Məhkəmə qərarları › İş №e-2-2(113)-1486/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1486/2022

12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1486/2022 12.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (direktoru) X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı 29.01.2018-ci il tarixli müqavilə üzrə 120.0 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin, yəni yarızirzəminin texniki pasportda göstərilən göstəricilərə uyğun, qeyri-yaşayış sahəsi yerləşən binanın 1-ci mərtəbəsində iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı 29.01.2018-ci il tarixli müqavilə üzrə 120.0 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin, yəni yarızirzəminin texniki pasportda göstərilən göstəricilərə uyğun, qeyri-yaşayış sahəsi yerləşən binanın 1-ci mərtəbəsində iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 29.01.2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh öhdəlik götürmüşdür ki, mülkiyyət hüququ ilə iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, 5 ünvanında yerləşən 76.8 kv.m qeyri-yaşayış sahəsi “pilot lahiyə çərçivəsində” sökülərək, əvəzinə 120.0 kv.m ölçüdə qeyri-yaşayış sahəsi, yəni yarızirzəmi tikiləcək hündürmərtəbəli binanın eyni mərtəbəsində texniki pasportda göstərilən göstəricilərə uyğun iddiaçıya təhvil veriləcəkdir. Yaşayış binasının tikintisi başa çatdığından iddiaçı tərəfindən cavabdehə müraciət olunaraq verilməli olan qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələb olunmuşdur. Cavabdeh bir neçə dəfə müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Lakin təkidlə tələb etdikdən sonra cavabdehin nümayəndələri iddiaçını tikilmiş binanın qaraj hissəsinə apararaq iddiaçıya veriləcək sahənin orada olmasını bildirmişlər. Bununla qəti şəkildə razı olmayaraq, müqavilədə şərtləşdiyi şəkildə sökülmüş obyektinin yerləşdiyi mərtəbədə texniki pasportda göstərilən göstəricilərə uyğun, yəni yarızirzəminin təhvil verilməsini tələb edərək iddiaçıya məxsus olmuş, sökülmüş qeyri-yaşayış sahəsinin çıxarışında qeyri-yaşayış sahəsi yazıldığını, qarajların çıxarışı olmadığını, bütün bunlarla yanaşı söküntüdən əvvəl qeyri-yaşayış sahəsinin yarızirzəmi olmasını təsdiq edəcək fotoşəkillərin olmasını da bildirsə də heç bir əhəmiyyəti olmamış və cavabdehin nümayəndələri təkidlə hündürmərtəbəli binanın qaraj hissəsindən iddiaçıya yer veriləcəyini bildirmişlər. Həmçinin qeyri-yaşayış sahəsinin hüquqi statusunu və texniki göstəricilərini müəyyən etmək üçün "xxxx" MMC tərəfindən araşdırma aparılaraq 09.02.2022-ci il tarixli, G-02/22-017 nömrəli rəy verilmişdir. Həmin rəy ilə bir daha təsdiq olunur ki, sökülmüş binanın baş planına əsasən iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, 5 ünvanında yerləşən 76.8 kv.m qeyri-yaşayış sahəsinin daxili hündürlüyü 2.80 metr olmuşdur ki, bunun da 1.80 metr hissəsi torpağın planlaşdırma səviyyəsindən aşağıda olmuş, qalan 1.00 metr hissəsi torpaq səviyyəsindən yuxarıda olmuş və torpaq sahəsindən yuxarıda olan hissədə pəncərələr olmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi (direktoru) X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 29.01.2018-ci il tarixli müqavilədən görünür ki, cavabdeh yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binaların söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərədə tutulmuş binada iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, 5 ünvanında yerləşən, ümumi sahəsi 76.8 kv.m olan qeyri-yaşayış sahəsini sökülmək üçün təhvil almağı, cavabdeh tərəfindən həmin ərazidə inşa ediləcək binanın inşası başa çatdıqdan sonra 120.0 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini (yarımzirzəmi) hazırki binada yerləşdiyi mərtəbədə, yəni yarızirzomidə iddiaçıya təmirsiz şəkildə təhvil verməyi, iddiaçı isə imzalandığı tarixdən etibarən 10 (on) gün ərzində ona məxsus qeyri-yaşayış sahəsini söküntü üçün cavabdehə təhvil verməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş binada yerləşən qeyri-yaşayış sahəsini isə qəbul etməyi öhdələrinə götürmüşlər. Pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən 29.01.2018-ci il tarixli Müqavilə üzrə götürdüyü öhdəliyə əsasən 120 kv.metr ölçüdə qeyri-yaşayış sahəsinin, yəni yarızirzəminin texniki pasportda göstərilən göstəricilərə uyğun olaraq ona təhvil verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 29.01.2018-ci il tarixli müqavilə bağlanmış və müqaviləyə əsasən cavabdeh yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binaların söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərədə tutulmuş binada iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, 5 ünvanında yerləşən, ümumi sahəsi 76.8 kv.m olan qeyri-yaşayış sahəsini sökülmək üçün təhvil almağı, cavabdeh tərəfindən həmin ərazidə inşa ediləcək binanın inşası başa çatdıqdan sonra 120.0 kv.metrdən ibarət qeyriyaşayış sahəsini hazırki binada yerləşdiyi mərtəbədə, yəni yarızirzəmidə iddiaçıya təmirsiz şəkildə təhvil verməyi, iddiaçı isə imzalandığı tarixdən etibarən 10 (on) gün ərzində ona məxsus qeyri-yaşayış sahəsini söküntü üçün cavabdehə təhvil verməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş binada yerləşən qeyri-yaşayış sahəsini qəbul etməyi öhdələrinə götürmüşlər. Cavabdeh tərəfindən binanın tikintisi başa çatmış, lakin qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilməmişdir. Göründüyü kimi cavabdeh inşa ediləcək binanın inşası başa çatdıqdan sonra 120.0 kv.metrdən ibarət qeyri-yaşayış sahəsini hazırki binada yerləşdiyi mərtəbədə, yəni yarızirzəmidə iddiaçıya təmirsiz şəkildə təhvil verməyi öhdəsinə götürmüş, lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir ki, bu halda məhkəmə iddianı əsaslı hesab edir. Lakin iddiaçı tələbində 120.0 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin, yəni yarızirzəminin texniki pasportda göstərilən göstəricilərə uyğun, binanın 1-ci mərtəbəsində iddiaçıya təhvil verilməsini tələb edir ki, tərəflər arasında bağlanmış müqavilədə qeyriyaşayış sahəsinin tələbdə göstərilən formada təhvil verilməsi nəzərdə tutulmamışdır. Buna görə də məhkəmə hersab edir ki, iddia qeyri-yaşayış sahəsi müqavilənin 1.1-ci və 1.4-cü bəndlərində göstərilən formada, yəni 120.0 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi hazırki binada yerləşdiyi mərtəbədə, yəni yarızirzəmidə iddiaçıya təhvil verilməklə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 29.01.2018-ci il tarixli müqavilə üzrə 120.0 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi hazırki binada yerləşdiyi mərtəbədə, yəni yarızirzəmidə iddiaçıya təhvil verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 92,23 faizini təşkil etdiyini nəzərə alaraq ödənilmiş 223 manat məbləğində dövlət rüsumunun 205,67 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 17,33 manat məbləği iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 29.01.2018-ci il tarixli müqavilə üzrə 120.0 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi hazırki binada yerləşdiyi mərtəbədə, yəni yarızirzəmidə İddiaçınə təhvil verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat məbləği Cavabdehndən tutularaq İddiaçınə ödənilsin, qalan 50 manat məbləği isə İddiaçınə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar