı bu Müqavilənin 1.2-ci bəndində qeyd edilmiş metal qırıntılarından ibarət olan material qiymətlisini alıcının mülkiyyətinə (təhvil) verməyi, alıcı isə malı qəbul edib, bu müqavilənin əlavəsi olan spesifikasiyada, hərracın nəticəsinə uyğun göstərilmiş qiymətə qəbul edilmiş malın dəyərini satıcının hesabına ödəməyi öhdəsinə götürür. Malın alıcıya Keşlə stansiyasının yük həyətində elektron tərəzidə çəkildikdən sonra təhvil veriləcəyi nəzərdə tutulmuşdur. Material elektron tərəzidə çəkildikdən sonra DÜİST 278786-ya (markalara və kateqoriyaya) əsasən 3%-dək itki nəzərə alınmaqla sənədləşmə aparılacaq. Mal alıcının mülkiyyətinə qaimə-faktura və təhvil-təslim aktı əsasında veriləcəkdir. - xx.xx.2018-ci il tarixli, EAAJ seriyalı, 649423 saylı elektron qaiməyə əsasən Cavabdeh Firmasına 5179,79 manat dəyərində mal təhvil verilmişdir. - xx.xx.2018-ci il tarixli, EAAK seriyalı, 635822 saylı elektron qaiməyə əsasən Cavabdeh Firmasına 5608,22 manat dəyərində mal təhvil verilmişdir. - xx.xx.2018-ci il tarixli, EAAL seriyalı, 189020 saylı elektron qaiməyə əsasən Cavabdeh Firmasına 1819,29 manat dəyərində mal təhvil verilmişdir. - xx.xx.2018-ci il tarixli, EAAL seriyalı, 933074 saylı elektron qaiməyə əsasən Cavabdeh Firmasına 9171,63 manat dəyərində mal təhvil verilmişdir. - xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən 18700 ton qara metal Cavabdeh Firmasına təhvil verilmişdir. - xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən 18600 ton qara metal Cavabdeh Firmasına təhvil verilmişdir. - xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən 12100 ton qara metal Cavabdeh Firmasına təhvil verilmişdir. - xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən 21300 ton qara metal Cavabdeh Firmasına təhvil verilmişdir. - xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən 18000 ton və 21700 ton qara metal Cavabdeh Firmasına təhvil verilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, tələb 2 hissədən ibarətdir: - əsas borc 11778,95 manat məbləğində pul vəsaitinin; - 23250 manat məbləğində dəbbə pulunun ödənilməsi. İşdə olan müqavilənin 1.1-ci bəndinə əsasən satıcı kimi malları satmağı və alıcı isə almağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilnin 2-ci bəndinə əsasən ödəniş qaydası müəyyən olunmuşdur. Azərbaycann Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": - 1.2-ci bəndinə əsasən elektron qaimə – faktura həmin qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdimi edilən ilkin uçot sənədidir. - 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, 21778,93 manat dəyərində mallar Azərbaycann Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən Cavabdeh firmasına təhvil verilmiş, qismən ödənişlər aparılmışdır və borc məbləği 11778,95 manat təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, iddia əsas borcun ödənilməsi hissəsində təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə, Alıcı hər bir gecikdirilmiş gün üçün satıcıya ödənilməmiş məbləğin 3%-i olmaqla cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği müqavilə dəyərinin 30%-dən çox olmamalıdır. Lakin, məhkəmə 11778,95 manat əsas borca 23250 manat dəbbə pulu hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 23250 manat dəbbə pulunun miqdarı azaldılaraq 1000 manat miqdarında müəyyən edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən həmin Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 200 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh firmasına qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. 11778,95 manat məbləğində əsas borc və 1000 manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 12778,95 manat məbləğində pul vəsaiti Cavabdeh firmasından tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İlkin mediasiya sessiyasına ödənilmiş pul vəsaitinin əvəzi qismində 200 manat məbləğində pul vəsaiti Cavabdeh firmasından tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1453/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1453/2022
14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver