Məhkəmə qərarları › İş №e-2-2(113)-1524/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1524/2020

12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1524/2020 12.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil oğlunun, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17505 manat əsas borc, 2403.12 manat cərimə borcu və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı ASC məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları” na müvafiq olaraq tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 2462-GL/17 saylı, xx.xx.2018-ci il tarixli, 405-GL/18 saylı müqaviləyə əsasən lizinq predmetini lizinqə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Müqavilə üzrə 17505 manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə 2403.12 manat borcu qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən borclu lizinq ödənişlərinin vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. Bununla da borclu İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxx 2020-ci il tarixində iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək2462-GL/17 saylı müqavilə üzrə 7470.00 manat, 405-GL/18 saylı müqavilə üzrə isə 13982.00 manat borcun və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixində iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərəkcavabdehdən 2462-GL/17 saylı müqavilə üzrə 7470.00 manat, 405-GL/18 saylı müqavilə üzrə 13982.00 manat əsas borc, 2403.12 cərimə borcunun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat vermiş, izahatında əlavə olaraq bildirmişdir ki, Cavabdeh tərəflər arasında bağlanmış lizinq müqavilələri üzrə öhdəliklərini tam olaraq icra etmədiyinə görə ona xx xxxxxx 2017-ci il tarixli, 2462-GL/17 nömrəli lizinq müqaviləsinin 4.2-ci bəndinə müvafiq olaraq 7470 manat gecikdirilmiş borc məbləğinə görə 1689.66 manat, xx xxxxxx 2018-ci il tarixli , 405-GL/18 nömrəli lizinq müqaviləsi üzrə gecikdirlmiş 13,982 manat borca görə isə 3126.14 manat məbləğində cərimə hesablanmışdır. Bununla bağlı qeydlər maliyyə arayışlarında və müqavilələr üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikində öz əksini tapmışdır. Odur ki, cərimə borcunun maliyyə arayışlarına uyğun olaraq, yəni xx.xx.2017-ci il tarixli müqavilə üzrə 1689.66 manat və xx.xx.2018-ci il tarixli müqavilə üzrə 3,126.14 manat məbləğində tutularaq iddiaçıya ödənilməsini və ümumilikdə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh əsas borc məbləğinin mövcud olması ilə razı olduğunu bildirdi, lakin cərimə borcu hissəsində iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Lizinq verən İddiaçı ASC ilə lizinq alan Cavabdeh arasında bağlanan xx xxxxxx 2017-ci il tarixli, 2462-GL/17 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən lizinq verən ümumi məbləği 39,492.00 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnkalarını ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. 1.3-cü bəndə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Müqavilənin 1.4-cü bəndinə əsasən kənd təsərrüfatı texnikasına güzəşt tətbiq edilməsi məqsədilə yaradılmış Xüsusi Komissiyanın xx xxxxxx 2017-ci il tarixli protokolu, spesifikasiya (Əlavə № 1) və lizinq ödəniş qrafiki (Əlavə № 2) müqavilənin ayrılmaz tərkib hissələri hesab olunur. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0.1 faizi həcmində cərimə tələb edir. - xx xxxxxx 2017-ci il tarixli “2462-GL/17” nömrəli lizinq müqaviləsinin spesifikasiyasından görünür ki, 1 ədəd diskli mala (ağır) 24-hidravlik-can –D.M.A T-24 texnikasına görə 5080 manat, 1 ədəd Mala rotasion (üfüqi bıçaqlı)-2,7 metr –Can-R.Ö.M- 2,7 texnikasına görə 4400 manat, 1 ədəd kotan 5 gövdəli (təkərli) –Can-P.-5 texnikasına görə 1588 manat, 1 ədəd kanalaçan GAK-CN texnikasına görə 584 manat və 1 ədəd traktor Belarus-1221 texnikasına görə 27,840 manat olmaqla Cavabdeh tərəfindən güzəştdən sonra ödəniləcək qalıq borc məbləği cəmi 39,492 manat təşkil etmişdir. - xx xxxxxx 2017-ci il tarixli “2462-GL/17” nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinin ödəniş qrafikinə (Əlavə № 2) əsasən Cavabdeh tərəfindən müqavilə üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci il tarixədək olan 10 il müddətinə ümumilikdə 39,492.00 manat məbləğində ödəniş edilməlidir. - İddiaçı ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə xx xxxxxx 2017-ci il tarixli, 2/849 nömrəli akta əsasən 1 ədəd Belarus 1221 markalı traktor, 2 ədəd Belarus 82,1 markalı traktor, 2 ədəd AK-3-35 markalı Kotan 3 gövdəli asma və bir ədəd LKS-FS 800 markalı Gübrəsəpən asılan olmaqla 6 adda texnika Cavabdeh təhvil verilmişdir. - xx xxxxxx 2017-ci il tarixli 2462-GL/17 nömrəli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, həmin müqavilə üzrə gecikdirilmiş 7470 manat borc məbləğinə görə 1689.66 manat məbləğində cərimə hesablanmışdır. - xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2017-ci il tarixli 2462- GL-17 nömrəli lizinq müqavilə üzrə gecikdirilmiş cəmi borc məbləği 7470 manat, hesablanmış cərimə 1689,66 manat olmaqla cəmi ödənilməli məbləğ 9159.66 manatdır. - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanan xx xxxxxx 2018-ci il tarixli, 405-GL/18 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən lizinq verən ümumi məbləği 85,640.00 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0.1 faizi həcmində cərimə tələb edir. -xx.xx.2018-ci il tarixli “405-GL/18” nömrəli lizinq müqaviləsinin spesifikasiyasından (Əlavə № 1) görünür ki, 1 ədəd Gübrəsəpən asılan LKS-FS 800 texnikası üzrə 600 manat, 1 ədəd Çiləyici-asma qollu (1000lt) -18 metr-Can O.K-1000 texnikasına görə 3400.00 manat, 1 ədəd kotan 5 gövdəli (təkərli)-Can-P-5 texnikasına görə 1588.00 manat, 2 ədəd kotan 3 gövdəli asma (təkərli)-Ak-3-35 texnikasına görə 2,360.00 manat, 1ədəd Traktor qoşqusu 6 ton 4 təkərli (arxa və yana boşaldan) Karataş texnikasına görə 6,228 manat, 1 ədəd Traktor qoşqusu 6 ton 4 təkərli (arxa və yana boşaldan) Karataş texnikasına görə 6,584, 1 ədəd Traktor-Belarus-1221 texnikasına görə 27,840.00 manat və 2 ədəd Traktor Belarus-82,1 texnikasına görə 37,040 manat olmaqla Cavabdeh tərəfindən güzəştdən sonra ödəniləcək qalıq borc məbləği cəmi 85,640 manat təşkil etmişdir. - xx.xx.2018-ci il tarixli “405-GL/18” nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinin ödəniş qrafikinə (Əlavə № 2) əsasən Cavabdeh tərəfindən müqavilə üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2027-ci il tarixədək olan ümumilikdə 85,640.00 manat məbləğində ödəniş edilməlidir. - xx.xx.2020 nömrəli maliyyə arayışından görünür ki, 405-GL/18 nömrəli müqavilə üzrə gecikdirilmiş cəmi borc məbləği 13,982 manat, hesablanmış cərimə məbləği 3126,14 manat olmaqla cəmi ödənilməli olan məbləğ 17,108.14 manat təşkil edir. - 405-GL/18 nömrəli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, gecikdirilmiş borc məbləğinə görə 3,126.14 manat məbləğində cərimə hesablanmışdır. - Cavabdeh ünvanlanmış xx xxxx 2020-ci il tarixli, ASC/P-620 saylı xəbərdarlıq məktubu ilə cavabdehdən 13,558.00 manat məbləğində vəsaitin qısa zaman ərzində İddiaçı ASC-yə ödənilməsi tələb edilmiş, əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş borcun, hesablanmış cərimənin və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan texnikaların saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlamış, texniki səhvə yol verilərək 405-GL/18 saylı müqavilənin tarixinin xx.xx.2018-ci il kimi göstərildiyini bildirmiş və həmin müqavilənin xx xxxxxx 2018-ci il tarixdə bağlandığı qeyd etmişdir. Göründüyü kimi, Cavabdehin İddiaçıya lizinq ödənişlərini həyata keçirmək öhdəliyi tərəflər arasında bağlanmış 2462-GL/17 nömrəli xx.xx.2017-ci il tarixli və 405-GL/18 nömrəli xx.xx.2018-ci il tarixli lizinqi müqavilələrindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya lizinq müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 748-10.1 maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. MM-in 748-11 maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx xxxxxx 2017-ci il tarixli 2462-GL/17 nömrəli və xx xxxxxx 2018-ci il tarixli 405-GL/18 nömrəli lizinq müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etdiyi halda cavabdeh həmin müqavilələr üzrə lizinq ödənişlərini vaxtında ödəməməklə üzərinə götürdüyü öhdəliklərini pozmuşdur. Hazırki iş üzrə məhkəməyə təqdim edilmiş maliyyə arayışları Cavabdeh 2462-GL/17 nömrəli lizinq müqaviləsi üzrə ödənilməmiş 7470 manat məbləğində, 405-GL/18 nömrəli müqavilə üzrə isə 13,982 manat məbləğində gecikdirilmiş borcunun olmasını təsdiq edir. Bundan əlavə cavabdeh özü də məhkəmə iclasında lizinq müqavilələri üzrə öhdəliklərini tam və vaxtında icra etmədiyini bildirərək iddiaçıya ödənilməli olan əsas borcunun olduğunu qəbul etmişdir. Sadalanan halları nəzərə alaraq məhkəmə hesab edir ki, əsas borc hissəsində iddia tələbi əsaslıdır və cavabdehdən 2462-GL/17 nömrəli lizinq müqaviləsi üzrə 7470 manat və 405-GL/18 nömrəli lizinq müqaviləsi üzrə 13,982 manat tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin cərimə borcunun ödənilməsi ilə bağlı hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 4.2-ci maddəsinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizədə 2403.12 (iki min dörd yüz üç manat on iki qəpik) manat məbləğində cərimənin tutulmasını qeyd etsə də, məhkəmədə verdiyi izahatda lizinq müqavilələrinin 4.2-ci bəndinə istinad edərək məhkəməyə təqdim etdiyi maliyyə arayışları üzrə xx.xx.2017-ci il tarixli müqavilə üzrə 1689.66 manat və xx.xx.2018-ci il tarixli müqavilə üzrə 3.126.14 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məlum olduğu kimi, MM dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə hazırkı iş üzrə xx.xx.2017-ci il tarixli müqavilə üzrə əsas borcun 7470 manat və xx xxxxxx 2018-ci il tarixli müqavilə üzrə isə 13,982 manat təşkil etməsini, borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq xx.xx.2017-ci il tarixli 2462-GL/17-ci il nömrəli müqavilə üzrə 200 (iki yüz) manat və xx xxxxxx 2018-ci il tarixli 405-GL/18 nömrəli müqavilə üzrə 300 (üç yüz) manat məbləğində dəbbə pulu tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli 2462-GL/17 saylı müqavilə üzrə 7470.00 (yeddi min dörd yüz yetmiş ) manat əsas borc və 200 (iki yüz) manat cərimə, xx.xx.2018-ci il tarixli 405-GL/18 saylı müqavilə üzrə 13982.00 (on üç min doqquz yüz səksən iki) manat əsas borc və 300 (üç yüz) manat cərimə və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar