Məhkəmə qərarları › İş №e-2-2(113)-1472/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1472/2022

15.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1472/2022 15.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" QSC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən icra edilməmiş öhdəliyə görə 84667 manat məbləğində əsas borc və 121860 manat məbləğində cərimə, 497 manat dövlət rüsumu, cəmi 207024 manat pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 25.08.2017-ci il tarixində “hüq 471” nömrəli metal qırıntısının alqı-satqısı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə hərrac nəticələrinə əsasən Satıcı müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan Əlavə №1-də göstərilən və ümumi dəyəri 400 000 manat təşkil edən malları (100 ton latun) alıcıya təhvil verməyi, alıcı isə malları qəbul edib dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa Satıcı ADY ilə Alıcı Cavabdeh MMC arasında 04.12.2017-ci il tarixdə “hüq 675” nömrəli metal qırıntısının alqısatqısı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə hərrac nəticələrinə əsasən Satıcı müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan Əlavə №1-də göstərilən və ümumi dəyəri 6 200 manat təşkil edən malları (40 ton qara metal) Alıcıya təhvil verməyi, Alıcı isə malları qəbul edib dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələrin 1.4-cü hissəsinə uyğun olaraq mal Alıcıya tərəflərin tərtib edərək imzaladıqları təhvil-təslim aktları əsasında verilir və bu aktlar Satıcının müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icra etdiyinin təsdiqidir. Belə ki, 2018-ci ilin yanvar ayından dekabr ayınadək Satıcı ADY tərəfindən müqavilədə nəzərdə tutulan həddə latun və qara metal təhvil-təslim aktları əsasında Alıcıya (cavabdehə) verilmişdir. Müqavilələrin 2.4.1-ci bəndinə uyğun olaraq təhvil verilən malı Satıcıdan qəbul edib əvəzində müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəmək Alıcının vəzifəsidir. Lakin, Cavabdeh MMC təhvil aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə 84 667 manat məbləğində borcu yaranmışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ə.Hüseynbəyli iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də Məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 25.08.2017-ci il tarixli hüq.471 nömrəli material qiymətlisinin alqı-satqısı haqqında müqaviləyə əsasən satıcı bu müqavilənin 1.2ci bəndində qeyd edilmiş metal qırıntılarından ibarət olan material qiymətlisini alıcının mülkiyyətinə (təhvil) verməyi, alıcı isə malı qəbul edib, bu müqavilənin əlavəsi olan spesifikasiyada, hərracın nəticəsinə uyğun göstərilmiş qiymətə qəbul edilmiş malın dəyərini satıcının hesabına ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə mal 100 ton latun (alıcı tərəfindən sökülərək daşınması şərti ilə) təhvil verir. Müqavilənin 1.3-cü bəndinə əsasən malın sökülərək nəqliyyat vasitəsinə (yük maşınına) yüklənməsi və daşınması xərcləri alıcının vəsaiti hesabına həyata keçiriləcəkdir. Müqavilənin 1.4-cü bəndinə əsasən mal alıcının mülkiyyətinə qaimə-faktura və təhviltəslim aktı əsasında veriləcəkdir. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin 1.2-ci bəndi ilə müəyyənləşən təhvil verilən malın 1 tonunun qiyməti bu müqavilənin 1 nömrəli əlavəsinə göstərilmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə alıcı hər bir gecikdirilmiş gün üçün satıcıya ödənilməmiş məbləğin 3 %-i olmaqla cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği müqavilə dəyərinin 30 %-dən çox olmamalıdır. 25.08.2017-ci il tarixli hüq.471 nömrəli müqaviləyə 1 nömrəli əlavədə (spesifikasiya) latun (alıcı tərəfindən sökülərək daşınması şərti ilə) 1 tonunun qiyməti 3389,93 manat (ƏDV-siz) müəyyən edilməklə, ümumilikdə 400000 manat təşkil edir. İddiaçı ilə cavabdeh arasında bağlanmış material qiymətlisinin alqı-satqısı haqqında 04.12.2017-ci il tarixli hüq.675 nömrəli müqaviləyə əsasən satıcı bu müqavilənin 1.2-ci bəndinə qeyd edilmiş metal qırıntılarından ibarət olan material qiymətlisini alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib, bu müqavilənin əlavəsi olan spesifikasiyada, hərracın nəticəsinə uyğun göstərilmiş qiymətə qəbul edilmiş malın dəyərini satıcının hesabına ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə təhvil verilən mal 40 ton qara metaldan (3%-dək itki nəzərə alınmaqla) ibarətdir. Müqavilənin 1.3-cü bəndinə əsasən malın sökülərək nəqliyyat vasitəsinə (yük maşınına) yüklənməsi və daşınması xərcləri alıcının vəsaiti hesabına həyata keçiriləcəkdir. Müqavilənin 1.4-cü maddəsinə əsasən mal alıcının mülkiyyətinə qaimə-faktura və təhvil-təslim aktı əsasında veriləcəkdir. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin 1.2-ci bəndi ilə müəyyənləşən təhvil verilən malın 1 tonunun qiyməti bu müqavilənin 1 nömrəli əlavəsinə göstərilmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə alıcı hər bir gecikdirilmiş gün üçün satıcıya ödənilməmiş məbləğin 3 %-i olmaqla cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği müqavilə dəyərinin 30 %-dən çox olmamalıdır. 04.12.2017-ci il tarixli 675 nömrəli müqaviləyə 1 nömrəli əlavədə (spesifikasiya) qara metal (alıcı tərəfindən sökülərək daşınması şərti ilə) 1 tonunun qiyməti 131,36 manat (ƏDV-siz) müəyyən edilməklə, ümumilikdə 6200 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə EAAP 550334 nömrəli 25.01.2019-cu il tarixli elektron qaiməyə əsasən 19876 manat, EAAN 523614 saylı, 12.11.2018-ci il tarixli elektron qaiməyə əsasən 5051,99 manat, EAAM 830598 nömrəli 15.10.2018-ci il tarixli elektron qaiməyə əsasən 14660 manat, EAAL 933080 nömrəli 07.09.2018-ci il tarixli elektron qaiməyə əsasən 8954,48 manat, EAAL 189023 nömrəli 07.08.2018-ci il tarixli elektron qaiməyə əsasən 5551,99 manat, EAAJ 754182 nömrəli 08.06.2018-ci il tarixli elektron qaiməyə əsasən 16412 manat, EAAG 894875 nömrəli 08.02.2018-ci il tarixli elektron qaiməyə əsasən 3703,50 manat, EAAG 148906 nömrəli 11.01.2018-ci il tarixli elektron qaiməyə əsasən 17123,62 manat məbləğində mallar təhvil verilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 11.01.2018-ci il tarixli, 19.03.2018-ci il tarixli, 27.04.2018-ci il tarixli, 21.05.2018-ci il tarixli, 15.08.2018 -ci il tarixli, 24.09.2018-ci il tarixli, 25.09.2018-ci il tarixli, 21.09.2018-ci il tarixli, 13.12.2018-ci il tarixli, 14.12.2018-ci il tarixli, 20.12.2018-ci il tarixli, 13.12.2018-ci il tarixli, 30.07.2018-ci il tarixli aktlardan görünür ki, 25.08.2017-ci il tarixli Hüq. 471 nömrəli “ADY” ilə Cavabdeh MMC arasında bağlanmış müqavilələrə əsasən müqavilədə razılaşdırılmış müxtəlif çəkidə mallar satıcı tərəfindən alıcıya təhvil verilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 08.09.2020-ci il tarixli 18199 nömrəli öhdəliyin icra edilməsi barədə pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış alqı-satqı müqavilələrinə əsasən 01 iyul 2020-ci il tarixə cavabdehin yaranan 84667 manat məbləğində borcun 10 gün ərzində ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. 11.01.2018-20.12.2018-ci illər ərzində iddiaçı tərəfindən cavabdehə göstərilmiş metal satışı xidmətlərinə görə yaranan debitor borc barədə arayışdan görünür ki, ümumilikdə 84667 manat məbləğində cavabdehin debitor borcu yaranmışdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 14.01.2022-ci il tarixli 11622 nömrəli arayşdan görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərci ödənilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 25.08.2017-ci il tarixli hüq.471 nömrəli və 04.12.2017-ci il tarixli hüq.675 nömrəli alqı-satqı müqavilələrindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqavilələri və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilələr üzrə iddiaçıya 84667 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 84667 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqavilələrin 5.2-ci bəndinə əsasən hesablanmış 121860 manat məbləğində cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilələr üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 5000 manat məbləğində müəyyən edilməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 84667 manat məbləğində əsas borc və 5000 manat cərimə tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 497 manat dövlət rüsumunun 297 manat hissəsi cavabdehə, qalan hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 84667 (səksən dörd min altı yüz altmış yeddi) manat məbləğində əsas borc, 5000 (beş min) manat cərimə, ümumilikdə 89667 (səksən doqquz min altı yüz altmış yeddi) manat və ödənilmiş 297 (iki yüz doxsan yeddi) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar