Məhkəmə qərarları › İş №e-2-2(113)-1486/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1486/2021

27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1486/2021 27.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı (MMC) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən müqavilə üzrə əsas borc 732100,28 manat, 83687 vurulmuş zərər, ödənilməmiş məbləğ üzrə 35384 manat əldə edilməmiş fayda və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 851171,28 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Cavabdeh arasında 18.09.2019-cu il tarixində qarşılıqlı olaraq 492/SAM/2019 saylı müqavilə bağlanılmışdır. Bağlanmış müqaviləyə əsasən ƏDV daxil 802100,28 manat məbləğində mallar DDP Bakı şərti ilə Cavabdehnə təhvil verilməli idi. Mallar 31.05.2020-ci il tarixində 133 saylı akt və EBAK 532473 saylı qaimə faktura əsasında təhvil verilmiş və müvafiq qaydada təsdiqlənmişdir. Müqaviləyə əsasən Cavabdehnə təhvil verilən elektron qaimə - faktura və akt malların çatdırılmasını və çatdırılma tarixini təsdiq edən sənəd sayılır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq təhvil verilmiş malların dəyərinin ödənilməsi müddəti tənzimlənir. Belə ki, 4.2-ci bəndinə əsasən mallar təhvil verilməsini təsdiq edən sənədlər təqdim olunduqdan sonra İcraçı tərəfindən ödənişlər həyata keçirilməli idi. Lakin bu günə kimi 732100,28 manat həcmdə (ƏDV daxil) yerinə yetirilməmiş, Cavabdeh tərəfindən ödənişlər təmin edilməmişdir. Cavabdeh tərəfindən 08.02.2021-ci il tarixədək 732100,28 manat borc öhdəliyinin yerinə yetirilməməsi ilə iddiaçıya 119071 manat əldən çıxmış fayda–zərər olmuşdur. Belə ki, qaimənin təqdim olunduğu gün ilə müqayisədə avronun məzənnəsində 10% artım olmuşdur. Bunu nəzərə alanda ödənişin vaxtında həyata keçirilməməsi səbəbindən şirkətə müqavilə dəyərinin 10% həcmində 83687 manat zərər dəymişdir. Eləcə də bu dövr üzrə Mərkəzi Bank tərəfindən bank uçot faiz dərəcəsi 7.25% həcmində müəyyən edilmişdir. Cəmiyyət bu pulu 01.06.2020-ci il tarixdən ölkə banklarına əmanət qoymaqla minimal olaraq son 8 ayda 35384 manat faydanı əldə edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil iddianı qəbul etmədiyini bildirərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan: - İddiaçı MMC ilə cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), Cavabdeh arasında 18.09.2019-cu il tarixində qarşılıqlı olaraq bağlanmış 492/SAM/2019 saylı müqaviləyə əsasən radiotexniki stansiya kompleksi “İnkoterms-2010a” əsasən DDP Bakı, Azərbaycan şərti ilə cavabdehin ünvanına çatdırılması, cavabdeh isə müqavilə əsasında malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - 31.05.2020-ci il tarixli, EBAK seriyalı, 532473 saylı elektron qaiməyə əsasən “Azneft” İB-yə 802100,28 manat dəyərində mal verilmişdir. - 31.05.2020-ci il tarixli 133 saylı akta əsasən İddiaçı MMC-nin mühəndisi tərəfindən X1 Kompleksi “Azneft” İB-yə təhvil verilmiş və hər iki tərəfin imza möhürü ilə təsdiq edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. 802100,28 manat dəyərində malların iddaçı tərəfindən cavabdehə təhvil verilməsi, həmin mallara görə 732100,28 manat məbləğində pul vəsaitinin ödənilməməsi işin faktiki halları ilə təsdiq olunduğundan və işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmədiyindən məhkəmə qeyd olunan xüsusatlara işin mübahisələndirilməyən halları kimi qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Tərəflər arasında tərtib olunmuş satıcının standart şərtlərinin qiymət və ödəmə şərtlərindən malın dəyərini satış tarixində və ya malın təslimi tarixinə verilən faktura tarixindən sonra 60 gün ərzində satıcının kassasına ödəməli olduğu nəzərdə tutulmuş, yəni, öhdəliyin icrası müddəti göstərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesabfakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhviltəslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesabfakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, mallar Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada - elektron qaimə-faktura əsasında, həmçinin, əmtəə-nəqliyyat qaimələri əsasında təhvil verilmişdir. Qeyd olunanlara əsasən və alınmış malların dəyərinin tam ödənilməməsi, borcla bağlı hər hansı bir sübut təqdim olunmadığından məhkəmə hesab edir ki, iddianın əsas borcun ödənilməsi hissəsində təmin olunması üçün əsaslar mövcuddur. Bundan başqa məhkəmə vurulmuş zərərin və əldə edilməmiş fayda ilə bağlı hesab edir ki, iddia bu hissələrdə qanuni əsası olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09.07.2009-cu il tarixli qərarına ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, iddiaçı ona məxsus pul vəsaitindən nomada sadalandığı kimi cavabdeh tərəfindən hər hansı gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əldə edilməsi halını məhkəmə prosesi zamanı sübuta yetirə bilməmiş, buna dair hər hansı sənəd-sübut təqdim etməmişdir. Bunun üçün də tələbin həmin hissədə təmin edilməsi üçün əsaslar mövcud deyildir. İddianın qismən təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 26 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. 732100,28 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 26 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar