Məhkəmə qərarları › İş №e-2-2(113)-1493/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1493/2022

26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1493/2022 26.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X3 qızının katibliyi, iddiaçı “X4 ve X1 Sanayi Ticarət LTD ŞTİ” MMC-nin nümayəndəsi, Vəkil və Cavabdeh MMC-nin nümayəndəsi Arslan İbrahimin iştirakı ilə, İddiaçı “X4 ve X1 Sanayi Ticarət LTD ŞTİ”-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X4 ve X1 Sanayi Ticarət LTD ŞTİ” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “X4 ve X2 Sanayi Ticarət LTD ŞTİ” ilə Cavabdeh MMC arasında 19 iyun 2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsində qeyd olunan öhdəliklə bağlı iddiaçı tərəfindən cavabdehə satılmış malın dəyəri olaraq 31820 ABŞ dolları məbləğində pulun və həmin məbləğin vaxtında ödənilməməsi ilə bağlı illik 5% gecikməyə görə 1591 ABŞ dolları olmaqla cəmi 33411 ABŞ dolları, o cümlədən mediasiya üçün ödənilmiş 50 manat və məhkəməyə ödənilmiş dövlət rüsumu 260,40 manatın cavabdehdən tutulub iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X4 ve X2 Sanayi Ticarət LTD ŞTİ” ilə Cavabdeh MMC arasında 19 iyun 2020-ci il tarixdə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən 21180 ABŞ dolları məbləğində mal iddiaçı tərəfindən cavabdehə təqdim edilməli idi. Tərəflərin arasındakı sonrakı danışığa və razılaşmaya əsasən iddiaçı tərəfindən cavabdehə 31820 ABŞ dolları məbləğində mal təqdim edilmişdir. Həmin malların cavabdehə göndərilməsinə dair gömrük sənədləri və fakturalar mövcuddur. Hər iki tərəfin səlahiyyətli şəxslərinin imzaları və şirkətlərin möhürü ilə təsdiq edilmiş fakturaya (invoice) əsasən və gömrük sənədlərindən görünür ki, 31820 ABŞ dolları məbləğində mal cavabdeh tərəfindən qəbul edilmişdir. Lakin həmin vaxtan bəri qeyd olunan malın dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. Bununla bağlı cavabdehə şifahi xəbərdarlıq edilmiş və malların dəyərinin ödənilməli olduğu bildirilmişdir. Daha sonra cavabdehə pretenziya göndərilmiş, lakin keçən müddət ərzində cavabdeh tərəfindən öhdəliyin yerinə yetirilməsi istiqamətində heç bir hərəkət edilməmişdir. Bundan sonra cavabdehlə mübahisənin mediasiya qaydasında həlli üçün təklif edilsə də, ilkin mediasiya sessiyasından sonra proses davam etdirilə bilməmişdir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı “X4 ve X1 Sanayi Ticarət LTD ŞTİ” MMC-nin nümayəndəsi, Vəkil iddianı müdafiə edərək, izahatında bildirmişdir ki, ilkin olaraq tərəflər arasında razılaşmanın müqavilədə göstərilən, yəni 21180 ABŞ dolları həcmində olmuş, sonradan isə tərəflərin arasında olan razılaşmaya əsasən cavabdehə 31820 ABŞ dolları həcmində mallar göndərilmişdir. Həmçinin nümayəndə izahatında bildirmişdir ki, pulun ödənilməsinin məhz malların satışından sonra həyata keçirilməsi haqqında tərəflərin arasında heç bir razılaşma olmamış, cavabdehə pulun ödənilməsi ilə bağlı dəfələrlə müraciət edilməsinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Arslan İbrahim iddianı qəbul etməyərək izahatında 2020-ci ilin təxminən iyun ayında iddiaçıya müraciət etdiyini, müqavilədə göstərilən malları sifariş etdiyini, iddiaçının təklif etdiyi malların əvvəlki yüksək olan qiyməti (31820 ABŞ dolları) ilə razılaşmadığını, daha sonra iddiaçı tərəfindən təklif etdiyi qiymətlə (21180 ABŞ dolları) razı olduğundan aralarında müqavilə imzalandığını, lakin mallar Bakıya gələndən sonra invoysda əvvəlki razılaşdırılan (31820 ABŞ dolları) qiymətin göstərildiyini, bu səbəbdən o, iddiaçıya narazılığını bildirdikdə, sonuncu artıq ödəniləcək gömrük rüsumunun sonradan ona geri qaytarılacağına vəd etdiyinə görə satıcı ilə razılaşdığını və gömrük xərci çəkərək malı qəbul etdiyini bildirmişdir. Həmin malların satılması və sonradan pulun ödənilməsi ilə bağlı tərəflərin razılaşmasına baxmayaraq, təhvil alınan mallar satılmamış və bu səbəbdən pullar ödənilməmişdir. İddiaçıya malın geri qaytarılması ilə bağlı müraciət edilməsinə baxmayaraq, müsbət nəticə əldə edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı “X4 ve X1 Sanayi Ticarət LTD ŞTİ” ilə Cavabdeh MMC arasında bağlanmış 19 iyun 2020-ci il tarixli MRT202000256-1 nömrəli müqaviləsindən görünür ki, satıcı “X4 ve X1 Sanayi Ticarət LTD ŞTİ” MMC-nin alıcı Cavabdeh MMC-yə cəmi 21180 ABŞ dolları məbləğində malların satılması ilə bağlı razılıq əldə edilmişdir. 11.07.2020-ci il tarixli invoysdan görünür ki, satıcı “X4 ve X1 Sanayi Ticarət LTD ŞTİ” MMC tərəfindən alıcı Cavabdeh MMC-yə ümumi dəyəri 31820 ABŞ dolları məbləğində mallar təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, 19 iyun 2020-ci il tarixli müqaviləyə əsasən satıcı “X4 ve X1 Sanayi Ticarət LTD ŞTİ” MMC ilə alıcı Cavabdeh MMC arasında cəmi 21180 ABŞ dolları məbləğində malların satılması ilə bağlı razılıq əldə edilmiş, lakin müqavilədə göstərilən eyni sayda, çeşiddə və növdə olan mallar 2020-ci ilin iyul ayında alıcıya təhvil verilərkən invoysda onların qiyməti yüksək, yəni 31820 ABŞ dolları kimi göstərilmişdir. İddiaçı məhz invoysda göstərilən qiymətlərə istinad edərək cavabdehdən əsas borc kimi 31820 ABŞ dolları məbləğində pulu tələb etmişdir. Məhkəmə tələbin həcmi ilə razılaşmayaraq, qeyd edir ki, tərəflərin arasında bağlanmış müqavilədə təhvil verilən malların qiyməti 21180 ABŞ dolları məbləğində müəyyən edildiyinə görə əsas borcun tələbi müqavilədə göstərilən həcmdə, eyni zamanda illik 5%-lə hesablanan borc qismən 1059 (21180/100*5) manat məbləğində təmin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci ilə bağlı tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə bununla yanaşı qeyd edir ki, cavabdeh izahatında qəbul etdiyi mallara görə ödənişin həmin malların satışından sonra həyata keçiriləcəyini bildirsə də, bununla bağlı heç bir sübut təqdim etməmiş, məhkəmə isə 19 iyun 2020-ci il tarixli müqavilədə sözügedən müddəaları aşkar etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ödənilmiş 260,40 manat dövlət rüsumunun cavabdehlərdən tutulması ilə bağlı qeyd edir ki, iddia tələbinin 66,56%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş 260 manat dövlət rüsumunun 66,56%-i, yəni 173,05 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir, 0,40 manat faktiki bank xərci olduğuna görə həmin tələb təmin edilə bilməz, belə ki, iddiaçı həmin vəsaiti dövlət rüsumu kimi tələb etmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 21180 ABŞ dolları əsas borc, illik 5%-lə hesablanmış 1059 ABŞ dolları faiz borcu Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla, həmçinin 50 manat mediasiya xərci və 173,05 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “X4 ve X1 Sanayi Ticarət LTD ŞTİ”-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 21180 ABŞ dolları əsas borc, illik 5%-lə hesablanmış 1059 ABŞ dolları faiz borcu Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla, həmçinin 50 manat mediasiya xərci və 173,05 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “X4 ve X1 Sanayi Ticarət LTD ŞTİ”-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar