Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1456/2025 25.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta ödənişinin verilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərər, sübutetmə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9) “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh Sığorta Şirkəti ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanan müqaviləyə əsasən “Changan CS 55 Plus” markalı ** AT *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində baş verən sığorta hadisəsinin qanunvericilikdə nəzərdə tutulan müddət ərzində araşdırılmaması, avtomobilə dəyən zərərin qiymətləndirilməsinin vaxtında həyata keçirilməməsi, qanunda nəzərdə tutulmamış sənədlərin tələb edilməsi, sonuncu sənədin təqdim edilməsindən sonrakı 7 iş günü müddətində sığorta hadisəsinə hüquqi qiymət verilməməsinin və 28 avqust 2024-cü il tarixli imtina məktublarının qanunsuz sayılması, cavabdehə təqdim olunmuş qüsur aktına əsasən hesablanmış 15389 manat məbləğində zərərlə bağlı sığorta ödənişinin vaxtında ödənilməməsinə görə iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 7000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması, “Changan CS 55 Plus” markalı ** AT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işlərinə çəkiləcək xərcin əvəzi olaraq 15389 manat məbləğində sığorta ödənişinin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə vəzifə qoyulması və ödənilmiş 153 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçının mülkiyyətində olan “Changan CS55 Plus” markalı 77AT921 dövlət qeydiyyat nişanlı avtomobil 30 may 2023-cü il tarixdə X2, həmin avtomobil sığortalanmış və iddiaçıya xx.xx.2023-cü il tarixli **********173 saylı avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsi verilmişdir. Daha sonra X8 razılığı ilə avtomobil alqı-satqı müqaviləsi əsasında aylıq kredit şərtləri daxilində X1 və ona avtomobili idarə etmək üçün etibarnamə verilmişdir. Kasko sığorta xidmətinə görə müəyyən edilmiş pul məbləği də X9 tərəfindən ödənilmişidir. 2.2. Üçüncü şəxs X4 28 may 2024-cü il tarixdə saat təxminən 13:00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi “Changan CS 55 Plus” markalı ** AT *** dövlət qeydiyyat nişanlı avtomobillə “Toyota Prius” markalı ** OH *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Hadisə yerinə yol patrul xidmətinin əməkdaşı gəlmiş, eyni zamanda həmin əməkdaş tərəfindən Suraxanı Rayon Polis İdarəsinin təhqiqatçısı hadisə yerinə dəvət olunmuşdur. Həmin vaxt Vüsal Hüseynov iddiaçıya hadisə barədə məlumat vermiş və hadisə yerində yol-patrul xidmətinin əməkdaşının və təhqiqatçının araşdırma apardığını bildirmişdir. Hadisə baş verən gündən qərar çıxarılan günədək mülkiyyətçi tərəfindən məsələ diqqətdə saxlanılmışdır. Əlaqə saxlanılan vaxtda Vüsal Hüseynov cavabdehin qaynar xəttinə zəng vuraraq məlumat verdiyini bildirmişdir. Hadisə yerinə təhqiqatçı tərəfindən baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və hadisə yerinin sxemi çəkilmişdir. Hadisə yerində olan təhqiqatçı və yol-patrul xidmətinin əməkdaşı hadisə yerində şifahi söhbətlər aparmış və müəyyən etmişdir ki, sürücülərin heç biri avtomobili idarə edərkən spirtli içkidən istifadə etməmişlər və hadisə zamanı xəsarət alan olmamışdır. 2.3. O da müəyyən olunmuşdur ki, hər iki avtomobilə zərər dəymişdir. Belə ki, sürücü hadisə baş verən günü – 28 may 2024-cü il tarixdə, saat 13:50-də cavabdehin qaynar xətt nömrəsi olan 940 nömrəsinə zəng edib hadisə barədə məlumat vermişdir, operatorla məlumat danışığı 1 dəqiqə 31 saniyə olmuşdur. Təkrar olaraq sürücü hadisə günü sığorta komissarının gəlib-gəlməməsi ilə əlaqədar yenə də saat 13:52-də 940 qaynar xətti ilə əlaqə saxlamışdır. Daha sonra həmin gün təhqiqatçı hər iki sürücünü Suraxanı Rayon Polis İdrəsinə dəvət etmiş və onlar birlikdə idarəyə getmişlər. Üçüncü şəxs idarədə olduğu müddətdə sığorta komissarı hadisə yerinə gəlməmiş və təhqiqatçı tərəfindən avtomobil cərimə meydançasına yerləşdirilmişdir. Təhqiqatçı polis idarəsində sürücülərdən izahat almışdır. Hadisənin növbəti günü – 29 may 2024-cü il tarixdə, saat 17:55-də təkrar olaraq Vüsal Hüseynov cavabdehin 940 qaynar xətti və həmçinin iddiaçı ilə əlaqə saxlayaraq hadisə ilə bağlı sığorta komissarının avtomobilə baxış keçirib-keçirməməsi ilə maraqlanmışdır. 2.4. Bir neçə gündən sonra cavabdehin nümayəndəsi iddiaçı və Vüsal Hüseynova zəng edərək avtomobilə baxış keçirmək lazım olduğunu bildirmiş, Vüsal Hüseynov ona əvvəlcə avtomobilin cərimə meydançasında olduğunu demiş, iddiaçı ilə əlaqə saxlandığı zaman avtomobilin cərimə meydançasından mülkiyyətçinin qarajına gətirildiyi barədə cavabdehin nümayəndəsinə məlumat verilmişdir. Həmin günü də cavabdehin nümayəndəsi Vüsal Hüseynovla birgə gələrək, video görüntü ilə hadisə barədə məlumatları qeyd etmiş, avtomobilin görüntülərinin iddiaçıdan ona göndərilməsini istəmiş və özü avtomobilə baxış keçirmədən çıxıb getmişdir. Həmin gün iddiaçı razılıq əsasında qüsur aktını və avtomobilin fotoşəkillərini cavabdeh şirkətə təqdim etmişdir, həmçinin üçüncü şəxs Vüsal Hüseynov tərəfindən də fotoşəkillər cavabdehin nümayəndəsinə təqdim olunmuşdur. İddiaçı vaxtında tələb olunan bütün sənədləri və sübutları cavabdeh şirkətə təqdim etmiş, 08 iyun 2024-cü il tarixdə təhqiqatçı araşdırmanı yekunlaşdıraraq, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarmış, həmin qərar da cavabdeh şirkətə rəsmi təqdim olunmuşdur. Lakin cavabdeh təqdim olunan zəruri sənədlərlə kifayətlənməyərək sürücü barədə polis idarəsinə və onun sərxoşluq testindən keçib-keçməməyi barədə narkoloji dispanserə sorğularla müraciət etmişdir. Baxmayaraq ki, cavabdehin tələb etdiyi bütün sənədlər və hadisə barədə məlumatlar vaxtında cavabdehə təqdim olunmuş, lakin dəfələrlə müraciət edilməsinə baxmayaraq, iddiaçıya işin araşdırıldığını və sorğuların cavablarını gözlədiklərini bildirmişdir. 2.5. Alqı-satqı ilə aylıq kredit şərtləri daxilində avtomobil alan Vüsal Hüseynov iddiaçıya müraciət edərək avtomobilin təmiri ilə maraqlanmış, ona bildirilmişdir ki, sığorta şirkəti hələ araşdırma apardığından ödənişi həyata keçirməmişdir. Bundan sonra üçüncü şəxs özü də cavabdehə mütəmadi müraciətlər etmiş, hətta cavabdeh ondan 200 manat françayzinq ödənişi tələb etmiş və o da 10 iyul 2024-cü il tarixdə ödəmişdir. Ödənişdən sonra cavabdeh tərəfindən üçüncü şəxsin telefon nömrəsinə “SMS” məlumat göndərilərək 216100 saylı iş qiymətləndirilməyə oturulmuş, zərərin dərəcəsindən asılı olaraq 7 iş günü ərzində əlaqə saxlanılacağı bildirilmişdir . Baxmayaraq ki, cavabdeh “Sığorta fəaliyyəti haqqında” Qanunun tələblərini kobud şəkildə pozaraq kifayət qədər zərər vurmaqla sığorta ödənişini ödəməkdən yayınmaq məqsədilə işi yubatmışdır, lakin zəruri olan bütün araşdırmaları yekunlaşdırmağına baxmayaraq, bu gün də sığorta ödənişini təmin etməmiş, 26 avqust 2024-cü il tarixli məktubla sığorta ödənişini ödəməkdən imtina etmişdir. Bundan sonra ilkin məktubda guya uyğunsuzluğun aradan qaldırılması səbəbilə ikinci imtina məktubu göndərilmişdir və bu barədə üçüncü şəxsə də rəsmi məlumat vermişdir. Belə ki, sürücü hadisə yerini tərk etməmiş, hadisə yerindən təhqiqatçının dəvəti ilə polis idarəsinə getmiş və cavabdehin nümayəndəsi məlumat verilməsinə baxmayaraq, hadisə yerinə gəlməmiş, təhqiqatçının göstərişi ilə avtomobil duracağa yerləşdirilmişdir. Avtomobil duracaqda olduğu müddətdə də cavabdehin nümayəndəsi avtomobilə baxış keçirməmiş, nəticədə avtomobil iddiaçı tərəfindən duracaqdan götürülərək hüquqi şəxsin qarajına aparılmışdır. Yalnız bir neçə gündən sonra cavabdehin nümayəndəsi hüquqi şəxsin ünvanına gəlmiş, video söhbətlər aparmaqla avtomobilə baxış keçirmədən zəruri sənədləri tələb etməklə çıxıb getmişdir. 2.6. O vaxtdan 26 avqust 2024-cü il tarixədək həm iddiaçı, həm də üçüncü şəxs davamlı müraciətlər etməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə işi yubadaraq sığorta ödənişindən yayınmış, nəhayət 26 avqust 2024-cü il tarixə də əsassız və həqiqətə uyğun olmayan məlumatlar əsasında tərtib olunmuş imtina məktubu hazırlayaraq iddiaçıya göndərmişdir. Daha sonra 28 avqust 2024-cü il tarixli imtina məktubu ilə ilkin məktuba düzəlişlər edilərək təqdim olunmuşdur. Cavabdehin qanunvericiliyin tələblərinin pozulmasına səbəb olan hərəkətləri, o cümlədən də xx.xx.2024- cü il tarixli imtina məktubu qanunsuz və əsassızdır. Qanunvericiliyin sadaladığı sənədlər siyahısında sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə arayışın cavabdeh tərəfindən tələb olunması nəzərdə tutulmamışdır. O cümələdən də işi araşdıran təhqiqatçı tərəfində qərarda əks etdirilən “avtomobili idarə etdiyi zaman ayıq vəziyyətdə olmuşdur” ifadəsinin nəyə əsaslanaraq göstərildiyini aydınlaşdırmaq məqsədilə cavabdehin polis idarəsinə göndərdiyi sorğunun da heç bir hüquqi əsası yoxdur, ona görə ki hadisə yerində təhqiqatçı sürücünün sərxoş olmadığını müəyyən etmiş və qərarda da göstərmişdir. 2.7. Həmçinin qanunverici cavabdehə münasibətdə sorğu əsasında təhqiqatçıdan qərarında müəyyən etdiyi hallarla bağlı açıqlama tələb etmək səlahiyyətini müəyyən etməmişdir. Göründüyü kimi, təhqiqatçının qəbul etdiyi qərar mübahisələndirilib ləğv edilməmişdirsə, preyudisial xarakter daşıyır və qərarda müəyyən edilən faktlarla bağlı cavabdeh aydınlıq tələb edə bilməz. Bu baxımdan da cavabdehin məqsədyönlü şəkildə bilərəkdən əsassız və aidiyyəti olmayan sorğularla sığorta ödənişini yubatması qanunsuzdur. Cavabdeh heç bir əsas olmadan sonuncu tələb olunan sənədin təqdim edilməsinə baxmayaraq, 7 iş günü müddətində sığorta ödənişini ödəməli olduğu halda ödəməmiş və ödəməkdən imtina da etməmişdir. Sadəcə işi araşdırma adı ilə uzatmaqda maraqlı olmuş və araşdırma aparılmasını bildirsə də, əslində, hərəkətsizlik nümayiş etdirmişdir. Davamlı müraciətlər, eyni zamanda üçüncü şəxsin şikayət və etirazlarından sonra 3 aydır ki, müsbət nəticə gözlənilməsinə baxmayaraq, cavabdeh xx.xx.2024-cü il tarixdə ilkin, xx.xx.2024-cü il tarixli düzəliş məktubu tərtib edərək göndərmişdir. Halbuki qanunverici sığorta hadisələri üçün sığorta ödənişinin verilməsi və ya ondan imtina edilməsi üçün 3 ay deyil, sonuncu sənədin təqdim olunduğu gündən 7 iş günü nəzərdə tutmuşdur. 2.8. Lakin cavabdeh qanunvericiliyin tələblərini birmənalı şəkildə kobudcasına pozaraq qərəzli şəkildə əsassız imtina verməklə kifayətlənmişdir. Nəticə etibarilə həm hüquqi şəxs olaraq iddiaçıya, həm də üçüncü şəxsə zərər dəymiş və avtomobilin istismarından məhrum vəziyyətə də qalınmışdır. Cavabdehin imtina məktubunda göstərilir ki, yol-nəqliyyat hadisəsi 27 iyul 2024-cü il tarixdə baş vermiş, baş vermiş hadisə barədə bir gün sonra sığorta şirkətinə məlumat verilmiş, gec məlumat verilmə səbəbindən sığorta şirkəti avtomobilə dəyən zərərin həcmini müəyyən etməkdən məhrum olmuşdur. Halbuki cavabdehə təqdim olunmuş mötəbər sübutlar da təsdiq edir ki, hadisə 28 iyul 2024-cü il tarixdə, saat 13:00 radələrində baş vermiş, elə 28 iyul tarixində, saat 13:50-də ilk zəng sürücü tərəfindən həm iddiaçıya, həm də cavabdehin qaynar xətt nömrəsinə - 940 nömrəsinə olmuş, ikinci zəng 13:52-də olmuşdur. Eyni zamanda iddiaçı tərəfindən şifahi əlaqə saxlanılaraq sığorta komissarının hadisə yerinə gedib-getməməsi soruşulmuşdur. 29 iyul tarixində təkrar zəng olsa da, yenə cavabdeh hərəkətsizlik nümayiş etdirmişdir. Yəni hadisə barədə dəqiq məlumat iddiaçı tərəfindən elə hadisə günü iki zənglə bildirilmiş, lakin cavabdeh sığorta komissarının hadisə yerinə gəlməsini təmin etməmişdir. Göründüyü kimi, imtinada göstərilən səbəb təmamilə yalan və əsassızdır. Belə bir əsasla sığorta ödənişindən yayınmaq bilavasitə qanunvericiliyin tələblərinin kobud pozulması deməkdir və məsuliyyət yaradır. Üçüncü şəxs tərəfindən haqlı olaraq Səbail Rayon Məhkəməsinə müraciət olunmuş, lakin məhkəmənin qərarı ilə subyektiv hüququn olmaması əsas gətirilərək iddia təmin edilməmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 560, 884.1, 888.2, 922.1, 926.1-ci maddələrinə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.3, 1.1.18, 1.1.19-cu maddələrinə, “İcbari sığortalara haqqında” Azərbaycan Respublikası Qanununun 16.2, 17.5, 20.3-cü və s. maddələrinə istinad edilmişdir.
4. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz ünvanlayaraq, İddiaçı MMC-nin Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.
5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki: 5.1. könüllü sığorta növü üzrə **********173 saylı sığorta şəhadətnaməsinə əsasən sığortalanmış “Changan CS55 Plus” markalı 77AT921 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmişdir. Buna baxmayaraq, nə sığortalı, nə də hadisə zamanı sürücü olmuş şəxs tərəfindən hadisədən dərhal sonra sığortaçıya məlumat verilmiş, sürücü xəsarət almamasına baxmayaraq, hadisə yerini tərk etmişdir. Həmçinin hadisədən sonra nəqliyyat vasitəsi hadisə yerindən uzaqlaşdırılmışdır. Yol-nəqliyyat hadisəsinin baş verməsindən 1 gün sonra, yəni xx.xx.2024-cü il tarixində hadisə zamanı sürücü olmuş şəxs, yəni X9 tərəfindən cavabdehin qaynar xəttinə məlumat verilmiş və həmin tarixdə də hadisə qeydə alınmışdır. Hadisə qeydə alındıqdan sonra sürücü ilə əlaqə saxlamağa cəhd edilsə də, onunla əlaqə saxlamaq mümkün olmamış, o, sığorta şirkətinin əməkdaşları ilə görüşdən yayınmışdır. 5.2. Baxılan halda, iddiaçı yuxarıda göstərilən tələbləri icra etməmiş, nəticədə sığortaçını hadisəni araşdırmaq və hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyən etmək hüquqlarını istifadə etmək imkanından məhrum etmişdir. Bununla da, baş vermiş hadisənin təfərrüatları, nəqliyyat vasitəsinin hadisədən dərhal sonrakı vəziyyəti, sürücünün hadisə zamanı sərxoş vəziyyətdə olub-olmamasını və s. müəyyən etmək mümkün olmamışdır. 5.3. Əlavə olaraq, tərəflər arasında bağlanan **********173 saylı şəhadətnaməsinin “mühüm şərtlər” hissəsinin 2-ci bəndində qeyd olunub ki: səlahiyyətləndirilmiş sürücünün yüngül, az ağır və va ağır dərəcəli xəsarətlər alması halları istisna olmaqla, sürücü sığorta şirkətinin nümayəndəsi və səlahiyyətli dövlət orqanı ilə razılaşdırmadan sığortalanmış avtonəqliyyat vasitəsini hadisə yerindən götürməməli və hadisə yerini tərk etməməlidir. Bu şərtlərdən hər hansı birinin pozulması, sığorta hadisəsinin araşdırılmasına maneəçilik törədilməsi kimi qiymətləndiriləcək və həmin hallar üzrə sığorta ödənişinin verilməsindən imtina olunacaqdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış sığorta müqaviləsində hadisə baş verdiyi zaman sürücünün xəsarət alması halları istisna olmaqla, sığorta şirkəti ilə razılaşdırmadan nəqliyyat vasitəsini hadisə yerindən götürməməsi və hadisə yerini tərk etməməsi razılaşdırılmışdır. 5.4. Əlavə olaraq, hadisə barədə məlumat hadisədən 1 gün sonra verilmiş, sürücü sığortaçı ilə görüşməkdən yayınmışdır. Həmçinin sığorta hadisəsinin təsdiqi üçün tələb olunan sənədlərdən biri də yol-nəqliyyat hadisəsi iştirakçılarının sərxoşluq vəziyyətinin təyin edilməsi protokoludur. Sığortaçı tərəfindən tələb olunanan sənədlər siyahısında adıçəkilən sənəd qeyd olunsa da, hadisə zamanı sürücünün sərxoşluq vəziyyətinin müəyyən edilməsini təsdiq edən sənəd təqdim edilməmişdir. “Sərxoşluq vəziyyətinin müəyyən olunması” Qaydalarının 2.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Həmin qaydaların 2.3-cü bəndinə əsasən, alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Cavabdeh tərəfindən “Respublika Narkoloji Mərkəzi”nə ünvanlanmış xx.xx.2024-cü il tarixli sorğuya cavab olaraq həmin qurum tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə X9 xx.xx.2024-cü il tarixində həmin mərkəzdə tibbi müayinədən keçməmişdir. Göründüyü kimi, hadisə zamanı sürücünün sərxoşluq vəziyyəti yuxarıda qeyd olunan vasitə və üsullarla yoxlanılmamışdır. 5.5. Beləliklə, qanunvericilikdə müəyyən olunmuş üsul və vasitələrlə sərxoşluq yoxlanılmadığı üçün iş materiallarında hadisə baş verən vaxt sürücünün ayıq olması faktı təsdiq edilmir. Bu da hadisənin sığorta hadisəsi kimi tanınmasına mane olmuşdur. “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” Qaydalarının 21.4-cü maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin məcburi qanunsuz zəbt etmə halları istisna olmaqla, avtonəqliyyat vasitəsinin toksik, spirtli və narkotik sərxoşluq vəziyyətində olan sürücü tərəfindən idarə edilməsi halların nəticəsində ortaya çıxan istənilən zərərlərin bu sığorta ilə əvəzi ödənilmir. Göründüyü kimi, qeyd olunan halın sübuta yetirilməməsi hadisənin sığorta hadisəsi kimi tanınmasına mane olmuş, bu da nəticədə sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün əsas yaratmışdır. 5.6. Eyni tələb üzrə, eyni predmet barəsində iddiaçı X4 iştirakı ilə işə baxan birinci instansiya məhkəməsinin qüvvə minmiş qətnaməsinə əsasən, iddia tələbi rədd edilmişdir. Məhkəmə qətnaməsində göstərilmişdir ki, məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı yol nəqliyyat hadisəsinin baş verməsindən 1 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə sığorta şirkətinə məlumat vermiş və hadisə baş verən vaxt onun sərxoş olub-olmaması ilə bağlı müvafiq araşdırma aparılmamış, tibbi müayinədən keçirilməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı sığorta hadisəsi hesab etdiyi avtomaşınla yol-nəqliyyat hadisəsi ilə əlaqədar sığorta təşkilatına müraciət etməmişdir. Həmin hal isə sığorta təşkilatına sığorta ödənişinin verilməsindən imtinanın hüquqi əsaslarından biri kimi qanunvericilikdə nəzərdə tutulmuşdur. Məhkəmə həmçinin qeyd göstərmişdir ki, sığorta hadisəsi və onun baş verməsi səbəbləri sığortaçının sığorta ödənişi üzrə öhdəliyinin yaranmasında həlledici rol oynayır. Belə ki, sığorta hadisəsi sığortalının sığorta ödənişi almaq məqsədi ilə cinayətkar qəsdi nəticəsində baş verərsə, sığortaçının sığorta ödənişi üzrə öhdəliyi yaranmır. Buna görə də sığortaçı sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmaqda maraqlıdır. Bu məqsədlə sığortaçı sığortalıdan sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən, sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədlərini tələb etmək, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində sığortalıdan tələb etmək, zərər dəymiş əmlaka baxış keçirmək və digər tədbirlər həyata keçirmək hüququna malikdir. Yuxarıda qeyd edildiyi kimi qanunvericilik sığorta təşkilatına sığorta hadisəsinin səbəbləri və ya zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olunma halında sığorta ödənişinin verilməsindən imtina edilməsini müəyyən edir.
6. İddiaya etirazda hüquqi əsası kimi Mülki Məcəllənin 923.1-cü maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.2, 2.3-cü bəndləri göstərilmişdir.
7. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən avtomobil təmir üçün təhvil alındığından cavabdehin xx.xx.2024-cü il tarixli sığorta ödənişinin verilməsindən imtina edilməsinə dair məktubunun qanunsuz hesab edilməsi və cavabdehdən 15389 manat zərərlə bağlı sığorta ödənişinin vaxtında ödənilməməsinə görə iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 7000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata götürülmüşdür.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1456/2025 nömrəli qərardadı ilə iddia tələbinin “cavabdehin xx.xx.2024-cü il tarixdə verilmiş imtina məktubunun qanunsuz hesab edilməsi” hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
9. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edərək iddianın məzmununa uyğun izahlar verdi və iddianın təmin edilməsini xahiş etdi.
10. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclaslarında iştirak edərək, əvvəlcə, iddia ərizəsinə etirazının məzmununa uyğun izahlar verdi, daha sonra isə yazılı formada iddiaçı tərəfə nəqliyyat vasitəsinin təmiri üçün müraciət etdiklərini bildirdi.
11. Üçüncü şəxs X9 əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahlar verdi.
12. Məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və vəkili “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkməyə ərizə ünvanlayaraq iştirakları olmadan iclasın keçirilməsini xahiş etmiş, üçüncü şəxs isə məhkəmə iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçı və üçüncü şəxsin iştirakları olmadan baxış iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Dəymiş zərərin ödənilməsi tələbi ilə bağlı
14. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi aidiyyəti, mümkün və mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
15. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
16. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan “Changan CS55 Plus” markalı ** AT *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən könüllü əmlak sığortası qaydasında sığortalanmış və **********173 saylı xx.xx.2023-cü il tarixli sığorta şəhadətnaməsinə əsasən iddiaçı həm sığortalı, həm də faydalanan şəxs kimi göstərilmişdir. xx.xx.2024-cü il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı adıçəkilən nəqliyyat vasitəsi ilə X7 idarəetməsində olan “Toyota Prius” markalı ** OH *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə iddiaçının mülkiyyətində olan “Changan CS55 Plus” markalı ** AT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. İddiaçının müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixli O-AP-2024 0711 nömrəli və xx.xx.2024-cü il tarixli O-AP-2024 0730 nömrəli məktublarla cavabdeh sığorta ödənişinin verilməsindən imtina etmişdir. İş məhkəmənin icraatında olarkən nəqliyyat vasitəsi təmir üçün cavabdeh tərəfindən təhvil alınmışdır.
17. İddiaçı sığorta ödənişinin gecikdirilməsi nəticəsində dəymiş 7000 manat zərərin ödənilməsini tələb edir.
18. Cavabdeh iddianın rədd edilməsini xahiş edir.
19. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
20. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Həmin Məcəllənin 443.1 – 443.4-cü maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.2). Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır (443.3). Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır (443.4)
22. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
23. Mülki Məcəllənin qeyd edilən normalarının müqayisəli təhlilindən aydın olur ki, borclu tərəfindən icranın gecikdirilməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələblərində 1) zərərin mövcud olması; 2) zərərlə icranın gecikdirilməsi arasında səbəbli əlaqə; 3) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır.
24. Lakin mülki qanunvericliklə müəyyən edilmiş sübutetmə qaydasında görə müqavilə münasibətləri zamanı öhdəliyin pozulmasından irəli gələn zərərin ödənilməsi tələblərində təqsir prezumpsiya edilir, əksini borclunun sübutetməsi gözlənilir (borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur).
25. Məhkəmə zərərə münasibətdə isə göstərir ki, hazırkı işin hallarından zərərin nədən ibarət olması aydın deyildir. Belə ki, iddiaçı tərəfindən nə iddia ərizəsində, nə də məhkəmə iclasında sığorta ödənişinin gecikdirilməsi nəticəsində iddiaçıya real zərər və ya əldən çıxmış fayda qismində hansı zərərin dəydiyi, zərərin nədən ibarət olması və s. ilə bağlı heç bir sübut təqdim etməmiş, formal əsaslardan çıxış edilmişdir.
26. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
27. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
28. Hazırda isə zərərin mövcudluğu öz təsdiqini tapmadığından digər meyarlar üzrə hər hansı qiymətləndirmənin aparılması da prosessual qənaət prinsipi ilə uzlaşmır.
29. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
30. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
31. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığından məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
V. Nəticə:
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova