Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1493/2023 06.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə vurulmuş 36000 manat zərərin əvəzinin və ödənilmiş 200 manat dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli, FTL/210608 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1ci bəndinə əsasən bu müqavilə İddiaçı MMC ilə Azərbaycan Respublikası Analitik X1 fəaliyyəti üçün həmçinin rəy almaq, müqavilədən irəli gələn digər hallar üzrə “sifarişçi” ilə “icraçı” arasında olan öhdəlik və hüquqların tənzimlənməsi ilə bağlanır. Cavabdeh MMC öz üzərinə düşən öhdəliyi yerinə yetirmir. Belə ki, İddiaçı MMC verdiyi reseptlərə uyğun qutular, içlik vərəqələri və sair materiallar sifariş edilmiş və alınmışdır. Lakin cavabdeh üzərinə düşən öhdəliyi icra etmədiyindən, yəni Səhiyyə Nazirliyindən müvafiq rəyləri ala bilmədiyindən iddiaçı aldığı malları istifadə edə bilməmiş və onları məhv etmək məcburiyyətində qalmışdır. Cavabdeh MMC-nin təsisçisi və direktoru ona məxsus eyni adlı Türkiyə Respublikasındakı şirkəti tərəfindən təqdim etdiyi xammallardan 4 məhsul üzrə problemlər aşkar edilmişdir. Yəni xammalda çöküntü əmələ gəldiyindən həmin məhsulların satışını həyata keçirə bilməmişik. Bununla da iddiaçıya 36000 manat zərər dəymişdir. Cavabdeh MMC iddia ərizəsinə etiraz vermiş və etirazında bildirmişdir ki, "FİTO LAB” MMC-nin tələblərinin əsası kimi istinad etdiyi hallan sübut edən dəlillər təqdim edə bilməmişdir. Belə ki, iddiaçı iddia edir ki, cavabdeh ona maddi ziyan qismində 36000 manat zərər vurmuşdur. Lakin bu zərərin nədə ifadə olunması, zərərin yetirilməsində cavabdehin rolu, səbəbli əlaqəni müəyyən etmək mümkün olmur. İş üzrə materiallarda olan iddiaçı tərəfindən təqdim edilən sübutlarla işin mühüm əhəmiyyət kəsb edən hallarını aydınlaşdırmaqda çətinliklər yaradır. İş üzrə materiallarda iddiaçı tərəfindən təqdim edilən FTL/210608 nömrəli 06 avqust 2021-ci il tarixli müqavilə mövcuddur. Müqaviləyə baxış zamanı müəyyən olunur ki, iddiaçı və cavabdeh arasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik X1 xidmətləri göstərmək, rəy almaqla bağlı öhdəlik münasibətləri olmuşdur. Müqavilənin predmetindən görünür ki, cavabdeh iddiaçının tapşırığı üzrə ona konsaltinq xidmətləri göstərməli və bunun qarşılığında cavabdehə xidmət haqqı ödənilməlidir. Bu müqavilənin hüquqi təbiətindən də görünür ki, özündə tapşırıq institutunun elementlərini əks etdirir. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddi normadan da aydın olur ki, tapşırıq alan, bu müqavilə üzrə "xxxx" MMC heç bir konkret nəticə əldə olunmasına təminat vermədən vəkalət alandan, “Fito Lab" MMC-dən tapşırığı alır və icra edir. Yəni bu iş üzrə cavabdeh konsaltinq xidmətlərinin göstərilməsi zamanı əldə olunmuş mənfi nəticələrə görə öhdəlik daşımır. Cavabdeh sözügedən sahədə peşəkar mütəxəssislərə malik olduğundan dərmanlan və dərman olmayan qida əlavələrinə görə rəyin alınması zamanı təşəkkül tapmış təcrübəsinə əsaslanaraq, rəyin alınması üçün nəzərdə tutulmuş prosedurlar, müvafiq sənədlər barədə vəkalət alanı təlimatlandırır və məsləhətlər verir. Cavabdeh iddiaçının təqdim etdiyi xammala cavabdehlik daşımır. Məlumat üçün qeyd edim ki, iddiaçı 25 adda bioloji fəallığı malik qida əlavələrinə görə cavabdehə xidmət haqqı ödəmiş və həmin qida əlavələrindən 20 məhsula müsbət cavab alınmış, lakin 5 adda məhsula mənfi rəy verilmişdir. Həmin mənfi rəyləri sübut kimi təqdim edirəm və buradan da aydın olur ki, xammalın tərkibi uyğun olmadığından imtina rəyi verilmişdir. Yəni buna görə cavabdeh heç bir məsuliyyət daşıya bilməzdi. Bundan əlavə müqavilənin digər bəndlərində də cavabdehin qeyd olunan qida əlavələrinə görə aldığı mənfi rəylərə görə məsuliyyət məsələsi nəzərdə tutulmamış, cərimə və sanksiyalarla bağlı tərəfər arasında mühüm şərtlər barədə razılıq əldə olunmamışdır. Bununla da belə aydın olur ki. cavabdeh göstərdiyi xidmətlərin mənfi və neqativ nəticəsinə görə heç bir öhdəlik götürməmişdir. Konsaltinq xidmətlərinin göstərilməsi üçün ödəniş edilməsi məqsədilə iddiçıya 25 adda məhsulla bağlı rəy alınmasına görə EBBS362483 nömrəli qaimələr göndərilmişdir. Bu məhsullara görə isə sübut kimi əlavə edilmiş hesabdan çıxarışlardan da görünür ki, xidmət haqqı qismində pul vəsaiti köçürülmüşdür. Bu məhsullardan 20 adda qida əlavəsinə müsbət, yalnız 5 adda qida əlavəsinə görə mənfi rəy alınmışdır. Mənfi rəyin alınmasına səbəb isə iddiaçının təqdim etdiyi xammalın uyğunluq göstəricilərinə əməl edilməməsi olmuşdur. Eyni zamanda İddiaçı MMC-nin məsul şəxsləri tərəfindən tərtib edilmiş qida əlavələrinin, qutuların məhv edilməsinə dair akt birtərəfli qaydada həyata keçirilmişdir və işin faktiki hallarının əsası kimi çıxış edən sübutlar kimi qiymətləndirilə bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Vəkil1 iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X2 bioloji fəallığına malik qida əlavələrinə “müsbət rəy” almaq öhdəliyi yerinə yetirmədiyinə görə iddianın təmin edilməsi barədə qətnamənin məhkəmədən çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Vəkil2 etiraza uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehin əsas fəaliyyət növü konsaltinq xidməti göstərməkdir, tərəflərin arasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik X1 xidmətləri göstərmək, rəy almaqla bağlı FTL/210608 nömrəli 06 avqust 2021-ci il tarixli müqavilə bağlanmış, iddiaçı 25 adda bioloji fəallığına malik qida əlavələrinə rəy alınması ilə bağlı cavabdehə müraciət etmiş və müvafiq xidmət göstərilərək sözügedən qida əlavələrinə 25 rəy alınmış, onlardan 20 məhsula müsbət, qalan 5 məhsula isə mənfi rəy verilmişdir. Göründüyü kimi cavabdeh üzərinə rəyin alınması ilə bağlı öhdəliyi tam həcmdə yerinə yetirmişdir. Odur ki məhkəmədən cavabdehin “müsbət rəy” alınması ilə bağlı öhdəliyin olmadığını nəzərə alaraq iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 06 avqust 2021-ci il tarixli FTL/210608 nömrəli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xidmət göstərilməsinə dair müqavilədən görünür ki, müqavilə İddiaçı MMC ilə Analitik X1 fəaliyyəti üçün, həmçinin rəy almaq, müqavilədəm irəli gələn digər hallar üzrə İddiaçı MMC ilə Cavabdeh MMC arasında olan öhdəlik və hüquqların tənzimlənməsi məqsədilə bağlanır, həmçinin müqavilənin 2.1-ci maddəsinə əsasən Cavabdeh MMC İddiaçı MMC-nin sifarişi əsasında X4 müraciət edərək nümunə təqdim edir, nümunənin analizinin cavabını sifarişçiyə təqdim edir. xx.xx.2021-ci il tarixli EBBN seriyalı 703237 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC xidməti müqavilə üzrə 9799,99 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2022-ci il tarixli EBBS seriyalı 362483 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC xidməti müqavilə üzrə 7700 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC xidməti müqavilə üzrə göstərilən xidmətə görə Cavabdeh MMC-yə 1174,58 manat məbləğində pul ödəmişdir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC xidməti müqavilə üzrə göstərilən xidmətə görə Cavabdeh MMC-yə 1494,92 manat məbləğində pul ödəmişdir. 18 aprel 2022-ci il tarixli 10/3140 nömrəli “X5” publik hüquqi şəxsinin Cavabdeh MMC-yə göndərdiyi məktubdan görünür ki, Türkiyənin “DSZ doğal sağlık gıda ve kozmetik ürünleri” şirkətinin istehsalı olan FTL/252202 seriyalı Kentavit D3 (daxilə qəbul üçün məhlul-damcı, 15 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olunmuşdur ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyil, qeyd olunanlara əsasən təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyil, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur. 21 aprel 2022-ci il tarixli “X5” publik hüquqi şəxsinin Cavabdeh MMC-yə göndərdiyi məktubdan görünür ki, Türkiyənin “DSZ doğal sağlık gıda ve kozmetik ürünleri” şirkətinin istehsalı olan Nyusenna (şərbət 200 ml) adlı məhsulun dərman vasitələrinə aid olubolmamasını müəyyənləşdirmək məqsədilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olunmuşdur ki, məhlulun həcmi 186 ml (190.0-210.0)ph-6.76 olaraq aşkar edilmişdir. Buda normativ sənədlərin göstəricilərinə uyğun deyil, qeyd olunanlara əsasən təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyil, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında FTL/210608 nömrəli 06 avqust 2021-ci il tarixli müqavilə bağlanmış, həmin müqavilənin şərtlərinə görə icraçı Cavabdeh MMC sifarişçi İddiaçı MMC-nin sifarişi əsasında X4 müraciət edərək nümunə təqdim edir və nümunənin analizinin cavabını sifarişçiyə təqdim edir. İddiaçı MMC-nin nümayəndəsi izahatında Cavabdeh MMC-nın Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X2 bioloji fəallığına malik qida əlavələrinə “müsbət rəy” almaq vəzifəsinin olduğunu bildirsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Həmçinin FTL/210608 nömrəli 06 avqust 2021-ci il tarixli müqavilədə məhz “müsbət rəy”in alınması ilə bağlı Cavabdeh MMC-nın heç bir öhdəliyi müəyyən edilməmişdir. Cavabdeh MMC-nin nümayəndəsi izahatında iddiaçının sifarişinə əsasən X2 25 adda bioloji fəallığına malik qida əlavələrinə rəyin alındığını, onlardan 20 məhsula müsbət, qalan 5 məhsula isə mənfi rəy verildiyini, cavabdehin isə X2 “müsbət rəy” alınması ilə bağlı hər hansı öhdəliyin olmadığını bildirmişdir. Odur ki, X2 məhz “müsbət rəy” alınması ilə bağlı Cavabdeh MMC-nin öhdəliyin olması ilə əlaqədar heç bir mötəbər sübut təqdim edilmədiyini və FTL/210608 nömrəli 06 avqust 2021-ci il tarixli müqavilədə sözügedən şərtlərin mövcud olmadığını nəzərə alan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin 36000 manat zərərin əvəzinin və ödənilmiş 200 manat dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq xeyrinə ödənilməsi tələbi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddiaçı MMC-nin 36000 manat zərərin əvəzinin və ödənilmiş 200 manat dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq xeyrinə ödənilməsi tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1493/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1493/2023
06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver