Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1502/2024 11.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilənin ləğvi və pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilənin ləğvi, alqı-satqı, malları göndərmə müqaviləsi, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı müqavilənin ləğvi və pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı iddia ərizəsi və iddia tələbi həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəfləra arasında bağlanmış 15 may 2023-cü il tarixdə NCN15/05-01 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh MMC-dən aralarında bağlanılmış alqı-satqı müqaviləsi üzrə 27140,88 manat məbləğində pul vəsaitinin, məhkəmə qərarı qəbul olunadək gecikdirilmiş hər gün üçün ümumi məbləğin 1%-i məbləğində 74635 manat cərimənin, məhkəməyə müraciət üçün çəkdiyi 1000 manat məbləğində pul vəsaitinin və 200 manat məbləğində mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh MMC arasında 15 may 2023-cü il tarixdə NCN15/05-01 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilə şərtlərinə əsasən tərəflər arasında bağlanılmış 06 sentyabr 2023-cü il tarixli Qiymət razılaşdırma protokoluna əsasən onun tərəfindən cavabdehə 23 000,75 manat, ƏDV daxil 27140,88 manat dəyərində əmlak təhvil verilmişdir. Qanunvericiliyin, həmçinin tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə əsasən cavabdeh təhvil aldığı həmin əmlakların dəyərini ona ödəməli olmasına baxmayaraq bunu etməkdən boyun qaçırmışdır. Cavabdehə ünvanladığı pretenziya, mediasiya müraciətləri cavabsız qalmışdır. Onlar mediasiya sessiyasında da iştirak etməkdən boyun qaçırmışdır. Cavabdehlə iddiaçı arasında bağlanılmış malların təhvil-təslim aktını imzalamaqla cavabdeh tərəf sözügedən məhsulları 06 sentyabr 2023-cü il tarixdə iddiaçının təhvil aldığını təsdiq etmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 324.1, 324.2, 449.1, 570.1, 598.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, qanunvericiliyin, həmçinin müqavilənin şərtlərinə əsasən cavabdeh təhvil aldığı həmin əmlakların dəyərini ödəməli olmasına baxmayaraq bunu etməkdən boyun qaçırmışdır. Cavabdehə ünvanladığı pretenziya, mediasiya müraciətləri cavabsız qalmışdır. Onlar mediasiya sessiyasında da iştirak etməkdən boyun qaçırmışdır. Cavabdehlə aralarında bağlanılmış malların təhvil-təslim aktını imzalamaqla cavabdeh tərəf sözügedən məhsulları 06 sentyabr 2023-cü il tarixdə onlardan təhvil aldığını təsdiq etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar: İş materiallarına əlavə edilmiş: Satıcı olaraq İddiaçı ilə alıcı olaraq Cavabdeh MMC arasında bağlanmış 15 may 2023-cü il tarixli CN15/05-01 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya “Mal” satır, “Alıcı” isə həmin “Mal”ı qəbul edərək və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini "Satıcı"ya ödəyir. Bu müqavilənin predmetinə uyğun olaraq malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə razılaşma ilə müəyyənləşdirilir. Müqavilənin 2-ci maddəsinə əsasən malın qiyməti və miqdarı “Alıcı”-ya təqdim olunmuş elektron qaimədə göstərilir, vergilər və digər məcburi ödənişlər Malın qiymətinə daxildir. Müqavilənin 4-cü maddəsinə əsasən “Satıcı” Müqaviləyə uyğun olaraq “Alıcı” tərəfindən sifariş verilmiş malı 7 (yeddi) təqvim günü ərzində “Alıcı”ya təhvil verməyi öhdəsinə götürür. “Satıcı” Malın təhvil verilməsi ilə birlikdə qaimə-fakturanı və digər zəruri sənədləri “Alıcı”ya təqdim etməlidir. Müqavilə üzrə hesablaşma tərəflərin qarşılıqlı razılığı əsasında, nağd ödənildiyi halda mal təqdim olunan gün, köçürmə yolu ilə bankdakı hesablaşma hesabına ödənildiyi halda mal təqdim olunan ayın son gününədək ödənilməlidir. “Alıcı” tərəfindən malın dəyərinin ödənilməsi müqavilədə göstərilən vaxtlardan gecdirildikdə, “Alıcı” “Satıcı”ya gecikdirilmiş hər gün üçün ümumi məbləğin 1% miqdarında cərimə ödənilməlidir. 13 iyun 2023-cü il tarixli X1 və xx.xx.2023-ci il tarixli malların təhvil-qəbul aktından görünür ki, X1 ilə təsdiq olunmuş 17876,06 manat məbləğində 38 adda məhsullar İddiaçı tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş, tərəflər hər ikisi aktları imzaları ilə təsdiq etmişdir. 06 sentyabr 2023-cü il tarixli X1 və xx.xx.2023-ci il tarixli malların təhvil-qəbul aktından görünür ki, X1 ilə təsdiq olunmuş 27140,88 manat məbləğində 102 adda məhsullar İddiaçı tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş, tərəflər hər ikisi aktları imzaları ilə təsdiq etmişdir. 29 dekabr 2023-cü il tarixli MŞB\9\2023-024969 nömrəli mediasiya arayışından məlum olurki, ilkin mediasiya xərci olaraq 200 manat ödəniş həyata keçirilmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən təqdim edilmiş məhsulların dəyəri əvəzində 23000 manat məbləğində, ƏDV daxil olmaqla 27140,88 manat dəyərində pul vəsaitini 5 iş günü müddətində ödənilməsini xahiş etmişdir. 18 dekabr 2023-cü il tarixli 125/23 nömrəli Hüquq xidmətlərinin göstərilməsi haqqında Müqavilədən görünür ki, Vəkil tərəfindən İddiaçı müqavilə üzrə göstərilən xidmət üzrə xidmət haqqı 1000 manat olaraq müəyyən olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.4-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında müəyyən edilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. İddia tələbinin birinci hissəsi müqavilənin ləğv edilməsindən ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 447.1-ci maddəsinin tətbiqi tərəflər arasında sinallaqmatik öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Belə ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə mallar alındıqdan sonra nə nağd formada həmin gün, nə də köçürmə yolu ilə malların alındığı ayın son gününə kimi malların dəyəri ödənilməmiş, həmin vaxt uzun müddət keçəməsinə və iddiaçı tərəfindən pretenziya göndərilməsinə baxmayaraq öhdəlik cavabdeh tərəfindən icra olunmamışdır. Göründüyü kimi cavabdeh tərəf müqavilədən irəli gələn öhdəliyini pozduğuna görə iddiaçı müqavilədən imtina edərək ona xitam verilməsini tələb etmişdir. İddiaçı müqavilənin ləğv edilməsi barədə cavabdehə qarşı iddia qaldırmaqla müqavilədən imtina barədə iradə ifadəsini cavabdehə bildirmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd olunan mövqeyə uyğun olaraq tərəflər arasında imzalanmış 15 may 2023-cü il tarixli CN15/05-01 nömrəli alqı-satqı müqaviləsi xitam verilmiş sayıldığı üçün ləğv edilmiş hesab edilməlidir. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyəri, 27140,88 manat pulu ödəmədiyini, iddiaçının göndərdiyi malların dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə tam əsaslıdır, buna görə də 27140,88 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 74635 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 1300 manat müəyyən olunmalıdır. Həmçinin məhkəmə, ilkin mediasiya sessiyasında cavabdehin üzrsüz səbəbdən iştirak etmədiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 200 manat mediasiya xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə vəkil üçün tələb edilən 1000 manat xidmət haqqının hazırkı işin hallarına uyğunluğunu nəzərə alaraq hesab edir ki, ağlabatan məbləğdə, 500 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 15 may 2023-cü il tarixli CN15/05- 01 nömrəli alqı-satqı müqaviləsi ləğv edilmiş hesab edilsin. Cavabdeh MMC-dən 15 may 2023-cü il tarixli NCN15/05-01 saylı müqaviləyə əsasən 27140,88 manat məbləğ, 1300 manat dəbbə pulu olmaqla, cəmi 28440 (iyirmi səkkiz min dörd yüz qırx) manat 88 (səksən səkkiz) qəpik məbləğində pul vəsaiti, hüquq xidmətinə görə 500 (beş yüz) manat və 200 (iki yüz) manat mediasiya xərcinin əvəzi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1502/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1502/2024
11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver