Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1515/2024 12.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: sığorta ödənişi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, iddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı sığorta ödənişi tələbinə dair kommersiya mübahisəsinə (X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. AC N 002042 nömrəli X4 Şəhadətnaməsinə əsasən **-CJ-*** dövlət qeydiyyat nömrəli, “Hyundai Sonata” minik markalı avtomobil X7 mülkiyyətindədir.
2. AB N 491762 nömrəli X4 Şəhadətnaməsinə əsasən **-PC-*** dövlət qeydiyyat nömrəli, “Azsamand” minik markalı avtomobil Cavabdeh MMC-nin mülkiyyətindədir.
3. AB N 264786 nömrəli X4 Şəhadətnaməsinə əsasən **-JH-*** dövlət qeydiyyat nömrəli, “İsuzu NPR66L-5J” yük markalı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir.
4. Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə MİB- 1052-0/13 saylı sığorta şəhadətnaməsindən görünür ki, X7 (sığortalı) mülkiyyətində olan **-CJ-*** dövlət qeydiyyat nömrəli, “Hyundai Sonata” minik markalı avtomobili "xxxx" ASCdə (sığortaçı) xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək sığorta məbləği 14.200 manat (azadolma məbləği 200 manat) müəyyən edilməklə minik avtomobillərin avtokasko sığortası növü üzrə sığortalanmışdır.
5. Cavabdeh MMC-nin verdiyi etibarnamədən müəyyən edilir ki, Cavabdeh MMC-yə aid **-PC-*** dövlət qeydiyyat nömrəli, “Azsamand” minik markalı avtomobili idarə etməyi X3 etirbar etmişdir. Etibarnamə xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixə kimi verilmişdir.
6. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən” xx.xx.2014-cü il tarixli arayışa əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh MMC-nin mülkiyyətində olan “Azsamand” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X2 təqsirli olması müəyyən edilmiş və "xxxx" MMC-nin mülkiyyətində olan X1 idarə etdiyi **-JH-*** dövlət qeydiyyat nömrəli, “İsuzu” yük markalı avtomobilə (arxa sağ tərəf) zərər dəymişdir.
7. xx.xx.2014-cü il tarixli 000454 nömrəli kassa məxaric orderindən görünür ki, "xxxx" ASC tərəfindən MİB-1052-0/13 sənəd üzrə 2.544,70 manat sığorta ödənişi X9 verilmişdir.
8. xx.xx.2014-cü il tarixli CM119/14 nömrəli zərərin hesablanması aktına əsasən X7 (sığortalı) mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-CJ-*** dövlət qeydiyyat nömrəli avtomobilinin ehtiyat hissələrinə tələb olunan xərc 1.640,70 manat, əmək haqqı 1.104 manat olmaqla yekunda endirimli məbləğ 2.744,70 manat təşkil edir.
9. xx.xx.2014-cü il tarixli 145/14-CM119/14 nömrəli sığorta aktına əsasən X7 mülkiyyətində olan **-CJ-*** dövlət qeydiyyat nömrəli, “Hyundai Sonata” minik markalı avtomobili xx.xx.2014-cü ildə Novxanı-Binəqədi yolunda yol-nəqliyyat hadisəsinə uğramış və nəticədə avtomobil maddi zərərə məruz qalmışdır. "xxxx" ASC tərəfindən texniki baxışdan keçirilmiş “Hyundai Sonata” markalı, **-CJ-*** dövlət qeydiyyat nömrəli avtomobillə bağlı zərər 2.744,70 manat müəyyən edilmiş, sığorta ödənişi 200 manat azadolma məbləği çıxılmaqla 2.544,70 manat təşkil edir. 10.Bakı şəhəri Binəqədi DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli BYP 690655 saylı inzibati xəta haqqında protokola əsasən “Azsamand” markalı, **-PC-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edən X5 xx.xx.2014-cü il tarixdə Novxanı-Binəqədi yolunda hərəkət üçün təhlükə yarandığı gördükdə əks istiqamətə çıxmadan manevr etmiş, nəticədə yolun kənarında dayanmış Hyundai markalı, **-CJ-*** dövlət qeydiyyat nömrəli avtomobillə dəyərək toqquşmuş, sonra idarəetməni itirərək digər İsuzu markalı **-JH-*** dövlət qeydiyyat nömrəli maşına dəyməklə inzibati xəta törətmişdir.
11. "xxxx" MMC tərəfindən tərtib edilmiş akta əsasən **-CJ-*** dövlət qeydiyyat nömrəli, “Hyundai Sonata” markalı avtomobilin ehtiyat hissələrinə tələb olunan xərc 1.640,7 manat, təmir-xidmət işlərinin dəyəri 1.104 manat olmaqla, cəmi 2.744,70 manat təşkil edir.
12. Fotoşəkillərdən görünür ki, “Azsamand” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, Hyundai sonata markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı, Hyundai HD 72 yük markalı H- 021-501 dövlət qeydiyyat nişanlı və “Hyundai Sonata” markalı **-CJ-*** dövlət qeydiyyat nömrəli avtomobillər zədəli vəziyyətdədir. 13.Bakı şəhəri 6 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/6-0790 saylı arayışından müəyyən olunur ki, cavabdeh "Aze-Samand” MMC ilkin mediasiya sessiyasına iştirak etmədiyinə görə mübahisənin həlli mümkün olmamışdır. 14."xxxx" ASC cavabdeh "Aze-Samand” MMC-yə pretenziya məktubu ilə müraciət edərək, sığorta hadisəsi üzrə tələb olunan pulun ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
15. İddiaçı "xxxx" ASC Cavabdeh MMC-yə qarşı sığorta ödənişi tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 2.544,7 manat məbləğində sığorta ödənişi, 60 manat məbləğində mediasiya xərci olmaqla, cəmi 2.604,7 manat pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixində, Novxanı- Binəqədi yolunda Cavabdeh MMC-yə məxsus olan “AZSamand minik” markalı, ** PC *** dövlət nömrə nişanlı avtomobil X5 tərəfindən idarə edilən zaman yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də (bundan sonra ASC) əmlak sığortası qaydasında sığortalanmış “Hyundai Sonata minik” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. AR DİN Binəqədi DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2014-cü il tarixli, BYP 690655 saylı protokola əsasən X6 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, həmin vaxt qüvvədə olan Azırbaycan Respublikası İXM-in 151.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd edilən zərərin aradan qaldırılması üçün ASC tərəfindən 2.544,7 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş MİB-1052-0/13 saylı, xx/xx/2013-cü il tarixli sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Hyundai Sonata minik” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən “əmlak sığortası” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli, BYP 690655 saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, xx.xx.2014-cü il tarixində, Novxanı-Binəqədi yolunda Cavabdeh MMC-yə məxsus olan “AZSamand minik” markalı, ** PC *** dövlət nömrə nişanlı avtomobil və “Hyundai Sonata minik” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi törədilmiş, hadisənin baş verməsində X5 təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Arayışından (forma 4) müəyyən olunur ki, hadisə baş verən anda “AZSamand minik” markalı, ** PC *** dövlət nömrə nişanlı avtomobil mülkiyyət hüququ "xxxx" MMC-yə məxsus olmuşdur. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş təmir aktından və ASC-nin xx.xx.2014-cü il tarixli zərərin hesablanması aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Sonata minik” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2.744,7 manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2014-cü il tarixli sığorta aktından və xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Sonata minik” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 200 manat azadolma məbləği çıxılmaqla 2.544,7 manat məbləğində sığorta ödənişi həyata keçirilməlidir. İddia ərizəsinə əlavə edilmiş www.isb.az saytından çıxarışdan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi baş verən anda “AZSamand minik” markalı, ** PC *** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti icbari qaydada sığortalanmamışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BS-S-22/4691 saylı və 06.04.203-cü il tarixli, BS-S-23/0840 saylı geriyə tələb məktublarından və həmin məktubların cavabdehə çatdırılmasını təsdiq edən poçt xəbərnaməsindən müəyyən olunur ki, cavabdehlərlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması qaydasına iddiaçı tərəfindən riayət edilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Onlayn kargüzarlıq” sistemindən xx.xx.2024-cü il tarixli çıxarışdan müəyyən olunur ki, mübahisənin pretenziya qaydasında həlli üçün cavabdehə “onlayn kargüzarlıq” sistemi vasitəsilə də pretenziya göndərilmişdir.
17. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 430, 448, 459, 936, 1096, 1097, 1108 və 1114-cü maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
18. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
19. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, üzrlü səbəbdən iştirak edə bilməyəcəklərindən məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini və iddialarının təmin olunmasını xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. 20.Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
21. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
22. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
23. AR Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. -898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. -926.1.-ci maddəsinə görə sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. - 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. -936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edilə bilər. - 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 24.AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 25.“Dövlət rüsumu haqqında” AR Qanununun: - 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 26.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun 8 aprel 2022-ci il tarixli qərarında foemalaşdırılmış hüquqi mövqeyə görə yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
27.Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. 28.Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh MMC-nin mülkiyyətində olan “AZSamand minik” markalı, ** PC *** dövlət nömrə nişanlı avtomobilinin sürücüsü X5 yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarını pozaraq yol-nəqliyyat hadisəsini törətmiş və hadisə nəticəsində "xxxx" ASC-də avtokasko sığortası növü üzrə sığortalanmış X7 mülkiyyətində olan **-CJ-*** dövlət qeydiyyat nömrəli, “Hyundai Sonata” minik markalı avtomobilə zərər dəymişdir.
29. İddiaçı "xxxx" ASC tərəfindən **-CJ-*** dövlət qeydiyyat nömrəli, “Hyundai Sonata” minik markalı avtomobilə dəymiş zərər 2.744,70 manat məbləğində qiymətləndirilmiş və sığorta müqaviləsində nəzərdə tutulmuş 200 manat məbləğində azadolma məbləği çıxılmaqla 2.544,70 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X9 ödənilmişdir. 30.Hazırda iddiaçı "xxxx" ASC 2.544,70 manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında Cavabdeh MMC-dən tutulmasını tələb edir.
31. Məhkəmə ilk növbədə qeyd edir ki, sığortaçının subroqasiya hüququnun yaranması əsaslarını müəyyən edən Mülki Məcəllənin 936-ci maddəsinin məzmunundan göründüyü kimi sığortaçı tərəfindən sığorta ödənişi ödənildikdən sonra sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı zərərin ödənilməsini tələb etmək hüququ sığorta ödənişi həddində subroqasiya qaydasında sığortaçıya keçir. 32.Hazırkı halda iddiaçı "xxxx" ASC ödədiyi sığorta ödənişini subroqasiya qaydasında tutulması tələbini Cavabdeh MMC-yə qarşı yönəltdiyi halda sığorta ödənişi almış şəxsə dəymiş zərərə görə Cavabdeh MMC-nin məsuliyyət daşımalı olmasını sübuta yetirə bilməmişdir. 33.Belə ki, iddiaçının iddia tələbinin qanuni əsası kimi istinad etdiyi Mülki Məcəllənin 1108-ci maddəsinin məzmunundan göründüyü kimi yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) fiziki və ya hüquqi şəxslər təqsirli olub-olmamasından asılı olmayaraq daşıyırlar.
34. İş materiallarından isə görünür ki, istifadəsi nəticəsində üçüncü şəxsin əmlakına zərər vurulmuş yüksək təhlükə mənbəyi olan “AZSamand minik” markalı avtomobilə qanuni əsasla (etibarnamə əsasında) sahiblik edən şəxs yol-nəqliyyat hadisəsi baş verərkən həmin avtomobili idarə edən X5 olmuşdur. Göstərilən fakt isə həmin avtomobilin mülkiyyətçisinin avtomobildən istifadə nəticəsində dəymiş zərərə görə Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələblərinə əsasən məsuliyyət daşımasını istisna edir. 35.Cavabdeh MMC mülkiyyətində olan avtomobili nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalamadığından ödədiyi sığorta ödənişini icbarı sığorta müqaviləsi üzrə sığortaçıdan suroqasiya qaydasında tələb etmək imkanından məhrum barədə iddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi faktiki hal X2 törətdiyi deliktə görə cavabdehin mülki məsuliyyətini yaratmır və belə olan halda delikt nəticəsində vurulmuş zərərin subroqasiya qaydasında cavabdehdən tutulması üçün əsas vermir. 36.Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı iddiası əsassız olduğundan rədd edilməlidir. 37.Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərcləri çəkilmişdir. 38.Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 45,44 manat təşkil edir. 39.Məhkəmə hesab edir ki, hazırkı qətnamə ilə iddia rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. 40.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı sığorta ödənişi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva