Məhkəmə qərarları › İş №e-2-2(113)-1476/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1476/2023

12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1476/2023 12.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı X1 San. Tic.A.Şirkətinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı X1 San. Tic.A.Şirkətinin Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X1 San. Tic.A.Şirkəti Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 San. Tic.A.Şirkəti tərəfindən YTBT2020/03 saylı xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-yə satılmış malların dəyəri olan 56.150 ABŞ dolları, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 5.615 ABŞ dolları, cəmi 61.765 ABŞ dolları məbləğində pulun, 400 manat mediasiya xərcinin Cavabdeh MMC-dən tutularaq X1 San. Tic.A.Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə X1 San. Tic.A.Şirkəti tərəfindən Cavabdeh MMC-nin ünvanına 86.300 ABŞ dolları məbləğində mal – müxtəlif çeşiddə tərəvəz toxumları göndərilmişdir. Cavabdeh MMC göndərilən malların dəyərindən 56.150 ABŞ dolları məbləğində pulu ödəməmişdir. Beləliklə, Cavabdeh MMC-nin satın aldığı mallara görə X1 San. Tic.A.Şirkəti qarşısında 56.150 ABŞ dolları məbləğində borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı “X1 San. Tic.A.Şirkətinin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh MMC-nin iddiaçıda 40.000 ABŞ dolları məbləğində depozitinin olduğunu bildirərək, qeyd edilmiş pulun tələb edilən məbləğdən çıxılmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, X1 San. Tic.A.Şirkəti ilə Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyəti arasında xx.xx.2020-ci il tarixdə YTBT2020/03 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə "xxxx" X1 San. Tic.A.Şirkəti və “Alıcı” Cavabdeh MMC dəyəri 86.300 ABŞ dolları məbləğində olan 1000 paket Dilber F1 adlı bibər toxumu, 300 paket Tesla 1 adlı bibər toxumu, 250 paket Derviş F1 adllı xiyar toxumu, 500 paket Sabir F1 adlı qarpız toxumu kimi malların alqı-satqısı ilə bağlı razılığa gəliblər. Qeyd edilən müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəf 86.300 ABŞ dolları dəyərində malın cavabdehə verildiyini, qeyd edilmiş məbləğdən 30.000 ABŞ dolları məbləğində pulun xx.xx.2021-ci il tarixdə ödəniş edildiyini və nəticədə 56.150 ABŞ dolları məbləğində borcun qaldığını bildirərək pulun tutulmasını xahiş edir. Cavabdeh tərəf müqavilənin bağlandığını, 86.300 ABŞ dolları dəyərində olan malların verildiyini, qeyd edilmiş məbləğdən 30.000 ABŞ dolları məbləğində pulun iddiaçıya verildiyini və iddiaçıda 40.000 ABŞ dolları məbləğində depozit pulunun olduğunu bildirərək, qeyd edilmiş pulun tələb edilən məbləğdən çıxılmasını xahiş etdi. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə tələbin hüquqi əsası kimi aşağıdakı normalar nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş invoice sənədindən, Türk hava yolları tərəfindən təsdiq edilmiş yol sənədi və xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, X1 San. Tic.A.Şirkəti tərəfindən Cavabdeh MMC-yə 86.300 ABŞ dolları məbləğində müqavilədə göstərilən miqdarda mallar göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından məlum olur ki, xx.xx.2020-ci il tarixli müqavilə, xx.xx.2021-ci il tarixli Yİ**********0003 saylı invoys əsasında Cavabdeh MMC tərəfindən X1 San. Tic.A.Şirkətinə 30.000 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən ödəniş edilməsi ilə xx.xx.2021-ci il tarixli Yİ**********0003 saylı invoysda göstərilən malların X1 San. Tic.A.Şirkəti tərəfindən Cavabdeh MMC-yə göndərilməsi və sonuncu tərəfindən qəbul edilməsi bir daha öz təsdiqini tapır. Cavabdeh tərəfə təhvil verilmiş malların ümumi dəyərinin 86.300 ABŞ dolları, ödənilmiş pulun isə 30.000 ABŞ dolları olduğu və iddiaçının tələbi nəzərə alındığında görünür ki, Cavabdeh MMC-nin ödənilməmiş 56.150 ABŞ dolları məbləğində borcu qalmışdır. Məhkəmə cavabdehin iddiaçıda 40.000 ABŞ dolları məbləğində depozit məbləğinin olması və qeyd edilmiş məbləğin tələb edilən puldan çıxılması barədə dəlilini əsassız hesab edir. Belə ki, hazırkı tələbin faktiki əsasını məhz tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli YTBT2020/03 saylı alqı-satqı müqaviləsi təşkil edir. Cavabdeh tərəfindən isə iddiaçıya vermiş olduğunu qeyd etdiyi 40.000 ABŞ dolları məbləğində pulun isə məhz bu müqavilə üzrə verildiyi öz təsdiqini tapmır. Həmçinin cavabdeh tərəfin özü də, qeyd edilmiş 40.000 ABŞ dolları məbləğində pulun məhz xx.xx.2020-ci il tarixli YTBT2020/03 saylı alqı-satqı müqaviləsi üzrə deyil, əvvəlki dövrlərdə iddiaçının distrübutoru olduğu üçün depozit məbləği olaraq verildiyini bildirmişdir. Məhkəmə ona görə də, hesab edir ki, xx.xx.2020-ci il tarixli YTBT2020/03 saylı alqısatqı müqaviləsi üzrə 56.150 (əlli altı min yüz əlli) ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ilə Cavabdehndən tutularaq “X1 San. Tic.A.” Şirkətinə verilməlidir. Qeyd edilən 40.000 ABŞ dolları məbləğində pulun tələb edilməsi isə bağlı ayrıca iddia qaydasında məhkəmə müraciət edə biləcəyi cavabdehə izah edilməlidir. Məhkəmə iddianın Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etməklə 5.615 ABŞ dolları məbləğində pulun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin ödənilməsini tələb etməkdə qismən haqlıdır. Eyni zamanda iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyi üçün gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, pretenziya məktubunun cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə alındığını, iddianın isə məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olduğunu nəzərə alaraq 12 gün gecikmə müəyyən edilir. Ona görə də, əsas borca illik 5 faiz hesablanmaqla tutulmalı olan məbləğ 92,3 (56.150x5/100=2.807,5 (1 il üçün), 2.807,5/365=7,691 (1 gün üçün), 7,691x12 =92,30 (12 gün üçün) ) ABŞ dolları təşkil edir. Ona görə də, əsas borca illik 5 faiz hesablanma 92,30 ABŞ dolları məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 400 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, cavabdeh tərəf mediasiya sesiyasında iştirak etməmiş və iddiaçının nümayəndəsi tərəfindən 400 manat məbləğində pul ödənilmişdir. Belə olan halda mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli YTBT2020/03 saylı müqavilə üzrə 56.150 (əlli altı min yüz əlli) ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ilə Cavabdehndən tutularaq “X1 San. Tic.A.” Şirkətinə verilsin. Əsas borca illik 5 faiz hesablanmaqla 92 (doxsan iki) ABŞ dolları 30 (otuz) sent məbləğində pul ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ilə Cavabdehndən tutularaq “X1 San. Tic.A.” Şirkətinə verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdehndən tutularaq “X1 San. Tic.A.” Şirkətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar