Məhkəmə qərarları › İş №e-2-2(113)-1480/2022

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1480/2022

31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1480/2022 31.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ("xxxx" MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 16009,25 (on altı min doqquz manat iyirmi beş qəpik) manat əsas və 14408 (on dörd min dörd yüz səkkiz) manat cərimə, 400 (dörd yüz) manat əldən çıxmış fayda və mediasiya üçün ödənilmmiş 200 (iki yüz) manat dövlət rüsumu olmaqla, cəmi 31017,25 (otuz bir min on yeddi manat iyirmi beş qəpik) manat pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 08 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehə satılması üçün müxtəlif vaxtlarda iddiaçıya məxsus mallar verilmişdir. Lakin cavabdeh tərəfindən sifariş olaraq verilmiş və təhvil alınmış 16009,25 manat məbləğində malın dəyəri İddiaçı MMC-yə ödənilməmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcının sifarişi əsasında malları alıcıya satır, alıcı isə hazırkı müqavilədə müəyyən edilmiş qiymətə, qaydaya və şərtlərə əsasən malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.2.1-ci bəndinə əsasən alıcı satıcının ona satdığı malı qəbul edib onun dəyərinin bu müqavilənin 2-ci maddəsində müəyyən edilmiş qaydada satıcıya ödənilməsini öz öhdəsinə götürür. Müqavilənin 4.2-ci bəndinə əsasən alıcı hazırkı müqavilənin X3 müəyyən edilmiş müddət ərzində ödənişi etmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün Protokolun ümumi məbləğinin 1% həcmində faiz tələb etmək hüququna maikdir. İddiaçı MMC tərəfindən 16009,25 manat borcun ödənilməsi ilə bağlı Cavabdeh MMC-yə məktub göndərilmişdir. Lakin hal-hazıradək borc məbləği geri qaytarılmamışdır. Həmin vəsaitə ümumilikdə 7 ay ərzində müqaviləyə əsasən 14408 (on dörd min dörd yüzsəkkiz) manat cərimə hesablanmışdır. İddiaçı bu fəaliyyət növündə bazarına daxil olmaq üçün və fəaliyyətlərini genişləndirmək üçün Banklardan kredit almışlar. Cavabdeh tərəfindən satılmış malların ödənişi vaxtında ödənilmədiyindən iddiaçının da üçüncü şəxslər qarşısında öhdəlikləri vaxtında yerinə yetirilməmişdir və buna görə də Banklardan kredit almaqla üçüncü şəxslərin öhdəlikləri yerinə yetirilmişdir. Bu borcun da bağlanması üçün iddiaçıya Bankdan kredit ayrılmış və borc agent qarşısında bağlanmışdır. Beləliklə, cavabdeh öhdəlikləri vaxtında yerinə yetirmədiyindən müqavilə üzrə 14408 (on dörd min dörd yüz səkkiz) manat dəbbə pulu və illik Bank faiz üçut dərəcəsini (illik manat 5%) nəzərə alaraq, 400 (dörd yüz) manat əldən çıxmış faydanı da iddiaçıya ödəməlidir. Faktiki olaraq cavabdeh həmin vəsaiti geri qaytarmamaqla faydalanmış və iddiaçıya ziyan vurmuşdur. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, Cavabdeh MMC-dən 16009,25 manat (on altı min doqquz manat 25 qəpik) əsas borc, 1000 (min) manat cərimə, 400 (dörd yüz) manat əldən çıxmış fayda və 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 17609,25 (on yeddi min altı yüz doqquz manat iyirmi beş qəpik) manat pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - “Satıcı” qismində "xxxx" MMC ilə “alıcı” qismində Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə 08 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcının sifarişi əsasında malları alıcıya satır, alıcı isə hazırkı müqavilədə müəyyən edilmiş qiymətə, qaydaya və şərtlərə əsasən malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən sifariş olunan malların xüsusiyyətləri (ölçüsü, miqdarı, çeşidi qiyməti habelə digər zəruri məlumatlar) müqavilənin ayrılmaz tərkib hissəsi olan X1 əsasən tərəflər arasında əvvəlcədən razılaşdırılır. Müqavilənin 2.1-ci bəndinə əsasən hazırkı müqavilənin ümumi dəyərini müqavilənin ayrılmaz tərkib hissəsi olan X2 cəmi təşkil edir. Müqavilənin 2.2-ci bəndinə əsasən satıcı və alıcı təhvil verilmiş mallara aid təhvil-təslim aktı imzalayır. Müqavilənin 2.3-cü bəndinə əsasən mallar sifariş olunduqdan sonra satıcı alıcıya elektron qaimə təqdim edir. Müqavilənin 2.4-cü bəndinə əsasən alıcı hazırkı müqaviləyə əsasən aldığı məhsulların dəyərini aldığı gündən 30 gün ərzində ayda 1 dəfə olmaqla Satıcının bank hesabına köçürmə və ya nağd yolu ilə ödəyir. Müqavilənin 2.5-ci bəndinə əsasən təchiz olunmuş mallarla aparılmış ödənişlər arasında uyğunluğun yoxlanılması məqsədilə tərəflərin hər birinin tələbi ilə qarşılıqlı hesablaşmaların tutuşdurulması aktı tərtib oluna bilər. - "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ********* nömrəli Malların satışı adlı sənəddən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ümumilikdə qiyməti 12096 manat təşkil edən mallar verilmiş, Cavabdeh MMC isə təhvil almışdır. - xx.xx.2021-ci il tarixli, EBBA seriyalı, 084524 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 13319,37 manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBA seriyalı, 230839 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5096,69 manat təşkil edir. - İddiaçı MMC tərəfindən xx.xx.2021-ci il tarixdə pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh MMC-yə müraciət edilərək borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəmə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya ödənilməmiş borcu yaranmışdır. Həmin borcun mövcudluğu iş materiallarında olan sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə sadalanan qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 16009,25 manat (on altı min doqquz manat iyirmi beş qəpik) məbləğində əsas borc, 1000 (bir min) manat cərimə, 400 (dörd yüz) manat əldən çıxmış fayda iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 200 (iki yüz) manat məbləğindəki pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 16009,25 manat (on altı min doqquz manat iyirmi beş qəpik) məbləğində əsas borc, 1000 (bir min) manat cərimə, 400 (dörd yüz) manat əldən çıxmış fayda, 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 17609,25 manat (on yeddi min altı yüz doqquz manat iyirmi beş qəpik) məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar