Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1482/2022 27.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması, müqavilənin ləğvi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) “borcun tutulması, müqavilənin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 06 fevral 2020-ci il tarixli KTADM-20/0008 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi”nə əsasən 620.85 manat gecikdirilmiş əsas borcu, 60.96 manat faiz borcu və 40.30 manat gecikdirilmiş günlərə görə cərimə borcu nəzərə alınmaqla, ümumillikdə 722.11 manat və 20 manat məbləğində ödənilmiş mediasiya xərcinin və 10 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış 06 fevral 2020-ci il tarixli KTA-DM-20/0008 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi”nə xitam verilməsi, həmçinin lizinq predmeti olan 6 baş “Simmental” cinsli damazlıq heyvanın sağlam vəziyyətdə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 06 fevral 2020-ci il tarixli KTADM-20/0008 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi” bağlanmış və bu müqaviləyə əsasən 6 baş “Simmental” cinsi damazlıq heyvan 36 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan damazlıq heyvanlar 06 fevral 2020-ci il tarixli Lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 27.000 manat təşkil etmişdir. Həmin məbləğin 15.770 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 6760 manat məbləğində ilkin ödəniş, 1350 manat müqavilənin rəsmiləşdirmə komissiyası və 3061.80 manat sığorta haqqı iddiaçıya ödənilmişdir. Eyni zamanda, cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə 22.02.2022-ci il tarixə cavabdehin lizinq müqaviləsi üzrə 620.85 manat gecikdirilmiş əsas və 60.96 manat faiz borcu yaranmışdır. Qeyd olunan müqavilənin 11.3cü bəndinə görə, Lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, Lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən, cavabdehin 22.02.2022-ci il tarixinə 40.30 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə, tərəflərindən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə 21.01.2022-ci il tarixli, PLX-22/0015 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bundan başqa 26.01.2022-ci il tarixdə, saat 14:00-a təyin edilmiş mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir. Tərəflərindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 20 manat həcmində mediasiya xərci ödənmişdir. Beləliklə, cavabdehin iddiaçı qarşısında “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi”nə əsasən 22.02.2022-ci il tarixə qədər 620.85 manat gecikdirilmiş əsas, 60.96 manat faiz borcu və 40.30 manat gecikdirilmiş günlərə görə cərimə borcu yaransa da, cavabdeh həmin ödənişləri icra etməkdən yayınır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Q.Şahverdiyev iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onlara həmin heyvanların tələf olması və ya kəsilməsinə razılıq verilməsi barədə hər hansı müraciət olmamışdır. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ona lizinq müqaviləsi üzrə 6 baş “Simmental” cinsli damazlıq heyvan verilmişdir. Həmin müqavilə üzrə ödənişləri 2021-ci ilin avqust ayına qədər vaxtında ödəmiş, həmin tarixdən sonra isə ödənişləri ödəməkdən imtina etmişdir. Belə ki, həmin heyvanlardan birinin nəsil artırmaq qabiliyyətinə malik olmadığını bildikdən sonra həmin heyvanın saxlanılması böyük xərc tələb etdiyi üçün iddiaçının şifahi razılığı əsasında həmin heyvanı kəsmişdir. Heyvanlardan biri isə xəstəlik nəticəsində ölmüş, bu barədə tərəfindən sığorta təşkilatına məlumat verilmiş, lakin sığorta təşkilatı tərəfindən ona “heyvanın ölümü ilə bağlı laboratoriya rəyi olmaması” əsası ilə sığorta ödənişi verilməsindən imtina edilmişdir. Heyvan tərəfindən artıq torpağa basdırıldığı və həmin laboratoriya rəyini alması artıq mümkün olmadığı üçün sığorta təşkilatının həmin imtinasını mübahisələndirməmişdir. Hesab edirik ki, ona sığorta haqqı ödənildikdən sonra hazırkı müqavilə üzrə ödənişləri ödəməlidir. Hazırkı halda tərəfindən hər hansı ödəniş edilməməlidir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 06 fevral 2020-ci il tarixli KTA-DM-20/0008 nömrəli aqrar kredit və inkişaf agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 müqaviləsinə əsasən lizinq verən (iddiaçı) lizinq alan (cavabdeh) tərəfindən seçilmiş damazlıq heyvanları öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Lizinq obyektinin qiyməti 27000 manat, lizinq obyektinə tətbiq olunan subsidiya məbləği 15770 manat təşkil edir. Müqavilənin 2.1-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə bütün ödənişlər və bu müqavilənin bağlanması ilə bağlı yaranmış ödənişlər (sığorta haqqı, komissiya və s.) Əlavə №1-də göstərilən cədvəl üzrə həyata keçirilir. Müqavilənin 11.3-cü bəndinə əsasən lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 %-i miqdarında cərimə hesablamaq hüququna malikdir. Müqaviləyə 2 nömrəli əlavədə 06 fevral 2020-ci il tarixli KTA-DM-20/0008 nömrəli aqrar kredit və inkişaf agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 müqaviləsinə əsasən cavabdeh tərəfindən aylar üzrə ödəməli olduğu məbləğlər qeyd olunmuşdur. Lizinq obyektinin təhvil-təslimi barədə KTA-KTT-DM-20/0008-T-005 nömrəli aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə aktda qeyd olunmuş birkalar üzrə 6 baş damazlıq istiqamətli Simmental cinsli mal-qarada heç bir qüsur aşkar edilmədən, termometriya edilib sağlam şəkildə cavabdehə təhvil verilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 21.01.2022-ci il tarixli PLC-22/0015 nömrəli gecikdirilmiş lizinq ödənişlərinin və lizinq obyektinin qaytarılmasına dair xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış 06 fevral 2020-ci il tarixli KTA-DM-20/0008 nömrəli daxili lizinq müqaviləsinə əsasən yaranmış 570,32 manat gecikdirilmiş borcunun 3 iş günü ərzində qaytarılmasını tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq edilmişdir. 22 fevral 2022-ci il tarixli PLM-22/0044/2 nömrəli maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 06 fevral 2020-ci il tarixli KTA-DM-20/0008 nömrəli daxili lizinq müqaviləsinə əsasən 22.02.2022-ci il tarixə cavabdehin gecikdirilmiş əsas borcu 620,85 manat, faiz borcu 60,96 manat, cərimə borcu 40,30 manat, ümumilikdə borcu 722,11 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 06 fevral 2020-ci il tarixli KTA-DM-20/0008 nömrəli lizinq müqaviləsi bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilələrlə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektlərini müqavilələrin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilələrlə üzərinə düşən öhdəlikləri tam icra etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3.-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 06 fevral 2020-ci il tarixli KTA-DM-20/0008 nömrəli lizinq müqaviləsi imzalanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək KTA-KTT-DM-20/0008-T-005 nömrəli təhsvil-təslim aktı əsasında lizinq obyektini (6 baş damazlıq istiqamətli Simmental cinsli mal-qara) müqavilə şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmişdir. Cavabdehin nəticədə həmin müqavilə üzrə iddiaçıya 620.85 manat gecikdirilmiş əsas borcu, 60.96 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış müqavilə ləğv edilməli, cavabdehdən həmin müqavilə üzrə yaranmış borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 11.3cü bəndinə əsasən hesablanmış 40,30 manat məbləğində cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə iddia tələbini lizinq predmeti olan 6 baş “Simmental” cinsli damazlıq heyvanın sağlam vəziyyətdə qaytarılmasına dair hissədə də əsaslı hesab edir. Belə ki, Mülki Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Cavabdeh iddiaya etiraz edərək, ona təhvil verilmiş heyvanlardan birinin nəsil artırmaq qabiliyyətinə malik olmadığını bildikdən sonra həmin heyvanın saxlanılması böyük xərc tələb etdiyi üçün iddiaçının şifahi razılığı əsasında həmin heyvanı kəsməsini bildirsə də, heyvanın tələf edilməsinə iddiaçının razılığının verilməsinə dair hər hansı mötəbər sübutu Məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 8.2.11-ci bəndinə əsasən lizinq alan damazlıq heyvanların dəyəri tam ödənilənədək onu sata, bağışlaya və kəsə bilməz. Həmin müqavilənin 8.2.13-cü bəndinə əsasən lizinq alan lizinq obyektinə aid olan bütün məsələlər və hallar barədə vaxtında lizinq verənə yazılı məlumat verməlidir. Belə ki, Mülki Məcəllənin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Eyni zamanda, məhkəmə cavabdehin ona təhvil verilmiş heyvanlardan birinin xəstəlikdən ölməsi, bununla bağlı sığorta ödənişi verildikdən sonra müqavilə üzrə ödənişlərini etmək öhdəliyinin olmasına dair dəlilini də əsassız hesab edir. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 8.2.1-ci bəndinə əsasən lizinq obyektinin faktiki vəziyyətindən asılı olmayaraq, lizinq verən tərəfindən hesab təqdim edilmədən lizinq ödənişlərini qrafik ilə müəyyən edilmiş vaxtda və həcmdə həyata keçirmək, 12.4.1-ci bəndinə əsasən sığorta hadisəsi baş verdikdə, hadisənin baş verməsini bildiyi andan dərhal Lizinq verənə və sığortaçıya, həmçinin müvafiq orqanlara məlumat vermək, lizinq obyektinə sığortaçının nümayəndəsi tərəfindən baxış keçirilənədək hadisə yerini tərk etməmək lizinq alanın vəzifəsidir. Müqavilənin 12.6-cı bəndinə əsasən lizinq obyekti məhv edildikdə, talandıqda və ya itirildikdə, habelə lizinq obyekti zədələndiyi və ya bərpa oluna bilmədiyi halda və bu hadisə sığortaçı tərəfindən sığorta hadisəsi hesab edilmədikdə, lizinq alan bu hadisənin baş verdiyi andan 15 təqvim günü ərzində lizinq obyektinin cari dəyərinin tam məbləğini, ödənilməmiş cari lizinq ödənişlərinin məbləğini, müqaviləyə əsasən lizinq alan tərəfindən ödənilməli olan cərimə və ya penyanı, habelə belə hadisənin baş verməsi nəticəsində lizinq verənə vurulmuş zərər və itkilərin ödənilməsi üçün tələb olunan məbləği lizinq verənə ödəməlidir. Bundan əlavə, Mülki Məcəllənin 748-9-cu maddəsinə əsasən əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir. Cavabdeh izahatında ona təhvil verilmiş bir ədəd damazlıq heyvanın tələf olması halının sığortaçı tərəfindən sığorta hadisəsi hesab edilmədiyini, bu səbəbdən ona sığorta ödənişinin verilməsindən imtina edildiyini göstərmişdir. Göstərilənlərə əsasən cavabdehin lizinq obyektinin olmaması səbəbindən onun lizinq müqaviləsi üzrə öhdəliklərindən azad olması barədə dəlili əsaslı hesab edilə bilməz. Nəticə: Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış müqavilə ləğv edilməli, lizinq predmeti olan 6 baş “Simmental” cinsli damazlıq heyvan iddiaçıya sağlam vəziyyətdə qaytarılmalı, cavabdehdən 620.85 manat gecikdirilmiş əsas borcu, 60.96 manat faiz borcu, 40,30 manat cərimə, ümumilikdə 722,11 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallarda olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 26 yanvar 2022-ci il tarixli MŞB/2-00113 nömrəli arayışdan görünür ki, iddiaçı tərəfdən ilkin mediasiya sessiyasında iştirak edilməsi ilə bağlı 20 manat mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 20 manat mediasiyaya dair xərc və 10 manat dövlət rüsumu caavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 620.85 (altı yüz iyirmi manat səksən beş qəpik) manat gecikdirilmiş borc, 60.96 (altmış manat doxsan altı qəpik) manat faiz borcu, 40.30 (qırx manat otuz qəpik) manat cərimə, ümumilikdə 722,11 (yeddi yüz iyirmi iki manat on bir qəpik) manat, mediasiya prosesi ilə bağlı ödənilmiş 20 (iyirmi) manat və ödənilmiş 10 (on) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06.08.2018-ci il tarixli 1040-L/18 nömrəli lizinq müqaviləsi ləğv edilsin və lizinq predmeti olan 6 (altı) baş “Simmental” cinsli damazlıq heyvan sağlam vəziyyətdə Cavabdeh alınaraq İddiaçı ASC-yə qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1482/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1482/2022
27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver