Məhkəmə qərarları › İş №e-2-2(113)-1516/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1516/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1516/2024 14.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı ASC iddia ərizəsi, daha sonra isə iddia tələbi həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixində bağlanmış AS-PS/001-23 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi nəticəsində yaranmış 375882,93 AZN məbləğində əsas borcun və ödənilmiş 1088,63 AZN dövlət rüsumunun, ümumilikdə 376971,56 AZN məbləğində vəsaitin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC şirkəti 2003-cü ildə təsis edilmiş və xx.xx.2003-cü il tarixində ********** eyniləşdirmə nömrəsi ilə dövlət qeydiyyata alınmışdır. Şirkətin ilk adı "xxxx" MMC olmuşdur. Sonrakı illər ərzində şirkətin adı və hüquqi forması bir neçə dəfə dəyişilmişdir. Şirkətin əsas fəaliyyət istiqaməti isə maye oksigen və metal məmulatları emalından və onların satışını həyata keçirməkdən ibarətdir. Cəmiyyətin fəaliyyət istiqamətinə uyğun olaraq bağladığı müqavilələrdən biri də Cavabdeh MMC ilə xx.xx.2023-cü il tarixində imzaladığı AS-PS/001-23 saylı alqı-satqı müqaviləsi olmuşdur. Bu müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı İddiaçı ASC sifariş edilmiş malları (armaturları) Alıcı Cavabdeh MMC-nin mülkiyyətinə verməyi, Alıcı isə aldığı malları lazımi qaydada qəbul etməyi və onların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə Alıcı tərəfindən edilmiş sifarişlər üzrə müvafiq məhsullar Satıcı tərəfindən Alıcıya müqavilə şərtlərinə uyğun surətdə təhvil verilmişdir. Lakin, buna baxmayaraq xx.xx.2023cü il tarixli, AS-PS/001-23 saylı müqavilə üzrə satılmış 796416,6 AZN dəyərində məhsulun məbləği hazırki tarixədək ödənilməmiş olaraq qalmaqdadır. Qeyd edilmiş mallar 3 partiya üzrə - xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində təhvil verilmiş və müvafiq təhvil-təslim aktları ilə rəsmiləşdirilmişdir. Qeyd edilən satışlar üzrə iddiaçı tərəfindən Cavabdeh MMC-yə EBDS 520799, EBDT 437808 və EBDT 832786 seriya və nömrəli elektron qaimələr də təqdim edilmişdir. Qeyd edilən qaimələr də qarşı tərəfdən təsdiqlənmişdir. Sonuncu satış tarixindən təqribən 2 aydan artıq bir müddət keçməsinə baxmayaraq Alıcı tərəfindən heç bir ödəniş həyata keçirilməyib. Bu baxımdan qeyd etmək istərdik ki, müqavilənin ödəniş şərtlərini tənzimləyən 5.1-ci bəndinə əsasən, Alıcının sifariş olunan malların dəyərinin 100 faizini sifariş təsdiq edildikdən və hesab-faktura təqdim edildikdən sonra 3 iş günü ərzində ödəməsi öhdəliyi nəzərdə tutulmuşdur. Lakin, artıq qeyd edildiyi kimi sifariş qəbul edilib mallar və hesab faktura təqdim edilməsinə baxmayaraq indiyə qədər dəfələrlə aparılmış şifahi, e-mail və telefon danışıqlarına rəğmən qalıq borc məbləğinin ödənilməsi həyata keçirilməmişdir və müxtəlif bəhanələrlə indiki tarixə qədər gecikdirilməkdədir. Borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixində elektron kargüzarlıq sistemi vasitəsilə pretenziya məktubu göndərilmişdir. Pretenziya məktubunu qəbul etdikdən sonra cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir addım atılmamışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1, 445.1, 445.2, 448.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edib əlavə olaraq bildirmişdir ki, iddiaçı məhkəməyə müraciət etdikdən sonra cavabdeh bocun bir hissəsini, 420533,67 manatını ödəmiş, qalan 375882,93 manat borcu isə ödəməmişdir. Sonda o, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: 25 oktyabr 2023-cü il tarixli AS-PS/001-13 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən “Satıcı” “Alıcı”-ya A500C markalı tikinti armatur satır, “Alıcı” isə həmin Malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qiymətilə malın dəyərini “Satıcı”ya ödəyir. Alıcı bu müqavilə çərçivəsində eksklüziv qiymətə malikdir. Satış qiyməti təyin etməsi üçün hər iki tərəfin razılığın əsasında satış qiyməti əsas götürülüb və qeyd olunmuş şirkətin bazara satış qiymətindən AZN dəyəri ilə aşağı qəbul olunur Qiymətlər hər partiya satış üçün əlavə razılaşmalarda öz əksini tapır. Müqavilənin 4.1-ci bəndinə əsasən “Satıcı” Müqaviləyə uyğun olaraq “Alıcı” tərəfindən tam məbləğdə avans ödəniş həyata keçirildikdən sonra 5 (beş) təqvim günü ərzində Malı “Alıcı”ya təhvil verməyi öhdəsinə götürlüməsi, 5.1-ci bəndinə əsasən “Alıcı” sifariş olunan malın dəyərinin 100% həcmində ödənişi sifariş təsdiq edildikdən və “Satıcı”nın təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra 3 iş günü ərzində köçürmə yolu ilə əvvəlcədən (avans) həyata keçirilməsi şərtləşdirilmişdir. İddiaçı ASC və Cavabdeh MMC arasında imzalanmış 25 oktyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinə Əlavə 1 olan qiymətlərin razılaşması protokolundan məlum olur ki, müxtəlif mallar üzrə qiymətlər tərəflər arasında ƏDV daxil olmaqla cəmi 1.461125,43 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktlarına müvafiq olaraq 61287,31 manat, 311383,36 manat, 432300,38 manat məbləğində müxtəlif adda məhsullar İddiaçı ASC tərəfindən Cavabdeh MMC-nə təhvil verilmiş, tərəflər hər ikisi aktları imzaları ilə təsdiq edərək möhürləmişlər. EBDS seriyalı, 520799 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 61287.31 manat, EBDT seriyalı, 437808 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 311383.36 manat, EBDT seriyalı, 832786 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 432300.38 manat dəyərində mallar İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli ödəniş tapşırıqlarına əsasən Cavabdeh MMC tərəfindən iddiaçıya 160000 manat və 196384,47 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-cü il tarixli **********335332 saylı köçürmə aparılması haqqında bildirişə əsasən Cavabdeh MMC tərəfindən iddiaçıya 28800 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-cü il tarixli **********295067 saylı köçürmə aparılması haqqında bildirişə əsasən Cavabdeh MMC tərəfindən iddiaçıya 35349,20 manat məbləğində ödəniş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 598.4-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müxtəlif malları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini əvvəlcədən tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapır. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 598.4cü maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərindən 375.882,93 manat pulu ödəmədiyini, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 375.882,93 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddianın təmin olunmasını və MPM-in 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 1088,63 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixində bağlanmış AS- PS/001-23 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi nəticəsində yaranmış 375882,93 manat məbləğində əsas borc və ödənilmiş 1088,63 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 376971 (üç yüz yetmiş altı min doqquz yüz yetmiş bir) manat 56 (əlli altı) qəpik məbləğində pul vəsaiti Cavabdeh MMC-dən alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar