Məhkəmə qərarları › İş №e-2-2(113)-1480/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1480/2023

18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1480/2023 18.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “ekspeditor xidmətinə dair müqavilə üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yük daşıması müqaviləsi, ekspeditor, dəbbə pulu, hüquqi yardım xərci, mediasiya xərci, prosessual maraq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “ekspeditor xidmətinə dair müqavilə üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" QSC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 15 dekabr 2021-ci il tarixli ekspeditor xidmətlərinə dair müqavilə üzrə 11896 ABŞ dolları əsas borcun, 1189,6 ABŞ dolları cərimənin, 594,8 ABŞ dolları əldən çıxmış faydanın və 100 manat hüquqi yardım xərcinin, 200 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli 100761 saylı ekspeditor xidmətlərinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı cavabdehin yükünün yük maşını, dəmir yolu, dəniz, hava və (və ya) nəqliyyatın hər hansı digər növü ilə daşınması üçün ekspeditor xidmətlərini sonuncunun dəyəri və xərcləri hesabına təşkil edir və cavabdeh ekspeditor xidmətlərinin dəyərini ödəməlidir. Adıçəkilən müqaviləyə görə, ekpeditor xidmətlərinin qiyməti və ödəniş şərtləri müvafiq əlavələr ilə müəyyənləşdirilir. İddiaçının sözügedən müqaviləyə əsasən göstərdiyi xidmətlərin müqabili xx.xx.2022-ci il tarixli TBL 6164 saylı qəbul aktına əsasən 13072 ABŞ Dolları təşkil etmişdir və həmin vəsaitdən 1176 ABŞ Dolları ödəniş edilmişdir. Cavabdeh ekspeditor xidmətlərinə dair müqavilənin tələblərini pozaraq 11896 ABŞ Dolları vəsaiti iddiaçıya ödəməmişdir. 2.2. Qeyd edilən müqaviləyə uyğun olaraq gecikmiş ödəniş olan halda, iddiaçının müvafiq əlavəyə əsasən hər gecikdirilən gün üçün xidmətlərin ümumi dəyərinin 0,1 %-i dəyərində cavabdehdən cərimə ödənişi tələb etmək hüququ vardır. Lakin bu ödəniş müvafiq əlavəyə əsasən xidmətlərin ümumi dəyərinin 10 %-ni keçməməlidir. Bu səbəbdən ekspeditor xidmətlərinə dair müqavilə üzrə hesablanmış cərimə 1189,6 ABŞ Dolları təşkil edir. 2.3. Bundan başqa, cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirməməklə iddiaçıya zərər vurmuşdur. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüuqunu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından mərhum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hal-hazırda Mərkəzin Bankın uçot dərəcəsinə uyğun olaraq ekspeditor xidmətlərinə dair müqavilə üzrə hesablanmış əldən çıxmış fayda 594,8 ABŞ Dolları təşkil edir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 465, 467, 852-ci və s. maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, tərəflər arasında bağlanmış 15 dekabr 2021-ci il tarixli müqavilə üzrə əvvəllər də daşıma həyata keçirilmiş və həmin daşıma haqları ödənmişdir. Lakin hazırda daşımanın dəyərini təşkil edən 13072 ABŞ Dollarından yalnız 1176 ABŞ Dolları ödəniş edilmişdir. Cavabdeh borcunu etiraf etsə də, ödəməkdən yayınır.

5. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemində və X1 Sistemində yaradılmış elektron kabinetlərinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri yerləşdirilmiş, cavabdehin qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildiriş göndərilmiş, məhkəmə iclaslarının yeri və vaxtı barədə telefonoqramlar ötürülmüşdür. Amma cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Ekspeditor xidmətinə dair müqavilə üzrə əsas borcun tutulması tələbi ilə bağlı

7. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

8. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

9. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2021-ci il tarixli 100761 nömrəli ekspeditor xidmətlərinə dair müqavilənin 1-ci hissəsinə əsasən, Ekspeditor (iddiaçı) Sifarişçinin (cavabdehin) yükünün yük maşını, dəmir yolu, dəniz, hava və/və ya nəqliyyatın hər hansı digər növü ilə daşınması üçün ekspeditor xidmətlərini Sifarişçinin dəyəri və xərcləri hesabına təşkil edir və Sifarişçi hazırkı Müqavilənin 3-cü bölməsinə uyğun olaraq ekspeditor xidmətlərinin dəyərini ödəyir (1.1). Daşıma şərtləri, marşrut, yük nomenklaturası, həcmi, dərəcələri, Xidmətlərin siyahısı, ödəniş şərtləri və digər xüsusi şərtlər Tərəflər arasında razılaşdırılır və hazırkı Müqavilənin əlavəsi kimi rəsmiləşdirilən Xidmət Sifarişində göstərilir (1.2). Xidmət Sifarişi və Əlavələr bu Müqavilənin ayrılmaz tərkib hissəsidir (1.3).

10. Adıçəkilən müqavilənin 3-cü bəndinə görə, xidmətlərin və ödəniş şərtlərinin dəyəri hazırkı Müqavilənin müvafiq Əlavəsinə əsasən göstərilməli və nəzərdə tutulmalıdır (3.1). Hər iki Tərəfin imzaladığı Göstərilmiş xidmətlər haqqında Aktda xidmətlərin təhvil verildiyi/alındığı tarix qeyd edilməli və bu tarix Ekspeditor tərəfindən bu Müqavilə və ya müvafiq Xidmət Sifarişi üzrə xidmətlərin tam olaraq başa çatdırıldığını müəyyən etməlidir (3.2). Ödəniş şərtləri: Göstərilmiş Xidmətlər haqqında Aktın hər iki Tərəfin imzaladığı və ödəniş günü üçün hesab-fakturanın alındığı tarixdən etibarən 5 (beş) gün ərzində (3.3).

11. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli TBL 6164 nömrəli invoysdan (hesab-fakturadan) görünür ki, ödəmə tarixi xx.xx.2022-ci il olmaqla 13072 ABŞ dolları dəyərində daşımanın həyata keçirilməsi üçün rəsmiləşdirilmə aparılmışdır.

12. Məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli 6164 nömrəli qəbul aktından görünür ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə tərəflər 13072 ABŞ dollar dəyərində daşımanın həyata keçirildiyini təsdiqləmişlər.

13. İş materiallarında olan cavabdehin möhürü və direktorunun imzası ilə təsdiq edilən 18 iyul 2022-ci il tarixli öhdəlik məktubundan görünür ki, cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə və TBL6164 nömrəli daşıma invoysu və aktına əsasən, xx.xx.2022-ci il tarixdən etibarən malların çatdırılmasında yaranan 13072 ABŞ dolları borcu hər həftə minimal 1176 ABŞ dolları (2000 manat) olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

14. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli ekspeditor xidmətlərinə dair müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehin yükünün yük maşını, dəmir yolu, dəniz, hava və (və ya) nəqliyyatın hər hansı digər növü ilə daşınması üçün ekspeditor xidmətlərini sonuncunun hesabına təşkil etməyi, cavabdeh isə müqaviləyə uyğun olaraq ekspeditor xidmətlərinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilə üzrə iddiaçı xx.xx.2022-ci il tarixli invoys və qəbul aktı ilə dəyəri 13072 ABŞ dolları təşkil edən daşımanı həyata keçirilmiş, cavabdeh həmin daşıma haqqını invoysda göstərilən xx.xx.2022-ci il tarixdə ödəməyi öhdəsinə götürsə də ödəməmiş, bundan sonra xx.xx.2022-ci il tarixli məktubla mövcud borcunu etiraf etmiş, hissə-hissə ödəyəcəyini vəd etmişdir. Lakin sözügedən borc tam ödənilməmişdir.

15. İddiaçı ekspeditor xidmətlərinə dair müqaviləyə əsasən daşıma haqqını təşkil edən 13072 ABŞ dolları məbləğdən cavabdehin cəmi 1176 ABŞ dolları ödədiyini qeyd edir və ödənilməmiş 11896 ABŞ dolları pulun cavabdehdən tutulmasını xahiş edir.

16. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddia tələbinə etiraz etmir.

17. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

18. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xarvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

19. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin qeyd edir ki, kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

20. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə iddiaçının təqdim etdiyi bütün sübutlarla tanış ola bilməsinə baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

21. Məhkəmə hazırkı mübahisənin həllində tətbiq ediləcək hüquq normalarının şərh edilməsindən öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddiaçı xarici hüquqi şəxs olmaqla bərabər, tərəflər müqavilənin 7.1-ci bəndində müqavilə üzrə yaranacaq mübahisəyə baxmağa səlahiyyətli məhkəmə olaraq Azərbaycan Respublikasının məhkəmələrini göstərmişlər. Belə olan halda, məhkəmə hazırkı mübahisəyə baxmağa səlahiyyətlidir.

22. Həmçinin “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir (1.2.). Tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir (1.3).

23. Göründüyü kimi, xarici şəxslərin iştirakı ilə olan mübahisələrin düzgün həlli üçün hansı ölkənin hüquq normalarının tətbiqi məsələsi tərəflərin aydın ifadə edilən və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından irəli gələn razılığı əsasında müəyyənləşdirilməlidir. Hazırkı iş üzrə tərəflər arasında imzalanmış ekspeditor xidmətinə dair xx.xx.2021-ci il tarixli müqavilənin 7.1-ci bəndində göstərilmişdir ki, tərəflər razılığa gəlirlər ki, hazırkı Müqavilədən irəli gələn və ya Müqavilənin icrası ilə əlaqədar yaranan və Tərəflər arasında müzakirə yolu ilə həll oluna bilməyən bütün mübahisələr beynəlxalq logistika və daşıma hüququ və Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə Azərbaycan Respublikasının məhkəmələri tətəfindən həll olunur. Məhkəmə bildirir ki, tərəflər müqavilədə beynəlxalq logistika və daşıma hüququ anlayışını ümumi qeyd etmiş, konkret hüquqi akta istinad etməmişlər. Bununla bərabər, Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə mübahisənin həllini də qeyd etmişlər ki, mübahisənin xarici elementli iştirakçısı olan iddiaçı iddia ərizəsində məhz Mülki Məcəllənin normalarına istinad etməklə tələbini irəli sürmüşdür. Cavabdeh isə iddia ərizəsini almış, iddiaçının mübahisənin həlli üçün istinad etdiyi hüquqa etiraz etməmişdir. Belə olan halda, məhkəmə qeyd edir ki, hazırkı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll olunmalıdır.

24. Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

25. Həmin Məcəllənin 852.1-ci maddəsinə görə, ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Həmçinin 852.2-ci maddədə göstərilmişdir ki, daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir.

26. Göründüyü kimi, öz hüquqi təbiəti etibarilə yük daşıması müqaviləsi mülki qanunvericilikdə əvəzli və ikitərəfli müqavilə kimi təsbit edilməklə, daşıyıcının (ekspeditorun) yükü haqq müqabilində təyinat yerinə daşımağı, yük alanın isə qeyd edilən haqqı ödəməsi ilə şərtləndirilmişdir.

27. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə yük daşıması müqaviləsi olub, iddiaçının daşımanın dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 852.4-cü maddəsi təşkil edir.

28. Belə ki, Mülki Məcəllənin 852.4-cü maddəsinə görə, ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu)və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd.

29. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn muzdun ödənilməsini tələb etmək hüququnu realizə edir.

30. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

31. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

33. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

34. Beləliklə, məhkəmə hesab edir ki, yük daşıması müqaviləsi üzrə muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (yük göndərən) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

35. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, yük daşıma müqaviləsi üzrə 11896 ABŞ dolları borc cavabdeh "xxxx" QSC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.

b) Ekspeditor xidmətinə dair müqavilə üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

36. İddia ərizəsində iddiaçı 1189,6 ABŞ dolları cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.

37. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli ekspeditor xidmətinə dair müqavilənin 4.1-ci maddəsinə əsasən, hazırkı Müqaviləyə əsasən ödəniş gecikdirildiyi halda, Ekspeditor (iddiaçı) müvafiq Əlavəyə uyğun olaraq xidmətlərin ümumi dəyərinin 0,1 %-i həcmində, gecikmiş ödənişin hər təqvim günü üçün, lakin müvafiq Əlavəyə əsasən xidmətlərin ümumi dəyərinin 10 %-dən çox olmayaraq Sifarişçiyə (cavabdehə) cərimə tətbiq etmək hüququna malikdir.

38. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

39. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.

40. Həmin Məcəllənin 465.2-ci maddəsində göstərilmişdir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

41. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

42. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

43. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Eyni zamanda nəzərə alınır ki, cavabdeh hissəvi ödəniş etmişdir.

44. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 594 ABŞ dolları həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

45. Məhkəmə belə qənaətə gəlir ki, cərimənin tutulması hissəsində tələb qismən təmin edilməli, 594 ABŞ dolları məbləğində pul cavabdeh "xxxx" QSC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.

c) Ekspeditor xidmətinə dair müqavilə üzrə faiz məbləğinin tutulması tələbi ilə bağlı

46. İddiaçı cavabdehin üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirməməklə iddiaçıya zərər vurduğunu qeyd edir, Mərkəzin Bankın uçot dərəcəsinə uyğun olaraq ekspeditor xidmətlərinə dair müqavilə üzrə hesablanmış əldən çıxmış fayda olaraq 594,8 ABŞ Dolları pulun cavabdehdən tutulmasını tələb edir.

47. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır.

48. Belə ki, iddiaçı bank uçot dərəcəsinə uyğun olaraq hesabladığı əldən çıxmış fayda şəklində zərərin əvəzinin ödənilməsi barədə tələb irəli sürmüşdür. İddianın əsaslarına görə həmin zərər cavabdeh tərəfindən pul öhəliyinin icrasının gecikdirilməsi nəticəsində yaranmışdır.

49. Bu baxımdan qeyd olunur ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.

50. Hazırkı işdə də həmin əsasların mövcudluğu təsdiq olunur.

51. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 3.3-cü bəndinə görə göstərilmiş Xidmətlər haqqında Aktın hər iki Tərəfin imzaladığı və ödəniş günü üçün hesab-fakturanın alındığı tarixdən etibarən 5 (beş) gün ərzində ödənişin həyata keçirilməsi razılaşdırılmış, xx.xx.2022-ci il tarixli TBL 6164 nömrəli invoysda 13072 ABŞ dolları dəyərində daşıma haqqının ödəmə tarixi xx.xx.2022-ci il olaraq qeyd olunmuş, lakin 11896 ABŞ dolları məbləğində pul ödənilməmişdir.

52. İddiaçı ödənişin gecikdirildiyi müddət üçün ona dəymiş zərərin məbləğini bank uçot dərəcəsinə əsasən hesablamışdır. Bu qayda Mülki Məcəllənin 449.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

53. Lakin həmin maddəyə əsasən iddianın təmin edilməsi üçün iddiaçı sübut etməlidir ki, cavabdeh pul vəsaitini özündə saxlamaqla ondan faydalanmışdır. Bu halı təsdiq edən sübutlar isə təqdim edilməmişdir.

54. Bununla yanaşı, Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

55. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.

56. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərərin məbləği Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmalıdır. Çünki iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyi üçün gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər.

57. Göstərilmiş Xidmətlər haqqında Aktın hər iki Tərəfin imzaladığı və ödəniş günü üçün hesab-fakturanın alındığı tarixdən etibarən 5 (beş) gün ərzində ödənişin həyata keçirilməsinin razılaşdırıldığını, xx.xx.2022-ci il tarixli TBL 6164 nömrəli invoysda 13072 ABŞ dolları dəyərində daşıma haqqının ödəmə tarixi olaraq xx.xx.2022-ci il tarixin qeyd olunduğunu nəzərə alan məhkəmə qeyd edir ki, ödənilməsi gecikdirilmiş borca görə illik 5% hesablamanın başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmaqla iddia ərizəsi ilə tələb irəli sürülən xx.xx.2023-cü il tarixədək həyata keçirilməlidir.

58. Həmin müddət üçün hesabla aparıldıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasını gecikdirilməsi nəticəsində iddiaçıya dəymiş zərərin məbləği 420,43 ABŞ dolları (11896 ABŞ dolları x5 %/100=594,8 ABŞ dolları/365 gün=1,********** (1 günün faizi) x258 gün) təşkil edir.

59. Belə olan halda məhkəmə hesab edir ki, bu hissədə iddia qismən təmin olunmalı, 420,43 ABŞ dolları cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

60. İddiaçı həmçinin 100 manat hüquqi yardım xərcinin və 200 manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.

61. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/6-6664 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixli mediasiya sessiyasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərci "xxxx" MMC tərəfindən ödənilmişdir.

62. Məhkəməyə təqdim edilən ******* nömrəli vəkil orderindən və xx.xx.2022-ci il tarixli ödəmə qəbzindən görünür ki, 100 manat məbləğində pul xx.xx.2022-ci il tarixli 74 nömrəli müqavilə üzrə iddiaçının nümayəndəsinə köçürülmüşdür.

63. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

64. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə göstərilmişdir ki, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

65. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.

66. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

67. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

68. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

69. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

70. Məhkəmə vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan məbləğin ağlabatan olduğunu və mübahisənin əmələ gəlməsində cavabdehin mediasiya prosesində iştirak etməməsi və pretenziya məktubuna cavab verməməsinin bilavasitə rolu olduğunu nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 100 manat məbləğində pul cavabdeh "xxxx" QSC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.

V. Nəticə:

71. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli ekspeditor xidmətinə dair müqavilə üzrə 11896 (on bir min səkkiz yüz doxsan altı) ABŞ dolları əsas borc, 594 (beş yüz doxsan dörd) ABŞ dolları cərimə borcu, əsas borca illik 5 faizlə hesablanan 420 (dörd yüz iyirmi) ABŞ dolları 43 (qırx üç) sent pul olmaqla, ümumilikdə 12910 (on iki min doqquz yüz on) ABŞ dolları 43 (qırx üç) sent məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar