Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1459/2020 18.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 4.285 manat məbləğində əsas borcun, 25.924 manat məbləğində dəbbə pulunun, 2.000 manat məbləğində əldən çıxmış fayda haqqının, 7,25% məbləğində hesablanmaqla 311 manat məbləğində bank uçot dərəcəsinin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasındaxx.xx.2017-ci il tarixli “Evakuasiya xidmətlərinin göstərilməsi haqqında” 102/17 saylı xx.xx.2018-ci il tarixli, 14/18 saylı müqavilələr bağlanmışdır. Müqavilələrə əsasən icraçı İddiaçı MMC sifarişçi Cavabdeh MMC-nin sifarişi əsasında ona məxsus avtomobilləri daşımaqla xidmətlər göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəmyə öhdəsinə götürmüşdür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırmışdır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimicavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Ümumilikdə 4285 manat məbləğində borcu cavabdeh tərəfindən ödənilməmişdir. Əlavə olaraq bildirilir ki, müqavilənin 8.3-cü bəndinə əsasən sifarişçi tərəfindən ödənişdə gecikmə olarsa, hər gecikmə gün üçün ümumi dəyərin 1 % əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən 25.924 manat cərimə hesablanmışdır. Lakin bundan sonra dəfələrlə cavabdehdən borc məbləğini tələb edilməsinə baxmayaraq bugünədək qeyd edilən pul şirkətə ödənilməmişdir. Bundan sonra iddiaçı iddianın təmini tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə mülki işin icraatı yekunlaşana qədər, iddianı təmin etmək üçün tədbir kimi, Cavabdeh MMC-yə məxsus “xxxx” ASC-nin Mərkəz filialında VÖEN-**********; İBAN-H\H- AZ48AZRT********************; M\H AZ02NABZ********************; Kod- 501361; SWİFAZRTAZ22 olan bank hesabında olan pul vəsaitlərinin üzərinə həbs qoyulması, özgəninkiləşdirilməsinin cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Cavabdeh MMC-nin “xxxx” ASC-nin Mərkəz filialında olan AZ48AZRT******************** saylı hesablaşma hesabında olan pul vəsaitlərinin üzərinə iddia tələbinin həcmində, yəni 32.520 manat həcmində həbs qoyulmuşdur. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 1619,25 manat məbləğində əsas borcun, 25.924 manat məbləğində cərimə-dəbbə pulunun, 2000 manat məbləğində əldən çıxmış fayda haqqının, 7,25 % məbləğində hesablanmaqla 311 manat məbləğində bank uçot dərəcəsinin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında verdiyi izahatında S.Hüseynzadə iddia ərizəsində göstərilənlərə əlavə olaraq işə məhkəmədə baxılarkən cavabdeh tərəfindən 780 ABŞ dolları məbləğində ödəniş olduğunu və hazırda cavbadehin mübahisəli müqavilələr üzrə əsas borcunun 1619,25 manat təşkil etdiyini bildirdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli, 102/17 saylı “Evakuasiya xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı sifarişçinin sifarişi əsasında ona məxsus avtomobilləri daşımaqla evakuasiya (təxliyyə) xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilənin 4cü bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürmuşdür. Həmin müqavilənin: 3.2.1-ci bəndinə əsasən sifarişçi icraçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini gecikdirmədən ona ödənilməsini təmin etməlidir. 4.1-ci bəndinə əsasən hər bir daşımanın dəyəri daşıma məsafəsindən və daşıma obyektinin ölçülərindən asılı olaraq, tərəflər arasında razılaşma yolu ilə qiymətləndiriləcək. 4.2-ci bəndinə əsasən daşıma zamanı xidmət haqqı nağd şəkildə yerində və ya ayda bir dəfə (hər ayın sonuncu günündə) daşımanın həcmi xidmətin təhvil verilməsi haqqında aktlara əsasən müəyyən edilir və buna müvafiq olaraq ay ərzində göstərilmiş xidmət üzrə xidmət haqqı hesablanır, üzləşmə aktı ilə təsdiq edilir. Üzləşmə aktı ilə təsdiq edilmiş xidmət haqqının aylıq məbləği beş bank günü ərzində sifarişçi tərəfindən icraçıya nağd və ya köçürmə yolu ilə ödənilir. 7.2-ci bəndinə əsasən sifarişçi tərəfindən ödənişdə gecikmə olarsa, hər gecikən gün üçün ümumi dəyərin 1% əlavə hesablanacaq. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, 14/18 saylı “Evakuasiya xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı sifarişçinin sifarişi əsasında ona məxsus avtomobilləri daşımaqla evakuasiya (təxliyyə) xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilənin 4-cü bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 3.2.1-ci bəndinə əsasən sifarişçi icraçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini gecikdirmədən ona ödənilməsini təmin etməlidir. 4.1-ci bəndinə əsasən hər bir daşımanın dəyəri daşıma məsafəsindən və daşıma obyektinin ölçülərindən asılı olaraq, tərəflər arasında razılaşma yolu ilə qiymətləndiriləcək. 4.2-ci bəndinə əsasən daşıma zamanı xidmət haqqı nağd şəkildə yerində və ya ayda bir dəfə (hər ayın sonuncu günündə) daşımanın həcmi xidmətin təhvil verilməsi haqqında aktlara əsasən müəyyən edilir və buna müvafiq olaraq ay ərzində göstərilmiş xidmət üzrə xidmət haqqı hesablanır, üzləşmə aktı ilə təsdiq edilir. Üzləşmə aktı ilə təsdiq edilmiş xidmət haqqının aylıq məbləği beş bank günü ərzində sifarişçi tərəfindən icraçıya nağd və ya köçürmə yolu ilə ödənilir. 7.2-ci bəndinə əsasən sifarişçi tərəfindən ödənişdə gecikmə olarsa, hər gecikən gün üçün ümumi dəyərin 1% əlavə hesablanacaq. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 420,00 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAG seriyalı, 036174 saylı, 2870,00 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAH seriyalı, 011815 saylı, 760 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAH seriyalı, 636817 saylı, 1695 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAİ seriyalı, 280477 saylı, 1470 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2018ci il tarixli, EAAİ seriyalı, 820009 saylı, 270 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAJ seriyalı, 639318 saylı, 2280,00 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAK seriyalı, 320013 saylı, 2630 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAL seriyalı, 029017 saylı, 660 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAL seriyalı, 792600 saylı, 680 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAM seriyalı, 489999 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. “xxxx” QSC-dən İddiaçı MMC-nin direktoru Qanuni nümayəndə ünvanlanmış məktubdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə xx.xx.2019-cu il tarixdə 1732 USD, xx.xx.2020-ci il tarixdə 780 USD məbləğində ödəniş edilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş arayışdan görünür ki, xx xxxxxxxx 2020-ci il tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə qalıq borcu 1619,25 manat təşkil edir. İddiaçı MMC pretenziya qaydasında məktubla Cavabdeh MMC-yə müraciət edərək, 4285 manat məbləğində borcun 5 iş günü ərzində ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət olunacağını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli, 102/17 saylı və xx.xx.2018-ci il tarixli, 14/18 saylı “Evakuasiya xidmətlərinin göstərilməsi haqqında” müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmiş, lakin cavabdeh göstərilmiş xidmət haqqını ödəməməklə müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya qeyd olunan “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilələr üzrə 1619,25 manat məbləğində əsas borcu yaranmışdır. Mülki Məcəllənin 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdeh müqavilənin şərtlərinə əsasən göstərilmiş xidmət haqqını - 1619,25 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 1619,25 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin borcun ödənilməsinin gecikdirilməsinə görə 25.924 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 300 manat məbləğində müəyyən edilməlidir. İş materiallarından həmçinin görünür ki, iddiaçı iddia ərizəsində həmçinin borcun ödənilməsinin gecikdirilməsinə görə Mərkəzi Bankın uçot dərəcəsi ilə hesablanmış 311 manat məbləğində faizin və 2000 manat məbləğində əldən çıxnış faydanın cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun x xxxx 2009-cu il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur:- qanunsuz saxlama;- qaytarmaqdan boyun qaçırma;ödənilməsini digər şəkildə gecikdirmə;- başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Qeyd edilən qərardan göründüyü kimi, pul öhdəliklərinin icra edilməməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində qeyd edildiyi kimi faydalanması tələb olunur. Hazırkı işdə isə cavabdehin vaxtında ödəmədiyi pul vəsaitindən faydalanması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Buna görə də cavabdehin ödəməsini gecikdirdiyi pul məbləğinə Mülki Məcəllənin 449.1-ci maddəsi ilə faizin hesablanması üçün əsas yoxdur. İddia tələbinin əldən çıxmış faydaya görə 2000 manat məbləğində pulun tutulması hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, həmin tələbin qanuni əsası qismində Mülki Məcəllənin 21-ci maddəsi çıxış edir. Həmin maddəyə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 443.4-ci maddəsinə görə isə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Göstərilən müddəaların məzmunundan da göründüyü kimi əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır. İş materiallarından isə görünür ki, hazırkı işdə İddiaçı MMC adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, həmin hissədə də iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 1.619,25 manat (bir min altı yüz on doqquz manat iyirmi beş qəpik) məbləğində borc, 300 (üç yüz) manat məbləğində dəbbə pulu, cəmi 1.919,25 (bir min doqquz yüz on doqquz manat iyirmi beş qəpik) məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat məbləğində pul tutularaq İddiaçı MMC yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1459/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1459/2020
18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver