Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1474/2022 24.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Qasımov Fərrux Hüseynağa oğlu, İddiaçı (MMC) Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. - 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. - 149.2.4-1-ci maddəsinə əsasən ərizədə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. - 150.0 və 150.0.8-ci maddəsinə əsasən ərizəyə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. İddiaçı MMC tərəfindən məhkəməyə 15 dekabr 2021-ci il tarixli, 09/11/21 №-li “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış təqdim olunmuşdur. Həmin arayışdan görünür ki, ilkin mediasiya sessiyası Mediasiya Şurası tərəfindən mediator qismində təyin edilmiş X1 tərəfindən aparılmışdır. İddia ərizəsinə əlavə olunmuş və iddianın əsasını təşkil edən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 17 dekabr 2020-ci il tarixli, 1712/2020 №-li alqı – satqı müqaviləsindən görünür ki, həmin müqaviləni İddiaçı MMC-nin idarə heyətinin sədri kimi X1 imzalamışdır. Yəni, “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış iddianın əsasını təşkil edən 17 dekabr 2020-ci il tarixli, 1712/2020 №-li alqı – satqı müqaviləsinin bağlandığı zaman İddiaçı MMC-nin idarə heyətinin sədri olaraq müqaviləni imzalamış şəxs tərəfindən verilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: - 4.2-ci maddəsinə əsasən mediasiya aşağıdakı prinsiplər əsasında həyata keçirilir: könüllülük, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların qərəzsizliyi və müstəqilliyi, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi, konfidensiallıq. - 7-ci maddəsinə əsasən mediasiya zamanı mediator müstəqil və qərəzsiz olmalıdır. Mediator mediasiya prosesini həyata keçirən zaman tərəflərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən asılı olmamalıdır və mediasiya zamanı adıçəkilən orqanların və şəxslərin mediatorun fəaliyyətinə müdaxiləsinə yol verilmir. Mediator mediasiya zamanı hər iki tərəfə bərabər yanaşmalı, tərəflərin mediasiya zamanı bərabər iştirakını təmin etməli və hər iki tərəfə proses zamanı tələblərini təqdim etmək üçün bərabər imkanlar yaratmalıdır. Mediatorun qərəzsizliyinə mane olan hallar olduqda mediator mediasiyanı aparmaqdan imtina etməlidir. - 12.2 və 12.2.1-ci maddəsinə əsasən həmin qanunla müəyyən olunan mediasiya prinsiplərinə riayət etmək mediatorun vəzifəsidir. - 13.2-ci maddəsinə əsasən mediator həmin qanunla müəyyən olunan mediasiya prinsipləri əsasında mediasiyanı həyata keçirə bilmədikdə dərhal özü-özünə etiraz etməlidir. Qeyd olunan normaların tələbinə əsasən belə nəticəyə gəlinir ki, ilkin mediasiya sessiyası zamanı Mediasiya Şurası tərəfindən mediator qismində təyin edilmiş X1 mübahisənin əsasını təşkil edən 17 dekabr 2020-ci il tarixli, 1712/2020 №-li alqı – satqı müqaviləsinin bağlandığı zaman İddiaçı MMC-nin idarə heyətinin sədri kimi həmin müqaviləni imzalamış şəxs olduğuna görə mediasiyanın prinsiplərindən biri olan “mediatorların qərəzsizliyi və müstəqilliyi” prinsipinə əsasən dərhal özü-özünə etiraz etməli və mediasiyanı aparmaqdan imtina etməli idi. Göründüyü kimi, 15 dekabr 2021-ci il tarixli, 09/11/21 №-li “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin və prinsiplərinin pozulması ilə verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin arayış iddiaçı tərəfindən məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştiraka dair tələbə riayət edilməsi kimi qəbul edilə bilməz. Çünki, mediasiyanın məqsədi tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həll edilməsindən ibarət olduğuna görə mediasiya proseduruna riayət edilməsinin yoxlanılması formal xarakter daşımamalı və məhkəmə həmin prosedur qaydaların qanuna uyğun keçirilib-keçirilməməsinə qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; - 152.1 və 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1474/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1474/2022
24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver