Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1485/2025 04.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-cİ il tarixli 06-LA/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 184.238 (bir yüz səksən dörd min iki yüz otuz səkkiz) manat gecikdirilmiş borcun və hesablanmış 47.349,17 (qırx yeddi min üç yüz qırx doqquz manat 17 qəpik) manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 (beş yüz ) manat, cəmi: 232087,17 (iki yüz otuz iki min səksən yeddi manat 17 qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 06-LA/17 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) soyuducu kamera üçün avadanlıqları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2017-ci il tarixli 06-LA/17 nömrəli müqavilə üzrə 184238 manat gecikdirilmiş borcu və hesablanmış 47349,17 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil2 iş üzrə icraata xitam verilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 06-LA/17 nömrəli soyuducu kameranın lizinqə verilməsi barədə müqavilə bağlanmışdır.
9. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən dəyəri 1.202.4000 manat tutumu 1500 ton olan soyuducu kamera üçün avadanlıqları quraşdıraraq dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 8 il müddətə lizinqə verir.
10. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan avandanlığın dəyərindən 60.120 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür.
11. Lizinq müqaviləsi və ödəniş qrafiki hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.
12. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir.
13. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun borcunu ödəmək vəzifəsi yaranmışdır.
14. Məhkəmə iş materiallarına əlavə olunmuş ödəniş qrafiki, maliyyə arayışı, hesabdan çıxarışı müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, cavabdehin xx.xx.2024cü il tarixə xx.xx.2017-ci il tarixli 06-LA/17 nömrəli müqavilə üzrə 184.238 manat ödənilməmiş əsas borcu qalmışdır.
15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia etiraz edərək, iş üzrə artıq məhkəmə aktının çıxarıldığını, həmin aktın qüvvədə olduğunu, bundan başqa, cərimənin mütənasiblik prinsipinə uyğun hesablanmadığını, yüksək məbləğdə olduğunu bildirmişdir.
16. Məhkəmə hesab edir ki, cavabdehin etirazı əsassızdır.
17. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-590/2024 nömrəli qətnaməsindən məlum olur ki, cavabdehin xx.xx.2023-cü il tarixə olan əsas və cərimə borcu tələb edilmiş və qətnamə ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 773797 manat əsas borc, 25000 manat dəbbə pulu, 400 manat mediasiya xərci, 500 manat hüquqi yardımla bağlı xərc, ümumilikdə 798797 (yeddi yüz doxsan səkkiz min yeddi yüz doxsan yeddi) manat məbləğində pulun tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(103)-661/2024 saylı qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 590/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
19. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından da görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-590/2024 nömrəli qətnaməsindən ödənilməmiş 773.797 manat əsas borc hazırki iş üzrə tələb edilən əsas borca daxil edilməmişdir.
20. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixli 06-LA/17 nömrəli müqavilyə əsasən əsas borc üzrə üzrə 184.238 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənməlidir.
21. Məhkəmə lizinq müqaviləsi üzrə dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
22. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 %-i həcmində cərimə tələb edir.
23. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
24. Məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixli 06-LA/17 nömrəli müqaviləyə əsasən 184.238 manat əsas borca münasibətdə 9.000 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
25. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş sənədindən görünür ki, vəkil xərcinin əvəzi olaraq 500 manat məbləğində pul ödənmişdir.
26. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə 500 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
27. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilməli rüsum məbləği 483,24 manat təşkil etmişdir, lakin iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi “Dövlət rüsumu haqqında” Qanunun 9.1.14-cü bəndinə əsasən (məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar) dövlət rüsumu ödəməkdən azaddır.
28. Ona görə də, məhkəmə Mülki Prosessual Məcəllənin 119.2-ci bəndini əsas tutaraq hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq 483,24 manat məbləğində pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənməlidir.
29. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 184.238 (bir yüz səksən dörd min iki yüz otuz səkkiz) manat, cərimə borcu üzrə 9.000 (doqquz min) manat olmaqla, cəmi 193.238 (bir yüz doxsan üç min iki yüz otuz səkkiz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Hüquqi yardımın göstərilməsinə görə çəkilmiş xərcin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 483 (dörd yüz səksən üç) manat 24 (iyirmi dörd) qəpik məbləğində pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Kənan Hüseynov