Məhkəmə qərarları › İş №e-2-2(113)-1483/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1483/2025

25.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1483/2025 25.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, sübutetmə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 09 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 11307,57 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli 09-09/21 nömrəli malların satınalma müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən iddiaçı malların göndərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları cavabdehə müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. Müqavilənin 3.2-ci bəndinə əsasən cavabdeh müqavilə üzrə razılaşdırılmış vaxtda göndərilmiş malların təhvil-qəbul aktına əsasən təxirə salınmadan qəbul edilməsini və müqavilənin şərtlərinə əsasən ödəmələrin aparılmasını öhdəsinə götürür. Həmin müqavilə şərtlərinə uyğun olaraq iddiaçı cavabdehə müxtəlif adlarda tikinti materialları satmış və təhvil vermişdir. Belə ki, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən ümumi dəyəri 3102,77 manat, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən ümumi dəyəri 8410 manat, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən ümumi dəyəri 4400,01 manat, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən ümumi dəyəri 5840,12 manat olan müxtəlif adlarda tikinti materialları cavabdehə təhvil verilmişdir. Cavabdeh təhvil verilmiş malların pulunun bir qismini ödəsə də, qalıq 11307,53 manat borcunu ödəməmişdir. Dəfələrlə borcun ödənilməsi tələb edilsə də, heç bir nəticəsi olmamışdır. Adıçəkilən müqavilənin 5.1-ci bəndində əsasən cavabdeh iddiaçının təqdim etdiyi hesaba və təhvil-qəbul aktına əsasən alınacaq malların dəyərini ödəyir. Göründüyü kimi, cavabdeh bağlanmış müqavilə şərtlərini pozaraq üzərinə götürmüş olduğu öhdəliklərini icra etməmişdir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 389.1, 442, 448.1-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.

6. Məhkəmə bildirişləri cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilməklə, hüquqi ünvanına göndərilməklə, qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İddia ərizəsinə əlavə edilən iddiaçı (satıcı, icraçı qismində) ilə cavabdeh (alıcı, sifarişçi qismində) arasında bağlanmış 09 sentyabr 2021-ci il tarixli 09-09/21 nömrəli malların satınalma müqaviləsinin şərtlərindən görünür ki, İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə Əlavə 1-də göstərilmiş malların təhvil verilməsini öhdəsinə götürür (2.1). Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların İcraçıdan qəbul edilməsini və dəyərini ödənilməsini öhdəsinə götürür (2.2). Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla müqavilənin məbləği dəyişməz olaraq qalır (2.4). İcraçı malların göndərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları Sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməlidir (3.1). Sifarişçi Müqavilə üzrə razılaşdırılmış vaxtda göndərilmiş malların (aşkar olunan qüsurların icraçı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) təhvil-qəbul aktına əsasən təxirə salınmadan qəbul edilməsini və Müqavilənin şərtlərinə əsasən ödəmələrin aparılmasını öhdəsinə götürür (3.2). Sifarişçi malları tələb olunan miqdarda hissə-hissə qəbul edə bilər (3.3). İcraçı təhvil verdiyi mallara 6 (altı) ay müddətə zəmanət verir və bu müddət ərzində aşkar olunan qüsurların aradan qaldırılmasını öhdəsinə götürür. Zəmanət müddəti təhvilqəbul aktının imzalandığı tarixdən hesablanmalıdır (3.4). Sifarişçi İcraçının təqdim etdiyi hesaba və təhvil-qəbul aktına əsasən alınacaq malların dəyərini ödəyir (5.1). Tərəflər təsdiq edirlər ki, Sifarişçi Əlavə 1-də göstərilmiş malların satın alınması üçün ödəməni İcraçının xeyrinə həyata keçirəcəkdir (5.3)

11. Məhkəməyə təqdim edilən elektron qaimə-fakturalardan görünür ki, xx.xx.2021-ci il tarixli EBBJ 217770 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 495,6 manat, xx.xx.2021-ci il tarixli EBBJ 575419 seriya və nömrəli elektron qaimə 4130,12 manat, xx.xx.2021-ci il tarixli EBBM 892595 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 3102,77 manat, xx.xx.2021-ci il tarixli EBBO 752086 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 8410 manat, xx.xx.2022-ci il tarixli EBBP 506619 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 4400,01 manat, xx.xx.2022-ci il tarixli EBBL 709292 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 5840,12 manat, xx.xx.2022-ci il tarixli EBCC 809025 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 296,64 manat, xx.xx.2023-cü il tarixli EBDH 147740 seriya və nömrəli elektron qaimə ƏDV daxil 330,4 manat olmaqla ümumilikdə ƏDV daxil 27005,66 manat dəyərində malın verilməsi üçün tərtib edilərək cavabdehə göndərilmiş, xx.xx.2021-ci il tarixli EBBM 892595, xx.xx.2021-ci il tarixli EBBO 752086, xx.xx.2022-ci il tarixli EBBP 506619, xx.xx.2022-ci il tarixli EBBL 709292 seriya və nömrəli elektron qaimələrin kağız daşıyıcıda olan surətləri cavabdehin qanuni təmsilçisi tərəfindən imzalanmışdır.

12. İş materiallarına əlavə edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixli EBBJ 217770, xx.xx.2021-ci il tarixli EBBJ 575419 və xx.xx.2021-ci il tarixli EBBO 752086 seriya və nömrəli elektron qaimələr cavabdeh tərəfindən, digər elektron qaimələr sistem tərəfindən təsdiq edilmiş, ləğvə və ya düzəlişə qaytarılmamışdır.

13. İş materiallarına əlavə edilən hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə EBBJ 217770 seriya və nömrəli elektron qaiməyə istinad edilməklə 420 manat, xx.xx.2021-ci il tarixdə EBBJ 575419 seriya və nömrəli elektron qaiməyə istinad edilməklə 3500,1 manat, xx.xx.2021-ci il tarixdə EBBO 752086 seriya və nömrəli elektron qaiməyə istinad edilməklə 4127,12 manat, xx.xx.2023-cü il tarixdə EBBO 752086 və EBBC 809025 seriya və nömrəli elektron qaiməyə istinad edilməklə 751,39 manat, xx.xx.2023-cü il tarixdə 2500 manat, xx.xx.2023-cü il tarixdə 280 manat olmaqla ümumilikdə 11578,61 manat ödəniş edilmişdir.

14. İş materiallarına əlavə edilən ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə 705,62 manat, xx.xx.2021-ci il tarixdə 473,3 manat, xx.xx.2021-ci il tarixdə 742,89 manat, xx.xx.2022-ci il tarixdə 1211,18 manat, xx.xx.2023-cü il tarixdə 45,25 manat, xx.xx.2023-cü il tarixdə 450 manat, xx.xx.2023-cü il tarixdə 50,4 manat olmaqla ümumilikdə 3678,24 manat ƏDV məbləği ödənilmişdir.

15. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 09 sentyabr 2021-ci il tarixli 09-09/21 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında cavabdehə malların təhvil verilməsini, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların iddiaçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli EBBJ 217770, xx.xx.2021-ci il tarixli EBBJ 575419, xx.xx.2021-ci il tarixli EBBM 892595, xx.xx.2021-ci il tarixli EBBO 752086, xx.xx.2022-ci il tarixli EBBP 506619, xx.xx.2022-ci il tarixli EBBL 709292, xx.xx.2022-ci il tarixli EBCC 809025 və xx.xx.2023-cü il tarixli EBDH 147740 seriya və nömrəli elektron qaimələr əsasında cavabdehə ümumilikdə ƏDV daxil olmaqla 27005,66 manat dəyərində mal verilmiş, həmin elektron qaimələrdən xx.xx.2021ci il tarixli EBBJ 217770, xx.xx.2021-ci il tarixli EBBJ 575419 və xx.xx.2021-ci il tarixli EBBO 752086 seriya və nömrəli elektron qaimələr cavabdeh tərəfindən, digər elektron qaimələr sistem tərəfindən təsdiq edilmiş, xx.xx.2021-ci il tarixli EBBM 892595, xx.xx.2021-ci il tarixli EBBO 752086, xx.xx.2022-ci il tarixli EBBP 506619, xx.xx.2022-ci il tarixli EBBL 709292 seriya və nömrəli elektron qaimələrin kağız daşıyıcıda olan surətləri cavabdehin qanuni təmsilçisi tərəfindən imzalanmışdır. Adıçəkilən elektron qaiməfakturalara istinad edilməklə cavabdeh tərəfindən 3678,24 manat ƏDV məbləği daxil olmaqla ümumilikdə 15265,85 manat ödəniş edilmişdir.

16. İddiaçı 09 sentyabr 2021-ci il tarixli 09-09/21 nömrəli alqı-satqı müqaviləsinin məcburi icrasını, yəni malların qalıq dəyərinin – 11307,57 manat məbləğində pulun tutulmasını tələb edir.

17. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

18. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

20. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

21. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

22. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

23. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

24. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

25. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

26. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

27. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

28. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

29. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

30. Məhkəmə qeyd edir ki, cavabdeh və qanuni təmsilçisi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim edilmiş bütün sübutlarla tanış olmaq imkanına malik olmuş, lakin iddia ərizəsində tələb olunan məbləğin ödənilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə göstərir ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir.

31. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

32. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

35. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

36. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, 09 sentyabr 2021-ci il tarixli 09-09/21 nömrəli alqı-satqı müqaviləsi üzrə 11307,57 manat məbləğində pul Cavabdeh Məhdud MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

37. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

38. Həmin Məcəllənin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir.

39. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

41. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi dövlət rüsumu ödənilir.

42. Həmin Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobil AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azad olunurlar.

43. İş materiallarında olan xx.xx.2006-cı il tarixli AA 143693 seriya və nömrəli məcburi köçkün vəsiqəsinə əsasən iddiaçı məcburi köçkün statusuna malikdir.

44. Beləliklə, məhkəmə iddianın qiymətinə (11307,57 manat) uyğun ödənilməli dövlət rüsumunun 124 manat olduğunu, iddianın təmin edildiyini, iddiaçının məcburi köçkün statusu ilə bağlı dövlət rüsumu ödəməkdən azad olduğunu nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC-dən 124 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməlidir.

V. Nəticə:

45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli malların satınalma müqaviləsi üzrə 11307,53 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 124 manat məbləğində pul Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar