Məhkəmə qərarları › İş №e-2-2(113)-1454/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1454/2025

17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1454/2025 17.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, əsas borc, dəbbə pulu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Vəliyeva Nigar Rauf qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “müqavilə üzrə pul” tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliy iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixli 23- LA/12 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə 22650 manat gecikdirilmiş borcun və hesablanmış 24045,15 manat cərimə borcunun və hüquqi yardımla bağlı 500 manat cəmi: 47195,15 manat pul vəsaitinin cavabeh Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 23-LA/12 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə damcılı suvarma sistemləri üçün avadanlıqları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2012-ci il tarixli 23-LA/12 nömrəli müqavilə üzrə 22650 manat gecikdirilmiş borcu və hesablanmış 24045,15 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia ərizəsinin tam təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən məhkəmə gedişatı zamanı ödənilən 2000 manat cavabdehin əvvəlki məhkəmə qətnaməsi (xx.xx.2021-ci il tarixli e-2-2(113)-3662/2021 saylı) üzrə tutulan cərimə borcuna silinmişdir, ona görə də hazırki iş üzrə iddia tələbi azalmır. Hazırki iddianın tam təmin edilməsini xahiş edir.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 23-LA/12 nömrəli Lizinq müqaviləsinə əsasən Kürdəmir rayonunda 55 ha sahədə quraşdırılmış damcılı suvarma sistemləri üçün avadanlıqları dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətək lizinqə verir.

8. Müqavilənin aşağıdakı bəndlərinə əsasən:

9. 1.1. Lizinq alan ümumi məbləği 200300 manat olan avadanlığın dəyərindən 20000 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür.

10. 1.2. Lizinq alan Texnikanın qalıq məbləğini ödəniş qrafıkinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür.

11. 1.3. Texnoloji avandanlığa mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur;

12. 1.4. Aşağıdakı sənədlər bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur:

13. Lizinq alanın 14 aprel 2011-ci il tarixli ərizəsi;

14. Avadanlığın tərkibinə daxil olan hissələrin təsnifatı (Əlavə №1);

15. Lizinq ödəniş qrafiki (Əlavə № 2)

16. Avadanlığın lizinqə verilməsi barədə Lizinq verənin əmri;

17. Texnoloji avadanlığın lizinqə verilməsi barədə qaimə və akt;

18. 2.2 Lizinq alan:

19. 2.2.1. Lizinq ödənişlərini qrafik üzrə (Əlavə № 2) vaxtında və tam həcmdə ödəyir.

20. 4.1. Lizinq alan Texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 2) uyğun olaraq ödənişləri həyata keçirir.

21. 4.2. Lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.

22. xx.xx.2012-ci il tarixli 23-LA/12 nömrəli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, yekun borc 22650 manat, cərimə məbləği isə 24045,15 manat qeyd edilmişdir.

23. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə xx.xx.2012-ci il tarixli 23-LA/12 nömrəli müqavilə üzrə gecikdirilmiş borc- 22650 manat, qalıq əsas borc- 87500 manat, hesablanmış cərimə-24045,15 manat, ümumilikdə 46695,15 manat borcun olması qeyd olunmuşdur.

24. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

25. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 23-LA/12 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə damcılı suvarma sistemləri üçün avadanlıqları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə, cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2012-ci il tarixli 23-LA/12 nömrəli müqavilə üzrə gecikdirilmiş borc- 22650 manat, hesablanmış cərimə-24045,15 manat, ümumilikdə 46695,15 manat borcun yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

27. 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanılmalı olduğunu müəyyən edir.

28. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

30. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

31. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə onun xx.xx.2012-ci il tarixli 23-LA/12 nömrəli lizinq müqaviləsi üzrə 22650 manat məbləğində borcunun yarandığını, lizinq müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu, eləcə də Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən sözügedən lizinq müqavilələri üzrə "xxxx" ASC-nin bütün hüquq və öhdəliklərinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

32. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

33. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu xx.xx.2012-ci il tarixli 23-LA/12 nömrəli lizinq müqaviləsi üzrə 1132,50 manat müəyyən edilməlidir.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2012-ci il tarixli 23-LA/12 nömrəli müqavilə üzrə xx.xx.2024-cü il tarixə hesablanmış 22650 manat əsas borc məbləği və 1132 manat dəbbə pulu (cərimə) tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.

35. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 500 manat məbləğində vəkil xərci ödənilmişdir.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 500 manat cavabdehdən tutularaq iddiaçıya, iddia ərizənin verilməsinə görə ödənilməli olan 161 manat məbləğində dövlət rüsumu cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.

V. Nəticə:

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2012-ci il tarixli 23-LA/12 nömrəli müqavilə üzrə xx.xx.2024-cü il tarixə hesablanmış 22650 manat əsas borc məbləği və 1132,50 manat dəbbə pulu və vəkil xərcinin əvəzi olaraq 500 manat tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia ərizənin verilməsinə görə ödənilməli olan 161 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar