Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1486/2025 20.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh2 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-cü il tarixli, S105/22 saylı təchizat müqaviləsi əsasında 3052,33 manat əsas, 6016,14 manat dəbbə pulu və 110 manat ödənilən dövlət rüsumu olmaqla cəmi 9178,47 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə “X4 Company” MMC ilə cavabdeh arasında S105/22 saylı “təchizat” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “X4 Company” MMC, yəni satıcı bu müqavilədə nəzərdə tutulmuş malları alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü maddəsinə əsasən bu “müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq “mal”ların “satıcı” qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş “mal”ın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində “satıcı”nın ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. “Mal”ların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, “alıcı” satılan “mal”ın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. “Mal”ların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu “müqavilə”yə əsasən onun dəyərinə daxildir. “Satıcı”nın ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş “mal”lar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış “mal”ların nağd şəkildə ödənişi mümkündür. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturalarıəsasında mallar təchizatçı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq,alıcı elektron-qaimələrə əsasən ƏDV daxil olmaqla 3052,33 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq təchizatçıya, yəni “X4 Company” MMC-yə ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı müddəaları nəzərdə tutan 6-cı maddəsinin tələbinə görə “tərəflər” arasında bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəma qaydasında həll olunur. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu gödəndilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir.
3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə verib xx.xx.2022-cü il tarixli, S105/22 saylı təchizat müqaviləsi əsasında 3052,33 manat əsas, 152,62 manat dəbbə pulu və 110 manat ödənilən dövlət rüsumu olmaqla cəmi 3314,95 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi S.Qurbanzadə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, cavabdehə iddiaçı tərəfindən ümumilikdə 4996,60 manat dəyərində mal verilmiş, cavabdeh tərəfindən nağd qaydada iddiaçıya 1300,17 manat pul ödənilmiş, təhvil verilmiş mallardan ümumi dəyəri 644,10 manat təşkil edən hissəsi iddiaçıya qaytarılmış, qalıq 3052,33 manat borc ödənilməmişdir. Cavabdehin mübahisələndirdiyi mallarla bağlı təhvil aktları olmasa da, cavabdehə həmin mallarla bağlı göndərilmiş elektron qaimələrə cavabdeh tərəfindən vaxtında etiraz verilmədiyi üçün iddiaçı həmin malların hansı ünvana və hansı qaydada çatdırılması halını araşdıra bilməmişdir. Bu səbəbdən iddianın tam həcmdə təmin edilməsi xahiş olunur.
5. Məhkəmə iclasında cavabdeh iddia tələbini 2158,08 manat hissədə qəbul etdiyini, qalan hissədə iddianı qəbul etmədiyini göstərib bu səbəbdən iddianın qismən təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən hər dəfə ona mal verilməsi təhvil aktı ilə rəsmiləşdirilmiş, o, həmin aktları imza etmişdir. İddiaçının təqdim etdiyi elektron qaimələr sistem tərəfindən təsdiqlənmiş, onun həmin qaimələrdən yalnız məhkəmə icraatı zamanı xəbəri olmuşdur. Ona iddiaçının təhvil verdiyini iddia etdiyi 200,17 manat, 89,88 manat, 604,20 manat dəyərində mallar verilməmişdir, üzləşmə aktı tərtib edilən zaman həmin malların iddiaçı ona təhvil verdiyi iddia etsə də, o, bu barədə iradını bildirmiş, iddiaçı tərəfindən ona həmin malların aktları təqdim edildikdə isə aktları kənar şəxsin imza etdiyini görmüşdür, lakin hazırda iddiaçı həmin aktları məhkəməyə təqdim etmir. Bu səbəbdən həmin mallar ona verilmədiyi üçün iddianın həmin hissədə rədd edilməsini xahiş edir. İddiaçının hər dəfə fərqli nümayəndəsi ondan borcun ödənilməsini tələb etdiyi, tərəflər arasında fikir ayrılığı olduğu üçün borcun ödənilməsini məhkəmə mübahisəsinin yekunlaşmasına saxlamış, bu səbəbdən ondan dəbbə pulu tələb edilə bilməz.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (təchizatçı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2022-cü il tarixli, S105/22 saylı təchizat müqaviləsinə görə təchizatçı malları alıcıya satır, alıcı isə həmin malları qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini təchizatçıya ödəyir.
8. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların satıcı qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində satıcının ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, alıcı satılan malın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. Malların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu müqaviləyə əsasən onun dəyərinə daxildir. Satıcının ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş mallar ödənilmiş hesab olunur.
9. Müqavilənin 5.1-ci bəndinə əsasən alıcı tərəfindən bu müqavilənin şərtlərinə əsasən ödəniş hesabatları qaydalarına riayət olunmadıqda alıcı təchizatçıya hər gecikən gün üçün 0,3% dəbbə pulu (cərimə) ödəyir.
10. 25.04.2024-cü il tarixli satış üçün təqdim olunan malların geri qaytarılması aktına görə cavabdeh tərəfindən iddiaçıdan alınmış 644,10 manat məbləğində mal sonuncuya geri qaytarılmışdır.
11. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDA 384481 nömrəli 604,20 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDİ 638218 nömrəli 354 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDG 375098 nömrəli 669,30 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDG 529573 nömrəli 746,04 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDB 261303 nömrəli 1032,50 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBCO 143957 nömrəli 1300,50 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBCO 143976 nömrəli 89,88 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCM 301011 nömrəli 200,17 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
12. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdeh tərəfindən iddiaçıya 1944,27 manat vəsait ödənilmiş və mal geri qaytarılmışdır.
13. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli təhvil aktına əsasən 1300,50 manat, xx.xx.2023-cü il tarixli aktla əsasən 1032,51 manat, xx.xx.2023-cü il tarixli akta əsasən 746,04 manat, xx.xx.2023-cü il tarixli akta əsasən 669,30 manat xx.xx.2023-cü il tarixli akta əsasən 354 manat dəyərində mallar təhvil verilmişdir.
14. Məhkəmə proses iştiraçılarının izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
15. Belə ki, işin mübahisəsiz olaraq məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2022-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya 1300,17 manat məbləğində nağd qaydada vəsait ödənilmiş, ümumi dəyəri 644,10 manat təşkil edən mallar iddiaçıya geri qaytarılmışdır.
16. İddiaçı iddia ərizəsində cavabdehə ümumilikdə 4996,60 manat dəyərində mallar təhvil verdiyini göstərmiş, cavabdeh iddiaya qarşı etirazında ona elektron qaimələrdə göstərilmiş 200,17 manat, 89,88 manat, 604,20 manat dəyərində malların təhvil verilmədiyini bildirmişdir.
17. İddiaçı məhkəməyə həmin malların cavabdehə təhvil verilməsini təsdiq edən hər hansı sübut (təhvil aktı və sairə) təqdim edə bilməmişdir.
18. Məhkəmə həmin hissədə iddiaçının təqdim etdiyi elektron qaimələri hazırkı iş üzrə mötəbər sübut qismində qəbul etmir.
19. Belə ki, tərəflər arasında formalaşmış işgüzar münasibətlərdən görünür ki, tərəflər arasında hər dəfə malın təhvil verilməsi təhvil aktı ilə rəsmiləşdirilmiş, təhvil verilmiş malların adı, qiyməti, sayı göstərilməklə akt alıcı və satış təmsilçisi tərəfindən imzalanmaqla təsdiq edilmişdir.
20. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən 2158,08 manat məbləğində əsas borc (3052,33 manat - 200,17 manat - 89,88 manat - 604,20 manat) tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
23. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
24. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
25. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
26. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 5.1-ci bəndinə əsasən hesablanmış 152,62 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
27. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
28. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
29. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 100 manat müəyyən edilməlidir.
30. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 2158,08 manat əsas borc və 100 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 42,59 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 67,41 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 2158,08 manat əsas borc, 100 manat dəbbə pulu, 42,59 manat dövlət rüsumu, ümumilikdə 2300,67 (iki min üç yüz manat altmış yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 67,41 (altmış yeddi manat qırx bir qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova