Məhkəmə qərarları › İş №e-2-2(113)-1481/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1481/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1481/2025 18.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh2 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-cü il tarixli, S223/22 saylı təchizat müqaviləsi əsasında 4863,44 manat əsas, 6273,84 manat dəbbə pulu və 123 manat dövlət rüsumu olmaqla cəmi 111260,28 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-cü il tarixdə “X6 Company” MMC ilə fiziki şəxs X4 arasında S223/22 saylı “təchizat” müqaviləsi müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “X6 Company” MMC, yəni satıcı bu müqavilədə nəzərdə tutulmuş malları alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü maddəsinə əsasən Bu “müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq “mal”ların “satıcı” qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş “Mal”ın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində “satıcı”nın ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. “Mal”ların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, “alıcı” satılan “mal”ın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. “Mal”ların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu “müqavilə”yə əsasən onun dəyərinə daxildir. “satıcı”nın ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş “mal”lar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış “mal”ların nağd şəkildə ödənişi mümkündür. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri xx.xx.2023-cü il tarixli EBCN seriyalı 858028 №li, EBDC seriyalı xx.xx.2023-cü il tarixli 738327 saylı, EBDA seriyalı 630581 saylı xx.xx.2023, EBCO seriyalı xx.xx.2023-ci il tarixli 901552-saylı, xx.xx.2023-cü il tarixli EBCO seriyalı 901552 saylı elektron-qaimə fakturaları əsasında mallar təchizatçı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı X5 elektron-qaimələrə əsasən ƏDV daxil 4863,44 (dörd min səkkiz yüz altmış üç manat qırx dörd qəpik) qəpik manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq təchizatçıya, yəni “X6 Company” MMC-yə ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı müddəaları nəzərdə tutan 6-cı maddəsinin tələbinə görə “tərəflər” arasında bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəma qaydasında həll olunur. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu gödəndilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir.

3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə verib cavabdehdən 4863,44 manat əsas, 243,17 manat dəbbə pulu və 123 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ə.Səlimov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 5063,44 manat dəyərində mal təhvil verilmiş, həmin malın müqabilində cəmi bir dəfə olmaqla 200 manat ödəniş edilmiş, qalıq borc ödənilməmişdir. Cavabdeh satılmış mallardan hər hansı birini geri qaytarmamışdır. Cavabdehin iddia etdiyi kimi əlavə ödəniş edilsə idi, yaxud mal geri qaytarılsa idi, bu barədə hər hansı sübut olardı. Cavabdehin göstərdiyi xüsusatlar həqiqəti əks etdirmir.

5. Məhkəmə iclasında cavabdeh izahatında göstərdi ki, tərəflər arasında hər hansı yazılı müqavilə yoxdur. İddiaçının təqdim etdiyi müqaviləni o deyil, ona məxsus mağazada satıcı işləyən Rəşad adlı şəxs imza etmişdir. Belə ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən “Müşfiq Şərab evi” onlara məxsusdur, həmin mağazada bəzən o, bəzən də satıcı işləyən Rəşad adlı şəxs olur. Malları da qaimələrə Rəşad qol çəkərək qəbul etmişdir. İddiaçı tərəfindən ona təhvil verilmiş mallardan təxminən 1000 manat dəyərində hissəsi satılmadığı üçün iddiaçı tərəfindən ondan geri alınmış, bundan əlavə, tərəfindən 200 manatdan başqa da ödənişlər edilmiş, hazırda qalıq borcu 776,33 manat təşkil edir. Onun iddiaçıya başqa borcu yoxdur. Mallar geri qaytarılan zaman akt tərtib edilsə də, hazırda həmin sənədi tapıb təqdim edə bilmir. Ödənişləri isə hissə-hissə olmaqla satış təmsilçisinə ödəmişdir. Nə qədər dəqiq olaraq ödəniş etməsi, dəqiq nə qədər dəyərdə malları geri qaytarmasını bilməsə də, hazırda borcunun 776,33 manat təşkil etməsi dəqiqdir. İddianın yalnız həmin hissədə təmin edilməsini xahiş edir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBCN 858028 nömrəli 376,12 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBCO 901552 nömrəli 3363,60 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDA 630581 nömrəli 1135,56 manat məbləğində və xx.xx.2023-cü il tarixli 188,16 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.

8. Təhvil aktlarına əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə 188,16 manat, xx.xx.2023-cü il tarixdə 1135,56 manat, xx.xx.2023-cü il tarixdə 3363,60 manat və xx.xx.2023-cü il tarixdə 376,12 manat dəyərində mallar təhvil verilmişdir.

9. 13.02.2023-cü il tarixli kassa mədaxil orderinə əsasən cavabdeh tərəfindən iddiaçıya 200 manat məbləğində ödəniş edilmişdir.

10. Tərəflərin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 2023-cü ildə təxminən 8 ay İddiaçı MMC-də satış təmsilçisi işləmişdir. Abbaszadə Aydını tanıyır, ona mal vermişdir. Sifarişi o və digər əməkdaşlar yazıb, ofisə göndərirdi. Həmin dövrdə şirkətin 30 ekspeditoru olub. 2023-cü ildə bütün ekspeditorlara şirkətin bağlanması ilə bağlı işdən çıxmaları deyilmiş, ərizələr alınmış və işdən çıxarılmışlar. İşdən 11 sentyabr 2023-cü ildə çıxmışdır. O da həmin ərəfədə Müşviq, Xocasən, Sulutəpə, Nasosnu qəsəbələri ilə məşğul olurdu. Cavabdeh2 yalnız işlədiyi vaxtda tanımışdır. Müşviq qəsəbəsində Şərab evi adlı mağazası var idi, oraya mallar aparırdılar. Cavabdeh2lə ilk gündən o ekspeditor kimi işləmişdir. Onlar müştərini tapır, şirkətin nümayəndəsi gedib baxır, əgər uyğun olarsa müqaviləni bağlayırdı. Mağazaya gedəndə Rəşad adlı şəxs malları təhvil alırdı. Mağazada kamera sistemi var idi. Cavabdeh2 də mal qəbulundan xəbəri olurdu. Sifariş ona verilirdi. Onun işi müştərini tapmaq, sifarişi götürmək, pulları yığmaq idi. Elə müştəri var idi ki, pulu nağd verirdi, eləsi var idi köçürmə edirdi. Aqilin mağazası ödənişləri nağd edirdi. Marketin dövriyyəsi zəif idi, mallar satılmırdı. İddiaçı tərəfindən cavabdehə təqribən 5000-6000 manat dəyərində mal verilmişdir. Satıcı Rəşad ona təqribən 1500-2000 manat pul ödəmişdir. Aldığı pulu şirkətə verirdi. Şirkət isə öz növbəsində gah qəbz verirdi, gah da vermirdi. Alıyevin borcu olsa idi onu işdən çıxmağa qoymazdılar. Alıyev ondan borcun ödənilməsi ilə bağlı qəbz tələb etmirdi. Pulu alanda qeyd edirdi, gələn dəfə hesab fakturada azalma olduğunu özü görürdü. Rəşad mağazada nə qədər pul verməsi ilə bağlı dəftərinə qol çəkdirirdi. Təhvil verilən mallardan geri götürülən mallar da olub. Malları hissə-hissə götürmüşlər. Malları götürməklərini şirkətin direktoru bildirmişdi. Şirkətin direktoru hansı marketdə depo doludur, satış zəifdirsə malların götürülməsi barədə göstəriş vermişdi. Cavabdeh2 ilə 4 ay işləmişdir, hər ay 300-400 manat civarında pul ödənilirdi. Şirkət daxilində auditlər dəyişdi, bildirdi ki, mallar geri çəkilməlidir, həmin ərəfədə Əflatun müəllim işləmirdi. Malları audit mağazadan geri götürmüş, o, həmin prosesdə iştirak etməmiş, lakin daha sonra depo rəisindən eşitmişdir ki, cavabdehdən satılmayan mallar geri qaytarılıb. Aqilin mağazasının deposunda olan satılmamış mallar hamısı götürülmüşdü, təqribən mağazada 700 manat civarında mal qalmışdı. Cavabdeh2lə bu barədə üzləşmə apardılar. Ondan sonra audit mağazaya gedib, sənədləşmə işləri aparıb. Bu günə cavabdehin borcu 700 manat civarındadır, dəqiq bilmir. Bununla bağlı üzləşmə aktı imzalamışlar, onda bir nüsxəsi qalmamışdır. Aqilin mağazasına ekspeditor kimi işləyən zaman hər həftə 2 dəfə olmaqla getmiş, Aqil ayda bir dəfə 200-300 manat civarında ödəniş edirdi. Aqilin konkret olaraq nə qədər dəqiq ödəniş etməsini, nə qədər malı geri qaytarmasını, dəqiq nə qədər borcu qalmasını bilmir.

11. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.

12. Belə ki, işin mübahisəsiz olaraq məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında 2023-cü ildə alqı-satqı münasibətləri yaranmış, həmin müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya 2023-cü ilin yanvar-mart ayları ərzində ümumilikdə 5063,44 manat məbləğində mal təhvil verilmişdir.

13. Cavabdeh məhkəməyə cari borcunun 776,33 manat təşkil etdiyini, təhvil adlığı mallar üzrə daha çox ödəniş etdiyini və malların bir qismini iddiaçıya geri qaytardığını bildirsə də, məhkəməyə bununla bağlı hər hansı mötəbər və təkzibedilməz sübutu təqdim edə bilməmişdir.

14. Məhkəmə qeyd edir ki, hazırkı halda «qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair» prezumpsiya tətbiq edilməlidir.

15. Belə ki, MPM-in 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Cavabdehin təqdim etdiyi yeganə sübut şahid ifadəsi olmuşdur.

17. Şahid ifadəsində cavabdehin iddiaçıya hazırkı borcunun məbləğinin təxminən 700 manat civarında olduğunu, cavabdehin iddiaçıya təxminən 1500-2000 manat ödəniş etdiyini, malların bir qisminin də əlavə olaraq iddiaçıya geri qaytarıldığını bildirsə də, lakin ödənişlərin ümumi məbləği, hansı şəraitdə ödənilməsi, eləcə də hansı tarixlərdə ödənilməsi ilə bağlı konkret heç bir məlumat verə bilməmiş, yalnız çox ümumi olan ifadələr işlətmiş, malların hansı qaydada, hansı həcmdə geri qaytarılması barədə məlumat verə bilməmiş, malların geri qaytarılmasının birbaşa iştirakçısı olmadığını, bu barədə məlumatın iddiaçının digər işçilərindən almasını göstərmişdir.

18. Beləliklə də cavabdehin təqdim etdiyi şahidin ifadəsi kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu ifadə cavabdehin etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.

19. Cavabdeh bununla bağlı başqa sübut təqdim edə bilməmişdir.

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

21. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93).

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

23. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

24. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

25. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

26. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

27. Yuxarıda göstərilənlərə əsasən işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehdən 4863,44 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

28. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə alqı-satqı müqaviləsinin 5.1-ci bəndinə əsasən hesablanmış 243,17 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

29. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

30. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

31. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında dəbbə pulunun ödənilməsi ilə bağlı yazılı razılaşma mövcud deyildir.

32. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-cü il tarixli, S223/22 saylı təchizat müqaviləsinin cavabdeh tərəfindən deyil, Məmmədov Rəşad adlı şəxs tərəfindən imzalanması faktı məhkəmə iclasında iddiaçının nümayəndəsi və şahid tərəfindən təsdiq edilmiş, iddiaçı tərəfindən məhkəməyə həmin şəxsin cavabdehin adından müqavilə imzalamağa səlahiyyəti olmasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.

33. Odur ki, tərəflər arasında müqavilə üzrə borcun ödənilməsi ilə bağlı öhdəliyin lazımınca icra edilməməsi və icra edilməməsi ilə bağlı dəbbə pulunun ödənilməli olması barədə yazılı razılaşma olmadığından məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

34. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 4863,44 manat əsas borc tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 68,64 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 22,36 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 4863,44 manat əsas borc, 68,64 manat dövlət rüsumu, ümumilikdə 4932,08 (dörd min doqquz yüz otuz iki manat səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 68,64 (altmış səkkiz manat altmış dörd qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar