Məhkəmə qərarları › İş №e-2-2(113)-1457/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1457/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1457/2025 07.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6.800 manat məbləğində pul vəsaitinin və məhkəməyə ödənilmiş 88 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, “”ADO-G İnşaat Təchizat və Quraşdırma” MMC və Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən SE1000-24 elektrik qida mənbəyinin (Power Supply) alışına və onun daşınmasına görə MT2409 seriyalı, 10450686 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə-faktura əsasında "xxxx" MMC tərəfindən Cavabdeh MMC-nə xx.xx.2024-cü il tarixdə 6800 (altı min səkkiz yüz) manat pul vəsaiti ödənilmişdir. Lakin, ödənişin həyata keçirildiyi tarixdən etibarən 2 aydan çox müddətin keçməsinə baxmayaraq həmin mal Cavabdeh MMC tərəfindən bizə çatdırılmamışdır (təhvil verilməmişdir). Dəfələrlə şifahi qaydada müqavilə üzrə malın bizə təhvil verilməsini tələb etsək də, heç bir müsbət nəticə əldə edilməmişdir. Sonuncu dəfə tərəfimizdən cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya göndərilərək "xxxx" MMC və Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə öhdəliklərini icra edib SE-1000-24 elektrik qida mənbəyinin (Power Supply) xx.xx.2024-cü il tarixədək bizə çatdırılması (təhvil verilməsi) xahiş edilmiş, əks halda, həmin müqavilə üzrə Cavabdeh MMC-nə ödənilmiş 6800 (altımin səkkiz yüz) manat məbləğində pul vəsaitinin, Cəmiyyətə dəymiş zərərin və çəkilmiş xərclərin əvəzinin Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-nə ödənilməsi ilə bağlı iddia ərizəsilə tərəfimizdən müvafiq məhkəməyə müraciət ediləcəyi ilə bağlı cavabdehə xəbərdarlıq edilmişdir. Lakin müqavilə üzrə mal bu günədək bizə təhvil verilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddiaya etiraz edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. - 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alqı-satqı müqaviləsinin icrasından imtina edə bilər. - 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. - 627.1-ci maddəsinə əsasən Göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

8. İddiaçı tərəf iddiasında 24 elektrik qida mənbəyinin (Power Supply) alınması ilə bağlı Cavabdeh MMC ilə xx.xx.2024-cü il tarixdə razılığa gəldiklərini, qeyd edilmiş cihazın alınması ilə bağlı cavabdehə 6.800 manat pul ödənildiyini ancaq cavabdehin qeyd edilmiş cihazı vermədiyini, ona görə vermiş olduğu pulun tutulmasını tələb edir.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etmədiyini, iddiaçı tərəfindən 6.800 manat məbləğində ödəniş edildiyini mübahisələndirmədiyini, sadəcə Əvvəlki müqavilələr üzrə iddiaçının borcu olduğundan iddiaçı tərəfindən ödənilmiş vəsaitin həmin borclardan silindiyini, iddiaçı tərəfindən sifariş verildiyini, lakin cavabdeh tərəfin müqavilə bağlamaqdan birtərəfli qaydada imtina etdiyini bildirmişdir.

10. İş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli MT2409 seriyalı 10450686 nömrəli, dəyəri 6.800 manat olan elektron qaimə göndərilmişdir.

11. Qeyd edilmiş MT2409 seriyalı 10450686 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə nəzər yetirildikdə görünür ki, burada xx.xx.2024-cü il tarixli Proforma İnvoysa istinad olunmuşdur.

12. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli Proforma invoys sənədi SE- 1000-24 cihazının alınması və daşınması ilə bağlı olmuş və dəyəri 4.000 ABŞ dolları təşkil etmişdir.

13. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 7265 saylı ödəniş tapşırığından görünür ki, 6.800 manat məbləğində ödənişin təyinatı MT2409 seriyalı 10450686 nömrəli elektron-qaimə olmuş və iddiaçı tərəfindən cavabdehə 6.800 manat məbləğində pul ödənilmişdir.

14. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında yazılı qaydada, iki tərəfli imzalanmış alqı-satqı müqaviləsi olmasa da, tərəflər arasında SE-1000-24 cihazının alınması ilə bağlı razılaşma olmuşdur. Qeyd edilmiş cihazın daşınma xərcləri daxil dəyəri iddiaçı tərəfindən cavabdehə ödənilsə də, cavabdeh tərəf qeyd edilmiş cihazi iddiaçıya təqdim etməmiş və iddiaçı ilə cavabdeh arasında olan digər yükdaşıma müqaviləsindən irəli gələn borcu üzrə silinmələrini aparmışdır.

15. Məhkəmə hesab edir ki, qeyd edilmiş sənədlərdən də, göründüyü kimi tərəflər arasında razılaşma məhz SE-1000-24 cihazının alınması ilə bağlı olmuşdur. Ona görə də, cavabdeh tərəf qeyd edilmiş müqavilənin predmetini iddiaçıya təqdim etmədiyindən, buna görə ödənilmiş pulu geri qaytarmalıdır.

16. Cavabdehin dəlili olan yazılı müqavilənin olmaması ilə bağlı Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsinin məhz yazılı qaydada olmasına dair qanunvericiliyin imperativ tələbi movcud deyildir.

17. Bundan başqa Məhkəmə cavabdehin digər dəlili olan, ödənilmiş pulun əvvəllər tərəflər arasında mövcud olmuş yükdaşıma müqaviləsindən irəli gələn borcdan silinməsi barədə dəlilini də, əsassız hesab edir. Belə ki, hazırkı ödənilmiş pul məhz SE-1000-24 cihazının alınması ilə bağlı olmuş və əgər də, digər müqavilə üzrə iddiaçının borcu varsa, onu Məhkəmə qaydasında tələb etmək hüququ vardır.

18. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 6.800 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır.

19. Bundan başqa məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 88 (səksən səkkiz) manat məbləğində pul da cavabdehdən iddiaçın xeyrinə tutulmalıdır.

20. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. 6.800 (altı min səkkiz yüz) manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 88 (səksən səkkiz) manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar