Məhkəmə qərarları › İş №e-2-2(113)-1492/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1492/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1492/2020 06.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Rəhmanov Elçin Natiq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh kompaniya” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ("İddiaçı” MMC) cavabdeh “Cavabdeh kompaniya” Məhdud Məsuliyyətli Cəmiyyətinə (“Cavabdeh kompaniya” MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəliklərini yerinə yetirməməsi nəticəsində iddiaçıya vurulmuş ziyanın məbləğini təşkil edən 40000 (qırx min) ABŞ dolları və 50000 (əlli min) manat pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxx 2017-ci il tarixdə “xxxx” MMC (alıcı) ilə İddiaçı MMC (satıcı) arasında malın təchiz edilməsi barədə 91/17 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı müqaviləyə spesifikasiyalarda sadalanan tərəvəzləri, təzə meyvələri və digər qida məhsullarını satmağı, Alıcı isə məhsulları qəbul edib, dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən malların dəyəri və təchizat miqdarı tərəflər arasında razılaşdırılaraq, spesifikasiyalarda göstərilir. Spesifikasiyalarda göstərilən qiymətlər qətidir, hər təchiz olunan partiyanın təchizat dövründə dəyişdirilə bilməz. Tərəflər arasında razılaşdırılmış təchizat miqdarı həftədə 2 dəfədən az olmamalıdır. Alıcının ilk sifarişinə əsasən Satıcı tərəfindən Alıcının ünvanına 01 saylı, xx xxxxx 2017-ci il tarixli İnvoysa (СМR №009569, xx xxxxx 2017) əsasən ümumi dəyəri 49984,80 ABŞ dolları təşkil edən təzə pomidor məhsulunu göndərilmişdir. Lakin sonradan Alıcı müqavilə şərtlərini pozaraq heç bir sifariş verməmiş və müqavilə şərtlərini pozduğuna görə Satıcıya külli miqdarda zərər vurmuşdur. Belə ki, Satıcı Müqavilənin şərtlərini yerinə yetirərək, növbəti sifarişlər üzrə malların göndərilməsini təmin etmək məqsədi ilə müxtəlif pomidor yetişdirən istixana sahiblərinə və sahibkarlara 40000 (qırx min) ABŞ dolları və 50000 (əlli min) manat məbləğində beh vermişdir. Belə ki, Satıcıya məlum idi ki, həftədə iki dəfə veriləcək sifariş üzrə göndərmək üçün böyük miqdarda hazır məhsul tələb olunur. Lakin Alıcının müqavilə üzrə öhdəliklərini pozaraq sifariş verməməsi nəticəsində Satıcı tərəfindən təsərrüfat sahiblərinə ödənmiş beh məbləğləri batmış, bununla da Satıcı külli miqdarda zərər çəkmişdir. Belə ki, uzun illərdir kənd təsərrüfatı sahəsində formalaşmış biznes qaydalarından və işgüzar adətlərdən məlumdur ki, təsərrüfat sahibləri təzə tərəvəz və meyvə məhsullarını yalnız qabaqcadan beh almaq şərti ilə satır və beh vermiş şəxs həmin məhsulu təhvil almadığı halda, ödənilmiş beh məbləği geri qaytarılmır.Müqavilənin 7.1-ci bəndinə əsasən Alıcı tərəfindən müqavilə şərtlərinin pozulması nəticəsində Satıcıya ziyan dəydiyi halda, Alıcı vurulmuş zərəri Satıcıya kompensasiya edir. Müqavilənin 10.4-cü bəndinə əsasən hər bir tərəf digər tərəfi ən azı bir ay qabaqcadan xəbərdar etməklə, müqaviləyə vaxtından əvvəl xitam verə bilər. Müqaviləyə xitam verilməsi tərəfləri hər hansı ödənişləri, cərimələri və hazırkı müqavilə üzrə vurulmuş zərəri ödəmək öhdəliyindən azad etmir. Müqavilənin 9.1-ci bəndinə əsasən tərəflər arasında, hazırkı Müqavilənin icrası ilə əlaqədar yaranan bütün mübahisələr və fikir ayrılıqları danışıqlar yolu ilə həll edilir. Bu yolla həll edilməsi mümkün olmadığı halda, tərəflər arasında hazırkı Müqavilə, yaxud onun icrası ilə bağlı yaranan bütün mübahisələr, fikir ayrılıqları, o cümlədən vurulmuş zərərin ödənilməsi, müqaviləyə xitam verilməsi, yaxud müqavilənin etibarsız hesab olunması ilə bağlı tələblər, iddiaçının yerləşdiyi yerin məhkəməsində həll olunur. Müqavilənin 9.2-ci bəndinə əsasən müqavilə üzrə iddiaçının yerləşdiyi yerin hüququ tətbiq edilir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dəvət edilmiş X5 ifadəsində bildirmişdir ki, 2017ci ilin aprel ayında mal alınması üçün “Cavabdeh kompaniya” MMC tərəfindən müraciət edilmişdir. Yetişdirdiyimiz məhsul yüksək keyfiyyətli olduğu və Rusiya Federasiyasında yaxşı satıldığı üçün münasib qiymətlə həmin məhsulların satılması təklif olundu. Şərtimiz iki ay ərzində məhsulun alınması olmuşdur. Bununla əlaqədar olaraq aramızda müqavilə bağlanmışdır. Müqavilə qardaşımla bağlanıb. Həmin müqavilə üzrə 20000 manat beh X2 Hüseynov Cəfər tərəfindən verilmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilə mövsümün əvvəlində bağlandığından və cavabdeh tərəfindən bizim bütün malları alacaqlarını bildirdiklərindən həmin məhsulların başqa şəxslərə satılması, yəni vurulacaq ziyanın qarşısının alınması qeyri-mümkün olmuşdur. Qeyd olunan məhsulu daxili bazara çıxarmaq cəhdləri də uğursuz alınmışdır. Bununla əlaqədar olaraq təxminən 2000 manatlıq məhsul onlara göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dəvət edilmiş X1 ifadəsində bildirmişdir ki, cavabdeh şirkət bir neçə il bundan qabaq Salyan rayonu Qaraçala kəndinə gələrək pomidor məhsulunun tədarük edilməsi üçün müraciət etmişlər. Şərtimiz iki ay ərzində məhsulun alınması olmuşdur. Bununla əlaqədar olaraq aramızda müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə 23000 ABŞ dolları beh verilmişdir. Məhsulun 1 kq-ı 4,50 manata razılaşdırılmışdı. 10 tondan artıq məhsul alıcıya göndərilmişdir. Lakin ən sonda tədarük edilmiş məhsulları qarşı tərəf almamış və ziyanın əvəzi ödənilməmişdir. Həmin məhsulla bağlı bizə başqa ödəniş olunmamışdır. İş materiallarından görünür ki: - xx xxxxx 2017-ci il tarixdə “xxxx” MMC (Alıcı) ilə İddiaçı MMC (Satıcı) arasında malın təchiz edilməsi barədə 91/17 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən Satıcı, müqaviləyə spesifikasiyalarda sadalanan tərəvəzləri, təzə meyvələri və digər qida məhsulları satmağı, Alıcı isə məhsulları qəbul edib dəyərini ödəməyi üzrəinə götürmüşdür; 2.2-ci bəndinə əsasən malların dəyəri və təchizat miqdarı tərəflər arasında razılaşdırılaraq, spesifikasiyalarda göstərilir. Spesifikasiyalarda göstərilən qiymətlər qətidir, hər təchiz olunan partiyanın təchizat dövründə dəyişdirilə bilməz; 7.1-ci bəndinə əsasən Alıcı tərəfindən müqavilə şərtlərinin pozulması nəticəsində Satıcıya ziyan dəydiyi halda, Alıcı vurulmuş zərəri Satıcıya kompensasiya edir. 10.4-cü bəndinə əsasən hər bir tərəf digər tərəfi ən azı bir ay qabaqcadan xəbərdar etməklə, müqaviləyə vaxtından əvvəl xitam verə bilər. Müqaviləyə xitam verilməsi, tərəfləri həra hansı ödənişləri, cərimələri və hazırkı müqavilə üzrə vurulmuş zərəri ödəmək öhdəliyindən azad etmir. 9.1-ci bəndinə əsasən tərəflər arasında, hazırkı Müqavilənin icrası ilə əlaqədar yaranan bütün mübahisələr və fikir ayrılıqları danışıqlar yolu ilə həll edilir. Bu yolla həll edilməsi mümkün olmadığı halda, tərəflər arasında hazırkı Müqavilə, yaxud onun icrası ilə bağlı yaranan bütün mübahisələr, fikir ayrılıqları, o cümlədən vurulmuş zərərin ödənilməsi, müqaviləyə xitam verilməsi, yaxud müqavilənin etibarsız hesab olunması ilə bağlı tələblər, iddiaçının yerləşdiyi yerin məhkəməsində həll olunur. 9.2-ci bəndinə əsasən müqavilə üzrə, iddiaçının yerləşdiyi yerin hüququ tətbiq edilir. - xx.xx.2017-ci il tarixli "İddiaçı” MMC ilə X3 ilə bağlanmış kənd təsərrüfatı məhsullarının alışı müqaviləsindən görünür ki, istehsalçı Zirə sortu –bandito pomidor məhsulunu becərib, yetişdirib "İddiaçı” MMC-yə təhvil verməyi, "İddiaçı” MMC isə qeyd olunan məhsulları qəbul edib, dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2017-ci il tarixli "İddiaçı” MMC ilə X6 ilə bağlanmış kənd təsərrüfatı məhsullarının alışı müqaviləsindən görünür ki, istehsalçı Pink Paradays sortu pomidor məhsulunu becərib, yetişdirib "İddiaçı” MMC-yə təhvil verməyi, "İddiaçı” MMC isə qeyd olunan məhsulları qəbul edib, dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2017-ci il tarixli "İddiaçı” MMC ilə X1 ilə bağlanmış kənd təsərrüfatı məhsullarının alışı müqaviləsindən görünür ki, istehsalçı Arletta sortu pomidor məhsulunu becərib, yetişdirib "İddiaçı” MMC-yə təhvil verməyi, "İddiaçı” MMC isə qeyd olunan məhsulları qəbul edib, dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2017-ci il tarixli "İddiaçı” MMC ilə X7 ilə bağlanmış kənd təsərrüfatı məhsullarının alışı müqaviləsindən görünür ki, istehsalçı Arletta sortu pomidor məhsulunu becərib, yetişdirib "İddiaçı” MMC-yə təhvil verməyi, "İddiaçı” MMC isə qeyd olunan məhsulları qəbul edib, dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2017-ci il tarixli 009569 nömrəli beynəlxalq qaimədən (CMR) görünür ki, "İddiaçı” MMC tərəfindən “Cavabdeh kompaniya” MMC-yə 1287 qutuda ümumi çəkisi 19768 kq, cəmi dəyəri 49984.8 ABŞ dolları olan müxtəlif ceşiddə pomidor məhsulu göndərilmişdir. - xx.xx.2019-cu il tarixdə iddiaçı tərəfindən cavabdehə vurulmuş zərərin əvəzinin ödənilməsinə dair A04/19 nömrəli pretenziya məktubu göndərilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx xxxxx 2017-ci il tarixdə tərəflər arasında malın təchiz edilməsi barədə müqavilə bağlanmış və həmin müqavilə üzrə tərəflər üzərlərinə öhdəliklər götürmüşlər. İddiaçı tərəvəz, təzə meyvə və digər qida məhsullarını satmağı, cavabdeh isə məhsulları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Malların dəyəri və təchizat miqdarının ayrıca spesifikasiyalarda göstərilməsi tərəflər arasında razılaşdırılmışdır. Cəmi 49984,8 ABŞ dolları məbləğdə məhsulun alqısatqısı həyata keçirilmişdir. Müqaviləyə əsasən cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulması nəticəsində iddiaçıya ziyan dəydiyi halda, cavabdeh vurulmuş zərəri kompensasiya etmək öhdəliyini üzərinə götürmüşdür. İddiaçı cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində ona 40000 (qırx min) ABŞ dolları və 50000 (əlli min) manat məbləğində ziyanın vurulmasını iddia etmiş və həmin məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə araşdırma zamanı müəyyən olunanlara əsasən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 492.1. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iddianın əsasını təşkil edən hallar sübut edilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) İddiaçı sahibkarlara beh kimi verdiyini iddia etdiyi 40000 (qırx min) ABŞ dolları və 50000 (əlli min) manat məbləği özünün zərəri kimi qiymətləndirərək, alıcının müqavilə üzrə öhdəliklərini pozaraq sifariş verməməsi nəticəsində satıcı tərəfindən təsərrüfat sahiblərinə ödənmiş beh məbləğlərinin batdığını, bununla da ona külli miqdarda zərər dəydiyini qeyd etmişdir. İddiaçı məhkəməyə sahibkarlarla bağladığı müqavilələr təqdim etmiş, iki müqavilə ilə bağlı iki şahid dindirilmişdir. Həmin şahidlər 20000 manat və 23000 ABŞ dolları məbləğində behin alındığını təsdiq etmişlər. Şahidlərdən biri təxminən 2000 manat həcmində, digər şahid isə 10 tondan artıq məhsulun (1 kq-ı 4,50 manat olmaqla) təhvil verildiyini bildirmişdir. Beləliklə, iddiaçının sahibkarlarla bağladığı, istinad etdiyi müqavilələr üzrə öhdəliyin icrası başlanmış və behi tələb etmək hüququ itirilmişdir. Məhkəmə iddiaçının beh kimi ödədiyi məbləğləri cavabdehdən zərər kimi tələb etməsinə dair iddiasını əsassız sayır. Belə ki, xx xxxxx 2017-ci il tarixli müqavilə üzrə tərəflər üzərlərinə öhdəliklər götürmüş və həmin öhdəliklərin pozulmasına görə məsuliyyətləri müəyyən olunmuşdur. Məhkəmə nəzərə alır ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşıyır. Bundan başqa, müqavilənin 10.4-cü bəndində tərəflərin hazırkı müqavilə üzrə vurulmuş zərəri ödəmək öhdəliyini daşıması qeyd olunur. Məhkəmənin qənaətinə əsasən xx xxxxx 2017-ci il tarixli müqavilə üzrə cavabdehin müqavilə üzrə öhdəliklərini pozaraq sifariş verməməsi nəticəsində iddiaşıya 40000 (qırx min) ABŞ dolları və 50000 (əlli min) manat məbləğində zərərin vurulması öz təsdiqini tapmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən məhz müqavilə şərtlərinin pozulması nəticəsində iddiaçıya ziyan dəydiyi sübuta yetirilmədiyindən vəİddiaçı cavabdeh “Cavabdeh kompaniya” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə öhdəliklərinin yerinə yetirməməsi nəticəsində iddiaçıya vurulmuş ziyanın məbləğini təşkil edən 40000 (qırx min) ABŞ dolları və 50000 (əlli min) manat pul vəsaitinin cavabdehdən tutulması tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Cavabdeh kompaniya” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində iddiaçıya vurulmuş ziyanın məbləğini təşkil edən 40000 (qırx min) ABŞ dolları və 50000 (əlli min) manat pul vəsaitinin cavabdehdən tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar