Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1473/2024 18.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, mediasiya xərci, hüquqi yardım xərcinin ağlabatanlığı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 12 oktyabr 2022-ci il tarixli malların alqı-satqısı müqaviləsi üzrə 78909,19 manat borcun və 410 manat mediasiya xərcinin, 120 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli K30 nömrəli malların alqı-satqısı müqaviləsinə əsasən iddiaçı cavabdehi mallarla təchiz etmək, cavabdeh isə malların dəyərini ödəmək öhdəliyi götürmüşdür. Malların dəyəri tərəflər arasında imzalanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli qiymət haqqında razılıq protokolları ilə müəyyən edilmişdir və mallar müvafiq təhvil-təslim aktlarına əsasən cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuş, təhvil verilmiş mallara görə yaranmış borclar ödənilməmişdir. Hazırda cavabdehin iddiaçıya müqaviləyə əsasən 78909,19 manat ödənilməmiş borcu qalmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət ünvanlansa da, bu günə kimi borc məbləği ödənilməmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili qeyd etdi ki, iddiaçıya xx.xx.2022-ci il tarixli müqavilə üzrə verilmiş mallardan heç birinin dəyəri ödənilməmişdir. Mallar verilərkən təhvil-təslim aktları tərtib edilsə də, 12 oktyabr 2022-ci il tarixdə verilmiş ƏDV daxil olmaqla 3945,45 manat mal üçün tərtib edilmiş təhvil-təslim aktının iddiaçıda qalan nüsxəsi itmişdir.
7. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemində və X1 Sistemində yaradılmış elektron kabinetlərinə, qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri yerləşdirilməklə, sonuncunun mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə edilən iddiaçı (Satıcı qismində) ilə cavabdeh (Alıcı qismində) arasında bağlanmış 12 oktyabr 2022-ci il tarixli K30 nömrəli malların alqısatqısı müqaviləsinin şərtlərindən görünür ki, “Satıcı” malı hazırkı müqavilənin ayrılmaz hissəsi olan E-qaimə fakturalarla müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə alıcı tərəfindən verilən sifarişləri qəbul etməli və “Alıcı”ya təhvil verməyi öz öhdəsinə götürür (1.1). “Alıcı” malı müqavilənin ayrılmaz hissəsi olan E-qaimə fakturalarla müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə qəbul etməyi, onun müqabilində ödəniş etməyi üzərinə götürür (1.2). E-Qaimə fakturalar “Satıcı” və “Alıcı” arasında əlavə olaraq razılaşdırılır, bu müqavilənin ayrılmaz hissəsi sayılır (1.3). Müqavilənin və ya malın qiyməti müqavilənin ayrılmaz hissəsi olan qaimə fakturalarda göstərilmişdir. Qaimə-fakturalar hər iki tərəfdən razılaşdırılır və onun qiyməti manatla müəyyən edilir (2.1). Müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, “Alıcı” malı “Satıcı” dan bilavasitə təhvil almazdan qabaq və ya təhvil aldıqdan sonra ödəməlidir (4.1). Müqavilədə malın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, “Alıcı” verilmiş əşyanın qiyməti “Satıcı” ya tam ödəməyə borcludur (4.2). Ödəniş hesaba köçürmə qaydası ilə aparılır (4.3).
12. Məhkəməyə təqdim edilən adıçəkilən müqaviləyə əlavə olan razılaşdırılmış qiymət haqqında razılıq protokollarından görünür ki, xx.xx.2023-cü il tarixdə ƏDV-siz 15020,50 manat və 19353,40 manat, xx.xx.2023-cü il tarixdə ƏDV-siz 3343,60 manat, xx.xx.2023-cü il tarixdə ƏDV-siz 7586,80 manat, xx.xx.2023-cü il tarixdə ƏDV-siz 5599,9 manat, xx.xx.2023-cü il tarixdə ƏDV-siz 15968 manat dəyərində malların miqdarı, qiyməti və çeşidi razılaşdırılmışdır.
13. İş materiallarında olan təhvil-təslim aktlarından görünür ki, xx.xx.2023-cü il tarixdə ƏDV-siz 15020,5 manat və 19353,40 manat, xx.xx.2023-cü il tarixdə ƏDV-siz 7586,8 manat, xx.xx.2023-cü il tarixdə ƏDV-siz 5599,90 manat, xx.xx.2023-cü il tarixdə ƏDV-siz 15968 manat olmaqla ümumilikdə 63528,6 manat dəyərində malların cavabdeh tərəfindən təhvil alınması hər iki hüquqi şəxsin möhürləri və direktorlarının imzası ilə təsdiq edilmişdir.
14. İş materiallarına əlavə edilən elektron qaimələrdən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, xx.xx.2023-cü il tarixli EBDC 915601 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 17724,19 manat, xx.xx.2023-cü il tarixli EBDC 916786 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 22837,01 manat, xx.xx.2023-cü il tarixli EBDD 363377 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 3945,45 manat, xx.xx.2023-cü il tarixli EBDD 452461 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 8952,42 manat, xx.xx.2023-cü il tarixli EBDD 781424 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 6607,88 manat, xx.xx.2023-cü il tarixli EBDF 006438 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 18842,24 manat olmaqla ümumilikdə ƏDV daxil olmaqla 78909,19 manat məbləğində malları təqdim edilməsi üçün rəsmiləşdirilmişdir.
15. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 12 oktyabr 2022-ci il tarixli K30 nömrəli malların alqı-satqısı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilənin ayrılmaz hissəsi olan elektron qaimə-fakturalarla müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə cavabdeh tərəfindən verilən sifarişləri qəbul etməli və cavabdehə təhvil verməyi, cavabdeh isə malı müqavilənin ayrılmaz hissəsi olan elektron qaimə-fakturalarla müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə qəbul etməyi, onun müqabilində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İddiaçı həmin müqavilə üzrə 6 elektron qaimə əsasında ƏDV daxil olmaqla 78909,19 manat dəyərində malı cavabdehə təqdim etmişdir.
16. İddiaçı hazırda təqdim edilən malların dəyərini təşkil edən ƏDV daxil olmaqla 78909,19 manat məbləğində pulun tutulmasını tələb edir.
17. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
18. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
20. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
21. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, cavabdehin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
22. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
23. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
24. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
25. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
26. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
27. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqavilənin 4.1-ci bəndi ilə ödənişin alıcının malı satıcıdan bilavasitə təhvil aldıqdan sonra edilməsinin mümkünlüyünün şərtləndirildiyi nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
28. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
29. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
30. Digər tərəfdən, hazırda dəyəri tələb olunan xx.xx.2023-cü il tarixli EBDD 363377 seriya və nömrəli elektron qaimə üzrə ƏDV daxil olmaqla 3945,45 manat dəyərində malın təhvil-təslim aktının olmamasına münasibətdə məhkəmə qeyd edir ki, tərəflər müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə malın e-qaimə fakturalarla verilməsini razılaşdırmış, digər elektron qaimələrlə yanaşı xx.xx.2023-cü il tarixli EBDD 363377 seriya və nömrəli elektron qaimə kimi təhvil-təslim aktı üzrə təqdim edilən malların da elektron qaimələri sistem tərəfindən təsdiqlənmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixli EBDD 363377 seriya və nömrəli elektron qaimə cavabdeh tərəfindən ləğvə və ya düzəlişə qaytarılmamışdır. Cavabdeh isə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə həmin malların verilməsinə etiraz təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli EBDD 363377 seriya və nömrəli elektron qaimə üzrə təqdim edilmiş malların dəyəri də ödənilməlidir.
31. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
32. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
34. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
35. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
36. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, 12 oktyabr 2022-ci il tarixli K30 nömrəli malların alqı-satqısı müqaviləsi üzrə ƏDV daxil olmaqla 78909,19 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
37. İddiaçı həmçinin 410 manat mediasiya xərcinin və 120 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş edir.
38. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli MŞB/11/2024-00008 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixli sessiyada iştirak etmiş, cavabdeh tərəf iştirak etməmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 410 manat məbləğində pul iddiaçı tərəfindən ödənilmişdir.
39. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).
40. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
41. Məhkəmə qeyd edir ki, cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən və iştirak etməsinin səbəbləri və ya mümkünsüzlüyünün üzrlü olması barədə məlumat vermədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə uyğun olaraq bütün mediasiya xərcləri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.
42. 22 dekabr 2023-cü il tarixli 333934 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 120 manat məbləğində pul cavabdehə qarşı hüquqi yardımın göstərilməsi üçün Bakı şəhəri 21 saylı vəkil bürosuna ödənilmişdir.
43. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
44. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.
45. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
46. Məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin çatdırılması), məhkəmə iclasların sayı və müddəti, təqdim edilən sübutların xarakterini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan xərc ağlabatandır və cavabdehdən tutulmalıdır.
47. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. Beləliklə, məhkəmə iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 410 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 120 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.
V. Nəticə:
49. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12 oktyabr 2022-ci il tarixli K30 saylı malların alqı-satqısı müqaviləsi üzrə 78909 (yetmiş səkkiz min doqquz yüz doqquz) manat 19 (on doqquz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 410 (dörd yüz on) manat, hüquqi yardım xərcinin əvəzi olaraq 120 (bir yüz iyirmi manat) məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova