Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-15/2024 14.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh OOO "xxxx" şirkətinə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə pulun tutulması; xarici elementli mübahisə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh OOO "xxxx" şirkətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Qırğızıstan Respublikası Ədliyyə Nazirliyinin Çuy-Bişkek Hüquq İdarəsi tərəfindən verilmiş Hüquqi şəxslərin dövlət Qeydiyyatı barədə şəhadətnaməyə əsasən "xxxx" xx.xx.2017-ci il tarixində MMC kimi (**********0150 identikləşdirilmiş vergi nömrəsi ilə) qeydiyyata alınmışdır (ilkin dövlət qeydiyyatı xx.xx.2015-ci ildir).
2. İddiaçı MMC (satıcı) ilə "xxxx" (alıcı) arasında 015/Ex-19 saylı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq, satıcı çeşidli qənnadı məmulatları (bundan sonra - Mallar) üzərində mülkiyyət hüququnu təhvil verməyi, alıcı isə malların haqqını ödəməyi və onu bu müqavilənin şərtlərinə uyğun olaraq qəbul etməyi öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən malların mülkiyyət hüququ, habelə malların zədələnməsi və itirilməsi riskləri Beynəlxalq Ticarət Palatasının (İCC) Qaydalarına uyğun olaraq mallar partiyasının çatdırılması şərtləri əsasında satıcıdan alıcıya keçir (milli və beynəlxalq ticarətdə ticarət terminlərinin istifadəsi üçün İncoterms 2010 (bundan sonra - İncoterms - 2010)). - 5.1-ci bəndinə əsasən bu müqavilə üzrə qiymət sifarişlərin həcmi və çeşidi, çatdırılma şərtləri əsasında formalaşır, bu müqavilənin spesifikasiyalarında (qaiməfakturada) (əgər varsa) göstərilir və satıcının hesab-fakturalarında qeyd olunur. - 5.2-ci bəndinə əsasən bu müqavilənin dəyəri ƏDV istisna olmaqla malların hər çatdırılması üçün 100000 ABŞ dollarıdır. - 5.3-cü bəndinə əsasən illik qarant kimi 100000 ABŞ dolları məbləğində təhvil verilir. - 5.4-cü bəndinə əsasən alman malların hər bir partiyası Satıcının təqdim etdiyi fakturalara əsasən ödənilir. - 5.5-ci bəndinə əsasən malın qiymətinə çatdırılma şərtlərindən asılı olmayaraq qablaşdırma və etiketləmə xərcləri daxildir. - 6.1-ci bəndinə əsasən tərəflər arasında hesablaşmalar proseduru - 100% geri qaytarılmayan, təsdiq edilmiş akkreditiv, müqavilənin imzalandığı tarixdən etibarən 5 (beş) bank günü ərzində Alıcı tərəfindən verilməlidir. - 6.2-ci bəndinə əsasən akkreditiv bir il müddətinə verilir, alınan hər bir məhsula görə alındıqdan sonra 15 təqvim günü ərzində Satıcının hesabına köçürməklə ödənilir. - 11.1-ci bəndinə əsasən bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi prosesində yarana biləcək bütün mübahisəli məsələlər danışıqlar yolu ilə həll edilir. - 11.2-ci bəndinə əsasən tərəflər güzəştə getmədikdə, bütün mübahisələr Azərbaycan Respublikasının iqtisad məhkəməsində bu məhkəmənin qaydalarına uyğun olaraq həll edilir. İclas yeri - Bakı şəhəridir, prosesin dili - rus dilindədir. Məhkəmə tək arbitrdən ibarətdir. Mübahisəyə baxarkən tərəflər Azərbaycan Respublikasının maddi hüquq normalarını rəhbər tuturlar. Məhkəmə qərarı qətidir və hər iki tərəf üçün məcburidir. - 12.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və 31 dekabr 2020-ci il daxil olmaqla bir hesabat və maliyyə ili üçün etibarlıdır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. Həmin müqavilə üzrə tərtib edilmiş xx.xx.2019-cu il tarixli 040 nömrəli hesabfakturaya (invoys) əsasən İddiaçı MMC tərəfindən ümumi dəyəri 52.067,70 ABŞ dolları təşkil edən mallar (konfetlər) "xxxx"a təqdim edilməli idi.
4. Azərbaycan Respublikasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli 004199 nömrəli beynəlxalq qaiməyə əsasən 7655 qutu mallar (konfet) İddiaçı MMC tərəfindən "xxxx"a göndərilməlidir.
5. xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi və bəyannamənin qoşma vərəqinə əsasən müəyyən edilir ki, göndərən (ixracatçı) İddiaçı MMC tərəfindən malı qəbul edən (idxalatçı) "xxxx"a ünvanlanmış ümumi invoys dəyəri 52.067,70 ABŞ dolları olan (7555 qutu) mallar (şokoladlı konfetlər, içlikli və ya içliksiz) AR-in gömrük sərhədindən keçirilərək rəsmiləşdirilmişdir.
6. 05.02.2020-ci il tarixli Yapıkredi Bank Azərbaycan QSC-nin ştampı ilə təsdiq edilmiş swift göndərməsi (ödəniş tapşırığı) ilə təsdiq edilir ki, "xxxx" tərəfindən İddiaçı MMC-nin bank hesabına (xx.xx.2019-cu il tarixli 040 nömrəli hesab-fakturaya (invoys) əsasən) 9970 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür.
7. 25.02.2020-ci il tarixli Yapıkredi Bank Azərbaycan QSC-nin ştampı ilə təsdiq edilmiş swift göndərməsi (ödəniş tapşırığı) ilə təsdiq edilir ki, "xxxx" tərəfindən İddiaçı MMC-nin bank hesabına (xx.xx.2019-cu il tarixli 040 nömrəli hesab-fakturaya (invoys) əsasən) 4825 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür.
8. Bakı Kommersiya Məhkəməsinin "xxxx" MMC barəsində olan məhkəmə tapşırığının icrası ilə bağlı Qırğız Respublikasının Çuy Vilayətinin Alamudun Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə iclas protokolundan müəyyən edilir ki, Bakı Kommersiya Məhkəməsinin "xxxx" MMC barəsində olan məhkəmə tapşırığı icra edilmiş, belə ki, İddiaçı cavabdeh "xxxx"a qarşı pul tələbinə dair iddia ərizəsi təqdim edilmək üçün "xxxx" MMC-yə (direktoruna) göndərilmişdir (göndəriş işə əlavə edilmiş poçt qəbzi ilə təsdiq olunur).
İİ.MƏHKƏMƏDƏ İCRAAT
a. İddia tələbi və iddia tələbinin dəlilləri
9. İddiaçı OOO "xxxx" şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh” şirkətindən 37.272,70 ABŞ dolları məbləğində pulun alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “Cavabdeh” arasında bağlanan 14 noyabr 2019-cu il tairxli, 015/Ex-19 nömrəli Müqaviləyə əsasən 05 dekabr 2019-cu il tarixli 040 saylı Hesab Faktura ilə İddiaçı MMC “Cavabdeh” şirkətinə 52.067,7 ABŞ dolları dəyərində qənnadı məmulatları ixrac etmişdir. Cavabdeh “Cavabdeh” şirkəti qəbul etdiyi malın dəyəri olan 52.067,7 ABŞ dolları pul vəsaitindən 14.795 ABŞ dollarını müvəkkil bankın hesabına köçürülsə də, 37.272,70 ABŞ dolları “Cavabdeh” şirkəti tərəfindən bugünədək ödənilməmişdir. Tərəfə bununla bağlı pretenziya göndərilmiş, həmçinin tərəflər arasında mediasiya qaydasında prosedur da cavabdehin iştirak etməməsi səbəbindən öz bəhrəsini verməmişdir.
11. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
12. İddiaya qarşı yazılı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
13. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
15. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ.MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
16. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
17. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV.TƏTBİQ EDİLƏN HÜQUQ
18. AR Mülki Məcəlləsinin: - 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür - 385.1, 442, 443.1, 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
19. AR MPM-in: - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. - 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: - 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; - 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə. - 450.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. - 450.2-ci maddəsinə əsasən tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər.
20. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
21. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. - 24.1-ci maddəsinə görə müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
22. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
23. Hazırkı mübahisə xarici elementli olduğundan (cavabdeh xarici ölkədə təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxs olduğundan) məhkəmə tərəfindən ilk növbədə AR Məhkəmələrinin həmin mübahisəyə baxmağa səlahiyyətli olub-olmaması müəyyən edilməlidir.
24. Göstərilən məsələ ilə bağlı məhkəmə əvvəla qeyd edir ki, hazırkı iddia Azərbaycan hüquqi şəxsi İddiaçı ilə Qırğızıstan Respublikasında təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxs olan "xxxx" şirkəti arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gələn tələbdir. Həmin müqavilədə tərəflər müqavilə ilə bağlı yaranacaq bütün mübahisələrin Azərbaycan Respublikasının iqtisad məhkəməsində bu məhkəmənin qaydalarına uyğun olaraq həll edilməsi (iclas yeri - Bakı şəhəridir, məhkəmə tək arbitrdən ibarətdir) barədə razılaşmışlar. Bununla yanaşı iş üzrə iddiaçı Azərbaycan Respublikasının qanunlarına əsasən qeydiyyatdan keçmiş və AR-də fəaliyyət göstərən hüquqi şəxs İddiaçı MMC-dir.
25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Bakı Kommersiya Məhkəməsi hazırkı mübahisəyə baxmaqda səlahiyyətlidir.
26. İkinci müəyyən edilməli olan məsələ xarici elementli mübahisəyə hansı hüququn tətbiq edilməli olması ilə bağlıdır.
27. Bununla bağlı məhkəmə qeyd edir ki, mübahisəli müqavilənin yuxarıda istinad edilən şərtində tərəflərin müqavilədən irəli gələn mübahisələrinə tətbiq edilməli hüquq barədə razılaşması aydın şəkildə ifadə edilmişdir. Belə ki, müqavilədə həmin müqavilədən irəli gələn mübahisələrə Azərbaycan Respublikasının maddi hüquq normalarına müvafiq olaraq həll edilməsi nəzərdə tutulmuşdur (11.2-ci bənd - Mübahisəyə baxarkən tərəflər Azərbaycan Respublikasının maddi hüquq normalarını rəhbər tuturlar. Məhkəmə qərarı qətidir və hər iki tərəf üçün məcburidir). Odur ki, mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll edilməlidir.
28. Mübahisənin mahiyyətinə gəldikdə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə cavabdeh OOO "xxxx" şirkəti arasında 015/Ex-19 saylı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək 52.067,70 ABŞ dolları olan mallar (konfetlər) OOO "xxxx" şirkətinə təqdim etmişdir. Cavabdeh OOO "xxxx" isə iddiaçı tərəfindən 52.067,70 ABŞ dolları dəyərində təqdim edilmiş malların müqabilində cəmi 14795 (9970+4825) ABŞ dolları ödəniş etmiş, yerdə qalan 32.272,70 ABŞ dolları (52.067,70-14795=32.272,70) məbləğində pul vəsaitini isə ödəməmişdir. 29.Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 32.272,70 ABŞ dolları məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh OOO "xxxx" şirkətindən 32.272,70 ABŞ dolları məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
30. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərcləri ödənilmişdir.
31. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia (iddianın qiyməti - 32.272,70 ABŞ dolları qətnamənin qəbul edildiyi tarixə 54.862,40 manat təşkil edir (32.272.70x1,70)) üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 254,59 manat təşkil edir.
32. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
33. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
34. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 400 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh OOO "xxxx" şirkətindən 015/Ex-19 saylı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 32.272,70 ABŞ dolları məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 400 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva