Məhkəmə qərarları › İş №e-2-2(113)-1476/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1476/2020

17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1476/2020 17.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5286 manat əsas borc, 1057,67 manat cərimə borcu və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 344-L/12 nömrəli və xx.xx.2014-cü il tarixli 1616-L/14 nömrəli müqaviləyə əsasən lizinq predmetini lizinqə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Müqavilə üzrə 5286 manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə 1057,67 manat borcu qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki bağlanmış müqavilənin 2.2.2.-ci bəndinə əsasən borclu lizinq ödənişlərinin vaxtında və tam həcmdə ödənməyi öhdəsinə götürmüşdür. Bununla da borclu İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etmədiyini bildirmiş, tələbin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi, Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini və işə təqdim edilmiş sübutlar əsasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə işə iddiaçının nümayəndəsinin (vəkilinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2012-ci il tarixli, 344-L/12 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilədən və həmin müqaviləyə 1 saylı əlavədən (ödəniş qrafiki) görünür ki, Cavabdeh ümumi dəyəri 31100 manat olan 1 ədəd traktoru (qiyməti 28500 manat olan MTZ-89.2 markalı) və 1 ədəd kotanı (qiyməti 2600 manat olan AG-14-4 markalı) lizinq alan hər 2 texnikaya görə ilkin ödəniş 3110 manat olmaqla yekunda yəni 2019-cu ilin sonuna hər iki texnikaya cəmi 27990 manat ödəməyi öhdəsinə götürməklə (texnikaların dəyəri tam ödənildikdən sonra lizinqə alanın mülkiyyətinə verilməsi ilə şərti ilə) lizinqə verilmişdir. xx.xx.2014-cü il tarixli, 1616-L/14 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilədən və həmin müqaviləyə 2 saylı əlavədən (ödəniş qrafiki) görünür ki, Cavabdeh qiyməti 24700 manat olan Belarus-622 markalı 1 ədəd traktoru lizinq alan ilkin ödəniş 2470 manat olmaqla yekunda yəni 2024-cü ilin sonuna cəmi 24700 manat ödəməyi öhdəsinə götürməklə (texnikaların dəyəri tam ödənildikdən sonra lizinqə alanın mülkiyyətinə verilməsi ilə şərti ilə) lizinqə verilmişdir. İddiaçı ASC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2012-ci il tarixli, 344-L/12 nömrəli və xx.xx.2014-cü il tarixli, 1616-L/14 nömrəli lizinq müqavilələri üzrə 5286 manat əsas borc, 1084,67 manat cərimə olmaqla, cəmi 6370,67 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 462.1, 465.2 və 467-ci maddələrinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-2.2-ci maddəsinə əsasən, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə cavabdehin 5286 manat məbləğində əsas borcu yaranmış və məhkəmə iddiaçının həmin tələbini əsaslı hesab edir. Lakin bununla yanaşı məhkəmə cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, tənasübsüz surətdə yüksək olan cərimə (dəbbə) pulunun azaldaraq 14 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2012-ci il tarixli, 344-L/12 nömrəli və xx.xx.2014-cü il tarixli, 1616-L/14 nömrəli lizinq müqavilələri üzrə 5286 manat məbləğində əsas borc, 14 manat məbləğində cərimə olmaqla, cəmi 5300 manat məbləğində pul tutularaq İddiaçı” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 83,54%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 83,54%-i, yəni 25,06 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5286 manat əsas, 14 manat cərimə borcu olmaqla cəmi 5300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25,06 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar