Məhkəmə qərarları › İş №e-2-2(113)-152/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-152/2021

25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-152/2021 25.01.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh “X4 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh “X4 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdeh “X4 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən qeyd edilən alış sifarişləri üzrə sifariş edilmiş və tərəflərindən cavabdehə çatdırılmış mallara görə yaranmış 40.395,59 manat məbləğində borcun, işin məhkəmədə baxılmasına dair ödənilmiş dövlət rüsumunun və proses zamanı yaranacaq digər xərclərin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 2014-cü ildə Azərbaycanın Bakı şəhərində yaradılmışdır. Şirkətin əsas fəaliyyət sahəsini təchizat xidmətləri təşkil edir. Bundan əlavə, malların istehsal sahələrindən istehlak yerlərinə çatdırılması onlar tərəfindən optimal şəkildə həyata keçirilir. Tərəfdaşlıq əlaqələrinin qurulması və sifarişçilərin istəklərinə uyğun olaraq nəqliyyat, texnologiya, ticarət, sənaye və energetika sahələrində yüksək xidmət göstərilməsi onlara stabil və davamlı uğur qazandırır. “X4 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi xx xxxxxx 2018-ci il, x xxxxxx 2019-cu il, x xxxxxx 2019-cu il tarixli OY-İ18-000501, PO-19-000040 , PO-19-000040 nömrəli alış sifarişlərinə əsasən hazırki iddia ərizəsinin əlavəsində qeyd edilən malları sifariş vermişdir. Cavabdeh ilə aralarında səlahiyyətli nümayəndələri tərəfindən imzalanmaqla hazırki iddia ərizəsinin əlavəsində qeyd edilən təhvil-qəbul aktlarına əsasən sifariş edilən mallar “X4 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə təhvil verilmişdir. Ümumilikdə “X4 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə tərəflərindən 2018-2019-cu illər ərzində 124.299 manat 03 qəpik məbləğində müxtəlif mallar satılmışdır. Satılmış olan mallara dair hesab-fakturalar tam şəkildə cavabdehə göndərilmiş, cavabdeh isə gecikmələrlə qeyd edilən məbləğdən yalnız 83 903,44 manat məbləğində pul ödəmişdir. Alış sifarişlərinin 4.1-ci bəndinə əsasən 60 günlük ödəniş müddəti ötürülmüş və tərəflərindən hazırki iddia ərizələrinə əlavə edilən məktublarla borcun ödənilməsinə dair dəfələrlə cavabdehə müraciət edilsə də qarşı tərəf heç bir ödəniş etməmişdir. Hətta xx.xx.2019-cu il tarixində həmin dövrə olan 52 341.97 ABŞ dolları məbləğində öhdəliyin hər ay 5000 ABŞ dolları ödənilərək bağlanacağı barədə üzləşmə aktıda tərəflər arasında imzalanmışdır. Lakin qeyd olunan dövrdən cari tarixədək ödəniş müəyyən olunmuş vaxt aralığında razılaşdırılmış qaydada həyata keçirilməmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək alış sifarişlərinə əsasən təqdim edilmiş mallara görə yaranmış 40.395,59 manat məbləğində əsas borcun, borcun gecikdirildiyi hər gün üzrə 0,2% olmaqla hesablanmış 26.576,91 manat məbləğində dəbbə pulunun, ümumilikdə 66.975,50 məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddianın təmin edilməsi üçün tədbirlərin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus əmlak, yaxud pul məbləği üzərinə həbsin qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, cavabdeh “X4 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə məxsus əmlakın üzərində iddia tələbi həddində, yəni 66.975,60 manat həcmində həbs qoyulmuşdur. xx.xx.2021-ci il tarixdə cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazı məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında PO-18-000501, PO-19-000040, PO-19-000074 nömrəli alış sifarişləri imzalanmış və həmin alış sifarişləri üzrə mallar təqdim edilmiş və ödənişlər icra edilmişdir. Ödənişlərin gecikməsi səbəbindən iddiaçı tərəfindən xx xxxx 2020-ci il tarixə Bakı Kommersiya Məhkəməsinə 40.395,59 manat məbləğində borcun və digər ödənişlərin tutulması tələbinə dair iddia ərizəsi verilmişdir. Daha sonra isə həmin ərizə ilə nəzərdə tutulmuş iddia qiymətinə dəqiqləşdirmə verilmiş və qeyd edilən borcun gecikdirildiyi hər gün üzrə 0,02% olmaqla dəbbə pulu hesablamış və nəticədə iddia olunan məbləğ ümumilikdə 66.975,50 manat təşkil etmişdir. Yuxarıda istinad edilən alış sifarişlərinə nəzər yetirdikdə onlara əlavə edilmiş müqavilə şərtlərində ödənişin gecikdirilməsi üçün hər hansı dəbbə pulunun nəzərdə tutulmadığını müəyyən olunur. Əlavə olaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu qayda da dəbbə pulunun tutulması nəzərdə tutulmamışdır. İddiaçı tərəfindən verilmiş olan iddia qiymətinin dəqiqləşdirilməsinə dair ərizə də qeyd edilmiş dəbbə pulunun hüquqi əsası qeyd edilməmişdir. Həmin ərizədə nə müqavilənin, nə də tətbiq olunan qanunvericiliyin normasına istinad verilməmişdir. Beləliklə, həmin dəbbə pulunun tam olaraq əsassız tələb edildiyi aydın olur. İddiaçının nümayəndəsi məhkəmə iclasında dəqiqləşdirilmiş iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsində göstərilmiş əsas borc məbləğini qəbul etiyini, dəbbə pulunun tutulması tələbinə dair hissədə isə iddiaya etiraz etdiyini bildirdi və dəbbə pulunun tutulması hissəsində iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: “X5 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş xx.xx.2018-ci il tarixli, PO-18-000501 saylı alış sifarişinə əsasən cəmi 29.462 ABŞ dolları; xx.xx.2019-cu il tarixli, PO-19-000074 saylı alış sifarişinə əsasən cəmi 650,81 ABŞ dolları; xx.xx.2019-cu il tarixli, PO-19-000080 saylı, alış sifarişinə əsasən cəmi 258,47 ABŞ dolları dəyərində mallar sifariş edilmişdir. Həmin alış sifarişləri üzrə İddiaçı MMC tərəfindən xx.xx.2018-ci il tarixli, GS- 957/2018 saylı hesab-fakturaya əsasən 23.104,99 ABŞ dolları (ƏDV xaric) dəyərində mallar, xx.xx.2019-cu il tarixli, GS-186/2019 saylı hesab-fakturaya əsasən 742,81 ABŞ dolları (ƏDV xaric) dəyərində mallar, xx.xx.2019-cu il tarixli, GS-182/2019 saylı hesabfakturaya əsasən 258,47 ABŞ dolları (ƏDV xaric) dəyərində mallar, xx.xx.2019-cu il tarixli, GS-192/2019 saylı hesab-fakturaya əsasən 650,81 ABŞ dolları (ƏDV xaric) dəyərində mallar “X5 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə təqdim edilmişdir. İddiaçı MMC tərəfindən “X5 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə təqdim olunmuş mallara dair EAAN seriyalı, ******* saylı, xx.xx.2018-ci il tarixli; EAAQ seriyalı, 101566 saylı, xx.xx.2019-cu il tarixli; EAAQ seriyalı, 258311 saylı, xx.xx.2019-cu il tarixli; EAAN seriyalı, 818162 saylı, xx.xx.2018-ci il tarixli elektron qaimələr tərtib edilmişdir. Alıcı tərəfindən 5 gün ərzində qaiməyə düzəliş, etiraz təqdim olunmadığından elektron qaimələr sistem tərəfindən təsdiqlənmiş və onların əsasında elektron vergi hesab-fakturaları tərtib edilərək alıcıya təqdim edilmişdir. xx.xx.2019-cu il tarixli üzləşmə aktınə əsasən “X4 Company Limited” şirkətinin AR Nümayəndəliyi 2018-2019-cu illər üzrə İddiaçı MMC-yə qalıq borcunun 52.314,97 manat təşkil etdiyini təsdiq edilmişdir. İddiaçı MMC xx.xx.2020-ci il tarixli pretenziya məktubu ilə “X4 Company Limited” şirkətinin AR Nümayəndəliyi müraciət edərək 23.726 ABŞ dolları məbləğində borcun qısa müddətdə ödənilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə cavabdeh “X5 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında alqısatqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı alış sifarişlərinə əsasən sifariş olunan malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda “X5 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin göstərilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 40.395,59 manat təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin verilmiş malların dəyərinin bir hissəsini – 40.395,59 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdeh “X4 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən 40.395,59 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı dəqiqəşdirilmiş iddia ərizəsində həmçinin borcun gecikdirildiyi hər gün üzrə 0,2% olmaqla dəbbə pulu 26.576,91 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 464.1-ci maddəsinə görə kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. Göründüyü kimi qanunvericilik öhdəliyin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə görə cərimə sanksiyası olan dəbbə pulunun tutulmasına yalnız qanunda və ya müqavilədə müəyyənləşdirildiyi halda imkan verir. Hazırkı iş materiallarından isə görünür ki, nə alış sifarişlərində, nə də onlara əlavə edilmiş müqavilə şərtlərində ödənişin gecikdirilməsinə görə alıcı tərəfindən hər hansı bir məbləğdə dəbbə pulu ödənilməli olması barədə şərt yer almamış, eləcə də qanunvericilikdə alıcının alqı-satqı müqaviləsi üzrə malın dəyərini ödəmək öhdəliyinin icrasını gecikdirməsi halı üçün dəbbə pulu tutulması nəzərdə tutulmamışdır. İddiaçı MMC-nin nümayəndəsinin məhkəmə iclasında istinad etdiyi əsas borca əlavə olaraq hesablanmış məbləğin icranı gecikdirmə nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq tələb edilməsi barədə dəlilə gəldikdə isə məhkəmə əvvəla qeyd edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən də göründüyü kimi iddiaçı dəymiş maddi zərərin ödənilməsi barədə deyil, dəbbə pulunun tutulması barədə tələb irəli sürmüşdür. Digər tərəfdən iddiaçı ona icranın gecikdirilməsi nəticəsində maddi zərər vurulmasını təsdiq edən sübutları da məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, dəbbəpu pulu tutulması tələbinə dair hissədə iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “X5 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən 40.395,59 manat (qırx min üç yüz doxsan beş manat əlli doqquz qəpik) məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC - yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 10 (on) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar