Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1499/2022 19.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı 22.04.2020-ci il tarixli, 20/05 saylı aqısatqı müqaviləsinə əsasən ödənilməmiş pul vəsaitinin tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 aprel 2020-ci il tarixli 20/05 saylı alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş 244.097,2 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq, İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 22 aprel 2020-ci il tarixli 20/05 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC Cavabdeh MMC-yə dəyəri (ƏDV daxil) 1.711.637,2 manat müəyyən edilən malları satmağı, Cavabdeh MMC isə həmin malları təhvil aldıqdan sonra dəyərini tam (ƏDV daxil) ödəməyi öz üzərinə götürmüşdür. 22 aprel 2020-ci il tarixli 20/05 saylı alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən həmin müqavilə ilə nəzərdə tutulmuş malların adı, sayı və qiyməti razılaşdırılmış, qeyd edilən mallar 06 may 2020-ci il tarixdə Cavabdeh MMC-yə təhvil verilmişdir. Müqavilədə nəzərdə tutulmuş malların Cavabdeh MMC-yə təhvil verilməsi barədə tərəflər arasında 06 may 2020-ci il tarixli OR20/0144 saylı təhvil-təslim aktı tərtib edilmiş və həmin malların təhvil alınması Cavabdeh MMC-nin direktoru tərəfindən imza və möhürlə təsdiq edilmişdir. Tərəflər arasında imzalanmış 22 aprel 2020ci il tarixli 20/05 saylı alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən Cavabdeh MMC aldığı malların dəyəri kimi 1.450.540 manat əsas məbləğ, 261.097,2 manat əlavə dəyər vergisi olmaqla 1.711.637,20 manat məbləğində pul vəsaitini İddiaçı MMC-yə ödəməli idi. Belə ki, Cavabdeh MMC tərəfindən alnan malların ƏDV nəzərə alınmadan dəyəri olan 1.450.540 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin bank hesabına, həmin malın əlavə dəyər vergisi olan 261.097,2 manat məbləğində pul vəsaiti isə qanunvericiliyin tələbinə əsasən ƏDV-nin depozit hesabına ödənilməli idi. Bununla əlaqədar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 06 may 2020-ci il tarixdə elektron qaimə göndərilmiş, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin Bank hesabına 1.450.540 manat məbləğində pul vəsaiti ödənilmiş, həmin malın əlavə dəyər vergisinin isə 17.000 manat hissəsi ƏDVnin deposit hesabına ödənilmiş, ƏDV-nin qalan hissəsi, yəni 244.097,2 manat hissəsi isə ödənilmədən qalmışdır. Cavabdeh MMC tərəfindən alınan malın əlavə dəyər vergisi olan 244.097,2 manat məbləğində pul vəsaiti ödənilmədiyinə görə İddiaçı MMC-nin dövlət büdcəsinə həmin məbləğdə əlavə dəyər vergisinə görə borcu yaranmış və Vergi Xidməti tərəfindən həmin vergi borcunun ödənilməsi üçün İddiaçı MMC-nin Bank hesabına sərəncam qoyularaq, qeyd olunan məbləğdə pul vəsaiti vergi borcuna silinmişdir. Yəni Cavabdeh MMC tərəfindən alınan malın əlavə dəyər vergisi olan 244.097,2 manat məbləğində pul vəsaiti İddiaçı MMC-yə məxsus ƏDV-nin deposit hesabına ödənilməli olduğu halda həmin pul vəsaiti vaxtında ödənilmədiyinə görə, İddiaçı MMC tərəfindən artıq həmin vergi borcu ödənilmiş, bu üzdən İddiaçı MMC-nin qeyd edilən məbləği Cavabdeh MMC-dən öz bank hesabına ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən Əlavə dəyər vergisinin depozit hesabı – ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır. ƏDV-nin depozit hesabı X1 (bundan sonra - DXA ) açılır. DXA ilə bank arasında münasibətlər bank hesab müqaviləsi ilə tənzimlənir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən Malları (işləri, xidmətləri) alan şəxs (bundan sonra - alıcı) tərəfindən vergi hesab-fakturalarında göstərilən malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin (bundan sonra - satıcı) hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.40-cı maddəsinə əsasən ƏDV-nin depozit hesabı – ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır. Bununla əlaqədar Cavabdeh MMC-yə bildiriş göndərilərək İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 22 aprel 2020-ci il tarixli 20/05 saylı alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş 244.097,2 manat məbləğində pul vəsaitinin 5 gün müddətində İddiaçı MMCnin müqavilədə göstərilən bank hesabına ödənilməsi tələb edilmiş, göstərilən məbləğin qeyd edilən müddətdə ödənilmədiyi təqdirdə Cavabdeh MMC-dən 244.097,2 manat məbləğində pul vəsaitinin tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq cavabdeh qeyd edilən müqavilənin şərtlərini yerinə yetirməkdən imtina etmiş, müqavilə üzrə ödəməli olduğu məbləği iddiaçıya ödəməmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında 22 aprel 2020-ci il tarixli 20/05 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən müqaviləyə əsasən satıcı alıcıya sifariş olunmuş malları satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. 2.3-cü bəndinə əsasən malın növü, çeşidi, zəmanət müddəti, qiyməti, çatdırılma şərtləri, digər əlamətləri və xarakterik xüsusiyyətləri satıcı tərəfindən rəsmi qaydada göndərilən təklif əsasında hazırlanmış, tərəflər arasında onların imzaları və möhürləri ilə təsdiqlənmiş və satıcı tərəfindən alıcıya göndərilmiş qiymət razılaşdırma protokolları ilə təsdiq olunur. 3.2.1-ci bəndinə əsasən malı bu müqavilə ilə müəyyən edilən şərtlərlə və qaydada alıcıya onun ünvanında təhvil verməyi və təklif formasında qeyd edildiyi halda quraşdırmaq satıcının vəzifəsidir. 3.4.2-ci bəndinə əsasən malın qiymətini bu müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada satıcıya ödəmək alıcının vəzifəsidir. 7.1-ci bəndində əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflərin öz öhdəliklərini lazımi qaydada yerinə yetirdikləri anadək qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 22 aprel 2020-ci il tarixdə 20/05 saylı müqaviləyə əlavə edilmiş qiymətlərin razılaşdırma protokoluna (1 saylə əlavə) əsasən qiyməti razılaşdırılmış malların (İstiləşdirilmiş idman gödəkçəsi - 10.000 ədəd, Hamam başmağı – 10.000 ədəd və Hospital başmağı – 2.000 ədəd) ümumilikdə dəyəri 261.097,20 manat ƏDV daxil olmaqla 1.711.637,20 manat məbləğində müəyyən edilmişdir. Razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - 06.05.2020-cı il tarixli OR20/0144 saylı təhvil-təslim aktından görünür ki, qeyd edilən mallar (İstiləşdirilmiş idman gödəkçəsi - 10.000 ədəd, Hamam başmağı – 10.000 ədəd və Hospital başmağı – 2.000 ədəd) müqavilə çərçivəsində təqdim olunan şərtlərə və tələblərə uyğundur. Malların keyfiyyəti və çatdırılması ilə bağlı heç bir iradları yoxdur. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə 261.097,20 manat ƏDV daxil ümumilikdə 1.711.637,20 manat dəyərində təqdim edilmiş mallara görə EBAJ seriyalı, 554521 nömrəli, 06.05.2020-ci il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir. -20.05.2022-ci il tarixli, 22.05.2022-ci il tarixli və 17.07.2020-ci il tarixli ödəniş tapşırıqları ilə təsdiq edilir ki, müvafiq olaraq 99.540 manat, 927.600 manat və 423.400 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənilmişdir. - 19.05.2020-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin ƏDV subhesabına EBAJ seriyalı 554521 nömrəli elektron qaiməyə əsasən ƏDV-nin bir hissəsi olan 17.917,20 manat məbləğində pul vəsaiti köçürülmüşdür. "xxxx" MMC-nin İddiaçı ilə Cavabdeh MMC arasında bağlanan 22.04.2020-ci il tarixli 20/05 nömrəli müqaviləyə əsasən aparılmış əməliyyatların düzgünlüyünü müəyyən edilməsinə dair 12 aprel 2022-ci il tarixli audit rəyində göstərilmişdir ki, Cavabdeh MMC tərəfindən alınan malın ƏDV-si olan 244.097,20 manat məbləğində pul vəsaiti İddiaçı MMC-yə məxsus ƏDV-nin depozit hesabına ödənilməli olduğu halda həmin pul vəsaiti vaxtında ödənilmədiyinə görə, İddiaçı MMC tərəfindən artıq həmin vergi borcu ödənilmiş, bu üzdən İddiaçı MMC-nin qeyd edilən məbləği Cavabdeh MMC-dən öz bank hesabına ödənilməsini tələb etmək hüququ yaranmışdır. İddiaçı MMC pretenziya qaydasında məktubla Cavabdeh MMC-yə müraciət edərək, borcu öhdəliyini 5 gün müddətində icra edilməsini tələb etmiş, əks halda iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 22 aprel 2020-ci il tarixli 20/05 saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək cavabdehin sifarişi əsasında malları təqdim etmişdir. Cavabdeh MMC malların dəyəri olan 1.450.540 manat məbləğində pul vəsaitini cavabdehin bank hesabına köçürsə də, malların dəyərinə hesablanmış və müqavilə şərtlərinə görə onun tərəfindən ödənilməli olan ƏDV məbləğini tam şəkildə ödəməmiş, nəticədə cavabdehin iddiaçıya ƏDV borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından həmçinin görünür ki, iddiaçı 22 aprel 2020-ci il tarixli 20/05 saylı alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş 244.097,2 manat məbləğində ƏDV məbləğinin tutulması tələbinin əsaslılığını sübuta yetirmək üçün 12 aprel 2022-ci il tarixli audit rəyinə istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, sözügedən audit rəyində cavabdeh tərəfindən iddiaçıya yalnız 17.000 manat ƏDV ödənildiyi və cavabdehin iddiaçıya olan ƏDV borcunun 244.097,2 manat olması qeyd edilsə də, sözügedən hallar iş materiallarında olan digər sübutlarla təkzib edilir. Belə ki, iş materiallarından da (EBAJ seriyalı, 554521 nömrəli, 06.05.2020-ci il tarixli elektron qaimədən) göründüyü kimi 1.711.637,20 manat dəyərində təqdim edilmiş mallara görə 261.097,20 manat ƏDV hesablanmış, həmin borcdan Cavabdeh MMC 17.917,20 manat ödəniş etmişdir(19.05.2020-ci il tarixli ödəniş tapşırığı). Odur ki, hazırda cavabdehin iddiaçıya ödənilməmiş ƏDV-yə görə borcu 243.180 manat təşkil edir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərinə hesablanmış ƏDV məbləğini – 243.180 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 243.180 manat məbləğində ƏDV borcu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Tələbin ƏDV borcunun bank hesabına köçürülməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesabfakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən Əlavə dəyər vergisinin depozit hesabı – ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır. ƏDV-nin depozit hesabı X1 (bundan sonra - DXA ) açılır. DXA ilə bank arasında münasibətlər bank hesab müqaviləsi ilə tənzimlənir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən malları (işləri, xidmətləri) alan şəxs (bundan sonra - alıcı) tərəfindən vergi hesab-fakturalarında göstərilən malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin (bundan sonra - satıcı) hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.40-cı maddəsinə əsasən ƏDV-nin depozit hesabı – ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır. 175.1.3-ci vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDVnin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. 175.8-ci maddəsinə görə ƏDV ödəyiciləri, habelə ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron qaimə-fakturaları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir. ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göstərilən normaların məzmunundan da göründüyü kimi iddiaçının ödənilməsini tələb etdiyi borc ƏDV-nin məbləğinə görə yarandığından ƏDV ödəyicisi olan cavabdeh tərəfindən həmin məbləğ iddiaçının bank hesabına deyil, ƏDV-nin depozit hesabına ödənilməlidir. İddiaçının ƏDV borcunun bank hesabına köçürülməsi barədə tələbinə əsas kimi istinad etdiyi cavabdehin ödəməli olduğu ƏDV məbləğinin Dövlət Vergi Xidməti tərəfindən bank hesabından artıq silinməsi barədə dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, əvvəla iddiaçı həmin halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir, digər tərəfdən göstərilən hal (təsdiq edilmiş olsa belə) cavabdehdən tutulacaq ƏDV borcunun Vergi Məcəlləsinin 175.8-ci maddəsinə zidd olaraq iddiaçının bank hesabına köçürülməsi üçün əsas vermir. Odur ki, məhkəmə hesab edir ki, ödənilməmiş ƏDV məbləğinin iddiaçının bank hesabına köçürülməsi hissəsində iddia əsassızdır. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 135 manat məbləğində dövlət rüsumu da ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 535 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 380 manat və dövlət rüsumunun əvəzi olaraq 135 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 243.180 manat (iki yüz qırx üç min yüz səksən) məbləğində borc (ƏDV borcu) və dövlət rüsumunun əvəzi olaraq 135 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 380 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. . Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1499/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1499/2022
19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver