Məhkəmə qərarları › İş №e-2-2(113)-1455/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1455/2024

16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1455/2024 16.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Kənd X3 Kredit və İnkişaf Agentliyi olmaqla) pulun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi və mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, İddiaçının və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Kənd X3 Kredit və İnkişaf Agentliyi olmaqla) pulun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 21 dekabr 2020-ci il tarixli AQT-S-562 nömrəli alqı-satqı müqaviləsi üzrə 15.520 manat, mediasiya xərci kimi 210 manat, ümumilikdə 15730 manat pul tutularaq İddiaçın xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə 21 dekabr 2020-ci il tarixdə AQT-S-562 nömrəli Alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilənin 1-ci bəndinə əsasən “Kənd təsərrüfatına dövlət dəstəyin və aqrar sahədə lizing fəaliyyətin təkmilləşdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 saylı Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən, “Satıcı kənd təsərrüfat texnikalarını yerli istehsalat olduqda qiymətləndirilən, idxal texnika olduqda isə gömrük dəyərinə 40 % həcmdə güzəşt tətbiq etməklə “Alıcı”ya satır. “Alıcı” isə həmin güzəşt tətbiq edildikdən sonra Texnikanın qalıq dəyərini əvvəlcədən ödəməklə onu qəbul edir. Müqavilənin ayrılmaz hissəsi hesab edilən 1 saylı Əlavəsində qeyd olunan texnika ümumi dəyəri 38.800 azn təşkil edən Belorus Traktor 923.1 və Türkiyə istehsalı 6 tonluq iki tərəfə boşaldan düyü qoşqudan ibarət olmuşdur. Müqavilənin 2.1-ci bəndinə əsasən satışdan güzəşt edilən edilən texnikanın dəyəri 15.520 manat, qalıq dəyəri isə 23280 manat təşkil etmişdir. Cavabdeh tərəfindən texnikanın qalıq dəyərini təşkil edən 23280 manat məbləğində vəsait ödənilmiş, yerdə qalan güzəşt edilən edilən texnikanın dəyəri 15.520 manat məbləğində olan vəsaitin isə Azərbaycan Respublikasının Kənd X3 Kredit və İnkişaf Agentliyi tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilə bağlanılıb texnika rəsmi qaydada cavabdehə təhvil verildikdən sonra, Azərbaycan Respublikasının Kənd X3 Kredit və İnkişaf Agentliyi tərəfindən cavabdehin kənd-təsərrüfat təyinatlı əkin sahəsi olmaması səbəbi üzündən 40% güzəşt məbləğinin ödənilməsindən imtina edilmişdir. Qalıq pulun ödənilməsi ilə bağlı cavabdehə rəsmi pretenziya verilmiş, lakin cavabdeh ağlabatan müddətdə pulu qaytarmadığından, mübahisənin məhkəmədən kənar həlli üçün Gəncə 2 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Cavabdeh Mediasiya sessiyasında iştirak etmədiyi üçün, Mediasiya Təşkilatı tərəfindən MŞG/MT033/2033-00295 saylı 20 oktyabr 2023-cü il tarixli arayış təqdim edilmişdir. Şərh olunan maddi hüquq normaların müddəalarını nəzərə alaraq, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyin aralarında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlinməsi hesab edilməlidir. Müqavilənin, texnikanın cavabdehə təhvil verilməsi barədə aktın müqayisəli təhlilindən görünür ki, iddiaçı Müqavilədən irəli gələn öhdəliyi yerinə yetirərək, alınan malın cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış,cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəlləsinin yuxarıda sadalanan normalarından çıxış etməklə 15.520 manat məbləğində vəsaitin tələbi ilə bağlı hüquq vermişdir. İddia ərizəsinə əlavə edilmiş MŞG\MTO33\2023- 00295 nömrəli 20 oktyabr 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı Gəncə 2 saylı Mediasiya Təşkilatına 210 manat ödəmişdir.

3. Cavabdehin nümayəndəsi etirazı onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC qaydalara uyğun olaraq güzəştli şərtlərlə İddiaçı İB ilə xx.xx.2020-ci il tarixdə AGT-S-562 nömrəli alqı-satqı müqaviləsi bağlamış və dövlət güzəşti əsasında bir ədəd Belarus istehsalı olan “Traktor 923.1” texnikasını almışdır. Müqavilə üzrə texnikanın güzəşt tətbiq edildikdən sonrakı qalıq dəyəri 23280 manat tərəflərindən xx.xx.2021-ci il tarixdə tam ödənilmiş, bununla da, Cavabdeh MMC qeyd olunan müqavilə üzrə öhdəliyini gecikdirilmədən tam icra etmişdir. İddiaçı hesab edir ki, texnikanın qalan dəyəri cavabdeh tərəfindən ödənilməlidir. Adıçəkilən Qaydaların tələblərindən göründüyü kimi, güzəştli şərtlərlə texnikanı almaq üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi layihələrin tərtib olunmasına dair tələblər və qiymətləndirmə meyarları əsasında təhlil edilir, müraciətin qeydiyyata alındığı tarixdən 15 iş günündən gec olmayaraq güzəştin verilə bilib-bilinməyəcəyi barədə qərar qəbul olunur və həmin qərara əsasən sonradan müqavilə münasibətlərinə daxil olunur. Cavabdeh vicdanlı alıcı olaraq özünü bu hüquq mübahisəsinin tərəfi hesab etmir. Eyni zamanda qeyd olunmalıdır ki, xx.xx.2020-ci il tarixdə İddiaçı İB ilə bağlanmış AGT-S-562 nömrəli alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən texnikaların idxal texnika olduğu halda gömrük dəyərinin 40 faiz həcmində güzəşt tətbiq etməklə, qalıq dəyərinin Alıcı (Cavabdeh MMC) tərəfindən qarşılanması şərtilə satılması nəzərdə tutulmamışdır. Öz növbəsində İddiaçı İB cavabdehin vicdanlı alıcı olma faktını istisna edən hər hansı sübut təqdim etməmişdir. İddiaçı İB-nin iddiası dəlilləri iddia tələbini təsdiq etmədiyi və Cavabdeh MMC tərəfindən xx.xx.2020-ci il tarixli AGT-S-562 nömrəli alqı-satqı müqaviləsi üzrə öhdəliklərini yerinə yetirdiyini nəzərə alaraq e-2-2(113)-1455/2024 nömrəli mülki iş üzrə iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd olunmasını xahiş etdi.

5. İddiaçı və 3-cü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

6. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçı və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı ilə Cavabdeh MMC araında bağlanmış xx.xx.2020-ci il tarixli AQT/2-S-562 saylı alqı-satqı müqaviləsinə əsasən:

9. Müqavilənin 1-ci bəndinə əsasən “Satıcı" “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən, kənd təsərrüfatı texnikalarını (bundan sonra “Texnika” ,"Texnikalar” və ya “Mal”) yerli istehsal olduqda qiymətləndirilən, idxal texnika olduqda isə gömrük dəyərinə 40 faiz həcmində güzəşt tətbiq etməklə bu Müqavilənin 1 savlı Əlavəsində göstərilmiş "Texnika’-ların “Alıcf-ya satılmasını, “Alıcı” isə həmin “Texnika”-nın bu Müqavilənin 2.1. bəndində müəyyən edilmiş dəyərinin “Satıcf-ya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür.

10. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin predmeti olan “Texnika”-nın tam satış qiyməti 38800 manat, yekun güzəştli satış qiyməti 23280 təşkil edir. “Alıcı” bu müqavilənin 1 savlı Əlavəsində göstərilmiş cədvəl üzrə “Texnika”-nın tam dəyərini əvvəlcədən ödəvir və onu qəbul edir.

11. Müqavilənin 4.1-ci bəndinə əsasən “Satıcı” Müqaviləyə uyğun olaraq “Alıcı” tərəfindən tam ödəniş həyata keçirildikdən sonra 3 (üç) təqvim günü ərzində “Mal”-ı Alıcıya təhvil verməyi öz öhdəsinə götürür.

12. Müqavilənin 4.2-ci bəndinə əsasən “Satıcı” “Mal”-ın təhvil verilməsi ilə birlikdə Təhvil-Təslim aktı (2 saylı Əlavə) və digər zəruri sənədləri “Alıcıya təqdim etməlidir.

13. Müqavilənin 4.3-cü bəndinə əsasən “Alıcı” və “Satıcı” arasında Təhvil-Təslim Aktı (2 saylı Əlavə) imzalandığı andan “Alıcı” “Mal”-ı qəbul etmiş hesab edilir.

14. Müqavilənin 5.1-ci bəndinə əsasən bu Müqavilənin predmeti olan “Texnika”-nın qalıq dəyəri bu müqavilənin 2.2 bəndində göstərilən müddətdə ödənilmədikdə “Satıcr-nın bu müqaviləyə birtərəfli xitam vermak hüququ vardır.

15. Müqavilənin 7.2-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulmayan digər məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasında tənzimlənir.

16. EBAV818214 saylı xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı İB tərəfindən Cavabdeh MMC-yə 38800 manat dəyərində traktor satılmışdır.

17. 15.04.2021-ci il tarixli ödəniş sənədindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı İB-nə 23280 manat ödəniş edilmişdir.

18. İddiaçı İB tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 530/01-02 saylı məktubda onun bağlanmış AQT/2-S-562 nömrəli xx.xx.2020-ci il tarixli müqavilə üzrə aldığı MTZ-921 markalı traktor üçün 40% həcmində güzəşt nəzərə alındığı, lakin araşdırma zamanı cavabdeh MMC-nin kənd təsərrüfatı təyinatlı əkin sahəsinin olmaması səbəbindən AKİA tərəfindən 40% güzəştin ödənilməsinin təmin olunmadığı, ona görə də ödənilməmiş 15520 mant güzəşt məbləğinin ödənilməsi xahiş edilmişdir.

19. AKİA-nın Bakı Kommersiya Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi" haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 saylı Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən, 40% faiz güzəşt yalnız kənd təsərrüfatı təyinatlı texnikalar üçün kənd təsərrüfatı məqsədilə istifadə edildiyi təqdirdə verildiyi və araşdırma zamanı cavabdehin kənd təsərrüfatı təyinatlı əkin sahəsi olmadığından Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 40% güzəştin ödənilməsinin təmin olunmadığı qeyd olunmuşdur.

20. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

21. İşdən göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi bağlandığından məhkəmə Mülki normanın alqı-satqı müqaviləsi ilə bağlı nəzərdə tutulmuş müddəaları çərçivəsində hazırkı mübahisəyə dair hüquqi qiymətləndirmə aparılmasını zəruri hesab edir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

23. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

24. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

25. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

26. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

27. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

28. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

29. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

30. Belə ki, tərəflər arasında 21 dekabr 2020-ci il tarixdə, AQT/2-S-562 saylı alqı-satqı müqaviləsinin bağlanılması, ümumi dəyəri 38800 manat təşkil edən kənd təsərrüfat təyinatlı texnikanın cavabdehə təhvil verilməsi və sonuncu tərəfindən cəmi 23280 manat məbləğində ödənişin edilməsi işin mübahisəsiz hallarını təşkil edir.

31. İddiaçı ödənilməmiş 15520 manat məbləğində ödənişin həyata keçirilməsini tələb edir.

32. Cavabdeh isə bildirir ki, müqavilə üzrə texnikanın güzəşt tətbiq edildikdən sonrakı qalıq dəyəri 23280 manat tərəflərindən xx.xx.2021-ci il tarixdə tam ödənilmiş, bununla da, Cavabdeh MMC qeyd olunan müqavilə üzrə öhdəliyini gecikdirilmədən tam icra etmişdir, vicdanlı alıcı olaraq özünü bu hüquq mübahisəsinin tərəfi hesab etmir, o cümlədən xx.xx.2020-ci il tarixdə İddiaçı İB ilə bağlanmış AGT-S-562 nömrəli alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən texnikaların idxal texnika olduğu halda gömrük dəyərinin 40 faiz həcmində güzəşt tətbiq etməklə, qalıq dəyərinin Alıcı (Cavabdeh MMC) tərəfindən qarşılanması şərtilə satılması nəzərdə tutulmamış və İddiaçı İB cavabdehin vicdanlı alıcı olma faktını istisna edən hər hansı sübut təqdim etməmişdir.

33. Məhkəmə hesab edir ki, iddia əsaslıdır.

34. İlk olaraq tərəflər arasında bağlanmış müqavilənin şərtləri təfsir edilməli və tərəflərin üzərinə düşən vəzifələr müəyyən edilməlidir.

35. Belə ki, Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

36. Müqavilənin pretmeti ondan ibarətdir ki, “Kənd təsərüffatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 saylı Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən, satıcı kənd təsərrüfat texnikalarını yerli istehsalat olduqda qiymətləndirilən, idxal texnika olduqda isə gömrük dəyərinə 40% həcmində güzəşt tətbiq etməklə alıcıya satır, alıcı isə həmin güzəşt tətbiq edildikdən sonra texnikanın qalıq dəyərini əvvəlcədən ödəyir və onu qəbul edir.

37. Müqavilənin 2.1-ci bəndinə görə müqavilənin predmeti olan “Texnika”-nın tam satış qiyməti 38800 manat, yekun güzəştli satış qiyməti 23280 təşkil edir. “Alıcı” bu müqavilənin 1 savlı Əlavəsində göstərilmiş cədvəl üzrə “Texnika”-nın tam dəyərini əvvəlcədən ödəyir və onu qəbul edir.

38. Müqavilənin 4.1-ci bəndinə əsasən “Satıcı” Müqaviləyə uyğun olaraq “Alıcı” tərəfindən tam ödəniş həyata keçirildikdən sonra 3 (üç) təqvim günü ərzində “Mal”-ı Alıcıya təhvil verməyi öz öhdəsinə götürür.

39. Müqavilənin qeyd olunan şərtlərini təfsir edərək məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinin predmeti olan texnikaya güzəştin tətbiq edilməsi ilə bağlı hərəkətlərə görə cavabdeh məsuliyyət daşıyır. Çünki o, texnikanın güzəşt tətbiq edildikdən sonra 15520 manat məbləğində qalıq dəyərini ödənilməsini və təyinatı üzrə istifadə edilməsini öz üzərinə götürmüşdür.

40. Hazırkı işin mübahisəsiz halları isə ondan ibarətdir ki, alqı-satqı müqaviləsinin predmeti olan texnikanın əldə edilməsi ilə bağlı 40% güzəşt nəzərdə tutulsa da, araşdırılma zamanı cavabdehin kənd təsərrüfatı təyinatlı əkin sahəsinin olmaması səbəbindən Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 40% güzəştin ödənilməsindən imtina olunmuşdur.

41. Göründüyü kimi cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyini pozmuş və bunun nəticəsində iddiaçıya ödənilməli olan 15520 manat məbləğində pul vəsaiti ödənilməməklə sonuncuya zərər dəymişdir.

42. Belə olan halda isə iddiaçı Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən həmin zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır.

43. Belə ki, həmin maddəsyə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

44. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır.

45. Bundan başqa cavabdehın etirazında göstərilən dəlillər əsassızdır. Belə ki, müqavilə iddiaçı hüquqi şəxslə onun arasında bağlanmış və öhdəliklər onun tərəfindən imzalanmaqla qəbul edilmişdir. Buna görə də hazırkı iddia tələbinin ona yönəldilməsində iddiaçı haqlı olmuşdur. Bundan başqa cavabdeh vicdanlı alıcı olduğunu bildirir, halbuki müqavilə üzrə ödənişlərin gecikməsi səbəbi onun özünə aid olan qüsurlardan əmələ gəlmişdir.

46. Yəni müqavilə üzrə ona satılmış texnikanın güzəştli əsaslarla satılmasının məqsədi kənd təsərrüfatı təyinatlı fəaliyyətlərlə məşğul olacağına görə satılmışdır. Halbuki, cavabdehin kənd təsərrüfatı təyinatlı torpaq olmadığı məlum olduğundan, artıq həmin güəştli şərtlərlə satışın dairəsinə düşməmişdir. Buna görə də müqavilə üzrə yaranmış borc məbləğinin imtina etməsi də əsassız olmuşdur.

47. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 15520 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 15520 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

48. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 210 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.

49. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

50. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

51. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, təmin edilən məbləğə mütənasib olaraq ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin və dövlət rüsumunun əvəzi qismində 137 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2020-ci il tarixli AQT-S-562 saylı alqı-satqı müqaviləsi üzrə 15520 manat borc məbləği və mediasiya xərcinin əvəzi olaraq 137 manat tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar