Məhkəmə qərarları › İş №e-2-2(113)-1483/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1483/2022

25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1483/2022 25.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının qanuni təmsilçisi X6, iddiaçının nümayəndəsi X7, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı firmasının Cavabdeh MMC-yə qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı firması Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.03.2021-ci il tarixli AM-29032021 saylı müqaviləsinə əsasən İddiaçı firmasına məxsus “Genie GTH 4013SX” markalı teleskopun təmir olunaraq, təhvil verilməsi barədə öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilmədiyindən ödənilmiş – 7.552,69 manat məbləğində ödənilmiş əsas vəsaitin, 21.000 manat əldən çıxmış faydanın, 200 manat məbləğində mediasiya xərcinin, ümumilikdə 28.752,69 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq, İddiaçı firmasına verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sifarişçi “Xəzər -1” firması ilə Cavabdeh MMC arasında bağlanmış 29.03.2021-ci il tarixli, AM-29032021 saylı texniki xidmətlərin göstərilməsi və ehtiyat hissələrinin təmiri” barədə müqavilənin şərtlərinə uyğun olaraq, İddiaçı firmasının balansında olan maşın-mexanizmlərin təmiri və bərpası nəzərdə tutulmuşdur. İlkin olaraq təmirə təqdim olunmuş “Genie GTH 4013SX” markalı teleskopun təmiri üçün təqdim olunmuş 05.04.2021-ci il tarixli, EBAZ 651371 saylı elektron qaiməyə əsasən göstəriləcək xidmətlərin müqabilində 7.552,69 manat vəsait icraçının hesabına köçürülmüşdür. Bununla yanaşı müqavilədə nəzərdə tutulan xidmətlərin göstərilməsi ilə bağlı işlərin texniki tərtibatını əks etdirən sənədləşdirmə onlara təqdim edilməmişdir. Bundan sonra təmirə təqdim olunmuş “Genie GTH 4013SX” markalı Teleskopun təmiri üçün gərəkli texniki prosedurlar aparılmadan, yəni texniki normalara uyğun olaraq mexanizm sökülərkən onların nümayəndəsinin iştirakı təmin olunmadan və ya mühərrikin sökülməsini video görüntü altında aparmadan açılmış, qüsur aktı tərtib olunmadan təmir edilmiş və 3 ay zəmanət verilməklə “Genie GTH 4013SX” markalı Teleskop sifarişçiyə qaytarılmışdır. Bu tip mexanizmlərə aylıq müddət göstərilməklə zəmanət verilə bilməz. Bu qeyd olunan nöqsanların aradan qaldırılması və təmir zamanı texniki normalara əməl olunmaması barədə icraçıya 14 iyun 2021-ci il tarixli x2\01\x-28\b saylı və 20 avqust 2021ci il tarixli x2\01\x-40 saylı pretenziya məktubları göndərilmişdir. Eyni zamanda xidmətdə yuxarıda qeyd olunan qusurların olmasına baxmayaraq, gələcək əməkdaşlıqlarının davam etməsi və xidmətdə icraçının səmimi olacağını nəzərə alaraq, 7.552,69 manat məbləğində vəsaitin icraçının hesabına köçürülməsi təmin olunmuşdur. Bütün bunlara baxmayaraq, 3 ay keçmədən mexanizmin yeni yığılmış mühərrik hissəsində nasazlıq yarandığından işləməmiş və təmir üçün icraçıya qaytarılmışdır. İcraçı tərəfindən əlavə təmir üçün göndərilmiş 24 iyun 2021-ci il tarixli AM-TR-06210140 saylı hesab faktura (invoce) əsasında 5.936,20 manat məbləğində vəsaitin köçürülməsi tələb olunmuşdur. Hesabfakturaya nəzər yetirən zaman 2 ay əvvəl təmir olunmuş hissələrin yenidən təmir olunacağı qeyd olunur. Bu da bir daha deməyə əsas verir ki, icraçı maşın-mexanizmin təmirində yuxarıda qeyd olunan texniki normalara riayət olunmamaqla işi vicdanla yerinə yetirməmiş və bu hərəkəti ilə sifarişçi tərəfə xeyli ziyan vurmuşdur. Bütün bunlar icraçının nəzərinə çatdırılmasına baxmayaraq, “Genie GTH 4013SX” markalı Teleskop 11.11.2021ci il tarixinə kimi nasaz və sokülmüş vəziyyətdə icraçının emalatxanasında qalmışdır. Əlavə ödənişlə bağlı razılıq əldə olunmadığından mexanizm sökülmüş vəziyyətdə götürülərək təmir üçün aidiyyəti üzrə göndərilmişdir. Bununla da tərəflər arasında bağlanmış 29 mart 2021-ci il tarixli AM-29032021 saylı müqavilənin 2.2-ci və 5.1-ci maddələrinin tələblərinin pozulması tərəfin nəzərinə çardırılmışdır. Onu da nəzərə çatdırırlar ki, “Genie GTH 4013SX” markalı Teleskop 18 may 2021-ci il tarixli İM001\21 saylı icarə müqaviləsi əsasında X4 istifadəsinə verilmişdir. Həmin icarə müqaviləsinə əsasən “Genie GTH 4013SX” markalı Teleskop işləmədiyindən İddiaçı firması alacağı 21.000 manat məbləğində gəlirdən də məhrum olmuşdur. Bütün yuxarıda qeyd olunanlar tərəflər arasında bağlanmış 29 mart 2021-ci il tarixli AM-29032021 saylı müqavilənin 2.2-ci və 5.1-ci maddələrinin tələbləri pozulduğundan müqaviləyə xitam verilməsi və “Genie GTH 4013SX” markalı Teleskopun sifarişçiyə qaytarılması, 29 mart 2021-ci il tarixli AM-TR- 03210422 saylı hesab-faktura (invoice) əsasında ödənilmiş 7.552,69 manat məbləğində vəsaitin geri sifarişçiyə qaytarılması və müqavilə öhdəliklərinin pozulması nəticəsinə sifarişçiyə dəymiş 21.000 manat məbləğində ziyanın ödənilməsi təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş 02.11.2021-ci il tarixli xəbərdarlıq-pretenziya məktubundan göründüyü kimi cavabdehə müqavlə öhdəliklərinin yerinə yetirilməsi barədə sonuncu müddət verilməklə məlumatlandırılmışdır. Amma heç bir nəticə olmamışdır. Eyni zamanda mübahisənin mediasiya qaydasında həll olunması da qarşı tərəfə təklif olunmuş və nəticə olmamışdır. Qeyd etdiyi kimi İddiaçı firması ilə Cavabdeh MMC arasında bağlanmış 29.03.2021-ci il tarixli AM-29032021 saylı müqaviləyə əsasən İddiaçıfirmasına məxsus “Genie GTH 4013SX” markalı Teleskopun təmir edilərək təhvil verilməsi barədə öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilmədiyindən dəymiş ziyanın ödənilməsi təmin edilməlidir. Həmin vəsaitlər, yəni ödənilmiş – 7.552,69 manat əsas vəsait, 21.000 manat əldən çıxmış fayda və 200 manat mediasiya xərci, ümumilikdə 28.752,69 manat vəsait Cavabdeh MMC-dən alınaraq, ”Xəzər-1” firmasına verilməlidir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddianın əsası kimi iddia ərizəsində qeyd olunur kiŞ “müqavilədə nəzərdə tutulan xidmətlərin göstərilməsi ilə bağlı işlərin texniki tərtibatını əks etdirən sənədləşdirmə bizə təqdim edilməmişdir”. Bildirir ki, tərəflər arasında imzalanmış 29.03.2021 il tarixli müqavilədə “işlərin texniki tərtibatını əks etdirən sənədləşmənin” qarşı tərəfə təqdim olunması nəzərdə tutulmur. İddiaçı naməlum səbəbdən iddiasında göstərmir ki, müqavilənin 2.4-cü bəndinə uyğun olaraq təmir olunmuş texnika AM-SR 03210011 saylı 18.03.2021 il tarixli sənədlə sifarişçiyə təhvil verilmişdir. Sifarişçi tərəfindən təmir olunmuş mexanizmin qəbul olunması və sonradan təmir işlərinin dəyərinin ödənilməsi onu göstərir ki, təmir işlərinə dair sifarişinin icraçıya heç bir iradı olmamışdır. Bununla yanaşı “işlərin texniki tərtibatını əks etdirən sənədləşdirmə”nin sifarişçiyə təqdim edilməməsi sonradan mühərrikin sıradan çıxmasına səbəb ola bilməz. Hər hansı sənədin sifarişçiyə təqdim edilib-edilməməsi ilə mühərrikin sonradan sıradan çıxması ilə heç bir səbəbli əlaqə yoxdur. Mexanizmin təhvil alındıqdan sonra istismarı və hətta sonradan icarəyə verilməsi göstərir ki, hər hansı sənəd iddiaçıya təqdim olunmadığı haldada mexamizm işləyə bilirdi. Bu səbəbdən hesab edir ki, göstərilən məqam mühərrikin məhz icraçının təqsirindən sıradan çıxmasını sübut etmir. 2. İddianın əsası kimi iddia ərizəsində qeyd olunur ki, işlər təmir üçün gərəkli texniki prosedurlar aparılmadan, yəni texniki normalara uyğun olaraq mexanizm sökülərkən, iddiaçının nümayəndəsi iştirakı təmin olunmadan və ya mühərrikin sökülməsini video görüntü altında aparmadan açılmış, güsur aktı tərtib edilmədən təmir edilmiş və 3 ay zəmanət verilməklə sifarişçiyə qaytarılmışdır.” Bildirir ki, təmir işləri aparılan zaman iddiaçının nümayəndəsinin iştirakı və ya işlərin video görüntü altında aparılmasının məcburiliyi tərəflər arasında bağlanmış müqavilənin heç bir bəndində göstərilməyib. İcraçı tərəfindən mexanizmin təmir olunması, onun sifarişçi tərəfindən təhvil alınması, qəbul aktını və qiymət-razılaşma aktını imzalaması, təhvil alınan zaman heç bir iradın olmaması və təmirin dəyərinin tam həcmdə ödənilməsi sübut edir ki, sonradan üzə çıxan nasazlıq təmir işləri aparılan zaman “iddiaçının nümayəndəsi iştirakı təmin olunmadan və ya mühərrikin sökülməsini video görüntü altında aparmadan” və s. uydurma səbəblərdən baş verməmişdir. İddiaçı sadəcə olaraq nasazlığın səbəbini ciddi araşdırmaq əvəzinə təqsiri icraçının üzərinə qoymaqdadır. İşlərin “texniki tələblərlə uyğun olmadan” görülməsinə, təhvil alan zaman mexanizmdə hər hansı bir qüsurun olmasını və təhvil verilən zaman cavabdehin qoyduğu şərtlərlə razı olmadığına dair iddiaçı heç bir sübut təqdim etməmişdir.

3. İddianın əsası kimi ərizədə qeyd olunur ki, “iddiaçı tərəfindən ödəniş həyata keçirildikdən sonra və 3 ay (yəni zəmanət müddəti) keçmədən mexanizmdə nasazlığı yaranmışdır.” Hesab edir ki, “zəmanət müddətində” nasazlığın yaranma faktı onun icraçının təqsirindən üzə çıxmasım sübut etmir. Belə ki, iddiaçı nasazlığı yaranan zaman onun hansı səbəbdən üzə çıxması ilə əlaqədar heç bir araşdırma (texniki baxış, texniki müəyinə və s.) aparmamışdır. Yalnız araşdırma aparılıb nasazlığın hansı şəbədən yaranmsı müəyyən olunduqdan sonra demək olardı ki, nasazlığın təqsiri kimdədir. Öz ərizəsində texnikanı onlardan təhvil aldıqdan sonra onun a) təyinatı üzrə və texniki şərtlərə uyqun işlədilməsinə dair; b) texnikada yaranan qüsurların məhz cavabdehin təqsirindən üzə çıxmasına dair iddiaçı heç bir sübut təqdim etməmişdir. Belə ki, hər hansı mexanizm təyinatı üzrə və texniki şərtlərə uyğun işlənilmədiyi təqdirdə sözsüz ki sıradan çıxa bilər. İddiaçının yeganə istinad etdiyi məqam odur ki, qüsurlar 3 ay keçmədən üzə çıxmışdır. Baxmayaraq ki, həmin iddia ərizəsində iddiaçı bu mexanizmlərə aylıq müddət göstərilməklə zəmanətin verilə bilməyəcəyini bildirmişdir. İddiaçı tərəfindən öz iddiasını bu cür əsaslandırması işin hallarına uyğun deyil və qüsürların icraçının təqsirindən üzə çıxmasını sübut etmir. 4. İddiaçı ərizəsinin bir hissəsində 3 ay zəmanətin verilməsinə mənfi münasibət göstərməklə yanaşı, ərizənin digər hissəsində bundan tələbin əsaslandırıcı məqam kimi istifadə edir. İddiaçının mövqeyində olan bu cür ziddiyyətə baxmaraq bildirirlər ki, təmir olunmuş mexanizm sifarişçiyə təhvil verilən zaman tərəflərindən şərt qoyulmuşdur ki, mühərrikə 3 ay zəmanətin qüvvədə qalması üçün həmin müddətdə hər 250 motosaatda yağ servisi "xxxx" MMC tərəfindən ödənişli qaydada həyata keçirilməlidir. Mexanizm təmir olunduqdan sonra sifarişçiyə təhvil verilən zaman bu şərti və digər məqamları (dəyişdirilmiş ehtiyat hissələrin adı, miqdarı, təmir işlərin həcmi və s.) əks etdirən sənəd iddiaçının rəhbəri olan M.Quliyev tərəfindən imzalanmışdır və həmin sənəddə təhvil verilən günə olan mexanizmin motosaatı da qeyd olunmuşdur - 5515,5. Mühərrikdə problem yarandıqdan sonra və həmin mexanizm "xxxx" MMC-nin emalatxanasına gətirildikdə 11.11.2021-ci il tarixində müvafiq sənəd tərtib olunmuş, həmin sənəddə aşkar olunanlar göstərilmiş və bununla yanaşı mexanizmin motosaatıda - 5884 qeyd olunmuşdur. Həmin sənəd də sifarişçinin rəhbəri M.Quliyev tərəfindən imzalanmışdır. Beləliklə müəyyən olunur ki, təmirdən çıxan zaman və təkrarən təmirə gətirilən zaman motosaatların fərqi 368,5 motosaat təşkil edir. Bununla təsdiq olunur ki, (sifarişçinin imzası ilə) 3 aylıq zəmanətin əsas şərti olan, hər 250 motosaatda yağ servisinin "xxxx" MMC tərəfindən ödənişli qaydada həyata keçirilməsi şərtini sifarişçi pozmuşdur. Belə halda mexanizmdə nasazlığın yaranması icraçının təqsirindən ola bilməz. İddia ərizəsində qeyd olunur ki, sözügedən mexanizm 18 may 2021-ci il tarixində X2 müqaviləsi əsasında təhvil verilmişdir. İlk növbədə qeyd etmək lazımdır ki, əgər təmir olunmuş və 18 mart 2021-ci il tarixində təhvil alınmış mexanizm 18 may 2021-ci il tarixində digər şəxsə kirayə verilirsə, demək onun bu müddət ərzində və F.Mustafayeva verilən anda işlək vəziyyətdə olması sübut olunur. Əks halda mexamzm F.Mustafayev tərəfindən qəbul olunmazdı. Lakin sonradan nasazlıq üzə çıxdıqda bunun səbəbinin araşdırılması ilə əlaqədar iddiaçı tərəfindən heç bir tədbir görülməmişdir. Həmin nasazlıq mexanizmi icarəyə götürənin təqsirindən də ola bilərdi. Kirayə müqaviləsinin 2.2.1 və 2.2.5-ci bəndlərində kirayə obyektinin yalnız təyinatı üzrə işlətmək, istismara yararlı və qənaətbəxş vəziyyətdə saxlamaq vəzifəsi “kirayədarın” yəni mexanizmi kirayə götürənin üzərinə qoyulmuşdur. Belə olan halda iddiaçının üzərinə düşən vəzifələrdən biri də ondan ibarətdir ki, nasazlığın səbəbini və onun kimin təqsiri üzündən yaranmasını araşdırsın. İddiaçı tərəfindən heç bir araşdırma aparılmamış, nasazlığın kimin və hansı səbəbdən yaranması müəyyən olunmamışdır. Bu halda, yəni nasazlığın təqsirini cavabdehdə gördükdə iddiaçı texnikanın kirayədar tərəfindən təyinatı üzrə və texniki şərtlərə uyğun işlədilməsinə dair sübut təqdim etməlidir. İddiaçı tərəfindən buna dair heç bir sübut təqdim edilməmişdir. Belə halda qüsurun cavabdehin təqsirindən üzə çıxması sübut olunmur. Beləliklə: - təmir işləri ilə bağlı hər hansı sənədlərin təqdim olunub-olunmamasının üzə çıxan nöqsanlar ilə əlaqəsi iddiaçı tərəfindən sübüt edilməmişdir; - təmir işlərin iddiaçının nümayəndəsinin iştirakı ilə keçirilməsi tələbi tam əsassızdır və bu formada işlərin görülməsi sonradan yaranan nasazlığın məhz cavabdehin təqsirindən yaranmasını sübut etmir; - təmirdən sonra texnikanın təyinatı üzrə və texniki şərtlərə uyğun işlədilməsinə dair heç bir sübutun təqdim edilməməsi yaranan qüsurların məhz cavabdehin təqsirindən üzə çıxmasını sübut etmir. Həmin qüsurlar iddiaçımn təqsirindən də yarana bilər; - iddiaçının 3 ay zəmanət şərtlərinə əməl etməməsi qüsurun məhz özünün təqsirindən yaranamsını sübut edir; - texnikanı digər şəxsə icarəyə verilməsi, onun həmin an işlək vəziyyətdə olmasını sübut edir və sonradan nöqsanların üzə çıxması məhz cavabdehin təqsirindən üzə çıxmasını sübut etmir. AR Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. İddiaçı isə istinad etdiyi halları sübuta yetirməmişdir. Əksinə, zəmanət şərtlərinə əməl etməməklə yaranmış nasazlıqda məhz özünün təqsirli olduğunu sübut etmişdir. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi M.Quliyev iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, “Genie GTH 4013SX” markalı teleskopun təmiri üçün 7.552,69 manat vəsait ödəniş etmişlər. Teleskopu təmir etdikdən sonra onlara təhvil vermişlər, lakin teleskop bir müddət sonra sıradan çıxmışdır. Mühərrikin ön hissəsi korroziyaya uğramışdır. Tarixsiz aktda turbo kompressorun müştəri tərəfindən yığılması ilə bağlı turbo və mühərrikdə baş verən nasazlıqlardan Cavabdeh MMC-nin məsuliyyət daşımadığı qeyd edilmişdir. O, bu aktın mahiyyəti ilə tanış olmadan imzalamışdır. Bu məsuliyyəti üzərinə götürə bilməzdi. Turbonun ümumiyyətlə mühərrikə aidiyyatı yoxdur. Mühərrikin ön hissəsi duralüminium və antifriz ilə işləyir. Mühərrikin qapağı çürümüşdür. Cavabdeh MMC bunu görüb dəyişməli idi. Bu səbəbdən 7.552,69 manat məbləğində vəsaitin iddiaçıya geri qaytarılmasını xahiş edirlər. Qanuni təmsilçi məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, birinci dəfə mühərriki aprel ayında yığdırmışlar, mühərrik may ayında sıradan çıxmışdır. Cavabdehin işçiləri tərəfindən mühərriki sökülmüş və qeyd edilmişdir ki, mühərrikin sıradan çıxması normal haldır və ondan 5.000 manata yaxın məbləğ tələb etmişlər. İyun ayından noyabr ayınadək teleskopun cavabdehdə qalmasının səbəbi ondan ibarət idi ki, onlar mühərrikin təmir edilməsini istəyirdilər. X1 icarə verilmişdir və icarəçi onlara teleskopun işləməməsi ilə bağlı irad bildirmişdir. Mühərriki 1000 manata məbləğə təmir etdirmiş, noyabr ayından etibarən mühərrik işlək vəziyyətdədir. Sonradan M.Quliyev ilkin olaraq verdiyi izahatdan fərqli izahat verərək may ayında texnika servisə aparıldıqdan sonra mühərrikin qapağının dəyişdirilərək (ödənişsiz əsaslarla) onlara qaytarıldığını, bundan sonra texnikanın müəyyən müddət icarəçinin istifadəsində olmasını, sonradan mühərrikin qızdırması ilə bağlı yenidən cavabdehin servisinə göndərildiyini və bundan sonra noyabr ayına kimi servisdə qaldığını bildirdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi T.Şirinli iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh teleskopu tam təmir edib təhvil verməli idi. Tam təmir edilməyə mühərrikin qapağının dəyişdirilməsi də daxildir. Mühərrikin qarantiya müddəti ərzində sıradan çıxması cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsini sübuta yetirir. Bu səbəbdən dəymiş zərərin əvəzinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi T.Şirinli məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, mühərrikin qapağı cavabdeh tərəfindən dəyişdirilməmişdir, sonradan dəyişmişlər. 27.09.2021-ci il tarixdə texnika sökülmüş vəziyyətdə "xxxx" MMC-nin emalatxanasında idi. May ayından sonra texnika onlara qaytarılmayıb. Sonradan nümayəndə veridiyi izahatı dəyişdirərək bildirdi ki, uyun ayında texnika sıradan çıxmış və 7 iyun 2021-ci il tarixdə təmir işləri görülmüşdür. Lakin işlərin qüsurlu olması ilə bağlı mühərrik yenidən sıradan çıxmış və 23.06.2021-ci il tarixdə texnikanı yenidən təmirə apardılar. Bunu 23.06.2021-ci il tarixli hesab-faktura sübuta yetirir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq mühərrikin ön qapağının iyu ayında dəyişdirildiyini, lakin bunun rəsmiləşdirilmədiyini, qapaq dəyişdirilsə belə, teleskopun sonradan yenidən sıradan çıxdığını bildirdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək, etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Nümayəndə2 əlavə olaraq qeyd etdi ki, iddiaçının qanuni təmsilçisi texnikanın icarəyə verildiyi zaman işlək vəziyyətdə olduğunu etiraf etdi, yəni texnika may ayının sonunda sıradan çıxanadək işlək vəziyyətdə olmuşdur. İddiaçının qanuni təmsilçisi tarixsiz aktın mahiyyəti ilə tanış olmadan imzaladığını bildirmişdir. Bu iddiaçının qanuni təmsilçisinin məsuliyyətsizliyidir. İddiaçı teleskopda yaranmış qüsurun onların öhdəliklərini yerinə yetirməməkləri ilə bağlı olmasını sübuta yetirə bilmir. Onlar təmir şirkəti olaraq texnikanı işlək vəziyyətdə təhvil vermişlər, turboda problem olduğunu qeyd etmişlər, bununla öhdəliklərini lazımi qaydada icra etmişlər. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: AZ seriyalı 000469 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 2013-cü il buraxılışlı olan, Genie markalı, GTH 4013 SX modelli, mühərrik № NL81913U190974 olan, 1** FY *** qeydiyyat nömrəli Teleskopik yükləyici 25.10.2019-cu il tarixdən İddiaçı Firmasının mülkiyyətindədir. - 01.03.2021-ci il tarixli servis-təmir sənədinə (hesabatına) əsasən (müştəri Mustafayev Fərhad, şirkət Xəzər-1) Genie markalı GTH 4013SX modelli texnikaya baxış keçirilmiş və aşağıdakı işlərin görülməli olması qeyd edilmişdir: “porşen 4 ədəd, porşen kolçalar komp, giliz 4 ədəd, korennor kladiş komp, şatunun kladişi komp, şatunun vtulkaları komp, aypara şaybalar, arxa və ön salnik, praklatka dəsti, yağ nasosu, su pompası, yağ soyuducusu, şatunun boltları 8 ədəd, su sensoru, termostat, raspidvalın vtulkaları dəyişdirilməlidir, blok təmir, turbo, qalovkanın təmiri, yanacaq nasosu və forsunkaların stendi, valın yoxlanılması, motor yağı 10 litr, yağ filteri (32/401102, yanacaq filteri), hava filteri” - 18.03.2021-19.03.2021-ci il tarixli servis-təmir sənədinə (hesabatına) əsasən (müştəri Mustafayev Fərhad, şirkət Xəzər-1) Genie markalı 1** FY *** qeydiyyat nömrəli çəngəlli qaldırıcıya servis xidmətləri göstərilmiş, qeyd edilmişdir ki, “mühərrik naqilləri təmir edilib üzərinə yığıldı, mühhərik üzərindəki su hərarətin göstərən sensoruna dəyişilib yoxlandı, işləkdi”, - Cavabdeh MMC (icraçı) ilə İddiaçı firması (sifarişçi) arasında 29.03.2021-ci il tarixdə 29032021 saylı texniki xidmətlərin göstərilməsi və ehtiyat hissələrinin təmini barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə sifarişçi sifariş verir, icraçı isə hazırki müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərlə avadanlıqların və nəqliyyat vasitələrinin texniki xidmətini yerinə yetirmək öhdəliyini öz üzərinə götürür. 2.1-ci bəndinə görə icraçı hazırki müqavilənin 1.1-ci bəndində göstərilən xidmətlərin vaxtında və keyfiyyətli yerinə yetirilməsini öz üzərinə götürür. 2.2-ci bəndinə görə icraçı servisə təqdim edilmiş nəqliyyat vasitələri və texniki avadanlıqların təmir müddətində qorunub saxlanılmasını təmin edir və servis daxilində həmin avadanlıq yaxud nəqliyyat vasitəsinə icraçının təqsiri üzündən hər hansı zərər vurularsa, onun tam təmirinə görə məsuliyyət daşıyır. 2.3-cü bəndinə görə texniki xidmət işinə və dəyişdirilmiş yeni ehtiyat hissələrinin keyfiyyətinə istehsalçının təyin etdiyi müddətə və şərtlərlə zəmanət verir. Bütün ehtiyat hissələri müştərinin tələbinə uyğun olaraq orijinal və ya dublikat olmalıdır. 2.4-cü bəndinə görə icraçı təmir həyata keçirildikdən sonra avtonəqliyyat vasitəsini və ya texniki avadanlıqların sifarişçiyə tam texniki saz vəziyyətdə, sifarişdə göstərilən müddətdə verməyi öz öhdəsinə götürür. 9.4-cü bəndinə görə bu müqavilə 29.03.2021-ci il tarixdən qüvvəyə minir və tərəflər öz öhdəliklərini yerinə yetirənə qədər qüvvədə qalır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Cavabdeh MMC ilə İddiaçı firması arasında bağlanmış müqaviləyə əlavə olan 29.03.2021-ci il tarixli qiymət razılaşdırma protokoluna və 29.03.2021-ci il tarixli qəbul aktına əsasən Genie markalı, GTH 4013SX modelli avtonəqliyyat vasitəsinin 34 adda təsvir olunan xidmətlərinin ümumilikdə dəyəri (ƏDV daxil) 7.552,70 manat təşkil edir və həmin 34 adda xidmətlər qəbul edilmişdir. Protokol və akt Cavabdeh MMC və İddiaçı firmasının imzası və möhürü ilə təsdiq edilmişdir. 29.03.2021-ci il tarixli AM-TR-03210422 nömrəli hesab-fakturaya əsasən Genie markalı, GTH 4013SX modelli avtonəqliyyat vasitəsinə göstərilən texniki xidmətlərin dəyəri ƏDV daxil 7.552,70 manat təşkil edir. Servis-təmir sənədinə (hesabatına) əsasən (şirkət Xəzər-1) avtonəqliyyat vasitəsinə servis xdimətləri göstərilmiş o cümlədən istifadə olunan ehtiyyat hissələri miqdarı göstərilməklə dəyişdirilmişdir. Qeyd edilmişdir ki, “Genie texnikasının mühərriki yığılaraq texnikanın üzərinə montaj edildi, müştərinin diqqətinə çatdırılır ki, mühərrikə 3 ay zəmanət verilir, zəmanətin qüvvədə qalması vaxtı - 3 ay müəyyən edilmişdir. Zəmanətin qüvvədə qalması üçün hər 250 motosaatda yağ servisi AMET servis şirkəti tərəfindən ödənişli olaraq həyata keçirilməlidir. Turbo kompressor müştəri tərəfindən yığıldığına görə bununla əlaqədar turbo və ya mühərrikdə hər hansı nasazlıq baş verərsə AMET servis məsuliyyət daşımır”, - Cavabdeh MMC tərəfindən (ƏDV daxil) 7.552,69 manat məbləğində olan xidmətlərin göstərilməsinə dair 05.04.2021-ci il tarixli, EBAZ seriyalı, 651371 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı firmasına göndərilmişdir. 03.05.2021-ci il tarixli servis-təmir sənədinə (hesabatına) əsasən Genie markalı, GTH 401SX modelli avtonəqliyyat vasitəsinə servis xixmətləri göstərilmiş o cümlədən 1 ədəd yağ filteri və 2 ədəd yanacaq filteri dəyişdirilmişdir. Qeyd edilmişdir ki, “motorun yağ servisi olundu, yağ filteri dəyişdirildi, yanacaq filterləri dəyişdirildi və farsunkalardan axan yanacağın qarşısı alındı və motora təkrar baxış keçirildikdə aşkar olundu ki, turbodan yağ axır”, - Cavabdeh MMC tərəfindən (ƏDV daxil) 218,74 manat məbləğində olan xidmətlərin göstərilməsinə dair 18.05.2021-ci il tarixli, EBBB seriyalı, 773168 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı firmasına göndərilmişdir. 24.05.2021-ci il tarixli servis-təmir sənədinə (hesabatına) əsasən (müştəri Mustafayev Fərhad, şirkət Xəzər-1) Genie markalı, GTH 4013SX modelli, 1** FY *** qeydiyyat nömrəli avtonəqliyyat vasitəsinə servis xidmətləri göstərilmiş,o cümlədən istifadə olunan ehtiyyat hissələri miqdarı göstərilməklə dəyişdirilmişdir. Qeyd edilmişdir ki, “motor texnikadan çıxarıldı, qabaq krışka çıxarıldı, yenisi ilə əvəz olundu və yerinə montaj edildi, motor yuyuldu, yağı 3 dəfə dəyişdirildi, sistemin yuyulması üçün stupiçalar yığıldı, mostları yağlandı, stupiçalar yağlandı, kristavinlər dəyişdirildi, polosların podşibnikləri, salnikləri dəyişdirildi, mühərrikin yağ filteri və antifriz dəyişdirildi, mühərrikin elektrik kabelləri sökülüb yenidən bağlanıldı, elektrik təchizatında olan problemlər aradan qaldırıldı, dinamosu sökülüb bağlandı, texnikanın dinamosunda problem var, antifriz 6 litr, hidravlik yağ”. 26.05.2021-ci il tarixli Yoxlama hesabatına (İnspection Report) əsasən Genie markalı, GTH 4013SX modelli, 1**-FY-*** qeydiyyat nişanlı texnikaya texniki baxış keçirilməklə mühərrik üçün aşağıdakı ehtiyat hissələrinin lazım olduğu qeyd edilmişdir: “Oil filter and, Qabaq salnik, araqat dəsti və tıxacı – 8a, mühərrik yağı. Su pompasının prokladkası, mühərrikin ön krişkası və prokladkaları”. 16.06.2021-ci il tarixli AM-TR-06210140 nömrəli hesab-fakturaya əsasən Genie markalı, GTH 4013SX modelli texnikaya göstərilən texniki xidmətlərin dəyəri ƏDV daxil 5936,20 manat təşkil edir. Hesabat-fakturaya əlavə edilmiş hesabata əsasən 24.05.2021ci il tarixli servis-təmir sənədində göstərilmiş xidmətlər 08.06.2021-ci il tarixdə iddiaçının qanuni təmsilçisi M.Quliyevə təhvil verilmişdir. - Cavabdeh MMC tərəfindən (ƏDV daxil) 5936,20 manat məbləğində olan xidmətlərin göstərilməsinə dair 24.06.2021-ci il tarixli, EBBD seriyalı, 779713 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı firmasına göndərilmişdir. 27.09.2021-ci il tarixli yoxlama hesabatına (İnspection Report) əsasən Genie markalı, GTH 4013SX modelli, 1**-FY-*** qeydiyyat texnikanın texniki baxış keçirilərmiş və müəyyən edilmişdir ki, “texnikanın mühərrikində qızma baş vermişdir, mühərrikin başlığı stendə göndərildi, müəyyən edildi ki, başlıqda əyrilik var və proklatka sıradan çıxmışdır, texnikanın üzərində blok yaxlanıldı və müəyyən edildi ki, blokda əyrilik var, növbəti nasazlıqlar aşkarlanması üçün blok demontaj edilərək sökülməlidir və sıradan çıxmış detallar müəyyən edilməlidir. İddiaçı firması 02.11.2021-ci il tarixli pretenziya qaydasında məktubla Cavabdeh MMC-yə müraciət edərək, ödənilmiş 7256,90 manat məbləğində pulun qaytarılması və 21000 manat məbləğində dəymiş zərərin ödənilməsini xahiş etmiş, əks təqdirdə Bakı Kommersiya Məhkəməsinə müraciət ediləcəyini bildirmişdir. 11.11.2021-ci il tarixli görülmüş işlər barədə sənədə (akta) əsasən (şirkət Xəzər-1) Genie markalı GTH 4013SX modelli texnikanın texnikanın ehtiyat hissələri, o cümlədən 1 ədəd radiator müştərinin yanında yoxlanılmış və müştəriyə təhvil verilmişdir. 24.11.2021-ci il tarixli qiymət təklifinə əsasən fərdi sahibkar X9 Genie markalı GTH 4013SX modelli texnikanın tələb olunan ehtiyat hissələrinin məbləği 200 manat, tələb olunan xidmətlərin məbləği 800 manat olmaqla cəmi 1000 manat məbləğində işlərin yerinə yetirilməsi sifarişçi İddiaçı Firmasına təklif edilmişdir.

Əsaslandırıcı hissə:

Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı firması ilə Cavabdeh MMC arasında texniki xidmətlərin göstərilməsi və ehtiyat hissələrinin təmini barədə 29.03.2021ci il tarixli AM-29032021 saylı müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı firmasının mülkiyyətində olan teleskopa ilk dəfə 29.03.2021-ci il tarixdə olmaqla bir neçə dəfə texniki xidmətlər göstərilmişdir. 29.03.2021-ci il tarixdə Cavabdeh MMC tərəfindən sözügedən teleskopa 34 adda texniki xidmət və ehtiyat hissələrinin dəyişdirilməsi xidməti göstərilmiş və tərəflər arasında həmin xidmətlərin qəbul edilməsi barədə akt tərtib edilərək imzalanmışdır. Xidmətlər təhvil verilərkən cavabdeh tərəfindən iddiaçıya teleskopun mühərrikinə 3 ay müddətinə qarantiya verilmişdir. Qarantiyanın verilməsi barədə sənəddə texnikanın turbo-kompressoru iddiaçı tərəfindən yığıldığından turbo-kompressorda və onunla bağlı mühərrikdə baş verən nasazlıqlara görə cavabdehin məsuliyyət daşımadığı qeyd edilmişdir. Qarantiya verilməsi barədə sənəddə verildiyi tarix göstərilməsə də, məhkəmə baxışı iclasında hər iki tərəf qarantiya sənədinin 2021-ci il mart ayının sonunda göstərilmiş xidmətlər təhvil verilərkən verilməsini təsdiq etmiş, qarantiyanın verilməsi faktı cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Sözügedən xidmətlərə görə cavabdeh tərəfindən iddiaçıya 7.552,70 manat məbləğinə 29.03.2021-ci il tarixli hesab-faktura və 05.04.2021-ci il tarixli elektron qaimə təqdim edilmiş və göstərilmiş xidmətlərin dəyəri İddiaçı firması tərəfindən ödənilmişdir. Bundan sonra 03.05.2021-ci il tarixdə cavabdeh tərəfindən verilmiş qarantiyanın şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə məxsus servisdə teleskopun motorunun yağ servisi həyata keçirilmiş və turbodan yağ axdığı müəyyən edilmişdir. 24.05.2021-ci il tarixdə teleskopda nasazlıq yarandığından texnika yenidən cavabdehin servisinə gətirilmişdir. Servisdə teleskopun ehtiyat hissələri dəyişdirildikdən və texniki xidmət göstərildikdən sonra 08.06.2021-ci il tarixdə texnika iddiaçıya geri qaytarılmışdır. Göstərilmiş xidmətlərə görə cavabdehə 16.06.2021-ci il tarixli hesab-faktura və 24.06.2021-ci il tarixli elektron qaimə təqdim edilsə də, həmin məbləğ iddiaçı tərəfindən ödənilməmişdir. 27.09.2021-ci il tarixdə teleskopda yenidən nasazlıq yaranmış, cavabdeh tərəfindən baxış keçirilərək teleskopun mühərrikində qızmanın baş verməsi, mühərrikin başlığında başlıqda əyrilik olması və prokladkanın sıradan çıxması, blokda əyrilik olması müəyyən edilmişdir. Tərəflər arasında teleskopa texniki xidmət göstərilməsi ilə bağlı razılıq əldə edilmədiyindən 11.11.2021-ci il tarixdə teleskop sökülmüş vəziyyətdə iddiaçıya qaytarılmışdır. Hazırda İddiaçı firması Cavabdeh MMC tərəfindən mübahisəli müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra edilmədiyini: cavabdeh tərəfindən 29.03.2021-ci il tarixli aktla təhvil verilmiş teleskopun təmiri və ehtiyat hissələrinin dəyişdirilməsi xidmətlərinin qüsurlu olmasını, o cümlədən cavabdehin verdiyi qarantiya müddəti ərzində texniki xidmət göstərilmiş teleskopun yenidən sıradan çıxdığını əsas göstərərək həmin xidmətlərə görə dəymiş real zərərin (xidmət göstərilməsinə görə cavabdehə ödənilmiş 7552,69 manat məbləğində pul vəsaitinin),eləcə də əldən çıxmış faydanın ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın 7552,69 manat məbləğində pulun ödənilməsi hissəsi dəymiş maddi zərərin ödənilməsi tələbi kimi nəzərdən keçirildiyi halda həmin tələbin qanuni əsasını Mülki Məcəllənin 443 və 21-ci maddələri təşkil edir. Mülki Məcəllənin: 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Məhkəmə ilk növbədə qeyd edir ki, müqavilə öhdəliklərinin icra edilməməsindən (lazımi qaydada icra edilməməsindən) irəli gələn maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin müqavilə üzrə öhdəliklərin təqsirli pozuntusuna yol verilməsi, maddi zərərin mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin müqavilə üzrə öhdəliklərinin təqsirli pozuntusu ilə maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcud olması müəyyən edilməlidir. Hazırkı halda İddiaçı firması Cavabdeh MMC tərəfindən xidmət müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi barədə dəlillərini ona məxsus texnikaya texniki xidmət göstərildikdən sonra qarantiya müddəti ərzində texnikanın sıradan çıxması, eləcə də xidmətlərin göstərilməsi ilə bağlı işlərin texniki tərtibatını əks etdirən sənədləşdirmənin onlara təqdim edilməsini, təmirin texniki prosedurlar aparılmadan, yəni texniki normalara uyğun olaraq mexanizm sökülərkən nümayəndəsinin iştirakı təmin olunmadan və ya mühərrikin sökülməsinin video görüntü aparılmadan keçirilməsi ilə əsaslandırmışdır. Məhkəmə, əvvəla, cavabdehin dəlilləri ilə razılaşır ki, “xidmətlərin göstərilməsi ilə bağlı işlərin texniki tərtibatını əks etdirən sənədləşdirmənin” sifarişçiyə təqdim edilməsi, xidmət göstərilərkən sifarişçinin nümayəndəsinin iştirakının təmin olunmalı və xidmətin video görüntü aparılmaqla göstərilməli olması tərəflər arasında bağlanmış xidmət müqaviləsində nəzərdə tutulmamış, eləcə də cavabdehin belə bir öhdəlik daşıması qanunun imperativ normalarından irəli gəlmir. Odur ki, iddiaçının istinad etdiyi göstərilən hallar cavabdeh tərəfindən müqavilə öhdəliklərinin lazımi qaydada icra edilməməsinə dəlalət etmir. Qarantiya müddəti ərzində texnikanın sıradan çıxması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçının nümayəndələri ilkin olaraq verdikləri izahatlarında qarantiya müddəti ərzində (24.05.2021-ci il tarixdə) texnikanın mühərrikində yaranmış qüsurların iddiaçı tərəfindən aradan qaldırılmadığını bildirsələr də, sonuncu məhkəmə iclasında iddiaçının qanuni təmsilçisinin, eləcə də iddiaçının nümayəndəsi və vəkilinin məhkəməyə verdiyi izahatından aydın olmuşdur ki, qarantiya müddəti ərzində - 24.05.2021-ci ildə avadanlığın mühərrikinin ön qapağı və digər ehtiyat hissələri sıradan çıxmış və həmin qüsur iddiaçı tərəfindən aradan qaldırılmış, sıradan çıxmış ehtiyat hissələri, o cümlədən mühərrikin ön qapağı dəyişdirilmişdir. Göstərilən hal iş materiallarına əlavə edilmiş 08.06.2021-ci il tarixli iddiaçının qanuni təmsilçisi tərəfindən imzalanmış aktla (hesabatla) da təsdiq edilir. İddiaçının nümayəndələrinin izahatlarında ilkin olaraq istinad etdikləri texnikanın 24.05.2021-ci il tarixdən, yəni texnikanın mühərrikinin ön qapağında nasazlıq yarandığı vaxtdan noyabr ayına kimi cavabdehin servisində qalması barədə hallara münasibətdə isə qeyd edilməlidir ki, həmin hallar iddiaçının nümayəndələri tərəfindən verilmiş sonrakı izahatlarla təkzib edilməklə yanaşı iş materiallarında olan sübutlarla da öz təsdiqini tapmır. Belə ki, iş materiallarında olan hesabatlara əsasən mübahisəli texnikanın ehtiyat hissələri dəyişdirildirildikdən sonra 08.06.2021-ci il tarixdə iddiaçıya verilməsi və bundan 4 aya yaxın müddət keçidikdən sonra 27.09.2021-ci il tarixdə yenidən servisə gətirilməsi müəyyən edilir. İddiaçının nümayəndəsi T.Şirinlinin istinad etdiyi 08.06.2021-ci il tarixdə iddiaçıya təhvil verildikdən sonra texnikanın yenidən sıradan çıxması və bununla bağlı cavabdeh tərəfindən iddiaçıya 16.06.2021-ci il tarixli hesab-fakturanın təqdim edilməsi barədə dəlillərinə gəldikdə məhkəmə onu da qeyd edir ki, əvvəla iddiaçının 16.06.2021-ci il tarixdə servisə müraciət etməsini təsdiq edən sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. 16.06.2021-ci il tarixli hesab-fakturadan isə görünür ki, hesabfakturada göstərilmiş xidmət və dəyişdirilmiş ehtiyat hissələri 08.06.2021-ci il tarixdə iddiaçı təhvil verilmiş xidmətlərlə eynilik təşkil edir. Göstərilən hal isə 16.06.2021-ci il tarixli hesab-fakturanın 07.06.2021-ci il tarixdə göstərilmiş xidmətlərdən bağlı tərtib edilməsinə dəlalət edir. 27.09.2021-ci il tarixdə texnikada yaranmış nasazlığa gəldikdə işin mübahisəsiz halı ondan ibarətdir ki, sözügedən nasazlıq yarandığı zaman cavabdeh tərəfindən iddiaçının mühərrikinə verilmiş qarantiyanın müddəti artıq bitmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllədə xidmət müqaviləsinin tənzimləyən xüsusi normalar nəzərdə tutulmadığından mübahisəyə analogiya üzrə oxşar hüquq münasibətlərini tənzimləyən podrat müqaviləsinin (təmir xidmətlərin göstərilməsi hissəsində) və alqı-satqı müqaviləsinin (ehtiyat hissələrin dəyişdirilməsi hissəsində) müddəaları tətbiq edilə bilər. Mülki Məcəllənin: 774-cü maddəsinə görə əgər podratçı məmulata qarantiya müddəti üzrə öhdəlik götürmüşdürsə, qarantiyanın qüvvədə olduğu müddətdə aşkar edilən qüsur müvafiq hüquqlar doğurur. 588.1-ci maddəsinə görə əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2-ci maddəsinə görə satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Göstərilən normaların məzmunundan da qarantiya müddəti verilmiş mallarda (məmulatlarda) əmələ gələn qüsurlara görə satıcı (podratçı, icraçı) alıcı(sifarişçi) tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirdiyi hallar istisna olmaqla məsuliyyət daşıyır. Qarantiya müddəti bitdikdən sonra isə aşkar edilən əşyanın qüsurlarının alıcıya (sifarişçiyə) verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini alıcı (sifarişçi) sübuta yetirməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından isə görünür ki, texnikanın mühərrikində qarantiya müddəti ərzində əmələ gəlmiş qüsurlar cavabdeh tərəfindən aradan qaldırılmışdır. Qarantiya müddəti bitdikdən sonra mühərrikdə yaranmış qüsurların cavabdeh tərəfindən göstərilmiş xidmətin keyfiyyətsizliyi (qüsurluluğu) ilə bağlı olmasını iddiaçı sübuta yetirə bilməmişdir. Odur ki, iddiaçının cavabdehin müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi barəıdə istinad etdiyi dəlillər əsassızdır. Bununla yanaşı iddiaçı cavabdeh tərəfindən xidmət göstərilməsi öhdəliyininin təqsirli pozuntusuna yol verməsini sübuta yetirməməklə yanaşı iddia etdiyi pozuntu nəticəsində ona dəymiş maddi zərərin məbləğinin 7552.69 manat təşkil etməsi barədə mövqeyini də əsaslandıra bilməmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi 24.11.2021-ci il tarixli qiymət təklifinə əsasən iddiaçıya 1000 manat məbləğində qiymətə texnikada yaranmış qüsurların aradan qaldırılmasına dair üçüncü şəxs tərəfindən təklif verilmişdir (həmin təklif əsasında xidmət və göstərilməsi və pul ödənilməsi də iş materiallarına əssən müəyyən edilmir. İddiaçının 7552,69 manat məbləğində pul tələbi kreditorun borclunun müqavilə üzrə öhdəliklərinin lazımi qaydada icra etməməsi (göstərilmiş xidmətlərin qüsurlu olması) ilə bağlı müqavilədən imtina edilməsi və ödənilmiş pulun qaytarılması tələbi kimi nəzərdə keçiildiyi halda isə qeyd edilməlidir ki, Mülki Məcəllənin: 765-ci maddəsinə görə məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Mülki Məcəllənin 587.1-ci maddəsinə görə gər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2-ci maddəsinə görə əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 589.7-ci maddəsinə görə müqavilədə nəzərdə tutulan qarantiya müddəti iki ildən az olduqda və alıcı əşyanın qüsurlarını qarantiya müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən iki il ərzində aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin. Hazırkı halda işin yuxarıda da qeyd edildiyini cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin lazımi qaydada icra edilməməsi iş materialları ilə öz təsdiqini tapmadığından iddiaçının müqavilədən imtina edərək xidmətlərə ödənilmiş pul vəsaitini geri tələb etməsi üçün əsasların mövcudluğu müəyyən edilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehdən 7552,69 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması tələbinə dair hissədə iddia tələbi əsassız olmaqla rədd edilməlidir. İddianın əldən çıxmış faydanın tutulması hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, yuxarıda göstərildiyi kimi cavabdehin müqavilə üzrə öhdəliklərinin təqsirli pozuntusuna yol verilməsi məhkəmə tərəfindən müəyyən edilmədiyindən real zərərin ödənilməsi tələbinə dair iddia rədd edilmişdir. Odur ki, maddi zərərin digər forması olan əldən çıxmış faydanın tutulması hissəsində də iddianın təmin edilməsi üçün əsas yoxdur. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

Nəticə hissəsi:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı firmasının Cavabdeh MMC-yə qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar