Məhkəmə qərarları › İş №e-2-2(113)-1472/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1472/2024

05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1472/2024 05.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 27112.05 manat məbləğində müqavilə üzrə qalıq borcun, 8133.62 manat məbləğində dəbbə pulunun, mediasiya təşkilatına ödənilmiş 200 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında bağlanan alqı-satqı müqaviləsinə əsasən birinci tərəfindən alınan mal və məhsulların dəyəri tam ödənilməmişdir. Həmin məhsulların dəyərinin bir qismi cavabdeh tərəfindən ödənilsə də, 27 112.05 manat məbləğində borcu ödənilməmiş qalmışdır. xx.xx.2022-ci il tarixində tərəflər arasında bağlanmış A/17/9/F-22 saylı “Alqı-Satqı” müqaviləsinə əsasən tərəflər arasında mülki münasibətlər yaranmışdır. Müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün xx.xx.2023-cü il tarixli “Borcların Üzləşdirilməsi” barədə akt tərtib edilərək borc öhdəliyinin miqdarı müəyyən edilmişdir. Həmin akta əsasən cavabdehin iddiaçıya 27 112.05 manat borcunun olması müəyyən edilmişdir. Müəyyən edilən borcun cavabdeh tərəfindən qısa müddətdə tam ödəniləcəyinə dair öhdəlik müəyyən edilsədə bu günə kimi borc ödənilməmişdir. Borcun ödənilməsinə dair cavabdehə tərəfindən xx.xx.2023-cü il tarixində bildiriş məktubu göndərilərək borcun qısa müddətdə ödənilməsinin təmin edilməsini xahiş etmişlər. Əks halda müvafiq məhkəməyə iddia ərizəsi ilə müraciət ediləcəyi xəbərdarlıqda göstərilmişdir. Daha sonra isə elektron məhkəmə sistemi vasitəsi ilə xx.xx.2023-cü il tarixində pretenziya göndərilmişdir. Xəbərdarlıqdan sonra cavabdeh tərəfindən borc ödənilmədiyi üçün qanunvericiliyin tələbinə uyğun olaraq Mediatora müraciət edilmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi C.Mahmudov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, üzləşmə aktı imzalandıqdan sonra da cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı və cavabdeh arasında bağlanmış 17 sentyabr 2022-ci il tarixli A/17/9/F-22 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “X2” göstərilən mal-materialları alıcıya satmağı, alıcı isə həmin malları qəbul edib, almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür.

8. Müqavilənin 1.2-ci bəndinə əsasən malların növləri, çeşidi, kəmiyyəti və qiyməti hər bir partiya üzrə ayrıca tərtib ediləcək və hər iki tərəfdən imzalanacaq müqavilənin ayrılmaz tərkib hissəsi olan X1, elektron qaimə-fakturaya uyğun olaraq müəyyən ediləcəkdir.

9. Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə qüvvəyə mindikdən sonra satıcı alıcının tələbatını və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla satdığı malı elektron qaimə faktura, qaimə faktura əsasında alıcıya təhvil verir.

10. Müqavilənin 6.2-ci bəndinə əsasən alıcı malın satış dəyərini vaxtında ödəməzsə, satıcı gecikdirilmiş məbləğin hər günü üçün 0,2 faizi həcmində dəbbə pulunu alıcıdan tələb etmək hüququ vardır və cərimə məbləği malların ümumi dəyərinin 30 %-dən artıq olmamalıdır.

11. İddiaçı və cavabdeh arasında tərtib olunmuş xx.xx.2023-cü il tarixli xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan borcların üzləşdirilməsi barədə aktdan görünür ki, cavabdehin iddiaçıya qalıq borcu xx.xx.2023-cü il tarixə 27112,05 manat təşkil edir.

12. İddiaçı tərəfindən cavabdehə EBDJ 760072 nömrəli xx.xx.2023-cü il tarixli (1530 manat), EBDJ 191616 nömrəli xx.xx.2023-cü il tarixli (3775,11 manat), EBDJ 191615 xx.xx.2023-cü il tarixli (797,02 manat), EBDJ 191617 nömrəli xx.xx.2023-cü il tarixli (1249,44 manat), EBDJ 137462 nömrəli xx.xx.2023-cü il tarixli (570 manat), EBDJ 137467 nömrəli xx.xx.2023-cü il tarixli (1630 manat), EBDJ 137465 nömrəli xx.xx.2023-cü il tarixli (704 manat), EBDJ 137463 nömrəli xx.xx.2023-cü il tarixli 11323,70 manat, EBDİ 679451 nömrəli xx.xx.2023-cü il tarixli (1076,25 manat), EBDİ 564795 nömrəli xx.xx.2023-cü il tarixli (3052 manat), EBDİ 564793 nömrəli xx.xx.2023-cü il tarixli (1798,90 manat), EBDİ 484303 nömrəli xx.xx.2023-cü il tarixli (960,01 manat), EBDİ 002425 nömrəli xx.xx.2023cü il tarixli (175,58 manat), EBDG 568772 nömrəli xx.xx.2023-cü il tarixli (143,96 manat), EBDF 801000 nömrəli xx.xx.2023-cü il tarixli (450 manat), EBDF 669372 nömrəli xx.xx.2023-cü il tarixli (1859 manat), EBDF 273792 nömrəli xx.xx.2023-cü il tarixli (949,94 manat), EBDF 161713 nömrəli xx.xx.2023-cü il tarixli (57,01 manat), EBDF 161709 nömrəli xx.xx.2023-cü il tarixli (8773,85 manat), EBDE 631995 nömrəli xx.xx.2023-cü il tarixli 228,68 manat, EBDD 941452 nömrəli xx.xx.2023-cü il tarixli (45,37 manat), EBDD 080461 nömrəli xx.xx.2023-cü il tarixli (2096,03 manat), EBDC 938211 nömrəli xx.xx.2023-cü il tarixli (12450,18 manat), EBDC 762074 nömrəli xx.xx.2023-cü il tarixli (2003,54 manat), EBDC 780922 nömrəli xx.xx.2023-cü il tarixli (700,53 manat), EBDA 439569 nömrəli xx.xx.2023-cü il tarixli 1259 manat), EBDA 439570 nömrəli xx.xx.2023-cü il tarixli 159,62 manat), EBCO 580653 nömrəli xx.xx.2023-cü il tarixli (1920,10 manat), EBCO 037440 nömrəli xx.xx.2023-cü il tarixli 4908,80 manat, EBCM 999573 nömrəli xx.xx.2023-cü il tarixli 680,21 manat, EBCK 695620 nömrəli xx.xx.2022-ci il tarixli 2250,38 manat, EBCE 053672 nömrəli xx.xx.2022-ci il tarixli 860 manat məbləğində malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar göndərilmişdir.

13. xx.xx.2023-cü il tarixli **********/578063253 nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 1776,3 manat köçürülmüşdür.

14. xx.xx.2023-cü il tarixli 000İPX********** nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 5000 manat köçürülmüşdür.

15. xx.xx.2023-cü il tarixli 000İCZ********** nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 1296,61 manat köçürülmüşdür.

16. xx.xx.2023-cü il tarixli 000İPX12316700F8 nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 10398,7 manat köçürülmüşdür.

17. 20.04.2023-cü il tarixli 000İPX1231102C04 nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 4000 manat köçürülmüşdür.

18. xx.xx.2023-cü il tarixli **********/578063253 nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 1776,3 manat köçürülmüşdür.

19. xx.xx.2023-cü il tarixli **********/578048943 nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 10551 manat köçürülmüşdür.

20. 06.02.2023-cü il tarixli 000İPX1230375D4E nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 1627,2 manat köçürülmüşdür.

21. 24.01.2023-cü il tarixli 000İPX12330241F63 nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 4160 manat köçürülmüşdür.

22. xx.xx.2023-cü il tarixli 000İPX1230162AC7 nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 576,45 manat köçürülmüşdür.

23. 07.12.2022-ci il tarixli 000İPX1223411A47 nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 1907,1 manat köçürülmüşdür.

24. 21.10.2022-cİ il tarixli 000İPX********** nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 728,81 manat köçürülmüşdür.

25. xx.xx.2022-ci il tarixli A/17/9/F-22 saylı müqavilə üzrə iddiaçının xx.xx.2024-cü il tarixiniə debitor borcuna dair maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya borcu 27112,05 manat təşkil edir. Müqavilənin 6.2-ci bəndinə əsasən hesablanmış cərimə 10791,77 manat təşkil edir.

26. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqısatqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

27. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

28. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

29. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

30. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

31. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

32. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 27112,05 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

33. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 6.2-ci bəndinə əsasən hesablanmış 8133,62 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

34. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

35. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

36. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq dəbbə pulu 1000 manat müəyyən edilməlidir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat mediasiyaya dair xərc cavabdehə aid edilməlidir.

V. Nəticə:

39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 27112,05 manat əsas borc, 1000 manat dəbbə pulu, 200 manat mediasiyaya dair xərc, ümumilikdə 28312,05 (iyirmi səkkiz min üç yüz on iki manat beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar