Məhkəmə qərarları › İş №e-2-2(113)-1466/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1466/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1466/2023 17.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı “Azerbaijan Coca-Cola Bottlers” Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı iddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2021-ci il tarixli “Məhsulların alqı-satqı” müqaviləsinə əsasən 147.80 manat borcun, xx.xx.2021-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş SDVC markalı soyuducunun dəyərinin iki misli həcmində, yəni 1700 ABŞ Dollarının, ödənilmiş 60 manat mediasiya rüsumunun və 260 manat (110 manat vəkil xidmət haqqı, 150 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı) cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2021-ci il tarixli “Məhsulların alqı-satqı” müqaviləsinə əsasən 147.80 manat borcun, xx.xx.2021-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş SDVC markalı soyuducunun dəyərinin iki misli həcmində, yəni 1700 ABŞ Dollarının, ödənilmiş 60 manat mediasiya rüsumunun və 260 manat (110 manat vəkil xidmət haqqı, 150 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı) cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021ci il tarixdə “Məhsulların alqı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə görə, nisyə alqı-satqı zamanı alıcı faktura üzrə qəbul etdiyi malın dəyərinin fakturada göstərilən son ödəmə tarixinə qədər satıcıya ödənilməsini təmin etməlidir. “Malların Alqı-Satqısı haqqında” Müqavilənin 6.2-ci bəndinə görə Ödəniş məbləği və dəbbə pulunun ödənilməsi təmin edilməzsə, müqavilə bir tərəfli ləğv edilir,malların dəyərinin ödənilməsi qanuna müvafiq təmin edilir. Həmin Müqavilənin 6.3-ci bəndinə görə X1 faktura və tara dəyərinin bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0.1% miqdarında, gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0.2% miqdarında dəbbə pulu ödənilməlidir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixdə 719899 nömrəli malların təhvil-qəbul aktı əsasında ümumilikdə 147.80 manat məbləğində spirtsiz içkilər və xx.xx.2021-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi” haqqında Müqaviləyə əsasən, sərinləşdirici spirtsiz içkilərin soyudulub satılması üçün müvəqqəti olaraq istifadəsinə dəyəri 850 ABŞ dolları olan 1 (bir) ədəd SDVC markalı soyuducu verilmişdir. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2021-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə uyğun olaraq isə, dəyəri 850 ABŞ dolları olan 1 (bir) ədəd SDVC tipli soyuducu iddiaçı tərəfindən istehsal və satışı təşkil edilmiş məhsulların cavabdeh tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə cavabdehə əvəzsiz istifadəyə verilmişdir. İstifadəyə verilmiş əmlak üçün istifadə haqqı tələb edilməmişdir. Müqavilənin 2.7-ci bəndinə əsasən, müqavilənin xitamı haqqında “İstifadəyəverən” tələb irəli sürdükdə, İstifadəçi əmlakın köhnəlmə nəzərə alınmaqla təhvilini 3 (üç) gün ərzində təmin etməlidir, əmlakın göstərilən müddət ərzində təhvili təmin edilmədikdə, İstifadəçi əmlakın dəyərinin 2 misli həcmində müəssisəyə cərimə ödəməlidir. Həmin müqavilənin 3.1-ci bəndində göstərilmişdir ki, müqavilə “İstifadəçi” müqavilə şərtlərindən hər hansı birini pozarsa müqaviləyə xitam verilir . Qeyd olunan soyuducu uzun müddət cavabdehin əvəzsiz istifadəsində olmuşdur. Lakin iddiaçı tərəfindən cavabdehdən müqavilə predmeti olan soyuducunun qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən soyuducunun qaytarılması ilə bağlı hər hansı addım atılmamışdır. Bununla bağlı (həmçinin alqı-satqı müqaviləsinə aid olan borcla bağlı) olaraq cavabdehə pretenziya məktubu ilə rəsmi qaydada müraciət olunmuş, xx.xx.2021-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə xitam verildiyi və soyuducunun 3 (üç) gün ərzində iddiaçıya qaytarılması və borcun ödənilməsi tələb olunmuşdur. Soyuducunun qaytarılmadığı və borcun ödənilmədiyi təqdirdə müqavilə üzrə nəzərdə tutulmuş cərimənin ödənilməsi ilə bağlı qanunauyğun tədbirlər görüləcəyi cavabdehin diqqətinə çatdırılmışdır. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq bugünə qədər cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bütün bu halları nəzərə alaraq iddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili X2 əvvəl keçirilmiş məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx.xx.2021-ci il il tarixli ******* saylı “Məhsulların alqı-satqı” müqaviləsinin surətindən görünür ki, iddiaçı istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri cavabdehə onun mülkiyyətinə verməyi, cavabdeh isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2021-ci il tarixli 22122 saylı “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilənin surətindən görünür ki, istifadəyəverən tərəfindən istehsal və satış üçün təşkil edilmiş məhsulların istifadəçi tərəfindən sərinləşdirilib satılmasını təmin etmək məqsədilə mülkiyyətində olan bir ədəd dəyəri 850 ABŞ Dolları olan SDVC tipli olan soyuducunu istifadəçiyə əvəzsiz istifadəyə vermişdir. xx.xx.2021-ci il tarixli 719899 saylı Malların təhvil-qəbul aktının surətlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 147,80 manat dəyərində mallar təhvil verilmiş, cavabdeh tərəfindən mallar təhvil alınmışdır. 21 oktyabr 2021-ci il tarixli Maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya olan borcu 147,80 manat təşkil edir. Soyuducu hərəkət əmrindən görünür ki, iddiaçı tərəfindən SDVC tipli olan soyuducu cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən soyuducu təhvil alınmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Həmin Məcəllənin 736.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 736.3-cü maddəsinə əsasən əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli 22122 saylı “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə bağlanmış və müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən istehsal və satış üçün təşkil edilmiş məhsulların istifadəçi tərəfindən sərinləşdirilib satılmasını təmin etmək məqsədilə mülkiyyətində olan bir ədəd dəyəri 850 ABŞ Dolları olan SDVC tipli olan soyuducunu istifadəçiyə əvəzsiz istifadəyə vermişdir. Eyni zamanda iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il il tarixli ******* saylı “Məhsulların alğı-satqı” müqaviləsi bağlanmış və müqaviləyə əsasən Satıcı istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri Alıcıya onun mülkiyyətinə verməyi, Alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini Satıcıya ödəməyi öhdələrinə götürmüşlər. Cavabdehin iddiaçıya xx.xx.2020-ci il tarixli “Məhsulların alğı-satqı” müqaviləsi üzrə olan borcu 147,80 manat təşkil edir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il il tarixli ******* saylı “Məhsulların alğı-satqı” müqaviləsinə əsasən yaranmış 147,80 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22122 saylı “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən müqavilənin predmeti olan SDVC tipli olan soyuducunun dəyərinin iki misli 1700 ABŞ Dolları cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd edir ki, iddiaçı 110 manat vəkil xidmət haqqı və 150 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı olmaqla 260 manatın cavabdehdən tutulmasını tələb etsə də, mediasiya işlərinin aparılmasına görə 150 manat xidmət haqqının ödənilməsinə dair sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, işdə olan 10459 saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən Abşeron rayon vəkil bürosunun hesabına 110 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 110 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmaqla tələb olunan məhkəmə xərcləri göstərilən hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Məhsulların alqı-satqı” müqaviləsinə əsasən 147.80 manat borc, xx.xx.2021-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş SDVC markalı soyuducunun dəyərinin iki misli həcmində, yəni 1700 ABŞ Dolları ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə, ödənilmiş 60 manat mediasiya xərci və vəkilin göstərdiyi yardıma görə 110 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 75,70 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 22,71 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 7,29 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Azerbaijan Coca-Cola Bottlers” Məhdud Məsuliyyəti Cəmiyyəti ilə Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Məhsulların alqısatqı” müqaviləsinə əsasən 147.80 manat borc, xx.xx.2021-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş SDVC markalı soyuducunun dəyərinin iki misli həcmində, yəni 1700 ABŞ Dolları ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə, ödənilmiş 60 manat mediasiya xərci və vəkilin göstərdiyi yardıma görə 110 manat Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar