Məhkəmə qərarları › İş №e-2-2(113)-1485/2023

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1485/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1485/2023 06.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə, mediasiya xərci, prosessual maraq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə qiyabi icraat qaydasında məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 573/21 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 2452 manat borcun və 60 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 18 noyabr 2021-ci il tarixdə alkoqollu və alkoqolsuz içki məhsullarının alqı-satqısı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı müxtəlif adda alkoqollu və alkoqolsuz içki məhsullarını cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin malları qəbul edərək müəyyən edilmiş qiymətini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022-ci il tarixlərdə elektron qaimələrdən görünür ki, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə onun 2452 manat borcu yaranmışdır. Həmin borcun 10 gün müddətində ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixdə pretenziya məktubu göndərilmiş, lakin cavabdeh həmin məktubu alsa da, borcu ödəməkdən imtina etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfə mediasiya prosesinin tədbiqi barədə təklif göndərilmiş, lakin sonuncu, həmin mediasiya təklifinə heç bir cavab verməmişdir. Bununla bağlı xx.xx.2022-ci il tarixdə Bakı 18 X2 mediatorun təyin olunması ilə bağlı ərizə ilə müraciət olunmuş, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası barədə arayış tərtib olunmuşdur.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1485/2023 nömrəli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianın məzmununa uyğun izahatlar vermiş və eyni zamanda bildirmişdir ki, iddiaçı alkoqollu və alkoqolsuz içkilərin alqı-satqısı ilə məşğul olur. Bu fəaliyyətinə uyğun olaraq iddiaçının cavabdehlə alqı-satqı münasibətləri uzun müddət mövcud olmuşdur. İddia ərizəsində qeyd olunan və məhkəməyə təqdim olunan elektron qaimələrdə qeyd olunan mallar cavabdehə təhvil verilmiş, lakin dəyəri ödənilməmişdir. Sonrakı dövrdə də mallar təhvil verilmiş, onların dəyəri ödənilmişdir. Dəyəri tələb olunan malların təhvil verilməsi elektron qaimə ilə təsdiqlənir.

5. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə bildirmişdir ki, iddiaçının rəhbəri ilə dostluq münasbətləri olub. MMC restoran xidmətinin göstərilməsi ilə bağlı fəaliyyət göstərmir. Ortaq restoranları olub, həmin restoranın VÖEN-i vergi uçotuna alınmadığı üçün iddiaçı ilə müvəqqəti müqavilə bağlanıb, iddiaçıya ödənişlər edilib. Cavabdehin tələb etdiyi malların dəyəri ödənilib.

6. Məhkəmənin sonrakı iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin X1 Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş, eyni zamanda hüquqi ünvanına göndərilmiş, cavabdehin qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildiriş göndərilmiş, məhkəmə iclaslarının yeri və vaxtı barədə telefonoqramlar ötürülmüşdür. Lakin cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən, mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozubpozmamasının müəyyən edilməsi daxildir.

11. İddia ərizəsinə əlavə olunmuş 18 noyabr 2021-ci il tarixli, 573/21 nömrəli alqısatqı müqaviləsinin 1.1-ci bəndinə görə, satıcı (iddiaçı) öhdəsinə götürür ki, müxtəlif adda alkoqollu və alkoqolsuz içki məhsullarının (bundan sonra mal adlandırılacaq) alıcının (cavabdehin) mülkiyyətinə versin, alıcı isə öhdəsinə götürür ki, malı qəbul edərək müəyyən edilmiş qiymətini ödəsin. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, malın çeşidi qaimədə göstərilir. Sözügedən müqavilənin 3.1-ci maddəsindən görünür ki, satılmış malın qiyməti tərəflərin razılaşdırılmasına əsasən müəyyən edilir və qaimələrdə göstərilir. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə hesablaşmalar nağd və ya 30 (otuz) gün ərzində köçürmə vasitəsi ilə həyata keçirilir. Müqavilənin 6.1-ci bəndinə əsasən qaimə-faktura əsasında təhvil verilmiş malların pulunun tam və vaxtında ödənilməsini alıcıdan tələb etmək satıcının hüququdur. Müqavilənin 9.1-ci bəndində göstərilmişdir ki, hazırkı müqavilə 3 (üç) il müddətinə bağlanmışdır və imzalandığı gündən qüvvəyə minir.

12. İş materiallarına əlavə edilmiş XXXX seriyalı 747092 nömrəli xx.xx.2021-ci il tarixli, XXXX seriyalı 747579 nömrəli xx.xx.2021-ci il tarixli, XXXX seriyalı 839967 nömrəli xx.xx.2021-ci il tarixli, XXXX seriyalı 086319 nömrəli xx.xx.2021-ci il tarixli, XXXX seriyalı 154006 nömrəli xx.xx.2021-ci il tarixli, XXXX seriyalı 292634 nömrəli xx.xx.2021-ci il tarixli, XXXX seriyalı 292297 nömrəli xx.xx.2021-ci il tarixli, XXXX seriyalı 634131 nömrəli xx.xx.2021-ci il tarixli, XXXX seriyalı 899732 nömrəli xx.xx.2021-ci il tarixli, XXXX seriyalı 999665 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimələrdən görünür ki, müvafiq olaraq 1659,18 manat, 11,20 manat, 89,60 manat, 16,80 manat, 56 manat, 167,20 manat, 33,60 manat, 155,60 manat, 56 manat, 207,20 manat olmaqla cəmi 2452,38 manat dəyərində (ƏDV daxil) malın cavabdehə təhvil verilməsi rəsmiləşdirilmişdir.

13. Məhkəməyə təqdim edilən İnternet Vergi İdarəsinin “Elektron qaimə (e-qaimə)” altsistemindən çıxarışlardan görünür ki, yuxarıda qeyd olunan elektron qaimələr “sistem tərəfindən təsdiqlənmiş” statusundadır.

14. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Qaydaların 3.9-cu bəndində isə təsbit olunmuşdur ki, elektron qaimə-fakturanın ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır.

15. Məhkəmə qeyd edir ki, elektron qaimədə qeyd olunan mallar cavabdehə təhvil verilməsə idi, göndərilmiş elektron qaimələr cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə ləğv edilə bilərdi. Lakin təqdim olunmuş elektron qaimə sistem tərəfindən təsdiqlənmiş, cavabdeh isə ləğv etməmişdir. Həmçinin tərəflər də müqavilədə malların təhvil-təsliminin qaimə əsasında həyata keçirilməsini razılaşdırmışlar.

16. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 18 noyabr 2021-ci il tarixli, 573/21 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı razılaşdırılmış məhsulları cavabdehə təhvil verməyi, cavabdeh isə malları qəbul edib əvəzini ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə uyğun olaraq iddiaçı elektron qaimə əsasında 2452,38 manat dəyərində malı cavabdehə təhvil vermişdir.

17. İddiaçı təhvil verilmiş malın dəyərinin cavabdeh tərəfindən ödənilmədiyini bildirir, malın dəyərini təşkil edən 2452 manat pulu tələb edir və iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları təqdim edir.

18. Cavabdehin qanuni təmsilçisi məhkəmənin bir iclasında iştirak edərək təhvil verilmiş malların dəyərinin ödənildiyini bildirmiş, sonrakı iclaslarda iştirak etməmişdir.

19. Məhkəmə əvvəlcə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xarvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

21. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin qeyd edir ki, kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

22. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə əsaslı etirazın və etirazın əsası kimi istinad edilən halları təsdiq edən sübutların təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

23. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

24. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

25. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

26. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

27. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

28. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

29. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir və tələbi əsaslıdır.

30. Cavabdehin nümayəndəsi tələb olunan məbləğin iddiaçıya ödənildiyini bildirmiş, lakin qeyd olunan halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə bir daha qeyd edir ki, mülki mühakimə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir və cavabdeh tələb olunan məbləğin iddiaçıya ödənildiyini bildirsə də, qeyd olunan məbləğin ödənildiyini təsdiq edən hər hansı sübut təqdim etmədiyindən etirazın qeyd olunan əsası iddianın rədd olunması üçün səbəb sayıla bilməz.

31. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

32. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

35. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

36. Göstərilənləri və cavabdehin təhvil aldığı malların dəyərini təşkil edən 2452 manat pulu ödəmədiyini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, alqı-satqı müqaviləsi üzrə 2452 manat pul Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.

b) Mediasiya xərcinin tutulması tələbi ilə bağlı

37. İddiaçı həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat pulun cavabdehdən tutulması tələbini irəli sürmüşdür.

38. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/18-00218 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, "xxxx" MMC-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir.

39. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

40. Həmin Məcəllənin 115.0 və 115.0.9.-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

41. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

42. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

43. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. İddia tələbi tam təmin olunduğundan məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 manat pul Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.

V. Nəticə:

45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 242-244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021ci il tarixli alqı-satqı müqaviləsi üzrə 2452 (iki min dörd yüz əlli iki) manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul cavabdeh X4” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar