Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-151/2025 07.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Pidok Plastik Sanayi və Ticarət Anonim Şirkətinin Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə3, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Pidok Plastik Sanayi və Ticarət Anonim Şirkətinin Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Pidok Plastik Sanayi və Ticarət Anonim Şirkəti Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 117.510,70 ABŞ dolları məbləğində pul vəsaitinin, ödənilmiş 400 manat mediasiya xərcinin və 90 manat məbləğində dövlət rüsumunun tutularaq Pidok Plastik Sanayi və Ticarət Anonim Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Pidok Plastik Sanayi və Ticarət Anonim Şirkəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 02 nömrəli Müqaviləyə əsasən “Satıcı” sonradan əmtəə adlandırılan kənd təsərrüfatında istifadə olunan soğan çuvalı satır və “Alıcı” isə həmin məhsulu alır. Həmin Müqaviləninin 3-cü bəndinə əsasən əmtəə təyinat rayonuna – CPT Yevlax şəhərinə Azərbaycan Respublikası, yük avtomobilləri vasitəsi ilə “İncoterms-2010” şərtlərinə uyğun olmaqla göndərilir. Həmin Müqavilənin 6-cı bəndinə əsasən Əmtəənin göndərilən hər bir partıyası təyinat məntəqəsinə göndərildikdən sonra “Alıcı” əmtəənin dəyərinin 100%-ni ödəyir. Həmin Müqavilənin 8-ci bəndinin sonuncu abzasına əsasın Müqavilədn irəli gələn və ona aid olan, yaxud onun pozulması, xitam olunması və ya etibarsızlığı ilə bağlı istənilən mübahisə, fikir ayrılığı və ya tələb danışıqlar yolu ilə həlledilir. Danışıqlar yolu ilə həlletmək mümkün olmadıqda Bakı şəhər 1 saylı İnzibati-İqisadi (indiki halda Bakı Kommersiya Məhkəməsi) MəhkəməsindəAzərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həlledilməlidir, qərar “Alıcı” və “Satıcı” üçün məcburidir və qəti qüvvəyə malikdir. Qeyd edirik ki, Pidok Plastik Sanayi və Ticarət Anonim Şirkəti xx.xx.2021-ci il tarixində 51 233, 70 ABŞ dolları, xx.xx.2021- ci il tarixində 50 499 ABŞ dolları, xx.xx.2021-ci il tarixində 48 546 ABŞ dolları və xx.xx.2021-ci il tarixində 52731 ABŞ dolları olmaqla, ümümi dəyəri 203 009, 70 ABŞ dolları təşkil edən kənd təsərrüfatında istifadə olunan soğan çuvalını cavabdehə göndərmiş və həmin göndərilmiş mal cavabdeh tərəfindən qəbuledilmişdir (müvafiq gömrük bəyannaməsi təqdim olunur). Buna baxmayaraq cavabdeh tərəfindən qəbul etdiyi mala görə iddiaçıya yalnız 86 390 ABŞ dolları məbləğində ödəniş etmiş və 117 510,70 ABŞ dolları hissəsinin ödənilməsini təmin etməmişdir. 117.510,70 ABŞ dolları məbləğində borcun ödənilməsi üçün cavabdehə dəfələrə edilmiş çoxsaylı müraciətlərə baxmayaraq, onun tərəfindən borcun ödənilməsi təmin edilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
8. İş materiallarından görünür ki, Pidok Plastik Sanayi və Ticarət Anonim Şirkəti (satıcı) ilə Cavabdeh2 (alıcı) arasında xx.xx.2021-ci il tarixli, 02 nömrəli müqavilə bağlanmışdır.
9. Cavabdeh tərəf qeyd edilmiş müqavilədəki imzanın cavabdehə aid olmadığını bildirmişdir.
10. Məhkəmə tərəfindən məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir.
11. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli, 02 nömrəli müqavilənin 4-cü vərəqindəki imza Cavabdeh2 tərəfindən icra edilmişdir.
12. Bundan sonra cavabdeh tərəf yenidən vəsatət verərək, imzanın məhz Cavabdeh2 tərəfindən, köçürmə və yaxud hansı formada icra edilməsinin müəyyən edilməsi məqsədilə ekspertizanın keçirilməsini xahiş etmişdir.
13. Məhkəmə tərəfindən yenidən ekspertiza təyin edilmişdir.
14. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli, 02 nömrəli müqavilənin 4-cü vərəqin aşağı hissəsində Cavabdeh2 qrafasında olan imza hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsi ilə icra edilmişdir.
15. Göründüyü kimi, müqavilədəki imza Cavabdeh2 məxsus olmaqla, onun özü tərəfindən icra edilmişdir.
16. İş materiallarında olan gömrük bəyannamələrindən görünür ki, xx.xx.2021-ci il tarixində dəyəri 51.233,70 ABŞ dolları, xx.xx.2021-ci il tarixində dəyəri 50.499 ABŞ dolları, xx.xx.2021-ci il tarixində dəyəri 48.546 ABŞ dolları və xx.xx.2021-ci il tarixində dəyəri 52.731 ABŞ dolları olan mallar (soğan çuvalları) iddiaçı tərəfindən cavabdehə göndərilmişdir.
17. İş materiallarına əlavə edilmiş Gəncə Gömrük İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubdan (səh 57) görünür ki, Pidok Plastik Sanayi və Ticarət Anonim Şirkəti tərəfindən göndərilmiş mallar idxalatçı Cavabdeh2 tərəfindən Qərb Ərazi Baş Gömrük İdarəsi Yevlax gömrük postunda rəsmiləşdirilmiş və həmin yüklərin buraxılışı müvafiq olaraq xx.xx.2021, 03.11,2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərində həyata keçirilmişdir.
18. İş materiallarına əlavə edilmiş Gəncə Gömrük İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubdan (səh 211) görünür ki, Pidok Plastik Sanayi və Ticarət Anonim Şirkəti tərəfindən Cavabdeh2 ünvanına göndərilmiş mallar notariat qaydasında təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 7E-4231 nömrəli etibarnamə əsasında X1 tərəfindən təhvil alınmışdır.
19. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 203.009,70 ABŞ dolları təşkil edən mallar göndərilmişdir.
20. İş materiallarına əlavə edilmiş Ziraat Bankdan olan hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli, 02 nömrəli müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 20.000 ABŞ dolları, 04.04.22-ci il tarixdə 15.000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 50.499 ABŞ dolları məbləğində pul ödənilmişdir.
21. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya cəmi 85.499 (20.000+15.000+50499) ABŞ dolları məbləğində pul ödənilsə də, 117.510,7 (203.009,70- 85.499) ABŞ dolları borcu qalmışdır.
22. Ona görə də, Məhkəmə hesab edir ki, iddiaçı tərəf də, xarici hüquqi şəxs olduğundan və müqavilə ABŞ dolları ilə bağlandığından, 117.510 (yüz on yeddi min beş yüz on) ABŞ dolları 70 (yetmiş) sent məbləğində pul Cavabdeh2 tutularaq Pidok Plastik Sanayi və Ticarət Anonim Şirkətinə ödənilməlidir.
23. Bundan başqa məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 400 manat, dövlət rüsumunun əvəzi olaraq 90 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli 02 saylı müqaviləyə əsasən 117.510 (yüz on yeddi min beş yüz on) ABŞ dolları 70 (yetmiş) sent məbləğində pul Cavabdeh2 tutularaq Pidok Plastik Sanayi və Ticarət Anonim Şirkətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh2 tutularaq Pidok Plastik Sanayi və Ticarət Anonim Şirkətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 90 (doxsan) manat məbləğində pul Cavabdeh2 tutularaq Pidok Plastik Sanayi və Ticarət Anonim Şirkətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov