Məhkəmə qərarları › İş №e-2-2(113)-1461/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1461/2025

12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1461/2025 12.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi/vəkili Vəkil2, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 07 avqust 2023-cü il tarixli YB-00040-23 saylıalqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üzrə 160.818 manat əsas borc, 28.947,24 manat ƏDV borcunun, 5.360,60 manat cərimə borcunun (əsas borc məbləğinin illik 5%-i həddində) və ödənilmiş 485,13 manat dövlət rüsumunun ümumilikdə 195.610,97 manat pul vəsaitinin İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnaməqəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında 07 avqust 2023-cü il tarixli YB-00040-23 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinin tələblərinə əsasən Satıcı sifariş əsasında təchiz olunan malı öz qüvvə və vəsaiti hesabına hazırlayıb Alıcıya təhvil verməyi, Alıcı isə malı qəbul edib əvəzində onun qiymətini Malgöndərənə ödəməyi öhdəsinə götürür. Mal dedikdə Sifarişə və ya bu müqavilədə yer alan digər əsaslara və tələblərə tam uyğun sinifli və həmin əsaslar üzrə və keyfiyyət təyinatına uyğun tərkibli, keyfiyyət göstəriciləri qüvvədə olan standartlarına, normalarına və digər texniki sənədlərə cavab verən Sifariş və ya bu müqavilədə yer alan digər əsaslar üzrə miqdarlarda Satıcı tərəfindən təchiz edilən hazır beton qarışığı başa düşülür. Cavabdeh ilə iddiaçı arasında imzalanan müqavilənin şərtlərinə əsasən İddiaçı QSC tərəfindən cavabdehin verdiyi yazılı sifarişlər əsasında davamlı şəkildə Cavabdeh MMC-yə təhvil verilmişdir"xxxx" MMC tərəfindən təhvil verilən mallar üzrə təqdim edilmiş bəzi elektron qaimə-fakturalar üzrə ödənişlər aparılmışdır. Müqavilə imzalandığı tarixdən hal-hazırdakı dövrə qədər Satıcı İddiaçı QSC tərəfindən Alıcı Cavabdeh MMC-yə əsas məbləğ 241.083,00 manat, X3 məbləği 43.394,94 manat olmaqla ümumlikdə 284.477,94 manat məbləğində hazır beton qarışığı təhvil verilmişdir. Təhvil verilən malların müqabilində Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə əsas məbləğdən 80.265,00 manat, ƏDV məbləğindən 14.447,70 manat pul vəsaiti ödənilmişdir. Sonuncu ödəniş Cavabdeh MMC tərəfindən 16 aprel 2024-cü il tarixində aparılmış, o tarixdən halhazırdakı dövrə qədər alınmış beton qarışığına görə hər hansı bir ödəniş aparılmamışdır. Belə ki, qeyd edilən qaimələrlə təhvil verilən mallar üzrə halhazırdakı dövrə Satıcı tərəfindən Alıcıya müqavilə üzrə təhvil verdiyi hazır beton qarışığına görə əsas borc 160.818 manat, ƏDV borcu 28.947,24 manat olmaqla ümumilikdə 189.765,24 manat təşkil edir. 8 aydan artıqdır ki, Satıcı tərəfindən təhvil verilən mallara və elektron qaimə fakturaya görə Cavabdeh MMC tərəfindən heç bir ödəniş aparılmamaqdadır. Bu səbəbdən hesab edirik ki, cavabdeh tərəfindən qeyd edilən ödənişin aparılmaması Cavabdeh MMC-nin müqavilə üzrə üzrə öhdəliklərinizin pozulmasına gətirib çıxarmışdır. 05 sentyabr 2024-cü il tarixində İddiaçı QSC ilə Cavabdeh MMC arasında imzalanmış olan üzləşmə aktına əsasən Cavabdeh MMC-nin İddiaçı QSC-yə 05 sentyabr 2024-cü il tarixinə olan ümumi borc məbləği 189.765,24 manat təşkil edir. İddiaçı QSC tərəfindən 18 noyabr 2024-cü il tarixindəpretenziya məktubu göndərilərək tərəflər arasında imzalanmış olan 07 avqust 2023-cü il tarixli YB-00040-23 saylıalqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üzrə 160.818 (bir yüz altmış min səkkiz yüz on səkkiz) manat əsas borc, 28.947,24 (iyirmi səkkiz min doqquz yüz qırx yeddi manat 24 qəpik) manat ƏDV borcu olmaqla ümumilikdə 189.765,24 (bir yüz səksən doqquz min yeddi yüz altmış beş manat 24 qəpik) manat borcun ödənilməsi üçün 10 (on) iş günü müddətində vaxt verilmişdi. Qeyd etmək istəyirik ki, qeyd edilən vəsait Cavabdeh MMC tərəfindən halhazırdakı dövrə qədər İddiaçı QSC-yə ödənilməmişdir. Yuxarıda qeyd edilənlər, işdə olan materiallar və qanunvericiliyin tələbləri tərəflər arasında imzalanmış 07 avqust 2023-cü il tarixli YB-00040-23 saylıalqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üzrə 160.818 (bir yüz altmış min səkkiz yüz on səkkiz) manat əsas borc, 28.947,24 (iyirmi səkkiz min doqquz yüz qırx yeddi manat 24 qəpik) manat ƏDV borcunun, 5.360,60 (beş min üç yüz altmış manat 60 qəpik) manat cərimə borcunun (əsas borc məbləğinin illik 5%-i həddində) iddiaçı tərəfindən tələb edilməsi üçün hüquqi əsas təşkil edir və bu səbəbdən hesab edirik ki, iddia tələbinin tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, YB-00040-23 saylı alqı-satqı müqaviləsinə əsasən:

8. Müqavilənin 1.1-ci bəndinə əsasən Bu müqaviləyə görə " Satıcı " Sifariş əsasında təchiz olunan Malı öz qüvvə və vəsaiti hesabına hazırlayıb " Alıcı " ya təhvil verməyi, " Alıcı" isə Malı qəbul edib əvəzində onun qiymətini " Mal göndərən"ə ödəməyi öhdəsinə götürür.

9. Müqavilənin 1.2-ci bəndinə əsasən Bu Müqavilə üzrə ” Satıcı ” tərəfindən Malın " Alıcı " ya çatdırılıb təhvil verilməsi , " Alıcı " nın göndəriləcək Malın markası, miqdarı, göndərmə müddəti (dövrləri) və çatdırılacağı ünvanı göstərilən Sifarişi əsasında həyata keçirilir. Malın göndərilməsi barədə Sifarişi" Alıcı" Satıcıya 2 gün əvvəldən yazılı ( sürətli və ya adi poçt, faks, teleks, telefon, elektron poçt) formada göndərir. " Satıcı " hər hansı bir səbəbdən " Alıcı " nın Sifarişini yerinə yetirə bilməyəcəyi və ya yerinə yetirilməsinin gecikdiriləcəyi qənaətinə gələrsə Sifarişi aldıqdan sonra dərhal, və hər bir halda Sifariş daxil olduqdan sonra 4 iş saatından gec olmayaraq, " Alıcı " nı məlumatlandırmalıdır.

10. Müqavilənin 1.3-cü bəndinə əsasən " Alıcı" tərəfdən məsul olan səxş sifariş olunan Malın iki nüsxədən ibarət Qaimə-fakturasının üzərinə ad və soyadı yazılmaq şərtilə imzalamalıdır. Nüsxənin biri " Alıcı " tərəfdə qalır, digər nüsxə isə " Satıcı" -ya göndərilir.

11. Müqavilənin 1.4-cü bəndinə əsasən X2 Razılaşdırma Protokolunda qeyd olunan Mal üçün əlavə qatqı tələb edilərsə, Malın qiymətinin üzərinə bu qatqı əlavəsi üçün tələb olunan qiymət əlavə olunacaqdır.

12. "Müqavilənin 1.5-ci bəndinə əsasən Satıcı " rəsmi tətil və bayram günləri, ümumi texniki avadanlıqların və qurğuların sazlanması və təmiri günlərində BQZ-ni çalıştırmamaq haqqına sahibdir.

13. Müqavilənin 1.6-cı bəndinə əsasən Bu Müqaviləyə əsasən göndərilməli olan Malın markası, qiyməti tərəflərin imza və möhürü ilə təsdiq olunan bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 sayilı əlavə - " Qiymət razılaşma protokolu "nda göstərilir. Qaimə-faktura bu müqavilə üzrə Malın təhvil verilməsini təsdiq edən sənəddir.

14. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcının hüquqları:

15. Müqavilənin 2.1.1-ci bəndinə əsasən Müqavilənin 2.4. bəndi ilə müəyyənləşdirilmiş vəzifələrin vaxtında və lazımi qaydada icra edilməsini "Alıcı" dan tələb edir.

16. Müqavilənin 2.4-cü bəndinə əsasən alıcının hüquqları:

17. Müqavilənin 2.4.2-ci bəndinə əsasən " Satıcı " tərəfindən göndərilmiş Malın qiymətini bu Müqavilə ilə müəyyən olunmuş qaydada ödəmək."

18. Müqavilənin 3.1-ci bəndinə əsasən Bu Müqavilə üzrə Malın qiyməti " Satıcı " nin preyskurantı əsasında müəyyənləşdirilən və tərəflərin imza və möhürü ilə təsdiq olunmuş bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavə " Qiymət razilaşma protokolu" nda göstərilən qiymətdir.

19. Müqavilənin 3.2-ci bəndinə əsasən Bu müqaviləyə görə " Satıcı " bir tərəfli qaydada malın qiymətində dəyişiklik edə bilər. Malın qiymətində dəyişiklik edildikdə " Satıcı " bu barədə" Alıcı" ya dəyişiklik barədə qərar qəbul edildiyi gündən sonrakı 5 ( beş ) iş günü müddətinə yazılı bildiriş göndərir.

20. Müqavilənin 3.3-cü bəndinə əsasən Malın qiymətində dəyişikliklə bağlı ” Satıcı " tərəfindən " Alıcı" ya göndərilmiş yazılı bildirişə " Alıcı" tərəfindən 3 (üç) iş günü müddətində yazılı və ya şifahi şəkildə münasibət bildirilir. " Alıcı" " Satıcı " nın təklif etdiyi yeni qiymətlə razılaşdıqda , müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə ( " Qiymət razilaşma protokolu ") müvafiq dəyişiklik edilərək tərəflərin imza və möhürü ilə təsdiq olunur.

21. Müqavilənin 3.4-cü bəndinə əsasən Bu müqavilə üzrə Malın dəyəri Mal bu müqavilənin 2.2. bəndinin tələblərinə müvafiq surətdə " Satıcı " tərəfindən " Alıcı" ya təhvil verildikdən sonra 5 (beş) bank günü ərzində " Alıcı" tərəfindən " Satıcı " ya nağd və ya bank hesabına köçürmə yolu ilə ödəniləcəkdir.

22. Müqavilənin 5.1-ci bəndinə əsasən Tərəflərdən biri bu müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməməklə digər tərəfə ziyan vurarsa, yəni Malın göndərilməsi " Satıcı " tərəfindən , ödəniş isə " Alıcı " tərəfindən gecikdirilirsə , təqsirli tərəf digər tərəfə gecikdirilən hər gün üçün Sifarişin ümümi dəyərinin 0,1% məbləğində cərimə ödəməlidir. Lakin, cərimənin ümumi məbləği Sifarişin ümumi məbləğinin 5% dən artıq ola bilməz. "Alıcı "Sifariş əsasında " Satıcı " tərəfindən göndərilmiş Malı qəbul etmədikdə malın dəyərini ödəməlidir.

23. 07.01.2024-cü il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı QSC-nin hesabına 30000 manat məbləğində, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən 25000 manat məbləğində, xx.xx.2024-cü il tarixində 10000 manat məbləğində və xx.xx.2023-cü il tarixində 15265 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

24. xx.xx.2024-cü il tarixli üzləşmə aktına əsasən Cavabdeh MMC-nin İddiaçı QSC-yə xx.xx.2024-cü il tarixə olan ümumi borc məbləği 189.765,24 manat müəyyən edilmiş və akt hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.

25. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

26. Belə ki, iş materialları və tərəfin izahatı ilə müəyyən olunur ki, tərəflər arasında mübahisə alqı-satqı münasibətlərindən irəli gəlmişdir.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

28. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

29. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

30. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

31. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

32. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

33. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

34. İşin halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli, YB-00040-23 saylı alqı-satqı müqaviləsi bağlanmış. İddiaçı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərini icra etsə də, cavabdeh aldığı malların dəyəri tam olaraq ödəməmiş və nəticədə müqavilə üzrə icra edilməmiş öhdəliyi yaranmışdır.

35. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla (müqavilə, üzləşmə aktı, qismən ödənişlər ilə) təsdiqini tapdığı üçün iddia tələbinin 160.818 manat əsas borc, 28947,24 manat ƏDV olmaqla pul tələbi hissədə təmin olunması üçün əsaslar mövcuddur.

36. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 5.1-ci bəndinə əsasən hesablanmış 5360,60 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

37. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

38. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

39. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

40. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (189765,24 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından, cavabdehdən tutulacaq dəbbə pulu 5360,60 manat məbləğində müəyyən edilməlidir.

41. Məhkəmə xərclərinə gəldikdə isə, məhkəmə aşağıdakıları qeyd edir.

42. Materiallardan göründüyü kimi iddiaçı tərəfindən 485,13 manat dövlət rüsumu ödənilmişdir.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Məhkəmə hesab edir ki, iddia tam təmin edildiyi üçün iş üzrə ödənilmiş 485,13 manat dövlət rüsumu xərci cavabdehə aid edilməlidir.

V. Nəticə:

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 07 avqust 2023-cü il tarixli YB-00040-23 saylı alqı-satqı müqaviləsi üzrə 160.818 (bir yüz altmış min səkkiz yüz on səkkiz) manat əsas borc, 28.947,24 (iyirmi səkkiz min doqquz yüz qırx yeddi manat 24 qəpik) manat ƏDV borcu, 5.360,60 (beş min üç yüz altmış manat 60 qəpik) manat cərimə borcu və dövlət rüsumunun əvəzi olaraq 485,13 (dörd yüz səksən beş manat 13 qəpik) manat tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar