Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1484/2023 07.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ("xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il tarixli, AL/ML/0493 saylı Maliyyə lizinqi müqaviləsinə əsasən 124680 manat əsas borc, 30192,85 manat faiz borcu, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 600 (altı yüz) manat, mediasiya xərcinin əvəzi kimi ödənilmiş 400 (dörd yüz manat) pul və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 47 manat olmaqla, ümumilkdə 155919,85 manat (yüz əlli beş min doqquz yüz on doqquz manat səksən beş qəpik) məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış olan 08 iyul 2020-ci il tarixli, AL/ML/0493 saylı Maliyyə izinqi müqaviləsi əsasında iddiaçı tərəfindən bir sıra kənd təsərüffatında istifadə edilən texnikalar cavabdehə lizinq şərtləri ilə satılmışdır. Müqavilənin 1.3-cü bəndinə əsasən lizinq obyektinin ümumi qiyməti bir milyon əlli altı min yeddi yüz səksən manat təşkil etmişdir. Müqavilənin 2.2.2-ci bəndinə əsasən AKİA tərəfindən 415688,33 manat güzəşt məbləği; 2.2.3-cü bəndinə əsasən 429735,33 manat lizinq məbləği; 2.2.4-cü bəndinə əsasən 22336 manat lizinq şirkətinin komissiyası; 2.2.1-ci bəndinə əsasən 211356 manat avans məbləği nəzərdə tutulmuşdur. Müqavilənin 2.2-ci bəndinə əsasən lizinq ödənişlərinin ümumi məbləği 663427,33 manat təşkil etmişdir. Cavabdeh tərəfindən müqavilə şərtləri pozularaq, ödənişlər dayandırılmış və hazırda cavabdehin Maliyyə lizinqi müqaviləsinə əsasən iddiaçıya 124680 manat əsas borc və 30192,85 manat gecikdirilmiş cərimə borcu vardır. Cavabdehlə dəfələrlə əlaqə saxlayıb müqavilə üzrə öhdəliyin yerinə yetirilməsini tələb etməklərinə baxmayaraq, cavabdeh öhdəliyi yerinə yetirməkdən qərəzli olaraq yayınmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada mübahisənin həlli üçün Bakı 3 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Cavabdeh ilkin mediasiya sesiyasında iştirak etmədiyindən xx.xx.2023-cü tarixli, MŞB/3/2023-00035 saylı arayış təqdim edilmişdir. Əlavə olaraq hüquqi yardımın göstərilməsi məqsədi ilə müqavilə imzalanmış və hüquqi yardıma görə 600 manat məbləğ vəkil bürosuna köçürülmüşdür. Bundan başqa, cavabdehə pretenziya elektron hökumət və rəsmi poçt vasitəsi ilə göndərilsə də, cavabdeh borcun ödənilməsi üçün heç bir təşəbbüs irəli sürməmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 425.2, 443.1, 445.7, 449-cu maddələrinə istinad olunmuşdur.
4. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
5. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
6. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, lizinq verən – İddiaçı MMC ilə lizinq alan – "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli, AL/ML/0493 saylı maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş 6 ədəd Traktor Belarus 892, 2 ədəd Traktor Belarus 1523, 2 ədəd Traktor Belarus 2022.3, 2 ədəd Traktor Belarus 80 X, 1 ədəd Qatı gübrə dağıdan 10 tonluq, 2 ədəd Cərgəarası mala (kultivator) 5 gövdəli UM- KG-5, 5 ədəd Dırmıx 5li UM-HR 5, 4 ədəd X1 Dolphin, 2 ədəd Gübrəsəpən Agrohasat AHTÇ 1000, 4 ədəd Palazoğlu 6T lafet, 2 ədəd Kotan 5 cərgəli Agrotech AP145, 2 ədəd Pnevmatik toxumsəpən Maschio Gaspardo MTR 6 və 2 ədəd Pnevmatik toxumsəpən Maschio Gaspardo MTR 8-i öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən lizinq obyektinin alış qiyməti ******* (bir milyon əlli altı min yeddi yüz səksən) manat təşkil edir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən lizinq obyektinin dəqiq təsviri və qiymət açıqlaması lizinq müqaviləsinin ayrılmaz hissəsi olan Əlavə 2-də göstərilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən lizinq ödənişlərinin ümumi məbləği 663427,33 (altı yüz altmış üç min dörd yüz iyirmi yeddi manat otuz üç qəpik); 2.2.1. avans məbləğindən: 211356 manat (iki yüz on bir min üç yüz əlli altı); 2.2.2. AKİA tərəfindən ödənilən güzəşt məbləği: 415688,67 manat (dörd yüz on beş min altı yüz səksən səkkiz manat altmış yeddi qəpik); 2.2.3. lizinq məbləği: 429735,33 manat (dörd yüz iyirmi doqquz min yeddi yüz otuz beş manat otuz üç qəpik); 2.2.4. lizinq şirkətinin komissiyası: 22336 manat (iyirmi iki min üç yüz otuz altı) təşkil edir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən lizinq ödənişlərinin məbləği və tarixləri haqqında məlumat lizinq müqaviləsinin ayrılmaz hissəsi olan Əlavə 1-də göstərilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən lizinq müddəti 60 ay təşkil edir. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən lizinq obyektinin, habelə onun ayrılmaz hissəsini təşkil edən bütün ləvazimat və sənədlərin satıcı tərəfindən lizinq verənə və lizinq alana təhvil-təslimi alqısatqı müqaviləsi ilə müəyyən edilmiş yerdə, müddətdə və şərtlərlə həyata keçirilir. Lizinq obyektinin təhvil-təslimi təhvil-təslim aktı ilə rəsmiləşdirilir. Həmin müqavilənin 10.2-ci bəndinə əsasən lizinq obyektinin təhvil-təslim aktı imzalandığı andan lizinq obyektinə mülkiyyət hüququ lizinq verənə, sahiblik və istifadə hüququ isə lizinq alana keçir və lizinq verənin lizinq obyektinin lizinq alana maliyyə lizinqinə verilməsi üzrə öhdəliyi icra edilmiş sayılır. Həmin müqavilənin 10.3-cü bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. Həmin müqavilənin 14.1-ci bəndinə əsasən lizinq obyektinin sahiblik və istifadəyə verilməsinə görə, lizinq alan lizinq müqaviləsi və lizinq ödənişlərinin qrafiki ilə müəyyən edilmiş qaydada və müddətlərdə lizinq verənə lizinq və digər ödənişləri ödəməlidir. Həmin müqavilənin 14.2-ci bəndinə əsasən hər lizinq ödənişi əsas borcun qalığının ödənilməsi üçün nəzərdə tutulan hissədən, həmçinin lizinq müqaviləsində göstərilən digər ödənişlərən ibarətdir. Həmin müqavilənin 14.3-cü bəndinə əsasən lizinq verənin lizinq obyektinin əldə edilməsi ilə bağlı lizinq ödənişlərinin ümumi məbləği hesablanarkən nəzərə alınmayan əlavə xərclər yarandıqda, lizinq alan lizinq obyektinin təhvil-təslim aktının imzalandığı andan gec olmayaraq qeyd olunan xərclərin əvəzini lizinq verənə ödəməyi və bu məqsədlə lizinq ödənişlərinin ümumi məbləğinə və yeni lizinq ödənişləri qrafıkinə dair müqaviləyə dəyişikliklərin edilməsi barədə Razılaşmanı imzalamağı və ya lizinq verənin lizinq alana təqdim etdiyi müvafiq hesabı yuxanda göstərilmiş müddət ərzində ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 14.4cü bəndinə əsasən lizinq alan lizinq müqaviləsinin 2.3.1-ci bəndində göstərilən cavabdeh avans məbləği bu müqavilə imzalandığı andan 3 (üç) gün ərzində ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 15.3-cü bəndinə əsasən bu müqavilə üzrə gecikdirilmiş və ya vaxtı keçmiş lizinq öhdəliyinə görə hər gecikdirilən gün üçün qalıq əsas borc məbləğinə gündəlik 0,1% məbləğində faiz hesablanır və bu faiz borcalan tərəfindən tam həcmdə ödənilməlidir.
7. Müqaviləyə edilən 1 nömrəli Əlavə - ödəniş cədvəlinə əsasən cavabdeh xx.xx.2020-xx.xx.2025-ci il tarixlərdə hər ay 7163 manat, sonuncu ödəniş isə xx.xx.2025-ci il tarixdə 7188,33 manat məbləğində ödənişlər etməliydi. Qeyd edilən əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş müqaviləyə edilən 2 nömrəli Əlavələrdə lizinq opbyektinin texniki göstəriciləri əks olunmuşdur. Qeyd edilən əlavələr hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. AL/ML/0493 saylı, xx-xx-2020-ci il tarixli maliyyə lizinqi müqaviləsinə əsasən 144-20/AGS saylı, xx-xx-2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə təhvil-təslim aktında qeyd olunmuşdur ki, lizinq verən – İddiaçı MMC və satıcı – "xxxx" MMC (1 ədəd Qatı gübrə dağıdan 10 tonluq, 2 ədəd Cərgəarası mala (kultivator) 5 gövdəli UM-KG-5, 5 ədəd Dırmıx 5İİ UM-HR 5) qeyd edilmiş maddi qiymətliləri lizinq alana təhvil verdi və lizinq alan onları təhvil götürdü. Qeyd edilən (1 ədəd Qatı gübrə dağıdan 10 tonluq, 2 ədəd Cərgəarası mala (kultivator) 5 gövdəli UM-KG-5, 5 ədəd Dırmıx 5İİ UM-HR 5) maddi qiymətlilərdə heç bir çatışmamazlıq aşkar edilmədi. Bununla da lizinq verən AL/ML/0493 saylı lizinq müqaviləsi və satıcı 144-20/AGS saylı alqı-satqı müqaviləsi üzrə lizinq obyektinin lizinq alana təhvil verilməsi öhdəliyini tam yerinə yetirmiş hesab edilir. Qeyd edilən təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. AL/ML/0493 saylı, xx-xx-2020-ci il tarixli maliyyə lizinqi müqaviləsinə əsasən AQT/2-S-300 saylı, xx-xx-2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə təhvil-təslim aktında qeyd olunmuşdur ki, lizinq verən – İddiaçı MMC və satıcı – X2 İstehsalat Birliyi (6 ədəd Traktor Belarus 892 (Texniki istismar kitabçası), 2 ədəd Traktor Belarus 1523 (Texniki istismar kitabçası), 2 ədəd Traktor Beiarus 2022.3 (Texniki istismar kitabçası)) qeyd edilmiş maddi qiymətliləri lizinq alana təhvil verdi və lizinq alan onları təhvil götürdü. Qeyd edilən (6 ədəd Traktor Belarus 892 (Texniki istismar kitabçası), 2 ədəd Traktor Belarus 1523 (Texniki istismar kitabçası), 2 ədəd Traktor Beiarus 2022.3 (Texniki istismar kitabçası) maddi qiymətlilərdə heç bir çatışmamazlıq aşkar edilmədi. Bununla da lizinq verən AL/ML/0493 saylı lizinq müqaviləsi və satıcı AQT/2-S-300 saylı alqı-satqı müqaviləsi üzrə lizinq obyektinin lizinq alana təhvil verilməsi öhdəliyini tam yerinə yetirmiş hesab edilir. Qeyd edilən təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. xx.xx.2022-ci il tarixli, 1070/22 saylı maliyyə arayışında qeyd olunmuşdur ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış AL/ML/0493 saylı maliyyə lizinqi müqaviləsinə əsasən dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq 60 (altmış) ay müddətinə aylıq ödənişlər yerinə yetirmək şərti ilə ümümi dəyəri ******* (bir milyon əlli altı min yeddi yüz səksən) manat olan 36 ədəd müxtəlif markalı kənd təsərrüfatı texnikası lizinqə verilmişdir. Həmin texnikalara görə xx.xx.2022-ci il tarixədək 207821 (iki yüz yeddi min səkkiz yüz iyirmi bir) manat ödəbilməli olduğu halda 83141 (səksən üç min bir yüz qırx bir) manat ödəniş edilmişdir. Həmin texnikaya görə ödəniş qrafiki üzrə xx.xx.2022-ci il tarixinə 124680 (bir yüz iyirmi dörd min altı yüz səksən) manat borc yaranmışdır. Bağlanmış müvafiq müqavilənin 15.2-ci və 15.3-cü bəndlərinə əsasən ödəniş qrafiki üzrə 30 (otuz) təqvim günündən artıq ödənişlərin gecikdirilməsinə görə gecikdirilən hər bir gün üçün qalıq əsas borc məbləğinə gündəlik 0,1% - 30192,85 manat məbləğində faiz hesablanmışdır.
12. "xxxx" ASC tərəfindən verilmiş 118OPX1223480CA4 nömrəli, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Bakı şəhər 18 saylı Vəkil Bürosunun AZ59UBAZ**********0090AZN001 nömrəli hesabına 600 manat məbləğində ödəniş edilmişdir.
13. "xxxx" ASC tərəfindən verilmiş OD1 nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Bakı 3 saylı Mediasiya Təşkilatının AZ94İBAZ******************** nömrəli hesabına 400 manat məbləğində ödəniş edilmişdir.
14. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, borcun 5 gün müddətində ödənilməsini xahiş etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək zərurəti yaranacağını bildirmişdir.
15. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafiklərinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilə üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı pul tələbi ilə bağlı tələb hüququ yaranmışdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-11-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
18. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
19. İddia tələbinin bir hissəsini cavabdehdən xx.xx.2020-ci il tarixli, AL/ML/0493 saylı Maliyyə lizinq müqaviləsi üzrə 124680 (yüz iyirmi dörd min altı yüz səksən) manat əsas borcun tutulması təşkil edir.
20. Məhkəmə qanunvericilik normalarını, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2020-ci il tarixli, AL/ML/0493 saylı Maliyyə lizinq müqaviləsi üzrə 124680 (yüz iyirmi dörd min altı yüz səksən) manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
21. Bundan əlavə, iddiaçı cavabdehdən 30192,85 manat faiz borcunun (dəbbə pulu) tutulmasını xahiş etmişdir.
22. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 10000 (on min) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.
23. Eləcə də, iddiaçı 600 (altı yüz) manat hüquqi yardım xərci, 400 (dörd yüz) manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 47 (qırx yeddi) manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
24. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə cavabdehdən 600 (altı yüz) manat, mediasiyaya ödənilmiş 400 (dörd yüz) manat və ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 47 (qırx yeddi) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2020-ci il tarixli, AL/ML/0493 saylı Maliyyə lizinq müqaviləsi üzrə 124680 (yüz iyirmi dörd min altı yüz səksən) manat əsas borc, 10000 (on min) manat cərimə, 400 (dörd yüz) manat mediasiya, 600 (altı yüz) manat hüquqi yardım xərcləri və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 47 (qırx yeddi) manat olmaqla, cəmi 135727 (yüz otuz beş min yeddi yüz iyirmi yeddi) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova